Məhkəmə qərarları › İş №1(125)-252/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-252/2023

18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-252/2023 18.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, təkrar yaşayış sahəsinə qanunsuz daxil olaraq özgə əmlakını gizli olaraq talaması ilə bağlı başlanılmış cinayət işinə Gəncə Şəhər Məhkəməsində baxılan, işləməyən, Gəncə şəhəri, M.F.Axundov küçəsi, ev 31də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrar 20 dekabr 2022-ci il tarixdə, saat 17 radələrində özgə əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanına ev sahibinin evdə olmamasından istifadə edərək qanunsuz daxil olub evin zirzəmisindən 200 manat dəyərində mis materialından hazırlanmış bir ədəd samovar, hər biri 200 manat olmaqla 400 manat dəyərində mis materialından hazırlanmış iki ədəd mecməyini gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 600 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 2022-ci ilin dekabr ayının sonlarında ünvan 2 fərdi yaşayış evinin yaxınlığında yaşadığı üçün həmin evin arxa qapısının həmişə açıq olduğunu görüb orada heç kimin yaşamadığını düşünmüşdür. Təxminən 2022-ci ilin dekabr ayının 20-də pula ehtiyacı olduğu üçün həmin evin arxa qapısından daxil olub oğurluq etmək qərarına gəlmiş, həmin gün təxminən saat 17 radələrində həmin ünvanda heç kimin olmamasından, arxa qapının açıq olmasından istifadə edib həmin evin arxa qapısından içəri daxıl olmuşdur. O, evə daxil olarkən ətrafda heç kim olmamışdır. Bundan istifadə edərək həmin evın zirzəmisinə tərəf getməyə başlamış, həmin evin zirzəmisindən 1 ədəd samovarı və 2 ədəd mecməyini götürərək dərhal həmin evin arxa qapısından çıxmışdır. Daha sonra oğurlayaraq əldə etdiyi həmin 1 ədəd samovarı və 2 ədəd mecməyini Gəncə şəhərində “Nərimanov prospektində” yerləşən “Musayevin Qarajı” adlanan metal alqı-satqısı ilə məşğul olan məntəqəyə apararaq şəxsiyyət vəsiqəsinin surətini təqdim edib özünə məxsus olduğunu deyərək 2 ədəd mecməyini ümumilikdə 80 manata, 1 ədəd samovarı isə 40 manata orada işləyən tanımadığı şəxsə satmışdır. Bundan sonra həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir.O, həmin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən 1 ədəd samovarı və 2 ədəd mecməyini onun özü tək oğurlamış, ona heç kəs köməklik etməmiş, hadisə zamanı ondan başqa orada heç kəs olmamışdır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin taxta materialından hazırlanmış qapısı açıq vəziyyətdə olduğu üçün o, qapını içəriyə tərəf itələyərək zirzəmiyə daxil olmuş, heç bir sındırma etməmişdir. Sonda o, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini və zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmamağını nəzərə alıb barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi onların ailəsinin birgə mülkiyyətindədir. Həmin evin arxa qapısı taxta materialdandır, əksər vaxt həmin qapı açıq olur. 01 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində həmin fərdi yaşayış evinin saxlanc yeri kimi istifadə etdikləri zirzəmisinə düşüb içəri daxil olarkən həmin zirzəmidə olan mis materialından hazırlanmış bir ədəd 20 litrlik həcmdə, 200 manat dəyərində olan qədim samovarın, hər biri ayrı-ayrılıqda 200 manat dəyərində olan 2 ədəd 4 kiloqramlıq həcmdə mecməyinin yerində olmadığını görmüşlər. Onların fərdi yaşayış evinin zirzəmisinin də qapısı çox vaxt açıq olmuşdur. Onlar həmin əşyaların oğurlandığını düşünmüşlər, çünki sonuncu dəfə 10-15 gün qabaq həmin əşyaların zirzəmidə olduğunu görmüşlər. Bununla bağlı dərhal qardaşı X2 DİN-nin “102 zəng xidməti mərkəzi”nə müraciət edərək fərdi yaşayış evlərindən həmin əşyaların oğurlanmasını bildirmişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər, qardaşı Əli Namazovun iştirakı ilə baxış keçirmişlər. Hazırda isə qardaşı Əli Namazov Bakı şəhərində yaşadığı üçün həmin fərdi yaşayış evi ailənin birgə mülkiyyətində olduğuna görə o, iş üzrə zərəçəkmiş şəxs kimi tanınmağını xahiş etmişdir. Oğurluq cinayəti nəticəsində ümumilikdə ona 600 manat məbləğində maddi ziyan dəymişdir. Sonda o, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı şikayəti və tələbi olmadığını bildirərək məhkəmədən sonuncuya yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, "xxxx" MMC-də anbardar vəzifəsində işləyir,onun işi metal tullantılarının alqısatqısından ibarətdir. Onlar aldıqları müxtəlif çeşiddə metal məmulatlarını hər həftənin sonu iri yük avtomobilləri ilə Bakı şəhərinə yola salırlar. Həmçinin metal məmulatlarla yanaşı mis və alüminium mateialından hazırlanmış müxtəlif məişət əşyaları da alırlar, onlar əşyaları alan zamanı həmin əşyanı satan şəxsin şəxsiyyətini təsdiq edən sənədi də tələb edirlər və mobil telefon vasitəsilə əşyalarla birlikdə sənədin şəklini çəkirlər.2022-ci ilin dekabr ayında adını sonradan bildiyi Təqsirləndirilən şəxs əlində iki ədəd mecməyi və bir ədəd samovarla işlədiyi "xxxx" MMC-yə gələrək həmin əşyaları satdığını bildirmişdir. O, əşyaların oğurluq olub-olmadığını soruşanda Təqsirləndirilən şəxs satmaq istədiyi əşyaların oğurluq olmadığını, həmin əşyaların özünə məxsus olduğunu, ailə daxili maddi ehtiyacları üçün satmaq istədiyini bildirmişdir. O, həmin əşyalara baxanda mis materialdan hazırlandığını görmüş, belə ki, həmin samovar 20 litrlik, mecməyilər isə 4 kiloqramlıq həcmdə olmuşdur. O, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini istəyəndə sonuncu özünə məxsus şəxsiyyət vəsiqəsini ona təqdim etmişdir. Təqsirləndirilən şəxs özünə məxsus şəxsiyyət vəsiqəsi əsasında əşyaları satdığı üçün o, həmin əşyaların oğurluq olmadığına əmin olmuş, bundan sonra mobil telefon vasitəsilə Təqsirləndirilən şəxs satdığı iki ədəd mecməyi ilə birlikdə şəxsiyyət vəsiqəsinin şəkillərini çəkmişdir. O, Təqsirləndirilən şəxs cəmi 80 manata iki ədəd mecməyi və 40 manata bir ədəd samovar almışdır. Təqsirləndirilən şəxs satdığı iki ədəd mecməyi və bir ədəd samovara görə ondan ümumilikdə 120 manat pul aldıqdan sonra oradan çıxıb getmişdir. Təqsirləndirilən şəxs aldığı iki ədəd mecməyi və bir ədəd samovarı digər dəmir məmulatları ilə birlikdə iri yük avtomobillərinə yükləyib həftə sonu Bakı şəhərinə yola salmışlar. 2022-ci ilin yanvar ayının sonlarında, gününü dəqiq bilmədiyi tarixdə polis əməkdaşları işlədiyi metal qəbulu məntəqəsinə gəlmişlər, sorğu zamanı o, Təqsirləndirilən şəxs adlı şəxsin iki ədəd mecməyi və bir ədəd samovar satdığını bildirmiş, mobil telefonundakı həmin əşyalarla birlikdə çəkdiyi Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi olan fotoşəkilləri polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs satdığı iki ədəd mecməyi və bir ədəd samovarı oğurlamışdır. Təqsirləndirilən şəxs öz şəxsiyyət vəsiqəsi əsasında iki ədəd mecməyi və bir ədəd samovarı satdığı üçün o, həmin əşyaların oğurluq yox, özünə məxsus olduğuna inanmışdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs satdığı iki ədəd mecməyiləri sonuncunun şəxsiyyət vəsiqəsi ilə birlikdə çəksə də bir ədəd samovarın şəklini çəkməyə lüzum bilməmişdir. O, mobil telefonu vasitəsilə Təqsirləndirilən şəxs satdığı iki ədəd mecməyiləri sonuncunun şəxsiyyət vəsiqəsi ilə birlikdə çəkdiyi bir ədəd fotoşəkili könüllü olaraq istintaqa təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs evindən oğurluq hadisəsi ünvan 1 ünvanında yerləşən, fərdi yaşayış evində baş vermiş və zərərçəkmiş şəxsin qardaşı Əli Namazov oğurlanmış əşyaların yerini özü təqdim etmişdir. - xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, iş üzrə şübhəli şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədilə ifadəsi yerində, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yoxlanılmışdır. İfadənin yerində yoxlanılması zamanı o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərərək ifadəsini təsdiq etmiş, istintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/1865 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən bir ədəd mis materialından hazırlanmış 20 litrlik həcmdə samovarın dəyəri 200 manat, iki ədəd işlənmiş vəziyyətdə mis materialından hazırlanmış 4 kiloqramlıq həcmdə mecməyilərin hər biri 150 manat olmaqla 300 manat təşkil edir, malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 500,0 manat müəyyən olunur. - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 1624 nömrəli və Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 1479 nömrəli arayışlarındangörünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda durmur. - xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ********* nömrəli cinayət işi üzrə ittiham aktının surətindən və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair başqa cinayət işi var və hazırda məhkəmənin icraatındadır, hökm çıxarılmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir.Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək, yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 7 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 42 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan 08:00-dək,yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına(AZ.MEM, VÖEN **********,AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) 42 (qırx iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar