Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-256/2025 05.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Qəhrəman oğlunun sədrliyi, Kərimov Kərim Zeynalabdin oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsi, ünvansız fərdi evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 29 noyabr 2024-cü il tarixdə saat 20 radələrində idarə etdiyi “Toyota Prius” markalı **-UY-*** d.q.n-lı avtomobil ilə Gəncə şəhəri ərazisində hərəkətdə olarkən keçmiş arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxs üz nahiyəsinə bir neçə dəfə əl zərbələri ilə vurmuş, sonra yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evində olarkən cinayət əməlini davam etdirib Zərərçəkmiş şəxs üz nahiyəsinə və bədəninin müxtəlif hissələrinə bir neçə dəfə əl zərbələri ilə vuraraq və şüşə materialdan olan qənd qabını Zərərçəkmiş şəxs bədən nahiyəsinə ataraq, sol sağrı və burun nahiyələrinin yumşaq toxumalarının əzilməsi, hematoması, sol dirsək, sol said, nahiyələrinin sıyrıqları ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə ayrılmaqlarına baxmayaraq uşaqları olduğundan daima əlaqələri qalmışdır. Zərərçəkmiş şəxs işlədiyi yerdən gətirən zaman iş yoldaşları ilə yığıncağa getməyi üstündə aralarında narazılıq yaranmış, həmin anda əsəblərini idarə edə bilmədiyindən onu vurmuşdur. O, hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, məhkəməyə yazılı ərizə təqdim edərək, onun barəsində amnistiya aktının tətbiq olunmasını və cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, hadisə Təqsirləndirilən şəxs dediyi kimi onun iş yoldaşları ilə yığıncağa getməyi üstündə baş vermişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Yazılı ərizə verərək, təqsirləndirilən şəxslə barışdığını və onun barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Məhkəmə-Tibbi Ekspertiza və X1” PHŞ-in 05 dekabr 2024-cü il tarixli 1590 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol sağrı və burun nahiyələrinin yumuşaq toxumalarının əzilməsi, hematoması, sol dirsək, sol said nahiyələrinin sıyrıqları – KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji dispanserinin 25 fevral 2025-ci il tarixli 1399 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Gəncə şəhər Narkoloji dispanserinin 12 mart 2025-ci il tarixli 2723 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Gəncə şəhər Baş Polis idarəsinin 2-ci polis şöbəsinin “əməliyyat tapşırığına cavab olaraq” 20 fevral 2025-ci il tarixli 3-13-57/1-3843/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə 29 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evinin içərisində qısa zaman kəsimində baş verdiyi üçün səs-küy yaranmamış, ətrafda yaşayan qonşuların narahatçılığına səbəb olan hal baş verməmiş və bu səbəbdən də hadisəni bilən şəxləri müəyyən edib dindirilmələri üçün İstintaq və təhqiqat idarəsinə təqdim etmək mümkün olmamış, habelə Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı bıçaqdan istifadə etməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-in 27 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Azərbaycan Respublikası CM-nin128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilir və əməlindən peşmandır. Bu səbəbdən “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli amnistiya aktının onun barəsində tətbiq olunmasını və cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmiş, lakin bununla belə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, təqsirləndirilən şəxs və müdafiəçisi məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibi üzrə icraata “Konstitusiya və Suverenlik İli münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını və cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. “Konstitusiya və Suverenlik İli münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci yarımbəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 6-cı hissəsinə əsasən “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir (amnistiya aktlarının tətbiq olunması qadağan edilən şəxslər - 1990-cı il yanvarın 19-20də Bakı şəhərinə Sovet qoşunlarının qanunsuz yeridilməsi ilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımının baş verməsində, Azərbaycan Respublikası torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsində təqsirli olan şəxslər haqqında). Həmin qərarın 8-ci bəndinə əsasən, bu Qərar 19 dekabr 2025-ci il tarixdən qüvvəyə minir. Həmin qərarın 19.5-ci yarımbəndinə əsasən, bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində amnistiya məhkəmələr tərəfindən tətbiq edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 6-cı və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlərin təsiri altına düşmür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə «bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda – təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə» ittiham hökmü çıxarır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir. Cinayət hadisəsi nəticəsində maddi ziyan vurulmamışdır.Bununla yanaşı, zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqsirləndirilən şəxs barəsində olan cinayəti işinə xitam verilməsinə dair ərizə təqdim edilmişdir. Müdafiə tərəfi amnistiya aktının tətbiq edilməsi barədə ərizə vermişdir. Buna görə də ““Konstitusiya və Suverenlik İli münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci yarımbəndinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 9 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 99 manat pul köçürülməlidir. İş üzrə ekspertiza xərci, maddi sübut, mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 43.3, 321, 346, 347, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ““başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 99 manat məbləğində pul Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. (Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ**********0000067944, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan şikayət və protest verilmədikdə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №1(125)-256/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-256/2025
05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver