Məhkəmə qərarları › İş №1(125)-243/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-243/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-243/2023 07.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs (bundan sonra – Təqsirləndirilən şəxs) istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,330 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 28 yanvar 2023-cü il tarixdə, saat 18:30-da Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsinə daxil olmuş məlumat əsasında həmin şöbənin CAB-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsi “El Hotel” yaxınlığında saxlanılaraq Gəncə şəhəri 2-ci polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan kəsiyi bükümdə təmiz çəkisi 1,330 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə “metamfetamin” aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə o, evlərinin yanında ara yolda bir nəfəri yerə nəyisə atdığını görmüş, ona maraqlı gəldiyi üçün yaxınlaşaraq yerə atılan siqaret qutusunu götürüb içərisinə baxdıqda, “patı” kimi tanıdığı psixotrop maddə - metamfetamin olduğunu görmüşdur. O, bir neçə addım atıb getmək istədik də Gəncə şəhəri Ü.Hacıbəyov küçəsi “El Hotel”in qarşısında iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini nümayiş etdirməklə özlərini təqdim etmişlər. Sonra polis əməkdaşları ona üzərində narkotik vasitə gəzdirməkdə şübhələndiklərini bildirib onu Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına yerdən götürdüyü bükümü bir nəfərin yerə atdığını demiş, həmin vaxt ətrafa baxdıqda artıq həmin şəxs uzaqlaşmış və o, polislərə həmin şəxsi göstərə bilməmişdir. Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə getdikdən sonra hüquqlarını müdafiə etməsi üçün ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Bundan sonra müdafiəçinin iştirakı və vidoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, həmin vaxt ona hüquqları izah olunmuşdur. Şəxsi axtarış zamanı ona təklif etmişdirlər ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, dövriyyəsi qadağan edilmiş narkotik vasitə varsa təqdim etsin. O, da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd ağ şəffaf sellofan kəsiyi bükümündə olan kütləni təqdim etmiş, həmin kütlənin içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Sonra təqdim etdiyi kütlə aptek tərəzisində çəkilmiş və ümumi çəkisi 1,46 qram olmuşdur. Sorğu zamanı o, həmin bükülünün psixotrop maddə olan metamfetamin olduğunu və ona məxsus olduğunu, şəxsi istifadəsi üçün saxladığını, həmin kütləni küçədə piyada gəzən zaman yolun kənarında bir ədəd “Rothmans” siqaret qutusunun içərisində görüb yerdən tapdığını, həmin kütləldən heç kimə satmadığını, başqa yerdə saxlamadığını və istifadə etmədiyini bildirmişdir. Sonra həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 1,46 qram olmuş, qablaşdırılaraq üzəri möhürlənib imzalarla təsdiq olunmuşdur. Bundan başqa üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, protokol doğru tərtib edildiyi üçün protokola o, da imza etmişdir. Sonda o, əməlindən peşman olduğunu, himayəsində 2 azyaşlı uşağı olduğunu nəzərə alıb yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir münasibəti olmamışdır. 28 yanvar 2023-cü il tarixdə Gəncə şəhəri Adil Babayev küçəsi ev 32-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə qəbul etməsi, əldə edib üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə o, raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmişdir. Bundan sonra bölmənin baş əməliyyat müvəkkili polis baş kapitanı Şahid2 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 28 yanvar 2023-cü il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində “El Hotel”in yaxınlığında olmasını müəyyən edib həmin yerə getmişlər. Onlar Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürmüş, yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmiş, barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış etmiş və üzərində psixotrop maddə saxlamasında şübhəli olduğunu bildirib sonuncunu Gəncə şəhəri BPİ-nin 2-ci polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi təyin edilmiş, şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən şəffaf rəngli bükümü təqdim etmiş və bildirmişdir ki, təqdim etdiyi bükümün içrəsində “şüşə” kimi tanıdığı, yəni metamfetamin olmuşdur. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş axtarış zamanı üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü yaşadığı küçədə piyada gəzən zaman yolun kənarında bir ədəd siqaret qutusunun içərisindən tapdığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd şəffaf rəngli sellofana bükülü ilk görünüşdən psixotrop maddə olan “metamfetamin”ə oxşar kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1,46 qram olması müəyyən olunmuşdur. Həmin sellofan büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs hal-hazırda psixotrop maddələrin satıb satmadığı haqda məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən tapdığı siqaret qutusunu bir nəfər şəxsin yerə atdığını və küçədə getdiyini demiş, lakin onlar ətrafda heç kimi görməmişlər. Məhkəmə iclasında dindirilmiş şahid Gəncə Şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2, Şahid1 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 28 yanvar 2023-cü il tarixli “şübhəli şəxsi tutma” protokolundan, xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad olunması haqqında” qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 28 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdən görünür ki, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X3, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-nın baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin KTQ-nin baş inspektor kriminalisti X5 və müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı vətəndaş Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf selofana bükülmüş bir ədəd büküm aşkar olunmuş, həmin büküm elektron tərəzidə çəkilmiş, psixotrop maddəyə oxşar kütlənin ümumi təmiz çəkisi 0,26 qram olmuş, həmin kütlə zərfə qoyulub qablaşdırılmış və zərfin üzəri Az.Resp-sı DİN-nın 132 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır.Kütlənin psixotrop maddə olub olmaması və dəqiq çəkisi barədə rəy alınması məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X6 bölməsinə göndərilmişdir. Məhkəmə iclasında baxış keçirilmiş DVD diskdə olan görüntüdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm elektron tərəzidə çəkildikdə çəkisinin 1,46 qram olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29 yanvar 2023-cü il tarixli 16/151 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə yazılar və imzalar olan kağız paketdəki, 1 ədəd .əffaf sellofan kəsiyi bükümdə təmiz çəkisi 1,330 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (metamfetaminin təmiz çəkiləri 1,330 qram tədqiqata sərf edilmiş ,05 qram qalıq 1,280 qram.). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli 811 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2023-cü il tarixli 987 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 178 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizotik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İİ Siyahısında metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə etməsi və saxlaması tamamilə sübuta yetirilir. Ona görə də, onun əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə əməlini etiraf etməsi, əməlindən peşman olması, himayəsində 2 azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Təqsirləndirilən şəxs 28-30 yanvar 2023-cü il tarixlərində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalında həbs edilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 1,280 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 nömrəli Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübutlar: Gəncə Şəhər Baş Polis İdarəsində saxlanılan narkotik vasitənin ekspertizadan sonrakı cəmi qalığı – 1,280 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, axtarış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 32.40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar