Məhkəmə qərarları › İş №1(125)-245/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-245/2023

11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-245/2023 11.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1992-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, “barəsində başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, o, 02 oktyabr 2022-ci il tarixdə saat 15:40 radələrində X6 məxsus “Ravon Nexia R3” minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixli, BB 226316 seriyalı, “B1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi əsasında nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamə olmaqla idarə edib, Gəncə şəhəri, Dədə Qorqud küçəsi ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsini geriyə hərəkət etdirən zaman həmin manevri təhlükəsiz etməli və hərəkətin digər iştirakçılarına maneə yaratmamalı, lazım gəldikdə başqa şəxslərin köməyindən istifadə etməli və bu maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyərək, idarə etdiyi avtomobilin arxa hissəsi ilə piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq onun sağlamlığına sağ əlin 1ci barmağının distal falanqasının sınığı, qançırı, şişkinliyi, əzilmiş yarası, hər iki diz nahiyələrinin qançırları, sağ said nahiyəsinin sıyrığı ilə müşahidə edilən xəsarətlər yetirməklə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Bundan başqa o, həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsin qayğısına qalmalı olduğu, ona kömək göstərmək imkanı olduğu halda bunu etməyərək, qəsdən idarə etdiyi “Ravon Nexia R3” minik” markalı, **- CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, ekspert rəyləri, videogörüntü və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. ’’Ravon Nexia R3” minik markalı **-CX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil X6 məxsus olsada həmin avtomobili etibarnamə əsasında o, idarə edir. xx.xx.2022-ci il tarixdə təxminən saat 15:40 radələrində idarə etdiyi ’’Ravon Nexia R3” minik markalı **-CX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri, Dədə Qorqud küçəsində yolun sağ hissəsində avtomobili arxaya tərəfə hərəkət etdirib, digər küçəyə dönmə əməliyyatı etmək istəyən zaman ehtiyatsızlıqdan avtomobilin arxa hissəsi adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs dəymiş və nəticədə həmin şəxs yerə yıxılmışdır. O, dərhal X4 yaxınlaşmışdır. Həmin vaxt hadisə yerinə tanımadığı şəxslər toplaşmışlar. O, zərərçəkmiş şəxsə təklif etmişdir ki, hər hansı xəsarəti varsa xəstəxanaya getsinlər və orada həkimlər tərəfindən tibbi yardım göstərilsin. Lakin zərərçəkmiş şəxs onu yaşadığı evə aparmağını xahiş etmişdir. Ona görə zərərçəkmiş şəxsi avtomobilnə əyləşdirmiş və onu yaşadığı binanın qarşısına aparmış orada X7 ona bildirmişdir ki, onu yaşadığı evin qarşısındakı səkidə əyləşdirsin. O, da zərərçəkmiş şəxsi avtomobildən yerə düşürtmüş və dediyi yerdə əyləşdirmişdir. X2 ona demişdir ki, getsin və özü bir az orada dincəlib, yaşadığı evə gedəcək. O, da razılaşmış və oradan uzaqlaşıb hadisədən qorxduğundan yaşadığı evə gedərək, bu barədə heç kəsə məlumat verməmişdir. Sonra isə ona polis şöbəsindən zəng olunub polis şöbəsinə dəvət edilmiş və orada məlum olmuşdur ki, zərərçəkmiş şəxs ondan şikayət etmişdir. Hadisənin baş verməsinə səbəb onun zərərçəkmiş şəxsi görməməsi və ehtiyatsızlığı olmuşdur. Həmin vaxt avtomobillə hərəkətdə olarkən avtomobili təxminən 5- 10 km/saat sürətlə idarə etmiş, avtomobildə tək olmuş, hadisə baş verərkən həmin yerdə tanıdığı heç kimi görməmiş və baş vermiş yol nəqliyyat hadisəsi barədə heç kimə məlumat verməmişdir. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini və onunla barışmasını nəzərə alaraq barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. xx.xx.2022-ci il tarixdə təxminən saat 15:40 radələrində Gəncə şəhəri, Dədə Qorqud küçəsində yolun sağ tərəfində dayanıb sol tərəfə baxaraq avtobus gözləyən zaman anidən sağ tərəfində olan ağ rəngli **-CX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü avtomobili arxaya verərək, üzərinə doğru hərəkət etdirmiş və avtomobilin onun sağ tərəfinə dəyməsi nəticəsində o, yerə yıxılmış və xəsarət almışdır. Bundan sonra sürücü və ətrafdakı tanımadığı şəxslər ətrafına toplaşmış, avtomobilin sürücüsü onu yerdən qaldıraraq avtomobilinə əyləşdirmiş və onu yaşadığı evin qarşısına aparmışdır. Yaşadığı evin qarşısında sürücü onu avtomobildən düşürtmüş və onu evinin qarşısında olan səkidə əyləşdirib ona bildirmişdir ki, tibbi yardım göstərilməsi üçün həkim gətirib gəlir. Bundan sonra o və hadisə barədə məlumat almış arvadı binanın qarşısında nə qədər gözləsələrdə nə sürücü, nə də həkim oraya gəlməmiş, onlar sürücünün onları aldatdığını və qaçıb getdiyini müəyyən edib həmin vaxt özünü yaxşı hiss etmədiyi üçün arvadı təcili tibbi yardım xəstəxanasına zəng etmiş, bir qədər sonra oraya TTY avtomobili gəlib xəsarət aldığı üçün ona ilkin tibbi yardım göstərmiş və onu avtomobilə əyləşdirərək Gəncə şəhər Abbas Səhət adına xəstəxanaya aparmışdır. Eyni zamanda hadisə günü arvadı onu vuran avtomobilin nömrəsini ağac parçası ilə torpaq üzərinə yazıb qeyd etdiyi üçün onlar eyni zamanda baş vermiş hadisə barədə polis orqanlarına zəng edib məlumat vermiş və polisin apardığı araşdırma ilə onu avtomobillə vuran şəxsin Təqsirləndirilən şəxs adlı Daşkəsən rayon sakini olduğu məlum olmuşdur. Hadisənin baş verməsinə səbəb həmin avtomobilin sürücüsünun avtomobili arxaya tərəf hərəkət etdirərək onu anidən vurması olmuşdur. Həmin avtomobili o, görməmiş və avtomobil anidən onu vurmuşdur. Nəticədə o, sağ əl, sol qol və diz nahiyələrindən az ağır dərəcəli bədən xəsarətləri almışdır. Hazırda təqsirləndrilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmiş, onlar barışmış, ona görə də Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə baxışında Şahid ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin İTİ-nin TŞ-nin təhqiqatçısı vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Gəncə şəhər BPİ-nin əməliyyat-istintaq qrupunun tərkibində xidmətdə olan zaman saat 17:21-də X5 ***-***-**-** mobil nömrə ilə DİN-nin 102 xidmətinə zəng edərək piyada qismində olan əri 70 yaşlı Zərərçəkmiş şəxs Kamal oğlunu “Hyundai” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin vurması barədə məlumat vermişdir. Həmin müraciət xx.xx.2022-ci il tarixdə Gəncə şəhər BPİ-də qeydiyyat alınaraq araşdırılması ona həvalə edilmişdir. Daxil olmuş həmin məlumat əsasında Gəncə şəhəri, Dədə Qorqud küçəsində hadisə yerinə getmiş və həmin vaxt Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirən avtomobil hadisə yerində olmamışdır. “Təhlükəsiz şəhər xidməti” kamerası vasitəsi ilə hadisəni törədən avtomobilin “Ravon Nexia R3” minik markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil olmasını müəyyən etmiş və bundan sonra həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsilə əlaqə saxladıqdan sonra Təqsirləndirilən şəxs hadisə yerinə gəlmişdir. İş materiallarından məlum olur ki, hadisə yerini və zamanını müşahidə edən kamera görüntüsü 01 ədəd DVD disk köçürülmüş və sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 02 oktyabr 2022-ci il tarixdə saat 15:40 radələrində “Ravon Nexia R3” minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil Gəncə şəhəri, Dədə Qorqud küçəsi ilə arxaya hərəkətdə olarkən avtomobilin arxa hissəsi ilə piyadanı vuraraq yerə yıxır. İş materiallarında olan “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi yer Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-nin inspektorları Nicat Əsədov və Vüsal Qəribov tərəfindən göstərilmişdir. Müəyyən olunmuşdur ki, hadisə yeri Gəncə şəhəri, Dədə Qorqud küçəsidir. Yolayrıcı üçyoldan ibarətdir. Yolun hərəkət hissəsi düz, örtüyün növü asfaltbeton olmaqla örtüyün vəziyyəti qurudur. Dədə Qorqud küçəsindəki yolun eni 12,30 metrdir. Yolda hərəkət işıqforla nizamlanmır. Hadisə yerində ağ rəngli, “Ravon Nexia R3” minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil səkinin kənarında dayanmışdır. “Ravon Nexia R3” minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığı yerdən piyadanın vurulma yerinə 1 metr məsafə vardır. Belə ki, hadisə yerinə baxış zamanı müəyyən olunmuşdur ki, hadisə vaxtı “Ravon Nexia R3” minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil Dədə Qorqud küçəsi ilə arxaya “Metallurq Stadionu” adlanan yer istiqamətində hərəkət etmişdir. Yolun hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayırma və hərəkət hissəsini hərəkət zolaqlarına bölmə nişanlama xəttləri yoxdur. Hərəkət hissəyə sağ və sol tərəfdən köbə daşları və səki birləşir. Hadisə yerinə baxış zamanı tormoz izinə rast gəlinməmişdir. Hadisə yerinə baxış gündüz vaxtı, təbii işıqlandırma şəraitində aparılmışdır. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmiş və hadisə yerinin sxemi çəkilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X9 X15 xx.xx.2022-ci il tarixli 1820 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ əlin İ barmağının distal falanqasının sınığı ilə müşahidə olunan qançırı- şişkinliyi, əzilmiş yarası, hər iki diz nahiyələrinin qançırları, sağ said nahiyəsinin sıyrığı - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2022ci il tarixdə əmələ gələ bilərlər və ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilirlər. İş materiallarında olan məhkəmə-yol-nəqliyyat hadisəsi ekspertizasının 23 dekabr 2022-ci il tarixli 8/3473 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Ravon Nexia R3” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud metodikanın tələblərinə əsasən piyada məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadanın hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onun hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 2286/2022 nömrəli Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdən verilmiş “sərxoşluq vəziyyyətinin tibbi müayinəsi” barədə tərtib edilmiş aktın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs 03 oktyabr 2022-ci il tarixdə ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli, 370 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli, 385 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. İş materiallarından görünür ki, “Ravon Nexia R3” minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilmişdir. İş materiallarında olan BDYPİ-nin Gəncə RQİTBŞ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli 313-6784-1222 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs BB 226316 saylı BC dərəcəli sürücülük vəsiqəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək verilmişdir. Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 7E-8693 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, X8 tərəfindən Təqsirləndirilən şəxs “Ravon Nexia R3” minik markalı **-CX-*** dövlət qeydiyyat nişanlı minik avtomobili xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək idarə etmək üçün verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən məlum olur ki, ona dəymiş zərər tam ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarxli, 03 nömrəli Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatından alınmış xasiyyətnamədə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020 və xx.xx.2019-cu il təvəllüdlü iki azyaşlı övladı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmiş və belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Beləliklə, məhkəmə yuxarıdakı təhlilə və qanunvericiliyin müddəalarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunan təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanın tam ödənilməsini nəzərə alaraq hesab edir ki, həmin hissədə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. Bundan başqa “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun İV-cü bəndində göstərilmişdir ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: 1) nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; 2) zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; 3) başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; 4) hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, bu şərt nəqliyyat vasitəsini idarə edərək yol nəqliyyat hadisəsi törətmiş şəxsin hadisə yerində şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər şəkildə çatdırmaq öhdəliyini yerinə yetirməsidir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda rəsmən belə təfsir vermişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz”. Göründüyü kimi, yol nəqliyyat hadisəsinin iştirakçısı olan nəqliyyat vasitəsinin sürücüsü hər hansı məqsədlə hadisə yerini tərk etməzdən əvvəl öz şəxsiyyətini bəlli etməlidir. Bundan başqa, istər Konstitusiya Məhkəməsi Plenumunun qərarında, istərsə də CM-nin 264-cü maddəsinin “Qeyd” hissəsində cinayət məsuliyyətini aradan qaldıran hal kimi istənilən şəxsə deyil, məhz yol nəqliyyat hadisəsindən zərər çəkmiş şəxsə köməklik göstərilməsindən, bu məqsədlə hadisə yerinin tərk edilməsindən bəhs olunur. Məhkəmə baxışında aydın oldu ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi hadisə yerindən götürüb onun yaşadığı binanın qarşısına gətirsə də zərərçəkmiş şəxsə öz şəxsiyyəti barədə məlumatları çatdırmadan, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirmədən, hadisə barədə aidiyyəti qurumlara məlumat vermədən, o cümlədən tibbi yardım göstərilməsi məsələsini həll etmədən zərərçəkmiş şəxsi binanın qarşısında köməksiz vəziyyətdə qoyaraq yol nəqliyyat hadisəsi yerindən yayınmışdır. Yəni hadisəni törədən avtomobilin “Ravon Nexia R3” minik markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil olması şikayət əsasında “Təhlükəsiz şəhər xidməti” kamerası vasitəsi ilə müəyyən edilmiş və həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsilə əlaqə saxlanıldıqdan sonra o, hadisə yerinə gəlmişdir. Bu hal isə özü-özlüyündə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsi törətdikdən sonra hadisənin kim tərəfindən törədilməsini ört-basdır etmək üçün hadisə yerindən yayınmaq niyətində olmasını təsdiq edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, ziyanın tam ödənilməsini və himayəsində azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmənin qənaətinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinnin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, Təqsirləndirilən şəxs üzərinə Daşkəsən rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış “Ravon Nexia R3” minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 (on beş) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Daşkəsən rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Ravon Nexia R3” minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış hadisənin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 (doxsan) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün CM-nin 263.1-ci maddəsi ilə bağlı hissədə qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə şəhər prokurorluğuna göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar