Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-25/2023 01.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu ödənmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,914 qram narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib eyni məqsəd ilə üzərində saxlayaraq daşımış və Gəncə şəhər BPİ-nin Kəpəz RPB-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Alov” ticarət mərkəzinin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, N.Nərimanov propekti 179 ünvanında yerləşən Gəncə şəhər Kəpəz Rayon Polis Bölməsinın inzibati bınasına gətirilib üzərində şəxsi axtarış aparıldıqda əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən 01 ədəd qızılı rəngli kağız bükümün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,914 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir.Gəncə şəhərində fərdi şəkildə sərnişin daşıma ilə məşğul olaraq özünü dolandırırmış. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə məhkum olunmuşdur.Təxminən 1 ildən artıq “kakos" kimi tanıdığı narkotik vasitə olan heroindən iynə vurma yolu ilə istifadə etmişdir. Təxminən 2022-ci ilin fevral ayında gündüz saatlarında yaşadığı Gəncə şəhəri, Ş.İ.Xətai propektində yerləşən Şəhidlər binası kimi adlanan bınanın qarşısında gəzən zaman qızılı rəngli siqaret falqası diqqətini çəkmişdir.O, həmin yerdən siqaret falqasını açıb içinə baxan zaman içərisində narkotik vasitə kakos kimi tanıdığı heroin olduğunu görmüşdür, daha sonra həmin içərisində narkotik vasitə kakos kimi tanıdığı heroin olan sıqaret falqasını narkotik vasitə aludəçisi olduğu üçün götürüb oradan uzaqlaşmışdır.Daha sonra həmin narkotik vasitənin üstündən götürərək bir dəfə istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Gəncə şəhəri H.Əliyev brospektində Alov ticarət mərkəzinin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxslərin ona yaxınlaşdıqlarını görmüşdür. Onlar xıdməti vəsiqələrini ona nümayiş etdirib, Gəncə, şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmişlər.Sonra polis əməkdaşları ona birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis Bölməsinə gedəcəyini bildirmişlər. O da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Sonra polis əməkdaşları xidməti avtomobilləri ilə onu Gəncə şəhər Kəpəz rayon Polis Bölməsinin inzibati binasınına aparmışlar. Daha sonra videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərinə axtarış keçirilməyə başlanmışdır. Axtarış zamanı üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet, varsa təqdim etməyini bildirmişlər. O, üzərində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən 1 ədəd qızılı rəngli siqaret falqasını təqdim etmişdir.Həmin kağız bükümün içərisinə baxış keçirilən zaman içərisindən ilk görünüşdən narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Narkotik vasitə qablaşdırılmış və saxlanca verilmişdir. Əməlindən peşmandır, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs təqsiri onun etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri, həmçinin baxış, götürmə protokollarına və digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki: Məhkəmə istintaqında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 2016-cı ildən daxili işlər orqanlarında xidmət edir. xx.xx.2022-ci il tarixdə bölməyə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə qərar alınmış və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Gəncə şəhəri ərazisində Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirləri keçirməyə başlamışlar. xx.xx.2022-ci il tarixdə saat təxminən saat 21 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən "Alov" Ticarət Mərkəzinin yaxınlığında onlar tərəfindən saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon Polis Bölməsinin əməkdaşları olduğunu deyərək qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlamasında, daşımasında və istifadəsində şübhəli olduğunu deyərək Gəncə şəhər BPİnin Kəpəz RPB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşaraq bölməyə gəlmiş, bölmənin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində qara rəngli qış gödəkcəsinin sol yan cibindən 1 ədəd falqanı təqdim etmişdir.Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış yekunlaşdırıldıqdan sonra aşkar edilmiş 1 ədəd falqada içərisinə onların iştirakı ilə baxış keçirilmiş və 1 ədəd falqanın içərisindən ilk görünüşdən narkotik vasitə heroinə oxşar kütlə aşkar edilmişdir. Həmin kütlə qablaşdırılaraq saxlanca verilmişdir. Məhkəmə iclasında ibitdai istintaqdakı ifadəsi elan edilmiş şahid Gəncə BPİ-nin əməliyyat müvəkkili Şahid2 əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilmiş video görüntünü əks etdirən 1 ədəd DVD diskə məhkəmə istintaqında baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər BPİ-nin Kəpəz RPİ-nin TB-də təhqiqatçı, polis baş leytenantı X10, Gəncə şəhər BPİ-nin Kəpəz RPB-nin CAÜ əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Gəncə şəhər BPİ-nin Kəpəz RPB-nin CAÜ əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri ızah edilir, daha sonra iştirakçılar və Təqsirləndirilən şəxs özünü təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunur.Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcənin sol yan cibindən 1 ədəd ağ rəngli falqanı təqdim edir.Həmin falqanın içərisindəkinin nə olduğu soruşulur və Təqsirləndirilən şəxs buna cavab olaraq narkotik vasitə heroin olduğunu bildirir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni yaşadığı yerinin yaxınlığından tapdığını, istifadə etmək üçün üzərində saxladığını və satış məqsədi olmadığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilmir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd falqanın içərisinə baxış keçirilir və ilk baxışdan kəskin iyli narkotik vasıtə heroinə bənzər kütlə aşkar edilir.Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd falqanın içərisində olan kütlə ilə birlikdə tərəzidə çəkilir və həmin kütlənin falqa ilə birgə ümumilikdə çəkisinin 1,29 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılır və AR DİN-in 181 saylı möhürü ilə möhürlənərək imzalarla təsdiq edilir. Daha sonra Müdafiəçi sualının olubolmadığı soruşulur, heç bir sualının olmadığını bildirir. Məhkəmə-kimyəvi ekspertizasının 26 fevral 2022-ci il tarixli 16/224 nömrəli rəyindəngörünür ki, tədqiqata təqdim olunmuş, üzərində “ Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə” sözlər və imzalar olan kağız paketdəki, 1(bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,914 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Məhkəmə-narkoloji ekspertizasının 26 iyul 2022-ci il tarixli 1059 nömrəli rəyindəngörünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir.Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixiatrik ekspertizasının 16 iyun 2022-ci il tarixli 394 nömrəli rəyindəngörünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da, heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən və hazırki ekspertiza zamanı keçirilmiş: kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, şəxsiyyət və davranış pozuntuları ilə XBT-10(Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəliyi keçirmişdir və keçirir Təqsirləndirilən şəxs keçirilmiş kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, şəxsiyyət və davranış pozuntuları ilə XBT-10(Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və mülayim ifadəli olduğundan o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə, tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda da, öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır.Təqsirləndirilən şəxs keçirilmiş kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, şəxsiyyət və davranış pozuntuları ilə XBT-10(Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) FO7.0 xəstəliyi keçirməsi səbəbindən Azərbaycan Respublikası CM-nin 22-ci maddəsinin təsiri altına düşür. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Layıcov X8 Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2018cı ildə AR CM-də dəyişiklik edilməsi haqqında qanun tətbiq edilərək cəzası azaldılıb 02 il 03 ay azadlıqdan məhrum etmə cəzası saxlanılıb, cəzasını çəkib qurtardıqdan sonra azad olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 26iyul 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,864 qram olan narkotik vasitə heroin və “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Narkotik vasitə cinayət prosesinin iştirakçıları cinayət işinin matenalları ilə tanış olduqdan sonra cinayət təqibi üzrə icraat başa çatanadək Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmiş, DVD disk isə iş materiallarına əlavə edilərək saxlanmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etiraf ifadəsi ilə yanaşı şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən heroin narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdarının daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 4-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, əməlin Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini və onun psixi xəstəliklərdən əziyyət çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətməsini), təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixlişübhəli şəxsi tutma protoklundan görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X13 təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 27fevral 2022-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Gəncə şəhəri BPİ-nin X9 azad olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs ümumi olaraq 2 (iki) gün müddətində şübhəli şəxs qismində tutularaq saxlanlmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(125)-157/2022 nömrəli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş 10 yanvar 2023-cü il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Gəncə şəhər BPİ-nin MSY-ə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cazəsının əvvəli 10 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində narkomaniya xəstəliyindən məcburi müalicənin zəruriliyi məsələsini müzakirə edərək aşağıdakıları qeyd edir: İşdə olan məhkəmə-narkoloji ekspertizasının 26 iyul 2022-ci il tarixli 1059 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməlidir və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 16 iyun 2022-ci il tarixli 394 nömrəli rəyinin təsviri hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs barəsində İİ qrup əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” Qaydasının 3.2-ci bəndinə əsasən əlilliyi olan şəxslərə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilmir. Məhkəmə bu ziddiyyəti aradan qaldırmaq məqsədilə Dövlət Sosial Müdafiə Fondunun X2 müvafiq sorğu məktubu göndərmiş, həmin sorğuya cavab olaraq, Dövlət Sosial Müdafiə Fondunun X1 05 may 2023-cü tarixli saylı cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs barəsində əlillik təyin edilmiş, lakin onun əlillik müddəti 02 mart 2021-ci tarixdə bitmişdir. Hazırda heç bir növ müavinət, təqaüd və kompensasiya almır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının 26 iyul 2022-ci il tarixli 1059 nömrəli rəyi əsaslıdır vət.Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməlidir və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,864 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, həmçinin iş üzrə maddi sübut olan və özündə istintaq hərəkətlərinin görüntülərini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilib saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən məhkəmə istintaqı zamanı 10 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat məbləğində pul köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respubikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4. maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat qırx qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 fevral 2022-ci il tarixdən 27 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddətin bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 10 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,864 qram olan narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin əks olunduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 32.40 (otuz iki manat, qırx qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. (AZ.MEM, VÖEN **********, AZ34 CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T. Bik: CTREAZ22). Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-25/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-25/2023
01.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver