Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-247/2022 27.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Qəhrəman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1, Təqsirləndirilən şəxsin müdafiəçisi X3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 iştirakları ilə xx.xx.2005-ci ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Qızılqaya qəsəbəsi, ünvünsız fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 avqust 2021-ci il tarixdə saat 01 radələrində şəxsi münasibətlər zəminində Gəncə şəhəri, Qızılqaya qəsəbəsində sahibsiz yerdə istintaq zamanı müəyyən edilməsi mümkün olmayan bıçağın tiyəsi ilə tanışı Zərərçəkmiş şəxs1 bədənin müxtəlif nahiyələrinə zərbələr endirib sağ kürək, bel nahiyələrinin və sağ əlin V barmağının sıyrıqları, sol-bazu nahiyəsinin qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, bu zaman Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 onları aralamaq istədikdə o, həmin bıçağın tiyəsi ilə Zərərçəkmiş şəxs2 sol bud nahiyəsinin 1/3-nin ön səthində olan deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül xəsarətlər yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 və onun qardaşı Zərərçəkmiş şəxs2 onun qonşularıdır. Zərərçəkmiş şəxs1 ondan cüssəli və güclüdür. Eltun onunla tez-tez zarafat edir və bəzi hallarda döyür və söyürmüş. xx.xx.2021ci il tarixdə saat təxminən 01 radələrində yaşadığı Gəncə şəhəri, Qızılqaya qəsəbəsində evinin küçəsində yerləşən məftillərlə əhatə olunmuş sahibsiz yerdə Zərərçəkmiş şəxs1 ona deyib ki, gəl sənə güləş fəndi öyrədim. O, razı olmasa da, Eltun onu arxadan qucaqlayıb yerə yıxmış, buna görə aralarında mübahisə yaranmış, sonra dalaşmağa başlamışlar. Bundan sonra o, evlərinə getməyə başlamış, bu zaman Eltun arxadan bildirmişdir ki, onu evdən çıxardacaq. Ona görə evdən mətbəx bıçağı götürmüş və həmin yerə qayıtmışdır. Yanlarında dostu Akif olmuşdur. Aralarında yenə dava-dalaş başlamış, Eltun onu döydüyünə və nalayiq ifadələrlə söyüş söydüyünə görə üzərində gətirdiyi mətbəx bıçağı ilə bir dəfə onun sol qol nahiyəsinə vurmaqla xəsarət yetirmiş, onun Eltunun qardaşı Elgün ilə heç bir ədavəti olmamış, sadəcə Eltun onu yerə yıxıb yenidən döydüyünə görə özünü müdafiə etmək məqsədilə bıçaqla Eltunu vurmaq istəyən zaman hava qaranlıq olduğu üçün bıçaqla ehtiyatsızlıqdan Eltunun qardaşı Elgünün qıçasına xəsarət yetirmişdir. O, bıçağı sadəcə Eltunu qorxutmaq üçün götürmüş, onun Zərərçəkmiş şəxs1 vurmaq niyyəti olmamışdır. Hadisə təxminən 1-2 dəqiqə ərzində davam etmiş, o, özü sol qolundan, boğaz nahiyəsindən və baş nahiyəsinin sağ hissəsindən xəsarət almışdır. Hadisə baş verdiyi yerdə dostu Akif olmuş, Akif sadəcə onları aralamışdır. Özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilmir. Eltunla dalaşarkən və Eltun onu yerə yıxdığı vaxt bilmədən Elgünə xəsarət yetirdiyinə görə peşimandır. Hazırda hər iki qardaşla barışmışdır, ona qarşı şikayət yoxdur. Özünü Cinayət Məcəlləsinin 128-c maddəsi ilə təqsirli bilir və amnistiya aktı tətbiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş edir, bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 Həsənin xuliqanlıq cinayəti törətmədiyini, oğlunun Eltunla münasibətlərinin yaxşı olduğunu, zarafat edərkən aralarında münaqişə yarandığını, Həsən özü də bilmədən Elgünə xəsarət yetirdiyini, hazırda zərərçəkənlərlə barışıq əldə olunduğunu bildirərək, amnistiya aktını tətbiq etməklə, cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi X1 Allahverdiyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmədiyini bildirmiş, onun hərəkətlərində xuliqanlıq əlamətlərinin olmadığını vurğulamaış və Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunmasını və Milli Məclisin 2021-ci il 05 noyabr tarixli amnistiya aktını tətbiq edərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Azərbaycan Dövlət Aqrar Universitetinin 2-ci kursunda təhsil alır. Təqsirləndirilən şəxs ilə qonşudular və buna görə də bir-birlərini əvvəlcədən tanıyırmışlar. Aralarında zarafat olurmuş. xx.xx.2021ci il tarixdə saat 00:00-radələrində qonşusu Arifin oğlu Akif telefon ilə ona zəng edərək söhbət etmək üçün çağırmışdır. Həyətə çıxan zaman Akifin yanında Həsənin də olduğunu görmüşdür. Sonra Həsən, Akif və o, küçələrində söhbət eləyə-eləyə yaşadığı evin yanında yerləşən boş torpaq sahəsinə getmişlər. Orada o, Həsənə zarafat məqsədilə güləşməyi təklif etmişdir. Həsən etiraz etsə də, o, Həsən ilə zarafat məqsədilə güləşən zaman fənd işlədərək onun arxa tərəfinə keçmiş, onu yıxmış və bu zaman Həsən onunla dalaşmağa başlamış, köynəyi cırılmışdır. Akif onları aralamışdır. Həsən evlərinə gedib, bir qədər sonra qayıtmış, o da evə köynəyini dəyişmək üçün getmişdir. Evdə qardaşı Zərərçəkmiş şəxs2 köynəyinin cırıldığını görmüş və nə baş verdiyini soruşmuşdur. O, olanları qardaşına danışmışdır. Sonra köynəyini dəyişmiş və evdən çıxmışdır. Arxasınca qardaşı Elgün də gəlmişdir. O, həmin yerə qayıtmışır, Akif də orada imiş. Bir az sonra Həsən də gəlmişdir. Yenidən aralarında mübahisə və sonra dava-dalaş başlamış, həmin vaxt Həsən arxa cibindən bıçaq çıxararaq onun qarın nahiyəsinə bıçaqla vurmaq istəmişdir, bu zaman o, özünü qorumaq üçün geri çəkilmiş, lakin bıçağın uc hissəsi sol qolundan dəymişdir. Bir daha onu bıçaqla vurmaq istəyən zaman qardaşı Elgün Həsəni ondan aralamaq istəyən zaman bıçaq qardaşı Elgünün sağ bud nahiyəsindən dəymişdir. Həsən qardaşı Elgünü bıçaqla vurmaq istəmirmiş, Elgünü vuran vaxt Həsən yerdə yıxılı vəziyyətdə olmuşdur. O, görmüşdür ki, qardaşı Elgünün qıçasından qan axır və buna görə də oradan uzaqlaşaraq qardaşını evə gətirmişdir. Daha sonra baş vermiş hadisə barədə atası Qanuni nümayəndə2 məlumat vermişdir. Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun qardaşıdır. Təqsirləndirilən şəxs ilə qonşu olduqları üçün onu da əvvəlcədən tanıyırmış. xx.xx.2021-ci il tarixdə saat təxminən 01:00 radələrində yaşadıqları Gəncə şəhəri Qızılqaya qəsəbəsində yerləşən evin çardağında idman edən zaman qardaşı Zərərçəkmiş şəxs1 evə gəlmişdir. Həmin vaxt Eltunun köynəyi cırıldığını görmüşdür. O, Eltundan nə baş verdiyini soruşan zaman Eltun qonşuları Təqsirləndirilən şəxs ilə dalaşdığını demişdir. Sonra qardaşı Elgün köynəyini dəyişmiş və evdən çıxmışdır. O da Eltunun arxasınca getmişdir. Həmin vaxt qonşusu Akif də orada olmuşdur. O və Akif qıraqda dayanmışlar. Həmin vaxt Həsən və Eltun boş torpaq sahəsinə keçmişlər. Aralarında baş verən mübahisə zamanı Eltun Həsəni yerə yıxmış, Həsən isə üzərində gətirdiyi bıçaqla qardaşı Eltunun sol qol nahiyəsindən vurmuşdur. Həsəni qardaşı Eltundan aralamaq istəyən zaman Həsənin qardaşını yenidən bıçaqla vurmasının qarşısını almaq üçün araya girmiş və bu zaman bıçaq onun sağ bud nahiyəsindən dəymişdir. Həsən onu bıçaqla vurmaq istəmirmiş. Həsən bilməyərəkdən onu vurmuşdur. Həmin vaxt orada sadəcə Akif olmuşdur. Ondan başqa heçkəs olmamışdır. Hadisə təxminən 1-2 dəqiqə davam etmişdir. O, qaranlıq olduğuna görə bıçağı görə bilməmişdir. O, xəsarət aldığına görə Həsənin bıçağı nə etdiyini bilməmişdir. Əvvəllər heç bir mübahisələri olmamışdır. Sonra baş vermiş hadisə barədə atası Qanuni nümayəndə2 məlumat vermişdir. Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə Şahid ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Qızılqaya qəsəbəsində nənəsigildə yaşayır. Təqsirləndirilən şəxs onun dostudur və uzun müddətdir ki, bir-birlərini tanıyırlar. Həsəngil nənəsigilin qonşuluğunda yaşayır. Zərərçəkmiş şəxs1 və onun qardaşı Zərərçəkmiş şəxs2 tanıyır. Belə ki, həmin şəxslər də Gəncə şəhəri, Qızılqaya qəsəbəsində yaşayırlar. xx.xx.2021-ci il tarixdə saat 23:30-radələrində qonşusu Həsənə telefon ilə zəng edərək həyətdə gəzmək üçün çağırmışdır. Telefon ilə danışan zaman Həsən ona Eltun gələcəksə gəlməyəcəyini bildirmişdir. Buna səbəb Eltun ilə Həsənin xasiyyətlərinin uyğun gəlməməsi imiş. Çünki bundan əvvəl bir neçə dəfə aralarında sözlə mübahisə yaranmışdır. O, Həsənə ikisinin gəzəcəyini demiş və buna görə də Həsən evdən çıxmışdır. O və Eltun namaz qıldıqlarına görə arada-bir görüşən zaman bu barədə söhbətlər edirmişlər. Həsən ilə o, Gəncə şəhəri Qızılqaya qəsəbəsində yerləşən küçədə gəzən zaman Eltun ilə din barədə söhbət etmək istədiyini Həsənə bildirmişdir. Buna görə də Həsən telefon ilə zəng edərək Eltunu həyətə çağırmışdır. Həsən Eltun və ona qonşular yatıb oyatmamaq üçün küçənin aşağısında yerləşən “Elvin” marketə söhbət etmək üçün getməyimi bildirmiş və həmin marketin qarşında əyləşərək dini ayinlər barədə söhbət etməyə başlamışlar. Bu barədə söhbətləri yekunlaşdırdıqdan sonra küçənin yuxarısına tərəf üçü birlikdə gəzə-gəzə getmişlər. Bir az zarafatlaşmışlar. Daha sonra dəmir məftillərlə hasarlanmış sahibsiz yerə getmişlər. Orada olan zaman Eltun ona idman fəndlərini göstərəcəyini bildirərək onun yumruq atmasını bildirmişdir. O və Eltun zarafatlaşdıqdan sonra Eltun arxadan fənd atmaq üçün Həsənin sinəsindən sıxaraq qucaqlamışdır. Bu zaman Həsən Eltuna onu buraxmasını bildirmişdir. Lakin, Eltun idman fəndi işlədərək Həsəni yerə yıxmışdır. Həsən Eltunun bu hərəkətindən əsəbiləşərək onun köynəyinin qolundan tutmuş və bu zaman köynəyin qolu cırılmışdır. Eltun buna cavab olaraq Həsənin başına yumruq ilə vurmuşdur. X10 söyüş söymüş lakin söyüş söydüyünə peşman olduğu üçün Eltundan üzr istəmişdir. O, bu zaman onları aralamışdır. Bu zaman Eltun Həsənə yenidən söyüş söymüşdür. Daha sonra Həsən evlərinə getmiş, o isə Eltun ilə orada qalmışdır. Bir neçə dəqiqə sonra Həsən həmin yerə gəlmişdir. Onlar həmin vaxt Eltunla orada imiş. Həmin vaxt Həsəni o, yanına çağırmışdır. Həsən ona narahat olmamağını sadəcə Eltun ilə söhbət edəcəyini bildirmişdir. Daha sonra Eltunun qardaşı Elgün də oraya gəlmişdir. Həsən Eltun ilə söhbət edən zaman Eltun Həsənin arxa cibində olan bıçağı görmüşdür. Bıçağı görəndən sonra Eltun Həsənin sol əlindən tutmuşdur. Bu zaman Eltun əlləri ilə Həsənin qolundan tutaraq yerə yıxmışdır. Eltun Həsəni yerə yıxdıqdan sonra o yerdə olarkən Eltun Həsəni vurmaq istəyirmiş ona görə də Həsən sağ əlində olan mətbəx bıçağı ilə onun sol qolundan bıçaqla vurmuşdur. Sonra Elgün və o onları aralaşdırmaq üçün qaçaraq onlara yaxınlaşmışlar. Bu zaman Eltun təpik ilə Həsənin boğaz nahiyəsindən vurmuş, həmin vaxt Həsən yerə yıxılmışdır. Yerə yıxılan zaman Həsən bıçağı Eltuna vurmaq üçün zərbə atmış, lakin Elgün Eltunun yanında olduğu üçün bıçaq Elgünün qıçasına girmişdir. Həsən Eltunun qardaşı Elgün ilə heç bir ədavəti olmamış, ehtiyatsızlıqdan bıçaq Elgünün qıçasına dəymişdir. Sonra onları aralamışdır. Daha sonra onlar öz evlərinə getmiş, o da Həsəni öz evlərinə aparmışdır. Hadisə baş verdiyi yerdə sadəcə o olmuş, başqa heç kəs olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-X2 Anatomiya Elmi-Təcrübi MTE PA ETT Birliyinin Publik hüquqi şəxsinin 25 avqust 2021-ci il tarixli, 1455 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunan xəsarətlər-sağ kürək, bel nahiyələrinin və əlin V barmağının sıyrıqları, sol bazu nahiyəsinin qançırı- bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-X2 Anatomiya Elmi-Təcrübi MTE PA ETT Birliyinin Publik hüquqi şəxsinin 25 avqust 2021-ci il tarixli, 1466 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar olunan xəsarətlər- sol dirsək oynağının arxa səthinin səthi kəsilmiş yarası, kəsici alətin təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə əmələ gəlməyə uyğundur, sağlamlığın pozulmasına səbəb olmadığından dərəcəsi təyin edilmir. Məhkəmə-X2 Anatomiya Elmi-Təcrübi MTE PA ETT Birliyinin Publik hüquqi şəxsinin 25 avqust 2021-ci il tarixli, 1465 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar olunan xəsarətlər- sol bud nahiyəsinin yuxarı 1/3-nin ön səthində olan deşilmiş-kəsilmiş yara, deşici-kəsici alətin təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən vaxta və şəraitə əmələ gəlməyə uyğundur və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən Gəncə şəhər Baş Polis İdarəsinə ünvanlanmış 11 noyabr 2021-ci il tarixli notarial qaydada təsdiqlənmiş ərizələrindən görünür ki, onlar hal-hazırda Təqsirləndirilən şəxs bağışlamış və onunla barışmışlar. Ona qarşı heç bir şikayət və tələbləri yoxdur, gələcəkdə də olmayacaqdır. “Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs barəsində nəzarət altına vermə” qətimkan tədbirinin seçilməsi 20 may 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. “Qətimkan tədbirinin dəyişdirilməsi haqqında” 12 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 20 may 2022-ci il tarixdə seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş 04 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanseri və Gəncə şəhər Narkoloji Dispanserindən alınmış arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. İş materiallarında olan 5 saylı tam orta məktəb tərəfindən verilmiş 01 mart 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində təhsil aldığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, ilk növbədə məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna əsaslanmaqla qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 qarşı sol dirsək oynağının arxa səthinin səthi kəsilmiş yarası - sağlamlığın pozulmasına səbəb olmayan, Zərərçəkmiş şəxs2 qarşı isə sol bud nahiyəsinin yuxarı 1/3-nin ön səthində olan deşilmiş-kəsilmiş yarası - sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlərinin yetirilməsi və təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidin ifadəsi, eləcə də işdə olan ekspertiza rəyləri və istintaq hərəkətlərinin protokolları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, Zərərçəkmiş şəxs1 onunla zarafat etməməsini və nalayiq ifadələrlə təhqir etməsini bəhanə edib özünə qarşı edilmiş hörmətsizlik kimi qəbul edərək, həmin hörmətsizliyin hər kəsin görməsi, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdən ötrü öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək, ictimai qaydanı kobud surətdə pozduğunu dərk edib bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini qabaqcadan görüb və bunu arzu edərək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoyaraq, gücünü nümayiş etdirmək üçün 25 avqust 2021-ci il tarixdə saat 01 radələrində heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, qarşılıqlı davranış qaydalarının pozulmasında ifadə olunan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ictimai yer olan Gəncə şəhəri, Qızılqaya qəsəbəsində sahibsiz yerdə istintaq zaman müəyyən edilməsi mümkün olmayan bıçağı silah qismində tətbiq edib tiyəsi ilə tanışı Zərərçəkmiş şəxs1 sağlamlığın pozulmasına səbəb olmayan və Zərərçəkmiş şəxs2 isə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid edilən xəsarət yetirərək qərəzli xuliqanlıq etmişdir. Lakin, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə bədən xəsarətləri yetirsə də, həmin əməli cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozmaqla və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə etməsini təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 25 avqust 2021-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla ona hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərin bilavasitə hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduqları ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, məhkəmə istintaqı zamanı həm təqsirləndirilən şəxsin, həm də zərər çəkmiş şəxslərin ifadələri - hadisə vaxtı təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 münaqişə vəziyyətində olmaları, həmin vaxt zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsi yerə yıxması, daha sonra təqsirləndirilən şəxsin özünü müdafiə etmək məqsədi ilə üzərində olan bıcaqla əvvəlcə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xəsarət yetirməsi hissəsində, daha sonra isə digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 araya girdiyi üçün ona bilmədən bıcaqla xəsarət yetirməsi hissəsində bir-biriləri ilə uzlaşır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsində təsbit olunmuş hər bir maddə konkret ictimai münasibətləri mühafizə altına alır, həmin münasibətləri cinayətkar qəsdlərdən qoruyur. Belə münasibətlər, terminoloji anlamda, cinayət tərkibinin zəruri elementi hesab olunan və «cinayətin bilavasitə obyekti» adlandırılan məfhumla ifadə olunur. Cinayətin bilavasitə obyekti cinayət qanunu ilə qorunan, cinayətin qəsd etdiyi və nəticədə zərər yetirilən və ya real zərər yetirilmə təhlükəsinə məruz qalan sosial əhəmiyyətli konkret dəyər, maraq və sərvətdir. Cinayətin bilavasitə obyekti konkret cinayətin zəruri elementi olmaqla əməlin konkret maddə ilə tövsifinin dəqiqləşdirilməsində mühüm rol oynayır. Cinayətin digər əlamətləri ilə yanaşı, onun obyektinin də dəqiq müəyyən olunması, əməlin faktiki əlamətlərinin cinayət qanununda nəzərdə tutulan konkret cinayət tərkibinin əlamətləri ilə eyniliyinin müəyyən olunmasına şərait yaradır. Əməlin tövsifinin mahiyyəti də elə bundan ibarətdir; öncə, cinayət hadisəsi baş verdikdən sonra kriminal qəsdə məruz qalan obyekt müəyyənləşdirilir, bundan sonra cinayət qanununda eyni münasibətləri, yəni eyni obyekti qoruyan maddə müəyyənləşdirilir və nəhayət tövsiyə olunan maddədəki cinayət tərkibinin obyektinin əlamətləri ilə hadisə nəticəsində zərər görmüş obyektin faktiki əlamətləri üst-üstə düşərsə əməl uyğun maddə ilə də tövsif olunur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Həmin normaya əsasən xuliqanlıq cinayətinin bilavasitə obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığı, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Həmçinin, təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, "B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 17 fevral 2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, “Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş vermesini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir”. Konstitusiya Məhkəməsi həmin qərarda həmçinin qeyd etmişdir ki, "Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz". Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, bir-biri ilə qonşuluqda yaşayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və təqsirləndirilən şəxsin hadisədən əvvəl münasibətləri yaxşı olmamışdır. Hadisə baş verən gün isə onlar arasında əvvəlcədən mübahisə olmuş və onlar qarşılıqlı olaraq bir-birlərinə xəsarətlər yetirmişlər. Hadisə vaxtı isə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs vurub yerə yıxmış, o isə özünü müdafiə etmək məqsədilə üzərində olan bıcaqla Zərərçəkmiş şəxs1 və onları aralamaq üçün yaxınlanmış Zərərçəkmiş şəxs2 bilmədən xəsarət yetirmişdir. İşin həmin faktiki halları onu deməyə əsas verir ki, hadisə vaxtı təqsirləndirilən şəxsin niyyəti ictimai qaydanı pozmaq, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək olmamış, cinayət hadisəsi tərəflər arasında əvvəlcədən yaranmış şəxsi münasibətlər zəminində baş vermişdir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edilməsi göstərilsə də, cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən hallar ittihamda müəyyən edilmiş saydıqları xuliqanlıq cinayətinin təsvirində əks etdirilməmiş, xuliqanlıq cinayətinə dair ittiham təqsirləndirilənin “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” qərəzli hərəkətlər törətməsi kimi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilmişdir. Bundan başqa, ittihamda cinayətin ictmai yer olan Gəncə şəhəri, Qızılqaya qəsəbəsində baş verməsi göstərilsə də, məhkəmə qeyd edir ki, cinayətin ictimai yerdə baş vermiş olması özlüyündə əməlin xuliqanlıq kimi qiymətləndirilməsi üçün yetərli deyil. Belə ki, bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk etməli və arzu etməlidir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, ittihamda təqsirləndirilən şəxsin bu cinayəti ətrafdakı şəxslərə məhəl qoymadan törətməsi göstərilsə də, istintaq orqanı tərəfindən hadisə zamanı həqiqətən də orada hadisənin ən başından yanlarında olan, hər iki tərəfin tanışları, şahid qismində dindirilmiş Şahid başqa hər hansı kənar şəxslərin olması müəyyən edilməmiş, həmin şəxslər müəyyən edilərək şahid qismində dindirilməmişdir. Bununla yanaşı, məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla (təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri) tam təsdiq olunmuşdur ki, 25 avqust 2021-ci il tarixdə saat 01 radələrində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıcaqla zərbə vuraraq onlara xəsarətlər yetirmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış mövcud sübutları qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Bununla belə, onun şəxsi münasibətlər zəmnində münaqişə gedişində zərərçəkmiş şəxslərə xəsarətlər yetirməsi məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə tövsif edilməlidir. Bundan başqa məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq olunmalı və o, cinayət məsuliyyətindən azad olunaraq cinayət işinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr «icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1 – 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla)». Həmin qərarın 1.13-cü bəndində qeyd edilmişdir ki, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq cinayət törədərkən 18 yaşına çatmamış şəxslər müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Milli Məclisinin «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 05 noyabr 2021ci il tarixli 395-VİQR nömrəli Qərarının 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlərin təsiri altına düşmür. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinin məzmunundan görünür ki, həmin Məcəllənin təqsirləndirilən şəxsə ittiham olunan 128-ci maddəsində nəzərdə tutulan əməl cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət sayılır, həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə «bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda – təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə» ittiham hökmü çıxarır. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və CPM-in 39.1.12, 300.1.7, 300.5, 305.1 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmiş Təqsirləndirilən şəxs “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №1(125)-247/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-247/2022
27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver