Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-258/2024 21.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Qəhrəman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Dövlət ittihamçısı X2, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1994-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, subay, əvəllər məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən xeyli miqdarda, yəni təmiz çəkisi 0,403 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib eyni məqsəd ilə üzərində saxlayaraq daşımış və Gəncə şəhər BPİ-nin 4-cü Polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə, saat 21:15 radələrində Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 39 nömrəli məktəbin yaxınlığında saxlanılaraq Gəncə şəhər Baş polis idarəsinin 4-cü Polis bölməsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparıldıqda əynində olan boz rəngli cins şalvarın ön sağ cibindən 1 ədəd gümüşü rəngli kağız bükümün içərisindən xeyli miqdarda, yəni təmiz çəkisi 0,403 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, tutulmamışdan təxminən 2 ay əvvəl “tramadol” adlı psixotrop dərmandan istifadə etməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 11:00 radələrində Gəncə şəhəri, D.Qorqud küçəsində yerləşən Metallurq stadionu yaxınlığında olan zaman yerdə siqaret qutusunun içərisində siqaret folqası bükümü görmüş, həmin bükümü açıb baxdıqda psixotrop maddə olan “şüşə” kimi tanıdığı metamfetamin olduğunu görmüş və özü istifadəçisi olduğu üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, D.Qorqud küçəsində 39 nömrəli tam orta məktəbin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, polis əməkdaşları olduqlarını və onun psixotrop maddəni əldə etməkdə, istifadə etməkdə və saxlamağında şübhəli olduğunu bildirmiş, onu polis bölməsinə dəvət etmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə bölməyə getmişdir. Orada müdafiəçinin iştirakı ilə onun üzərinə videoçəkiliş ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümü təqdim edərək içərisində olan kütlənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Törətdiyi əmələ görə çox peşman olduğunu, ilk dəfə belə əmələ yol verdiyini, keçirdiyi kəllə-beyin travması nəticəsində səhhətində problem yarandığını nəzərə alıb, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid Gəncə şəhər BPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid1 bildirdi ki, xx.xx.2024-cü il tarixdə bölməyə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələrin qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsi qərara alınmış və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Gəncə şəhər BPİ-nin 4-ci Polis bölməsinin sahə rəisi, polis kapitanı Şahid2 ilə birlikdə Gəncə şəhəri ərazisində Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. xx.xx.2024-cü il tarixdə saat təxminən saat 21:15 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən 39 nömrəli tam orta məktəbin yaxınlığında olduğu müəyyən edilmiş, tərəflərindən saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis bölməsinin əməkdaşları olduqlarını, qanunsuz olaraq psixotrop maddələri üzərində saxlamasında, daşımasında və istifadəsində şübhəli olduğunu bildirərək onu Gəncə şəhər BPİ-nin 4-cü Polis bölməsinin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşaraq bölməyə gəlmişdir. Bölmənin inzibati binasında olan zaman müdafiəçinin iştirakı ilə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, bundan sonra o, əynində olan boz rəngli şalvarın ön sağ cibindən bir ədəd gümüşü rəngli kağız bükümü təqdim etmişdir. Həmin kağız bükümün içərisinə baxış keçirilmiş və içərisindən ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütləni həmin günü Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən Metallurq stadionunun içərisində yerdən tapdığını, həmin kütləni tanıdığını, əvvəllər narkotik vasitə istifadəçi olduğunu və şəxsi istifasindən ötrü üzərində saxladığını bildirmişdir. Məhkəmədə şahid Gəncə şəhər BPİ-nin 4-cü Polis bölməsinin sahə rəisi Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaret folqasına bükülmüş bükümü könülü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin “metamfetamin” olduğunu, onu Gəncə şəhəri, Dədə Qorqud küçəsində yerləşən Metallurq stadionundan tapdığını, istifadə üçün üzərində saxladığını bildirmişdir. Həmin kütlə bükülü ilə birlikdə müdafiəçinin və şəxsi axtarış iştirakçılarının iştirakı ilə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 0,67 qram olduğu müəyyən edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 16/294 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə” yazı və imzalar olan kağız paketdəki, bir ədəd selofan bükümdə olan 1 ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,403 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Ekspertiza tədqiqatına həmin maddənin 0,05 qramı sərf edildikdən sonra, 0,353 qram qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İİ siyahısının 118-ci bəndində metamfetamin adlı psixotrop maddənin xeyli miqdarının aşağı həddinin 0,15 qram, külli miqdarının isə 2 qram olması göstərilmişdir. Gəncə şəhər Baş polis idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetamini hansı mənbədən və nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs bu cinayəti törətməkdə kiminsə kömək etməsi, təhrik etməsi, həmin cinayətdə digər şəxslərin iştirakçılığı və onun rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. xx.xx.2024-cü il tarixli, 1494 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji dispanserdə qeydiyyatda durmur. xx.xx.2024-cü il tarixli, 124 nömrəli məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji dispanserinə müraciət etmiş, Nizami rayon SHXÇÜDX-nin xx.xx.2020-ci il tarixdə 230 nömrəli göndərişinə əsasən dispanserdə müayinədə olmuş “Keçirilmiş kəllə-beyin travmasından sonra şəxsiyyətin üzvü pozuntusu” diaqnozu qoyulmuş, 646 saylı akt verilmişdir. xx.xx.2024-cü il tarixli 187 nömrəli “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 tərəfindən verilmiş rəydən görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə hadisəni törədən zaman Kəllə-Beyin Travması nəticəsində üzvi mənşəli şəxsiyyət pozuntusu XTB 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı, 1-cu baxış) F07.2 xəstəliyindən əziyyət çəkmişdir və hal-hazırda da həmin xəstəlikdən əziyyət çəkir. Lakin, buna baxmayaraq həmin xəstəlik əlamətləri nevrotik səviyədə olması səbəbindən o, hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəini törədən zaman anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 522 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından və Göygöl Rayon Məhkəməsinin 1(066)-86/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək, 11 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən onun həmin məhkumluğu ödənilməmişdir lakin, həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən onun əməlində cinayətin residivi yaranmır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş ekspertizadan sonra qalmış qalığı 0,353 qram psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş videoçəkilişi özündə əks etdirən 1 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiklərindən maddi sübut kimi tanınmışdır. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2024-cü il tarixli qərardan, “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” və “Qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, Müvəqqəti saxlama yerindən azad edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşıyaraq saxladığı tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini və onun kəllə-beyin travması nəticəsində şəxsiyyətin üzvi pozuntusu xəstəliyindən əziyyət çəkdiyini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki Təqsirləndirilən şəxs bundan əvvəl azadlığın məhdudlaşdırılması cəzasına məhkum olması, cəzasını çəkib bitirsə də məhkumluğu ödənilməmiş yenidən cinayət törətməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları mövcuddur, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyi, əksinə yüngülləşdirən halların (əməlindən peşman olmağı və səhhətində olan xəstəlik) olduğu, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,353 qram təşkil edən psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Bundan başqa, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı yaşayış və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş qalıq çəkisi 0,353 qram təşkil edən psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 120 (yüz iyirmi) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №1(125)-258/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-258/2024
21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver