Məhkəmə qərarları › İş №1(125)-236/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-236/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-236/2023 06.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Ağdam rayonu, Rzalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Ağdam rayon Qaradağlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 02 radələrində yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında olan şəxsi münasibətlər zəminində mübahisə edərək sonuncunun sol dirsək oynağı nahiyələrinin yumşaq toxumalarının əzilməsi, qançır və şişkinliyi, alın, sol gicgah, sağ təpə, alt çənə, boyun nahiyələrinin və sol əlin qançırları, sol yanaq nahiyəsinin sıyrığı xəsarəti yetirməklə ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2013-cü il tarixdə Zərərçəkmiş şəxs ilə rəsmi ailə qurmuş, birgə nikahdan onların xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 doğulmuşdur. Ailə qurandan sonra münasibətləri yaxşı olmuş, sonra Bakı şəhərində yaşamışlar, hazırda ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayırlar. xx.xx.2023-cü il tarixdə o, Bakı şəhərindən Gəncə şəhərinə yaşadığı evə gəlmiş, həmin vaxt o, içkili olmuşdur. O, yaşadığı evə daxil olanda arvadı Zərərçəkmiş şəxs ona içkili olduğu üçün iradlarını bildirmiş, həmin gün gecə saat 02 radələrində Zərərçəkmiş şəxs onun istifadəsində olan mobil telefona baxdığını görmüş, bundan sonra Sima ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, yumruq və sillə ilə Zərərçəkmiş şəxs baş və əl nahiyələrinə qəsdən vuraraq döymüş, daha sonra o, yaşadığı evdən çıxıb getmişdir. Sonda o, əməlindən peşman olduğunu arvadı Sima ilə barışdığını, barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə Taleh gecə saat 02 radələrində evə gəlmişdir. Taleh evə girdikdən sonra o, Telhin telefonunda sosial şəbəkəyə daxil olub qardaşı Röyalın şəkillərini götürəcəyini bildirmişdir. Taleh isə bununla razılaşmayıb onunla mübahisə yaratmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs əl zərbələri ilə onun baş və əl nahiyələrinə vuraraq döymüşdür. Həmin vaxt orada kənar şəxslər olmamış, dava-dalaş 1-2 dəqiqə davam etmişdir. Sonda o, ərizə təqdim edərək əri Təqsirləndirilən şəxs ilə barışdığını, heç bir şikayət və tələbinin olmadığını, Talehlə birgə nikahdan iki azyaşlı uşağının olduğunu, hazırda üçüncü uşağa hamilə olduğunu nəzərə alıb Talehin barəsində olan cinayət işinə xitam veirlməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X6 Şəxsi tərəfindən verilmiş 14 fevral 2023-cü il tarixli 198 saylı “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər sol dirsək oynağı nahiyyələrinin yumşaq toxumalarının əzilməsi qançır və şişkinliyi, alın, sol gicgah, sağ təpə, alt çənə, boyun nahiyələrinin və sol əlin qançırları, sol yanaq nahiyəsinin sıyrığı-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli 1506 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər İH başçısının Məhsəti QİƏD üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs və onun arvadı xx.xx.1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ondan ötrü ki, o, Gəncə şəhər, Məhsəti qəsəbəsində yaşadığı müddət ərzində onlar haqqında Məhsəti qəsəbə İnzibati Dairəsi üzrə nümayəndəliyinə heç bir müraciət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 arasında 21 noyabr 2013-cü il tarixdə Xəzər rayon Qeydiyyat şöbəsində rəsmi nikah bağlanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X4 adlı 2 azyaşlı uşaqları vardır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 332.3-cü maddəsinə əsasən təqsirli bilinmiş, 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012ci il tarixdə Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə xx.xx.2013-cü il tarixli hökm dəyişdirilmiş, təyin edilmiş 06 il azadlıqdan məhrum etmə cəzasının müddəti 05 ilədək müddətə endirilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1, 67.1-ci maddəsinə əsasən 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-25/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığı üçün Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)- 25/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən zərərçəkmiş şəxslə barışdığı üçün CM-nin 73.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində cinayət təqibinə xitam verilmişdir. Buna görə də o, hazırkı iş üzrə zərərçəkmiş şəxslə barışdığına görə təkrarən cinayət məsuliyyətindən azad edilə bilməz. Çünki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair” Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cinayət əməlini törətmiş şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf etməsini və əməlindən peşman olmasını, himayəsində 2 azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxsnın cəzasını ağırlaşdıran hallar muəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən islah işlər cəzasının təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir, həmçinin bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 40 və 45.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmədə 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona, qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 02 (iki) ay müddətinə islah işləri növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri növündə cəzasını iş yeri üzrə çəksin və cəza çəkmə müddətinin əvvəli onun qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulduğu gündən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhəri İcra idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 60 (altmış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar