Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-247/2023 17.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Gəncə şəhəri Bakı Fəhləsi küçəsi ev 59-da yaşayan Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək həyat yoldaşı Şahid1 Gəncə şəhər Mənzil Komunal Tikinti İstehsalat Birliyində süpürgəçi kimi işə düzəldəcəyi barədə yalan vədlər verərək sonuncudan 2022-ci ilin sentyabr ayı ərzində Gəncə şəhəri Heydər Əliyev prospekti X4 yaxınlığında 1000 manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs qarşı dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 2022-ci ilin yay aylarından tanıyır, Zərərçəkmiş şəxs ilə heç bir ədavəti yoxdur, sonuncu ilə birlikdə Gəncə şəhər MKTİB-də fəhlə işləyir. 2022-ci ilin sentyabr ayının ortalarında Akif ona həyat yoldaşını işə düzəltmək istədiyini bildirmiş və ondan həyat yoldaşını işə düzəldə biləcəyini soruşmuş, o, da Akifə onun həyat yoldaşını işə düzəltmək üçün əlindən gələni edəcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ona həyat yoldaşını işə düzəltməsi üçün əvvəlcə 2022-ci ilin sentyabr ayının ortalarında Gəncə şəhəri Bakı Fəhləsi yaşadığı evin yaxınlığında 800 manat pul vermiş, təxminən 15 gün sonra Gəncə şəhəri X6 yaxınlığında Akif ona 200 manat pul, həyat yoldaşının sağlamlıq arayışını, yaşayış yerindən arayış və iki ədəd həyat yoldaşının foto şəklini vermişdir. O, hər iki görüşə Vidadi adlı tanışının qırmızı rəngli “VAZ 2107” markalı avtomobli ilə getmiş, hər iki dəfə də o, maşından düşüb pulu kənarda almış, tanışı Vidadinin bütün olanlardan xəbəri olmamışdır.O, pulu və sənədləri Zərərçəkmiş şəxs götürdükdən 15 gün sonra Akifə onun həyat yoldaşını işə düzəldə bilməyəcəyimi demişdir. Həmi vaxtı Zərərçəkmiş şəxs ondan aldığı 1000 manat pulu geri qaytarmasını istəmiş o, isə Akifə ondan aldığı 1000 manat pulu 10-15 gün sonra verəcəyimi bildirmiş, həmin vaxtı Zərərçəkmiş şəxs onunla razılaşmış və ona vaxt vermişdir. Sonradan Zərərçəkmiş şəxs ona dəfələrlə zəng etmiş, o, isə Akifin zənglərinə cavab verməmiş, çünki pulu olmamış və Zərərçəkmiş şəxs aldığı pulu qaytara bilməmişdir. Sonda o, əməlindən peşman olduğunu, himayəsində xəstə anasının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın 200 manatını ödədiyini, qalan ziyanı da azadlığa çıxıb işləyib ödəyəcəyini nəzərə alıb onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Gəncə şəhər Mənzil Kommunal Təsərüfat İstehsalat Birliyində fəhlə işləyir. Həyat yoldaşı işsiz olduğu üçün o, həyat yoldaşını Gəncə şəhər MKTİB-nə süpürgəçi kimi işə düzəltmək istəmişdir. Buna görə də təxminən4-5 ay bundan qabaq, MKTİB-də birqadir kimi işlədiyini bildiyi üçün Osmanla danışmış və Osmana həyat yoldaşını süpürgəçi kimi işə düzəltmək istədiyini bildirmişdir. Osman ona kömək edə biləcəyini demiş və ona bu işə görə 1000 manat pul verməli olduğunu bildirmişdir. Bundan sonra o, "xxxx" ASC-dən öz adına 1000 manat kredit götürmüş, həmin 1000 manat pulu Gəncə şəhər Şah Abbas mescidinin yaxınlığında Osmanla görüşərək sonuncuya vermişdir. Həmin vaxtı Osmanın yanında öz sürücüsü kimi təqdim etdiyi Vidadi adlı şəxs olmuşdur. Osman ona həyat yoldaşını bir həftəyə Gəncə şəhər MKTİB-nə süpürgəçi kimi işə düzəldəcəyini demişdir. Lakin həmin vaxtdan iki ay keçməsinə baxmayaraq Osman həyat yoldaşını işə düzəltməmişdir. Bu iki ay müddətində o, nə zaman Osmana zəng etsə də, Osman ona hər dəfəsində narahat olma iş düzələcək deyərək onu yubatmış,sonra zənglərinə cavab verməmişdir. Sonda o, Təqsirləndirilən şəxs şikayətçi olduğunu, dəymi ziyandan 200 manat ödənildiyini, qalan 800 manatı isə tələb etdiyini bildirmiş və Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, Zərərçəkmiş şəxs onun əridir, Gəncə şəhər MKTİB-də fəhlə işləyir. Maddi imkanları zəif olduğu üçün o, işləmək qərarına gəlmiş və bir neçə yerə müraicət etsə də, iş tapa bilməmişdir. 2022-ci ilin sentyabr ayında əri Akif işdən evə gələndə ona, birlikdə işlədiyi Osman adlı şəxsin Gəncə şəhər MKTİB-də rəhbər vəzifəyə keçdiyini və onu MKTİB-də süpürgəci kimi işə düzəlməsində köməklik göstərəcəyini, işə düzəltmək müqabilində 1000 manat pul istədiyini bildirmişdir. O,əri Akiflə məsləhətləşdikdən sonra 1000 manat pul tapıb Osmana verərək onu Gəncə şəhər MTKİBdə süpürgəci kimi işə düzəltməsi qərarına gəlmiş vəbundan sonra əri Akif "xxxx" ASC-dən öz adına 1000 manat kredit götürmüşdür. 2022-ci ilin sentyabr ayının sonlarında həyat yoldaşı Zərərçəkmiş şəxs səhər tezdən işə gedən zaman özü ilə 1000 manat pulu götürmüşdür ki, həmin pulu onu MTKİB-də süpürgəci kimi işə düzəltməsi üçün Osmana versin. Həyat yoldaşı Zərərçəkmiş şəxs işdən evə gəldiyində o, Akifdən 1000 manat pulu Osmanaverib-vermədiyini soruşanda Akif ona həmin pulu Gəncə şəhəri X4 yanında Osmana sürücüsünün yanında verdiyini və tez bir zamanda Osmanın onu Gəncə şəhər MTKİB-də süpürgəci kimi işə düzəldəcəyini bildirmişdir. Lakin Osman öz vədinə əməl etməyərək onu işə düzəlməmiş,bu səbəbdən həyat yoldaşı məcbur qalıb polisə müraciət etmişdir. Məhkəmə iclasında Şahid2 Tofiq oğlu ifadəsində bildirmişdir ki, o, Gəncə şəhər MKTİB-də fəhlə işləyir, Təqsirləndirilən şəxs təxminən 3-4 ilə yaxındır ki, tanıyır, münasibətləri normaldır. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, Akif ilə heç bir ədavəti yoxdur. VAZ 2107 markalı qırmızı rəngli **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur,o, həmin avtomobil ilə işdən boş vaxtlarında taksi fəaliyyəti ilə məşğul olur, Təqsirləndirilən şəxs tez-tez ondan taksi kimi istifadə edir. 2022-ci ilin sentyabr ayının əvvəllərində saat təxminən 17 radələrində Təqsirləndirilən şəxs o, həmişə dayandığı Gəncə şəhəri Atatürk prospekti ilə Adilxan Ziyadxanov küçəsinin kəsişməsinə yaxınlaşaraq iş yoldaşı ilə işinin olduğunu və iş yoldaşı ilə görüşmək üçün Gəncə şəhəri X4 yanınan aparmağını xahiş etmişdir. O, da həmin vaxtı boş olduğu üçün Osmanı Gəncə şəhəri X4 yanına aparmışdır. X4 yanına çatanda o, avtomobili saxlamış və Təqsirləndirilən şəxs avtomobildən düşüb X4 yanında gözləyən bir nəfər adını bilmədiyi şəxslə görüşmüşdür. Osman və digər şəxs təxminən 5-10 dəqiqə söhbət etdikdən sonra Təqsirləndirilən şəxs yenidən qayıdıb onun idarə etdiyi avtomobilə oturmuş və geri qayıtmağı, yəni Gəncə şəhəri Adilxan Ziyadxanov küçəsində yerləşən 4 saylı yataqxananın qarşısında düşürməyini istəmiş,o, da Osmanı dediyi yerə düşürmüşdür. O, Təqsirləndirilən şəxs iş yoldaşı kimi adlandırdığı və adını bilmədiyi şəxslə, Zərərçəkmiş şəxsla nə barədə söhbət etməsini eşitməmiş, Osman və Akif ondan aralıda söhbət etmişlər, eyni zamanda o, həmin şəxsin Təqsirləndirilən şəxs pul və ya başqa nəsə verməsini görməmişdir. Cinayət işinə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 08:00-da şübhəli şəxs kimi tutulmuşdur. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(125)-247/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri ərazisində tutularaq Gəncə şəhər 1-ci PŞ-nə gətirilmiş və Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci və 3-cü bəndlərində isə qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etməklə zərərçəkmiş şəxsin pulunu ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı ittihamda qeyd olunan dələduzluq cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsiilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməllərdən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş zərəri qismən ödəməsini, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etməcəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin törədilməsi halları nəzərə alındıqda, təqsirləndirilən şəxsə ən yüngül cəza növü olan cərimə cəzasının təyin edilməsi cəzanın CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərini təmin etmək üçün kifayət deyil. Bununla yanaşı məhkəmənin qənaətinə görə, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını da əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 21:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 01 gün və həbsdə saxlanıldığı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 24 gün hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan cəmi 01 ay 20 gün çıxılaraq ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 18 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 ödənilməsi üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 108 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirə edilməli əmlak, mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 gün və həbsdə saxlanıldığı 24 gün müddət hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan 01 ay 20 gün çıxılaraq, onun üzərində qəti olaraq 10 (on) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 21:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) 108 (bir yüz səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-247/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-247/2023
17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver