Məhkəmə qərarları › İş №1(125)-236/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-236/2024

01.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-236/2024 01.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi İbrahimov İbrahim Yasin oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar özgənin əmlakını ələ keçirərək dələduzluq etmiş və qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 1 ədəd ümumi uzunluğu 600 mm, lüləsinin uzunluğu 389 mm olan 6291-M nömrəli, keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda 1955-ci ildə istehsal olunmuş 16 kalibrli ZK modelli, çaxmaqlı, hamar tək lüləli, texniki cəhətdən saz və atəşə yararlı, yivsiz odlu silah hesab edilən lüləsi və qundağı sonradan küstar üsulu ilə kəsilmiş, hal-hazırda öz təyinatını itirmiş ov tüfəngi əldə etməklə üzərində daşıyaraq saxlamış, barəsində qanunsuz olaraq odlu silah saxlaması barədə Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsinə daxil olmuş məlumat əsasında 15 iyun 2023-cü il tarixdə saat 00:30 dəqiqədə Gəncə şəhər BPİ-nin 3cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi H2O avtoyuma məntəqəsinin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, Eminbəyli küçəsi ev, 141-də yerləşən Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman ağ rəngli qənd torbasına bükülmüş 1 ədəd ümumi uzunluğu 600 mm, lüləsinin uzunluğu 389 mm olan 6291-M nömrəli, keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda 1955-ci ildə istehsal olunmuş 16 kalibrli ZK modelli, çaxmaqlı, hamar tək lüləli, texniki cəhətdən saz və atəşə yararlı, yivsiz odlu silah hesab edilən lüləsi və qundağı sonradan küstar üsulu ilə kəsilmiş, hal hazırda öz təyinatını itirmiş ov tüfəngi aşkar edilərək götürülmüşdür. Bundan başqa o, tamah niyyəti ilə qanunsuz və əsassız olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Atatürk prospekti 197, ev 1, mənzil 38-də yaşayan Zərərçəkmiş şəxs avtomobil satın almaq və aldığı “Opel Astra” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini onun adına rəsmiləşdirmək adı ilə yalandan vəd verərək Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən Azərbaycan Beynəlxalq Bankın inzibati binasında 16000 (on altı min) manat pul almış, lakin verdiyi vədə əməl etməyərək aldığı avtomobili öz adına rəsmiləşdirərək zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 16000 (on altı min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qanunsuz və əsassız olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs ilə telefon əlaqəsi saxlamış, satın aldığı “Opel Astra” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini X12 əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına yerləşdirildiyini və cərimə olaraq pul verilməyinin lazım olduğunu bildirərək ondan 2000 (iki min) manat pulu ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 228.1-ci maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uşaqlıqdan tanımaqla onunla qonşuluqda yaşamış və münasibətləri həmişə yaxşı olmuşdur. 2023-cü ilin sentyabr ayında qonşusu Vera evini satmağa hazırlaşmış və o, Vera ilə danışıb razılaşmışdır ki, Vera satdığı evin pulundan ona 16.000 manat pul versin və həmin pula o avtomobil alıb taksi fəaliyyəti ilə məşğul olub əldə etdiyi qazancdan hər gün Veraya 10 manat pul verəcəkdir. Söhbət əsnasında o, Veraya yalandan avtomobili satın alan zaman onun adına rəsmiləşdirəcəyini və öz adına isə idarə etmək üçün ondan etibarnamə alacağına söz vermişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Vera ilə birlikdə Azərbaycan Beynəlxalq Bankına getmiş və Vera satmış olduğu evin pulunu yəni 50 000 manat pulu bankdan alıb elə bankın içində 16.000 manat pul sayıb ona vermiş, bundan əlavə isə özünə paltar və başqa xərcləri üçün də pul verməsini istədiyi üçün əlavə olaraq Vera ona 1000 manat pul vermişdir. O, yalandan Veraya avtomobili Bakı şəhərindən alacağını demiş, iki gün sonra isə Gəncə şəhərindən “Opel Astra” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı qızılı rəngli 2006-cı ilin istehsalı olan avtomobili 11.000 manata satın almış, lakin avtomobili Veranın deyil, öz adına rəsmiləşdirmişdir. Bundan sonra Veranın yanına gəlib verdiyi pula avtomobili aldığını deyib həmin avtomobili göstərmiş və Veraya avtomobili onun adına rəsmiləşdirmək üçün şəxsiyyət vəsiqəsini Veradan almış, lakin Veranın adına heç bir rəsmiləşdirmə etməyərək bir gün sonra şəxsiyyət vəsiqəsini Veraya qaytarmış və artıq avtomobili Veranın adına rəsmiləşdirdiyi yalanını danışmışdır. Vera isə ona inanmışdır. Bundan başqa o, Veraya özünü elə göstərmişdir ki, guya o, taksi fəaliyyəti göstərir və razılaşdıqları kimi 5 gündən bir Veraya 50 manat pul gətirib vermiş və bu qayda ilə ümumilikdə Veraya 600 manat pul vermişdir. Veradan almış olduğu 16000 manat puldan yerdə qalan pulları isə şəxsi məqsədləri üçün istifadə etmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə pula ehtiyacı olduğu üçün Gəncə şəhərində olan “Zəfər” adlı lombarda müraciət etmiş və lombarddan 4000 manat kreditə pul götürmüş, girov olaraq isə lombarda həmin avtomobili qoymuş, belə ki, avtomobili lombard nümayəndəsinin adına rəsmiləşdirmişdir. xx.xx.2023-cü il tarixdə isə avtomobili başqa bir şəxsə 9500 manat satmış və lombarda olan borcunu ödəmişdir. O, avtomobili satdığı adama avtomobili satan zaman bildirmişdir ki, onun avtomobili hal hazırda lombardda girovdadır. Avtomobili satıb lombarda olan borcunu bağlıyacaqdır. O, avtomobili satandan sonra lombarda olan borcunu bağlamış yerdə qalan pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Həmin olanları isə Vera bilməmiş və özü ona hələ də taksi kimi fəaliyyət göstərdiyini demişdir. xx.xx.2023-cü il tarixdə ona yenə pul lazım olduğu üçün Veraya zəng edərək avtomobilin polis tərəfindən saxlanıldığını və avtomobili cərimə meydançasından çıxartmaq üçün pul lazım olduğunu deyərək ondan 2000 manat pul istəmişdir. Vera isə 2000 manat pul verməyə razılaşmış və səhəri gün o, Veraya zəng edərək Bakı şəhərinə tanış olan bir nəfər şəxsin gəldiyini və lazım olan 2000 manat pulu həmin şəxsə verməyini bildirmişdir. O, Gəncə şəhəri Mərkəzi Univermağın yaxınlığında taksi kimi fəaliyyət göstərən üzdən tanıdığı, lakin adını bilmədiyi ağ rəngli VAZ 2107 markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin sürücüsünə yaxınlaşaraq ondan daima onunla getdiyi Gəncə şəhəri, Atatürk küçəsi 197, bina 1-in qarşısına gedib bir nəfər şəxsin verəcəyi bağlamanı ondan götürərək yenidən ona Gəncə şəhər Univermağının yaxınlığına gətirməsini istəmişdir. O, həmin taksidən bir neçə dəfə istifadə etdiyi üçün sürücü ilə birbirilərini qiyabi olaraq tanımışlar. O, taksi sürücüsünü Veranın yaşadığı ünvana yola saldıqdan 10 dəqiqə sonra Veraya zəng edərək pul verəcəyi şəxsin binanın qarşısında onu gözlədiyini və lazım olan 2000 manat pulu həmin şəxsə verməyini bildirmişdir. Vera isə onun dediyi kimi 2000 manat pulu taksi sürücüsünə vermişdir. O, taksi sürücüsü ilə Gəncə şəhər Univermağının yaxınlığında görüşmüş və içində 2000 manat pul olan bağlamanı ondan götürmüşdür. Bundan sonra son vaxtlar artıq razılaşdıqları kimi 5 gündən bir o, Veraya verməli olduğu 50 manatı verə bilməmiş və buna görə də Veranın telefon zənglərinə də cavab verməmişdir. Bundan sonra isə Vera aldadıldığını başa düşüb ondan polisə şikayət etmişdir. Bundan başqa 15 iyun 2023-cü il tarixdə saat təxminən 00:30 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi H2O avtoyuma məntəqəsinin yaxınlığında əlində qənd torbasının içərisində olan tüfəngi Yeni Gəncədə basdırmaq üçün piyada gedən zaman polis əməkdaşları onu saxlamış və özlərini təqdim etmiş onu Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsinə dəvət etmişlər. O, polis əməkdaşlarına tabe olub bölməyə getmişdir. Bölmədə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı o, qənd torbasının içərisində saxladığı 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəngi çıxarıb təqdim etmişdir. Həmin odlu silah qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. O, həmin tüfəngi tutulmamışdan təxminən 10 gün əvvəl yaşadığı evin yaxınlığında zibil tökərkən zibil qablarının yanından yerdən tapmış və evə aparıb gələcəkdə ovla məşğul olmaq üçün saxlamışdır. Həmin tüfəngi evə gətirib öz otağında çarpayının altına gizlədən zaman yanında heç kəs olmamış və bu barədə heç kimə məlumat verməmişdir. Bir neçə gün sonra isə o, tapmış olduğu silahı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində torpağa basdırmaq qərarına gəlmiş və özü ilə silahı götürüb qeyd etdiyi ünvana aparan zaman saxlanılmışdır. Qanunsuz olaraq lüləsi və qundağı kəsilmiş tüfəngi əldə etməyindən, saxlamağından hər hansı bir ailə üzvünüzün, yaxud başqa bir şəxsin xəbəri olmamışdır. Sonda əməllərindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır. Vüqar onunla qonşuluqda yaşamış və yanlarında böyümüşdür. Vüqarın anası ilə münasibəti olmuş, həmişə gediş gəlişləri olmuş, bu səbəbdən həmişə Vüqara inamı olmuşdur. O, 2023-cü ilin sentyabr ayında özünə məxsus ev satmışdır. Evi satdıqdan sonra Vüqarın təklifinə əsasən qərara gəlmişdir ki, puldan bir qismini Vüqara versin və Vüqar həmin pul ilə avtomobil alıb taksi fəaliyyəti ilə məşğul olub, qazandığı puldan həm Vüqar dolansın, həm də o dolansın. Bundan sonra xx.xx.2023-cü il tarixdə o, Vüqarla birlikdə Azərbaycan Beynəlaxlaq Bankına getmiş və bankdan aldığı puldan 17000 manatını Vüqara vermişdir ki, o, gedib 16000 manata bir avtomobil alsın, əlavə özü isə ona 1000 manat pul vermişdir ki, Vüqar özünə paltar alsın. Təxminən 1-2 gün sonra isə Vüqar gedib bir Opel Astra markalı avtomobil satın alıb gətirmiş və ona həmin avtomobili Bakı şəhərindən alıb gətirdiyini söyləmişdir. O, avtomobilə baxmaq üçün gedən zaman Vüqar şəxsiyyət vəsiqəsini ondan istəmiş və avtomobili onun adına sənədləşdirəcəyini demişdir. O, da inanıb şəxsiyyət vəsiqəsini gətirib Vüqara vermişdir. Təxminən 1 həftə sonra isə Vüqar şəxsiyyət vəsiqəsini geri qaytararaq avtomobili artıq onun adına sənədləşdirdiyini və özü üçün onun adından özünə etibarnamə yazdırdığını demişdir. O, isə Vüqarın sözlərinə inanmışdır. Bundan sonra Vüqar taksi fəaliyyəti ilə məşğul olacağını və gündəlik olaraq ona 10 manat pul verəcəyini demişdir. Belə ki, Vüqarın hər 5 gündən bir 50 manat ona pul verməsinə razılaşmışlar. Daha sonra Vüqar hər 5 gündən bir ona 50 manat pul gətirib verməyə başlamışdır. Bu minvalla Vüqar ümumilikdə ona 600 manat pul gətirib vermiş və həmin pulu taksidən qazandığını demişdir. Bir neçə gün sonra isə Vüqar ona zəng edərək Bakı şəhərində onu polis tutduğunu və avtomobilin buraxılması üçün 2000 manat pul vermək lazım olduğunu demişdir. Daha sonra isə onu tanımadığı şəxs ilə danışdırmışdır. Səhəri gün isə Vüqar ona zəng edərək Bakı şəhərinə tanış olan bir nəfər şəxsin gəldiyini və lazım olan 2000 manat pulu həmin şəxsə verməyini bildirmişdir. O, isə Vüqarın dediyi kimi 2000 manat pulu görünməyən bir sellofana bükərək yaşadığı binanın qarşısında Vüqarın dediyi tanımadığı şəxsə aparıb vermişdir. Bundan bir neçə gün sonra isə Vüqar onunla tamamilə əlaqəni kəsmiş və zənglərinə cavab verməmişdir. Buna görə özü aldadıldığını başa düşüb xx.xx.2023-cü il tarixdə Vüqarın barəsində polisə şikayət etmiş və polisin apardığı araşdırma zamanı Vüqarın aldığı avtomobili onun yox öz adına rəsmiləşdirdiyini və taksi kimi fəaliyyət göstərməyib, ona qarşı dələduzluq etdiyini öyrənmşdir. Hadisə nəticəsində ona ümumilikdə 18.000 manat ziyan dəymişdir. Hazırda ziyan ödənilməmişdir. Amma Vüqarın cavan olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 15 iyun 2023-cü il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində odlu silah gəzdirməsi və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmişdir. Daha sonra birlikdə keçiridikləri əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi H2O avtoyuma məntəqəsinin yaxınlığında olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat əsasında bölmənin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi H2O avtoyuma məntəqəsinin yaxınlığına getmişlər. Onlar orda olarkən Təqsirləndirilən şəxs həmin yerdə hərəkət etdiyini görmüşlər. Həmin vaxt onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş, xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib, Təqsirləndirilən şəxs 3-cü Polis Bölməsinə dəvət etmişlər. X8 Əhmədova hüquqları izah edildikdən sonra o, müdafiəçi ilə təmin edilmişdir. İlkin olaraq X3 şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və videoçəklişlə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan ağ rəngli un kisəsinin içərisində olan nömrəsi silinmiş, hissə və mexanizimləri yerində olan İJ markalı 16 kalibirli odlu silahı təqdim etmişdir. Daha sonra həmin odlu silah kağız torbada qablaşdırılaraq üzərinə DİN-nin 110 saylı möhürü ilə möhürlənmiş və qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin silahı 10 gün əvvəl yaşadığı evin yaxınlığında zibil qutularının yanından tapdığını bildirmişdir. Ona görə bu barədə protokol tərtib edilmiş bə iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışında elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunmuş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, o, həm zərərçəkmiş şəxsi, həm də təqsirləndirilən şəxsi tanımaqla onlarla qonşuluqda yaşayır. Son vaxtlar Vüqar Veranın ətrafında çox hərlənmiş və bu hal ona qəribə gəlmişdir. Belə ki, 2023-cü ilin sentyabr ayında Vera evini satandan sonra ona həmin pulun 16000 manatını Vüqara verəcəyini, həmin pula Vüqarın Veranın adına avtomobil alacağına və Vüqarın həmin avtomobil ilə taksi kimi fəaliyyət göstərib hər ay ona pul verəcəyinə razılaşdıqlarını demişdir. Bundan sonra Vera bankdan aldığı puldan Vüqara avtomobil almaq üçün pul verdiyini demiş və bir neçə gün sonra o, Veranın evində olan zaman Vüqar Veranın yanına gəlmiş və Veradan şəxsiyyət vəsiqəsini istəyərək avtomobili onun adına sənədləşdirəcəyini dediyinin şahid olmuşdur. Bir neçə gün sonra isə Vüqar Veranın şəxsiyyət vəsiqəsini geri qaytarmış və artıq avtomobilin Veranın adına sənədləşdiyini demişdir. Bir müddət sonra isə yenə o, Veranın yanında olan zaman Vüqar Veraya zəng edərək avtomobilin Bakı şəhərində polis tərəfindən saxlanıldığını və 2000 manat pul istənildiyini demişdir. Həmin məsələyə əvvəlcə o və Vera inanmamışdır. Ona görə də özü Bakı şəhərində olan tanışları vasitəsi ilə əlaqə saxlayaraq Vüqarın bildirdiyi yerdə nə Vüqarın özünün saxlanılmadığını, nədə ki, avtomobilinin saxlanılmadığını öyrənmişdir. Lakin sonradan Veranın 2000 manat pulu Vüqara göndərdiyini öyrənmişdir. Həmçinin həmin vaxtlar Vera avtomobilin onun adına rəsmiləşdirilmədiyini və Vüqarın onu aldadaraq avtomobili öz adına rəsmiləşdirdiyini öyrənmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi və odlu silahın aşkar edilib götürülməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi təsdiq edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli 23/448 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş halhazrda ümumi uzunluğu 600 mm, lüləsinin uzunluğu 389 mm olan 01 ədəd 6291-M №-li silah, keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda 1955-ci ildə istehsal olunmuş 16 kalibirli ZK modelli, çaxmaqlı, hamar tək lüləli ov tüfəngidir, yivsiz odlu silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı sonradan kustar üsulu ilə kəsilmişdir və hal hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Gəncə Şəhər Məhkəməsinin 1(125)-5/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli təqsirləndirilən şəxsin tutulduğu 06 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2024-cü il tarixli 2024 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2024-cü il tarixli, 2404 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsindən alınmış 26 mart 2024-cü il tarixli 3-13-16-3/2-2513/2024 nömrəli məktubdan görünür ki, kompüter uçot bazasında olan məlumata əsasən Təqsirləndirilən şəxs adına qeydiyyatda nəqliyyat vasitəsi yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən alınaraq cinayət işinə əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2- 3027/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına Gəncə şəhər, Göygöl, Samux, Daşkəsən rayonları inzibati ərazi vahidi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarələrinin arxiv məlumatlarında, Əmlak Məsələləri Dövlət Komitəsi və ləğv edilmiş elektron məlumat bazasında və Respublika üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən alınmış əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu dələduzluq hadisəsi zamanı ona kömək edən hər hansı şəxsin olub olmamasını müəyyən etmək mümkün olmamış bundan başqa Təqsirləndirilən şəxs törətmiş olduğu dələduzluq hadisəsinin şahidləri və video müşahidə kameralarının olub-olmamasını müəyyən etmək mümkün olmadığı, həmçinin Təqsirləndirilən şəxs təqdim etdiyi 16 kalibrli ZK modelli odlu silahı kimdən və haradan əldə etməsini, həmçinin həmin odlu silahdan hər hansı bir cinayətin aləti kimi istifadə olunmasını müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsində ona kiminsə kömək etməsi müəyyən edilməmiş, Təqsirləndirilən şəxs şəhər ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan suiistifadə etmə yolu ilə təkrar özgənin əmlakını ələ keçirərək dələduzluq etmiş və qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını əldə edib daşıyaraq saxlamaq cinayətində təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar, habelə digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmiş və düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4 və 228.1-ci maddələri ilə tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4 və 228.1-ci maddələri ilə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 228.1-ci maddələri ilə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 228.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-nin 17.1-ci maddəsinə əsasən, həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli və cəzaçəkmə müddətinin əvvəli 06 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 iyun 2023-cü il tarixdən 16 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində 02 (iki) gün həbsdə saxlanılmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 (iki) gün müddəti nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlandığı 02 (iki) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş 01 ədəd 6291-M №-li, keçmiş SSRİ dövlətində istehsal olunmuş 16 kalibrli ZK modelli, çaxmaqlı, hamar tək lüləli ov tüfəngi müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Həmçinin, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış və odlu silahın götürülməsi videogörüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 22 (iyirmi iki) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X5 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Bundan başqa iş materiallarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışdır. Eyni zamanda, zərərçəkmiş şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə bildirir ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia,ekspertiza xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və CM-nin 228.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 15 iyun 2023-cü il tarixdən 16 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 06 yanvar 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarına saxlanca verilmiş 01 ədəd 6291-M №-li, keçmiş SSRİ dövlətində istehsal olunmuş 16 kalibrli ZK modelli, çaxmaqlı, hamar tək lüləli ov tüfəngi müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin; həmçinin təqsirləndirilən şəxsin üzərinə keçirilmiş baxış və odlu silahın götürülməsi videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X5 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 132 (yüz otuz iki) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Cinayət işi üzrə zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə isə verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar