Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-245/2024 05.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, 4-cü mikrorayon, ev 4B, mənzil 64 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan və barəsində «polisin nəzarət altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq odlu silahı əldə edib daşıyaraq saxlamış və gəzdirmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən 01 ədəd nömrəsi silinmiş keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş 16 kalibrli, çaxmaqlı, hamar qoşa lüləli, sonradan lüləsi və qundağı kustar üsulla kəsilmiş və hal-hazırda lüləsinin uzunluğu 290 mm, ümumi uzunluğu 510 mm olan, ilkin təyinatını itirmiş, texniki cəhətdən saz və hər iki lülədən atəş üçün yararlı olan, 16 kalibrli qoşa lüləli yivsiz odlu silah hesab edilən TOZ-B modelli ov tüfəngini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və gəzdirmiş, barəsində qanunsuz olaraq odlu silah saxlaması ilə bağlı Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nə daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2024-cü il tarixdə Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində eyni tarixdə, saat 11:30 radələrində Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, Atatürk prospekti 265 ünvanında yerləşən Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ bel nahiyyəsindən 01 ədəd nömrəsi silinmiş keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş 16 kalibrli, çaxmaqlı, hamar qoşa lüləli, sonradan lüləsi və qundağı kustar üsulla kəsilmiş və hal-hazırda lüləsinin uzunluğu 290 mm, ümumi uzunluğu 510 mm olan, ilkin təyinatını itirmiş, texniki cəhətdən saz və hər iki lülədən atəş üçün yararlı olan TOZ-B modelli ov tüfəngi aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Sevinc qəsəbəsindən məişət tullantıları olan yerdən odlu silah tapmış, həmin silahı üzərində gəzdirmişdir. Daha sonra onu Sevinc qəsəbəsində polis əməkdaşları saxlamış və polis bölməsinə aparmışlar. Polis Bölməsində müdafiəçinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman o, üzərində olan silahı könüllü olaraq təqdim etmişdir. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olduğunu ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə BPİ-nin XTB-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, təxminən yanvar ayında Fariz adlı iş yoldaşı ilə ərazidə xidmət apararkən adı onlara sonradan məlum olan şübhəli şəxs Təqsirləndirilən şəxs yaxınlaşmışlar, onu şöbəyə gətimişlər orada onun üzərinə müdafiəçinin iştirakə ilə baxış keçirilmiş və o, üzərində olan odlu silahı könüllü olaraq təqdim etmişdir. Məhkəmə iclasında ibtidai istintaqdakı ifadəsi elan edilmiş, şahid Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs ilə heç bir münasibəti olmamış, hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. Mahiyyəti üzrə bildirmək istəyir ki, 23 yanvar 2024-cü il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı rəhbərliyə raportla məruzə edib, yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və daha sonra Şöbənin əməliyyat müvəkkili Şahid1lə birlikdə Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirtməyə başlamışdır. Həmin gün saat 11:30 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşadığı evin yaxınlığında yolun kənarında saxlanılaraq Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə dəvət edilmiş və Təqsirləndirilən şəxs da onlarla razılaşaraq Şöbəyə gəlmişdir. Gəncə şəhər BPİnin 2-ci Polis Şöbəsində ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilərək Müdafiəçi onun müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan hər hansı bir əşya olub-olmaması soruşulanda o, əynindəki qara rəngli cins şalvarın sağ yan hissəsinin şalvarının belindən bir ədəd «TOZ» markalı 2 lüləli, lüləsi və qundağı kəsilmiş ov silahını çıxardıb təqdim etmişdir. Silaha baxış zamanı nömrəsi silinmiş vəziyyətdə olması məlum olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş «TOZ» markalı bir ədəd ov silahını 22 yanvar 2024-cü il tarixdə Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən «Zolotoy Manqal» adlı kafenin yaxınlığındakı məişət tullantılarının atıldığı yerdən qara rəngli sellofan torbanın içərisindən tapdığını, həmin ov silahını yaşadığı evin həyətində gizlətdiyini, 23 yanvar 2024 cü il tarixdə, saat 11:30 radələrində özü ilə götürüb Məhsəti qəsəbəsində olan əraziyə tullamaq üçün apamaq istəyərkən yaşadığı evin yaxınlığında yol kənarında saxlanıldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş «TOZ» markalı bir ədəd ov silahı müvafiq qaydada zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-in 120 saylı möhürü ilə möhürlənmiş, doğruluğu imzalarla təsdiq edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş: 23 yanvar 2024-cü il tarixli “şübhəli şəxsi tutma” protokolundan, xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad olunması haqqında” qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 23 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 24/171 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd No-si silinmiş silah ilkin variantda keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli odlu yivsiz ov tüfəngi olub. Lakin sonradan həmin silahın lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş və hal-hazırda lüləsinin uzunluğu 290 mm, ümumi uzunluğu 510 mm olan silah öz ilkin təyinatını itirmiş 16 kalibrli TOZ-B modelli çaxmaqlı, hamar qoşa lüləli odlu yivsiz ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və hər iki lülədən atəş üçün yararlıdır. xx.xx.2024-cü tarixli “videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdən görünür ki, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin TB-də təhqiqatçı, polis mayoru Rasim Məmmdov, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkilləri, Şahid1, Şahid2, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Daha sonra ona üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan hissəsinin şalvarının belindən bir ədəd «TOZ» markalı 2 lüləli, lüləsi və qundağı kəsilmiş ov silahını çıxardıb təqdim edilmişdir. Silaha baxış zamanı nömrəsi silinmiş vəziyyətdə olması məlum olmuş, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş «TOZ» markalı bir ədəd ov silahını 22 yanvar 2024-cü il tarixdə Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən «Zolotoy Manqal» adlı kafenin yaxınlığındakı məişət tullantılarının atıldığı yerdən qara rəngli sellofan torbanın içərisindən tapdığını, həmin ov silahını yaşadığı evin həyətində gizlətdiyini, 23 yanvar 2024-cü il tarixdə, saat 11:30 radələrində özü ilə götürüb Məhsəti qəsəbəsində olan əraziyə tullamaq üçün apamaq istəyərkən yaşadığı evin yaxınlığında yol kənarında saxlanıldığını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs silahdan atəş açmadığını, istifadə etmədiyini, silahı patronsuz tapdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da saxlanılması qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmuşdur. Müdafiəçi polis şöbəsinə gətirilən zamanı hər hansı bir təsirə məruz qalıb-qalmadığını Təqsirləndirilən şəxs soruşanda o, polis əməkdaşları tərəfindən saxlanılıb Polis Şöbəsinə gətirilən zamanı hər hansı bir təsirə məruz qalmadığını bildirmişdir. Bundan sonra həmin bir ədəd ov silahı müvafiq qaydada qablaşdırılaraq möhürlənmişdir və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-11/2-2029/2024 nömrəli məktubundan görünür ki, DİN-in Kriminaltik Tədqiqatlar İdarəsinin GÜLLƏ-Giliz kartotekasında yalnız yivli odlu silahların qeydiyyatı aparılır. Azərbaycan Respublikasının DİN-in BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Azərbaycan Respublikası Gəncə şəhər Narkoloji dispanserin xx.xx.2023-cü il tarixli 888 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispnaserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji dispanserin xx.xx.2023-cü il tarixli 836 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün ibtidai istintaqdakı ifadəsi, şahidlərin ifadələri, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib və əməlindən səmimi peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalətli və qanunauyğundur. Məhkəməni bu qənaətə gəlməyə təqsirləndirilən şəxsin əməlinin ictimai təhlükəlilik dərəcəsi, yəni onun qanunsuz olaraq silah əldə edib saxlaması istiqamətləndirir. Bu səbəbdən də, məhkəmə belə qənaətə gəlir ki, ona yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, o, həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs 23 yanvar 2024-cü il tarixdən xx.xx.2024-cü il tarixlərində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalında həbs edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan, Gəncə şəhəri BPİ-nin saxlama anbarına təhvil verilmiş 01 ədəd 01 ədəd nömrəsi silinmiş 16 kalibrli TOZ-B modelli, hamar qoşa lüləli, odlu yivsiz ov tüfəng müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan hadisə yerinin baxışı zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən müdafiəçi X1 Təqsirləndirilən şəxs məhkəmədə 11 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 66 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübutlar: Gəncə şəhəri BPİ-nin saxlama anbarına təhvil verilmiş 01 ədəd nömrəsi silinmiş 16 kalibrli TOZ-B modelli, hamar qoşa lüləli, odlu yivsiz ov tüfəng müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilsin. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 66 (altmış altı) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-245/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-245/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver