Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-246/2024 23.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakı ilə, xx xxxxxx 1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Heydər Əliyev prospekti 265-də qeydiyyatda olmaqla faktiki olaraq, ünvan 1 ünvanında yaşayan barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 234.1-ci maddəsi (13 dekabr 2023-cü il tarixədək olan redaksiyada) təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs (bundan sonra Təqsirləndirilən şəxs) təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 21 oktyabr 2023-cü il tarixdə, saat 22:30 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü PB-nə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən H2O adlı avtoyuma məntəqəsinin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan kiçik cibindən 1 ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş təmiz çəkisi 0.214 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, polis əməkdaşları onu Yeni Gəncədə tutmayıblar, onu günorta saatlarında saat təxmini 01 radələrində Xalça zavodunun yanında tutmuşlar. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərində narkotik vasitə olmamışdır. Onun dostu Anar həmin günü onu evindən götürmüş və onlar Anargilin dükanına getmişlər orda Anarın anası ilə söhbət etdikləri zaman polis əməkdaşları gəlib onun qolundan buraraq avtomobilərinə mindirmişlər. Şöbədə narkotik vasitəni onun cibinə qoyaraq çəkiliş aparmışlar. Sonda o, dediklərini nəzərə alıb ədalətli qərar verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, əvvəllər narkotik vasitə qəbul etmiş, nəşə çəkmişdir. Onu tutulmasında Səbuhi adlı polis əməkdaşı iştirak etmişdir, Kamil onun tutulmasında iştirak etməmişdir. İbtidai istintaq zamanı o, hansı sənədlərə imza çəkdiyini xatırlamır, o, sənədləri oxumadan imzalamışdır. Polis əməkdaşları şöbədə ona qarşı fiziki zor tətbiq etməmişlər, ona qarşı nalayiq ifadələr işlətməmişlər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsinə dair ifadəsi əsassız olmaqla özünü müdafiə xarakteri daşımaqla məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təkzib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxmini 8-9 ay bundan qabaq saxlamışlar. Onun üzərindən heroin aşkar edilmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Yeni Gəncədə tutmuşlar. Onun üzərindən heroin aşkar edilmişdir. Onlar Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki zor tətbiq etməmişlər, ona qarşı nalayiq ifadələr işlətməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 3-cü PB-nin sahə rəisi, polis leytenantı Şahid2 ifadəsində bildirmişdir ki, hadisədən uzun müddət keçməsi səbəbindən hadisəni tam olaraq xatırlamır. Onlar bu cür hadislərlə bağlı bir yox bir neçə şəxsləri saxlayırlar, bu səbəbdən həmin şəxslərin kimlər olması tam olaraq onların yadlarında qalmır. Bu səbəbdən o, yalnış məlumat verməkdən çəkindiyini bildirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 3-cü X8 ərazisində saxlanılmışdır. Onun üzərindən heroin aşkar edilmişdir. O, bildirmişdir ki, həmin günü bir neçə şəxsin sənədləşdirilməsində iştirak etmişdir, ona görədə hadisəni tam olaraq xatırlamır. Bu səbəbdən şahidin ibtidai istintaqdakı ifadəsi elan edilmiş, ibtidai istintaqdakı ifadəsində bildirmişdir ki, Gəncə şəhərində, M.Mustafayev küçəsi ev 18A-da yaşayan Xəyyam adlı şəxsin narkotik vasitə qəbul etməsi, mütəmadi olaraq narkotik vasitələr əldə edib üzərində gəzdirməsi, saxlaması barədə Gəncə şəhər BPİ-nin 3-cü PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məlumat rerdikdən sonra tərəflərindən əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair qərar cəbul olunmuş və bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 22:30 radələrində Xəyyam adlı şəxsi Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində H2O avtoyuma məntəqəsinin yaxınlığında müəyyən edib əməliyyat müşahidəsinə götürmüş, Xəyyam adlı şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlamaqda şübhəli olduğunu bildirib üzərinə baxış keçirtmək məqsədi ilə onu Gəncə şəhər BPİ-nin 3-cü PB-nin inzibati binasına aparmışdırlar. Burada Xəyyam adlı şəxsin kimliyi tam dəqiqləşdirilərək, Təqsirləndirilən şəxs olması aydın olmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi məqsədilə müvafiq sənədləşmə aparılması ona tapşırılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində Müdafiəçi Gəncə şəhər BPİ-nin 3-cü PB-nə dəvət olunub Təqsirləndirilən şəxs təqdim edilmiş, Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunduqdan sonra o, hüquq vəzifələrinin aydın izah edildiyini və hüquqlarının müdafiə olunması məqsədilə təqdim olunmuş Müdafiəçi adlı vəkilə etirazı olmadığını bildirmişdir. Bundan sonra video çəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması soruşulanda Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan kiçik cibindən bir ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş kütləni təqdim etmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı bir predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd gümüşü siqaret falqasının içərisindəki kütlənin, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinə bənzər maddə olduğu aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin kütləni xatırlamadığı zamanda yaşadığı evin yaxınlığında, yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş içərisində narkotik vasitə gümüşü siqaret falqasına bükülmüş vəziyyətdə elektron tərəzidə çəkilmiş və narkotik vasitə heroinə oxşar kütlənin ümumi çəkisi 0,55 qram müəyyən olunmuş, zərfə qoyularaq qablaşdırılıb DİN-in “Zərflər üçün” 182 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən tərtib olunmuş protokolu onunla yanaşı o və baxış zamanı iştirak edən digər şəxslər də imzalamışdırlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman “Samsung” markalı video kamera ilə qeydə alınmış video görüntü diskə köçürülərək materiala əlavə olunmuşdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Xəyyam onun oğlu ilə yaxın dostdur. Oğlu ilə Xəyyam onun ticarət obyektinə gəlmişlər orda təxmini 5 dəqiqə qalmışlar sonra getmək isdədikləri zaman polis əməkdaşları Xəyyamı şöbəyə aparmışlar. Xəyyam iki gün şöbədə qaldıqdan sonra oğlu gedib onu gətirmişdir. O, Xəyyamdan onu niyə apardıqlarını soruşduqda Xəyyam ona cavab olaraq bildirmişdir ki, “onun qabağına narkotik qoyub ona narkotiki üzərinə götürməyini bildirmişlər, əgər o götürməsə onu Baş İdarəyə aparıb orada onun üzərinə külli miqdarda narkotik vasitə qoyacaqlar. O, qorxusundan narkotik vasitənin onun olmasını boynuna götürmüşdür”. Əlavə şahid qismində dindirilmiş X4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Xəyyamı iki nəfər şəxs aparmışdır. Onlardan biri maşında gözləmiş, digər bir nəfər Xəyyamın qolundan tutaraq avtomobilə mindirmişdir. Həmin şəxsləri üzdən görsə tanıya bilər. Xəyyamı aparan şəxslər onu döymədilər. Onun ticarət obyekti Xalça zavodunun yaxınlığında yerləşir. O, ünvan 4 ünvanında yaşayır. Xəyyamı Polis əməkdaşları aparanda 2023-cü ilin oktyabr ayı saat təxmini günorta 2-3 radələri idi. Xəyyam əvvəllər narkotik vasitə istifadə etmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, hadisə olan günü Xəyyamı gedib evindən götürmüşdür. Xəyyamla birlikdə oğlunun oxuduğu məktəbə getməyi planlaşdırmışlar. O, əvvəlcə anasından pul götürmək üçün onun yanına getmişdir. Oraya getdikləri zaman polis əməkdaşları gəlib Xəyyamı polis şöbəsinə aparmışlar. Əlavə şahid qismində dindirilmiş X11 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Xəyyamı iki nəfər polis əməkdaşları aparmışdır. Həmin şəxslərin adını bilmir, lakin həmin şəxsləri üzdən görsə tanıyacağını bildirmişdir. O, Xəyyamla uşaqlıqdan dostdur. Xəyyamı onların obyektinin qarşısından aparmışlar, onların obyekti Xalça zavodunun yaxınlığında yerləşir. Onu aparmağa gələn polis əməkdaşları mülki geyimdə olmuşlar. Xəyyam əvvəllər narkotik vasitə istifadə etmişdir. Onlar Xəyyamın sağalması üçün onu müalicə etdirmişlər. Xəyyamı şöbədən o gedib gətirmişdir. Xəyyam şöbədən apardığı zaman onda hər hansı bir döyülmə izi olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: - xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2023-cü il tarixdə barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə X7 azad edilmişdir. - xx.xx.2023-cü il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdə olan görüntüdən görünür ki, Gəncə BPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı Nicat Allahverdiyev, Gəncə şəhər BPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, Gəncə şəhər BPİ-nin 3-cü PB-nin sahə rəisi polis leyetnantı Şahid2, Müdafiəçi iştirakı ilə şübhəli səxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquqi və vəzifələri izah edilir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qararəngli cins şalvarın sağ yan kiçik cibindən 1 ədəd gümüşü siqaret falqasına bükülmüş kütləni çıxararaq təqdim edir. Həmin gümüşü falqanın içərisinə təhqiqatçı tərəfindən baxış zamanı narkotik vasitə heroinə bənzər maddə aşkar olunur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı bir əşya aşkarlanmır. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs bildirir ki, narkotik vasitənin istifadəsi ilə məşğul olmuş, həmin bükümü yaşadığı evin yaxınlığından xatırlamadığı zamanda yerdən tapıb götürdüyünü bildirir. Bu kütlədən istifadə etməmiş və kiməsə satmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, 0.55 qram gəlmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş içərisində ilk baxışdan narkotik maddə “heroinə” bənzər olan maddə zərfə qoyularaq üzəri DİN-in “Zərflər üçün” 182 saylı möhürü ilə möhürləndi və üzərləri iştirakçılar tərəfindən imzalandı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitə, psixotrop maddə, eləcə də, qanunla qadağan edilmiş digər əşya, predmet aşkar edilmir. - Məhkəmə-kimyəvi ekspertizasının 22 oktyabr 2023-cü il tarixli 16/1065 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “....Vətəndaş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş...” sözləri və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd gümüşü kağız bükümündə təmiz çəkisi 0.214 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. - Məhkəmə-narkoloji ekspertizasının 16 fevral 2024-eü il tarixli, 253 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış Narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. - DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən CM-nin 177.2.1, 177.2.2, 177.2.3-2-ci maddələrinə əsasən həbs edilib. Lakin 2 saylı İstintaq Təcridxanasmm rəsinin protokoluna əsasən həbsdə saxlama müddəti uzadılmadığına görə 2 saylı İstintaq Təcridxanasından həbsdən azad edilmişdir. -xx.xx.2024-cü il tarixdə Şəmkir RPŞ-dan alınmış məktubda qeyd olunmuşdur ki, həmin X5 Təqsirləndirilən şəxs AR-nın CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi 22 dekabr 2023-cü il tarixdə ittiham aktı tərtib olunaraq Şəmkir rayon məhkəməsinə göndərilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış xx.xx.2023-cü il tarixli, 3425 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserindən alınmış xx.xx.2023-cü il tarixli, 6521 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində hazırki cinayəti etiraf etməməsinə tənqidi yanaşaraq qeyd edir ki, bunu təqsirləndirilən şəxs ağlabatan şəkildə izah edə bilməmişdir. Beləki, onun istintaq zamanı heç bir təsirə məruz qalmadan etirafedici ifadələr verməsi və hazırda ifadəsini danması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmamış və odur ki, onun ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı və mötəbər hesab edir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: İlk növbədə təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və video çəkilməklə müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmış və o, könüllü şəkildə üzərində olan narkotik vasitəni cibindən çıxarıb təqdim etmişdir. Həmin video çəkilişdə təqsirləndirilən şəxsin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. xx.xx.2023-cü il tarixdə ilk olaraq izahatı alınarkən, şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə tutularkən, şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə ifadəsi alınarkən, xx.xx.2023-cü il tarixdə şəxsi axtarış zamanı narkotik vasitəni özü təqdim edərkən, təqsirləndirilən şəxs qismində xx.xx.2023-cü il tarixdə cəlb edilərkən və həmin tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən heç kimin təsiri olmadan etdiyi cinayəti etiraf etmiş və hər hansı təzyiqə məruz qalması barədə fikir bildirməmişdir. Təqsirləndirilən şəxs ifadələri bir-biri ilə üst-üstə düşür və təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən heç bir etirazı və vəsatəti olmamışdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxsin hazırda məhkəmə iclasında verdiyi ifadəsini həqiqətə uyğun olmayan hesab edir. Müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş əlavə şahidlərin bildirdikləri Təqsirləndirilən şəxs cinayət əməlini törətməməsi və ya onun törədilməsində təqsirli olmaması qənaətinə gəlinməsinə əsas vermir. Əlavə şahidlərin bildirdikləri yalnız Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması məsələsinə toxunduğundan, məhkəmə hesab edir ki, bu, cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsində onun təqsirsiz olması qənaətinə gəlinməsi üçün kifayət deyil. Əksinə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin sübutetmə ilə bağlı müəyyət etdiyi qaydalara uyğun, hazırki əməlin törədilməsi qənaətinə gəlinməsinə əsas verən ekspert rəyləri, videoyazı, maddi sübutlar iş materiallarında mövcuddur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İ Siyahısında heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi müəyyən etmişdir. CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə iki gün, cəmi dörd gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə Şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,164 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 40(qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 ödənilməsi üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 240(iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-cü maddəsində (13 dekabr 2023-cü il tarixədək olan redaksiyada) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21-23 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan 04 gün çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə Şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,164 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-246/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-246/2024
23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver