Məhkəmə qərarları › İş №1(125)-260/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-260/2024

10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-260/2024 10.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Zərərçəkmiş şəxs, müdafiəçi – Gəncə şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2,Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1962-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, D.Qorqud küçəsi bina 15, mənzil 60-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, o, xx.xx.2023- cü il tarixdə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən ictimai yer hesab olunan Texnologiya Universitetinin qarşısında ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni manefelərinin toxunulmazlığına təhlükə və həyacanm yaranmasına səbəb olan, ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən onun oğlu Şahid2 ilə qeyri-rəsmi yaşayan Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxsm qəsdən vuraraq sağ almacıq-yanaq nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması, sağ körpücük nahiyəsinin qançırı - küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlməsi ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət yetirməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən bir ildir ki, tanıyır və hazırda Nuranə oğlu Şahid2la rəsmi evlidir. Hadisə baş verən zaman isə onlar nişanlı olmuşlar. 25 sentyabr 2023-cü il tarixdə oğlu Şahid2la nişanlısı Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində mübahisə olmuşdur. Həmin mübahisə zamanı Nuranə Gəncə şəhəri Texnologiya Universitetinin yaxınlığında olan “Unibankın” qarşısına gəlib, orda oğlu ilə mübahisəni davam etdirmişdir. Ona görə də özü hadisəni görüb Nuranəyə yaxınlaşaraq, onu sakitləşdirmək istəmişdir. Lakin həmin vaxt Nuranə onu təhqir etmiş, özüdə əsəbiləşib, Nuranənin üzünə bir şillə vurmuşdur. O, Zərərçəkmiş şəxs vurarkən oğlu Murad yanında olmamışdır. Bundan sonra Zərərçəkmiş şəxs əsəbi halda ona “Səni və övladlarını tutduracam” deyərək çıxıb getmiş, daha sonra isə ondan polis orqanına şikayət etmişdir. Hadisə zaman ikisindən başqa yanlarında heç kim olmamış və hadisə gecə vaxtı olmuşdur. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmış, Zərərçəkmiş şəxs onun barəsində heç bır şikayət və tələbi yoxdur. Odur ki, qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 25 sentyabr 2023cü il tarixdə qaynatası Təqsirləndirilən şəxs Gəncə şəhəri Texnologiya Universitetinin yaxınlığında olan “Unibankın” qarşısında onu şillə ilə vurmuşdur. Belə ki, hadisə baş verən gün hadisədən bir qədər əvvəl əri İlqarla onun arasında sözlə mübahisə yaranmış və həmin mübahisəni görən qayınatası Ruzigar içkili vəziyyətdə onlara yaxınlaşıb oğlunu oradan uzaqlaşdıraraq ona mübahisə etdikləri üçün öz iradını bildirmişdir. Həmin vaxt özü də əsəbi olduğu üçün qayınatasına kobud cavab qaytarmışdır. Bu zaman qayınatsı Ruzigarda onun sifətinə bir sillə vurmuşdur. Qayınatası Ruzigar onu vurarkən orada ikisindən başqa heç kim olmamış, hadisə gecə vaxtı olmuş və o, qayınatasının onun vurmasından əsəbləşərək, polis orqanına gedib şikayət etmişdir. Hadisədən sonra təqsirləndirilən şəxslə barışmış və hazırda onun qayınatası Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbi yoxdur. Odur ki, qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atası, Zərərçəkmiş şəxs isə onun həyat yoldaşıdır. 25 sentyabr 2023-cü il tarixdə qardaşı Şahid1la birlikdə həyat yoldaşı Zərərçəkmiş şəxs avtomobilində olarkən Nuranə ilə onun və qardaşı Muradın arasında mübahisə düşmüşdür. Mübahisəyə səbəb isə Muradın həmin vaxt Nuranənin yanında avtomobildə nalayiq ifadə işlətməsi olmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs onu və qardaşını Gəncə şəhəri Texnologiya Universiteninin qarşısında avtomobildən düşürmüş və Gəncə şəhəri Texnologiya Universitetinin yaxınlığında olan Unibankın qarşısında onlar mübahisə etmişlər. Həmin vaxt hadisəni kənardan görən atası Ruzigar oraya yaxınlaşıb onu və qardaşı Muradı ordan uzaqlaşdırmış və onlara özünün Nuranə ilə söhbət edib məsələni yoluna qoyacağını söyləmişdir. Bir qədər keçmiş evə gələn atasından isə o, atası Ruzigarın Nuranəni vurduğunu öyrənmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı şahid qismində vermiş olduğu ifadəsi tədqiq edilərək araşdırılmış Şahid1 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs bir ildir ki, tanıyır. 25 sentyabr 2023-cü il tarixdə qardaşı Şahid2 ilə birlikdə Zərərçəkmiş şəxs avtomobilində olarkən Nuranə ilə İlqarın mübahisəsi düşmüş və Nuranə ilə İlqar mübahisə edərkən bir-birilərini söymüşlər. O, qardaşı İlqarı müdafiə edərkən Nuranə daha da əsəbiləşmiş və onu vurmaq istəmişdir. Bundan sonra Zərərçəkmiş şəxs onu və qardaşını Gəncə şəhəri Texnologiya Universiteninin yaxınlığında düşürmüşdür. Bir neçə saat sonra ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə müraciət etmişdir. Buna görə də onu və atasını Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə dəvət etmişlər. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmışlar. Onun Zərərçəkmiş şəxs barədə heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -“Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. -“Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. -“Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığından dayandırılmışdır. -“Cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə AR CM-nin 128-ci maddəsi ilə bağlanılmış ********* nömrəli cinayət işi üzrə əməl həmin məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir. -“Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan edilmişdir. -“Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. -Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 1501 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ almacıq nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması, sağ lörpücük nahiyyəsinin qançırı KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcələrinə görə: sağ almacıq-yanaq nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması - sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir; digər xəsarət - sağ körpücük nahiyyəsinin qançırı isə sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. -xx.xx.2024-cü il tarixli “Əməliyyat tapşırığına cavab” məktubundan görünür ki, hadisənin hansı səbəbdən və şəraitdə baş verməsi və hadisənin mexanizmini müəyyən etmək mümkün olmamış, hadisənin əlavə iştirakçılarının və şahidlərinin olub-olmamasını müəyyən etmək mümkün olmamış, hadisə yerinin yaxınlığında olan video müşahidə kameralarının olub-olmamasını müəyyən etmək mümkün olmamış, hadisə zamanı ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik edilməsi müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən rayon ərazisində başqa cinayətin törədilibtörətməməsini müəyyən etmək mümkün olmamışdır. -Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1985ci ildə CM-nin 207-ci maddəsinin 2- hissəsi ilə təqsirli bilinərək Kirovabad şəhəri Xalq məhkəməsinin hökmü ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına, xx.xx.1989cu ildə CM-nin 106 maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək Kirovabad şəhəri Gəncə rayonu Xalq məhkəməsinin hökmü ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına və xx.xx.1994-cü ildə Nizami rayon Xalq məhkəməsinin hökmü ilə CM-nin 226-1-ci maddəsinin 1 hissəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.1997-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserdən alınaraq cinayət işinə əlavə edilmiş arayışdan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. - Zərərçəkmiş şəxsnun məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyanın tam ödənilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən ictimai yer hesab olunan Texnologiya Universitetinin qarşısında ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni manefelərinin toxunulmazlığına təhlükə və həyacanm yaranmasına səbəb olan, ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən onun oğlu Şahid2 ilə qeyri-rəsmi yaşayan Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxsm qəsdən vuraraq sağ almacıq-yanaq nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması, sağ körpücük nahiyəsinin qançırı - Küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlməsi ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət yetirməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Lakin, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan xəsarət yetirsə də, həmin əməli cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozmaqla və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə etməsini təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə xx.xx.2023-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla ona hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin bilavasitə hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduqları ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həm şahid kimi, həm də təqsirləndirilən şəxs kimi ifadələr verərkən bildirmişdir ki, o Zərərçəkmiş şəxs ilə oğlu arasında olan mübahisəni sakitləşdirmək üçün onlara yaxınlaşmış, Zərərçəkmiş şəxs bu zaman ona kobud sözlər dediyinə görə onu bir dəfə şillə ilə vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı eyni məzmunlu ifadə vermişdir. Zərərçəkmiş şəxs da zərər çəkmiş şəxs qismində dindirilərkən hadisə ilə bağlı ifadəsində bildirmişdir ki, hadisənin baş verməsinə səbəb, onun Murad ilə mübahisə etməsi, qaynatası Təqsirləndirilən şəxs isə onları sakitləşdirmək istəyən zaman onun qayanatsına kobud cavab verməsi olmuşdur. Hər iki tərəfin ifadələrindən görünür ki, hadisənin baş verməsinə səbəb cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edilməsi deyil, aralarında şəxsi münasibətlər zəmnində baş verən mübahisə olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsində təsbit olunmuş hər bir maddə konkret ictimai münasibətləri mühafizə altına alır, həmin münasibətləri cinayətkar qəsdlərdən qoruyur. Belə münasibətlər, terminoloji anlamda, cinayət tərkibinin zəruri elementi hesab olunan və «cinayətin bilavasitə obyekti» adlandırılan məfhumla ifadə olunur. Cinayətin bilavasitə obyekti cinayət qanunu ilə qorunan, cinayətin qəsd etdiyi və nəticədə zərər yetirilən və ya real zərər yetirilmə təhlükəsinə məruz qalan sosial əhəmiyyətli konkret dəyər, maraq və sərvətdir. Cinayətin bilavasitə obyekti konkret cinayətin zəruri elementi olmaqla əməlin konkret maddə ilə tövsifinin dəqiqləşdirilməsində mühüm rol oynayır. Cinayətin digər əlamətləri ilə yanaşı, onun obyektinin də dəqiq müəyyən olunması, əməlin faktiki əlamətlərinin cinayət qanununda nəzərdə tutulan konkret cinayət tərkibinin əlamətləri ilə eyniliyinin müəyyən olunmasına şərait yaradır. Əməlin tövsifinin mahiyyəti də elə bundan ibarətdir; öncə, cinayət hadisəsi baş verdikdən sonra kriminal qəsdə məruz qalan obyekt müəyyənləşdirilir, bundan sonra cinayət qanununda eyni münasibətləri, yəni eyni obyekti qoruyan maddə müəyyənləşdirilir və nəhayət tövsiyyə olunan maddədəki cinayət tərkibinin obyektinin əlamətləri ilə hadisə nəticəsində zərər görmüş obyektin faktiki əlamətləri üst-üstə düşərsə əməl uyğun maddə ilə də tövsif olunur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Həmin normaya əsasən xuliqanlıq cinayətinin bilavasitə obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığı, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Həmçinin, təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, "B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 17 fevral 2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, “Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv ve məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş vermesini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir”. Konstitusiya Məhkəməsi həmin qərarda həmçinin qeyd etmişdir ki, "Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz". Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, bir-biri ilə əvvəlcədən tanış olan zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin hadisədən əvvəl münasibətləri yaxşı olmuşdur. Hadisə baş verən vaxt isə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs olan qaynatasına kobud cavab verməsi və nəticədə aralarında baş verən mübahisə olmuşdur. Təqsirləndirilən şəxsin niyyəti ictimai qaydanı pozmaq, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək olmamış, cinayət hadisəsi tərəflər arasında əvvəlcədən yaranmış şəxsi münasibətlər zəmnində, məhz onlar arasında yaranmış mübahisə səbəbindən baş vermişdir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edilməsi göstərilsə də, cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən hallar ittihamda müəyyən edilmiş saydıqları xuliqanlıq cinayətinin təsvirində əks etdirilməmiş, xuliqanlıq cinayətinə dair ittiham təqsirləndirilənin “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” qərəzli hərəkətlər törətməsi kimi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilmişdir. Bundan başqa, ittihamda cinayətin ictmai yer olan “Unibank”-ın qarşısında baş verməsi göstərilsə də, məhkəmə qeyd edir ki, cinayətin ictimai yerdə baş vermiş olması özlüyündə əməlin xuliqanlıq kimi qiymətləndirilməsi üçün yetərli deyil. Belə ki, bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk etməli və arzu etməlidir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, ittihamda təqsirləndirilən şəxsin bu cinayəti ətrafdakı şəxslərə məhəl qoymadan törətməsi göstərilsə də, istintaq orqanı tərəfindən hadisə zamanı həqiqətən də orada hər hansı kənar şəxslərin olması müəyyən edilməmiş, həmin şəxslər müəyyən edilərək şahid qismində dindirilməmişdir. Beləliklə məhkəmə, iş üzrə toplanmış mövcud sübutları qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Bununla belə, onun şəxsi münasibətlər zəminində başlamış münaqişə gedişində zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurması məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 731.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPMnin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimaixüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə cinayətdə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini, əvvllər cinayət işi üzrə icraata xitam verilməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat pul köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı : Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən, həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar