Məhkəmə qərarları › İş №1(125)-256/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-256/2024

03.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-256/2024 03.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X2, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin böyük məsləhətçisi X3, Müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.2006-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində saat 22:00 radələrində Ş.İ.Xətai prospektində yerləşən “İnternet klubun” yaxınlığında tanışı Zərərçəkmiş şəxs aralarında baş vermiş mübahisə zamanı bıçaqla qəsdən onun kürək və yan nahiyəsindən vuraraq yüngül xəsarət yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs vermiş olduğu izahatda göstərmişdir ki, özünü təqsirli bilir. İbrahimlə uşaqlıqdan bir-birlərini tanıyırlar. 07 noyabr 2022-ci il tarixdə “İnternet Kulubun” yaxınlığında onlar arasında mübahisə yaranmışdır. Bir-birlərinə zarafat edəndə sözləri bir-birinin xoşuna gəlməmişdir. Onlar əlbəyaxa dalaşmışlar. İlkin yerdə bıçaq görüb onu yerdən götürərək İbrahimə bıçaqla zərbə vurmuşdur. Sonra İbrahimin anasına xəbər vermişlər və anası gəlib onu aparmışdır. Hazırda İbrahim ilə barışmışlar. İş üzrə icraat xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs vermiş olduğu ifadədə göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə ”İnternet Kulubun” yaxınlığıda olarkən aralarında mübahisə olmuşdur və İlkin yüksək səslə söyüş söyməyə başlamışdır. Buna görə də onlar əbəyaxa dalaşmışlar. Çölə çıxanda onun cibindən düşən bışağı İlkin yerdən götürərək ona bıçaqla zərbə vurmuşdur. Hazırda İlkinlə barışmışlar. Bu barədə notarial ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 2171 nömrəli rəyindən görünür ki,, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər — sağ sağrı nahiyyəsinin, sağrılararası nahiyyənin və belin deşilmiş-kəsilmiş yaraları-deşici-kəsici əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər. Sağ sağrı nahiyyəsinin və sağrılararası, nahiyyəsinin deşilmiş-kesilmiş yaraları ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilirlər, belin deşilmişkəsilmiş yarası sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası DİN-in xx.xx.2024-cü il trixli arayışından görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli notarial ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və onu bağışlayır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmışdır, cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tam ödənildikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72- 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayət törətdikdən sonra zərərçəkmiş şəxslə barışıb ona dəyən ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 11 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 66 (altmış altı) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə olunacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.2.1, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 66 (altmış altı) manat məbləğində pul keçirilsin. Qərardan elan olunduğu və ya rəsmi qaydada verildiyi gündən 20 (iyrimi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar