Məhkəmə qərarları › İş №1(125)-261/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-261/2024

16.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-261/2024 16.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi İbrahimov İsmət Mübariz oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs, müdafiəçi-Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1994-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında yaşamış, barəsində başqa bir cinayət işi üzrə “həbs” qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını əldə edib daşıyaraq saxlamış və gəzdirmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd Rusiya dövlətində istehsal olunmuş nömrəsi silinmiş, 9 mm kalibrli, Makarov konstruksdiyalı Baykal-442 modelli tapança olmaqla, hissə və mexanizimlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silahı, Makarov konsturksiyalı Baykal-442 tapançanın komlekt hissəsi olan texniki cəhətdən saz və istifadə üçün yararlı olan 01 ədəd darağı və həmin darağın üzərində olan 04 ədəd 9x17 mm kalibirli atəş üçün yararlı olan patronları əldə edib saxlamış və üzərində gəzdirmiş, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə barəsində qanunsuz olaraq odlu silah saxlaması barədə daxil olmuş məlumat əsasında 08 yanvar 2024-cü il tarixdə saat 11:50 dəqiqədə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, M.Bağırov küçəsində yerləşən yaşadığı evinin yaxınlığında yolun kənarında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 265-də yerləşən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman 01 ədəd Rusiya dövlətində istehsal olunmuş nömrəsi silinmiş, 9 mm kalibrli, Makarov konstruksiyalı Baykal-442 modelli tapança olmaqla, hissə və mexanizimlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silahı, Makarov konstruksiyalı Baykal-442 tapançanın komlekt hissəsi olan texniki cəhətdən saz və istifadə üçün yararlı olan 01 ədəd darağı və həmin darağın üzərində olan 04 ədəd 9x17 mm kalibirli atəş üçün yararlı olan patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, həbs edilənə kimi fərdi əməklə məşğul olmuşdur. 08 yanvar 2024-cü il tarixdə səhər saatlarında Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşı Rəşad adlı şəxs ona zəng edərək, polis şöbəsinə çağırmış və özü həmin polis şöbəsinə gedən zaman orada adlarını bilmədiyi polis əməkdaşları ona 1 ədəd tapança göstərib, fiziki və psixoloji təziqlər göstərərək, həmin silahı götürüb üzərində saxlamasını və videoçəklişlə üzərinə baxış zamanı silahı çıxarıb təqdim etməsini, əks halda onun daha ağır maddələrlə ittiham olunacağı ilə hədələmiş və o, məcbur olub həmin silahı götürüb şalvarının kəmərinə taxıb videoçəklişlə həmin gün üzərinə baxış zamanı çıxarıb həmin tapançanı təqdim edib, tapançanı guya Gəncə çayının sahilindən tapdığını söyləmşdir. Əslində saxlanılan zaman onun üzərində hər hansı bir silah olmamış və hadisə ifadəsində göstərdiyi kimi baş vermişdir. İbtidai istintaq zamanı müstəntiqə üzərindən silah aşkar edilməsi ilə bağlı polisdən qorxduğu üçün məcbur olub yalan ifadə vermişdir. Odur ki, ifadəsini nəzərə alıb ona bəraət verilməsini xahiş edir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 08 yanvar 2024-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Nicat adlı şəxsin qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə etməkdə, üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə o raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmişdir. Daha sonra bölmənin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə keçiridikləri əməliyyat axtarış tədbirləri nəticəsində 08 yanvar 2024-cü il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, M.Atatürk prospekti 197, bina 1-in yaxınlığında olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat əsasında Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Gəncə şəhəri, M.Bağırov küçəsində yerləşən yaşadığı evin yaxınlığına gedilmişdir. Onlar orda olarkən Təqsirləndirilən şəxs həmin yerdə hərəkət etdiyini görmüş və Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş, xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edilmiş, Təqsirləndirilən şəxs 2-ci Polis Şöbəsinə dəvət edib Şöbəyə gətirmişlər. Şöbədə Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş və üzərinə videoçəklişlə baxış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın qarın nahiyyəsinin sol hissəsindən 1 ədəd nömrəsi silinmiş Makarov konstruksiyalı tapançaya bənzər, həmin tapançaya aid 1 ədəd sandıqçanı və sandıqçanın içərisində olan 04 ədəd patronu təqdim etmişdir. Aşkar edilmiş silaha baxış zamanı silahın üst hissəsində nömrə hissəsinin xüsusi qaydada yonulmaqla silinməsi müəyyən edilmiş və həmin odlu silah kağız torbada qablaşdırılaraq üzəri DİN-nin möhürü ilə möhürlənmiş və qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs silahı hardan, necə əldə etməsi barədə heç bir məlumatı yoxdur. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş odlu silahın ona məxsus olmaması və polis əməkdaşları tərəfindən saxlanılarkən təzyiq və təsirlərə məruz qalması barədə ifadəsində göstərdikləri tamamilə yalandır. Məhkəmə istintaqında şahid Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi və odlu silahın aşkar edilib götürülməsi görüntüləri olan videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 24/27 nömrəli məhkəmə ballistik ekspertizanın rəyindən görünür ki, tədiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah zavod üsulu ilə Rusiya Dövlətində istehsal olunmuş 9 mm kalibirli, Makarov konstruksiyalı, Baykal-442 modelli tapançadır. Yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir dəyişiklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu il istehsal olunmuş 12 ədəd 9x17 mm və 9x18 mm kalibirli patronlar yerləşdimək üçün nəzərdə tutulmuş, həmin kalibirli Makarov konstruksiyalı Baykal-442 tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 04 ədəd patronlar zavod üsulu ilə, Rusiya dövlətində istehsal olunmuş, 9x17 mm kalibirli olmaqla, həmin kalibirli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdı, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdırlar. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 62-ci maddəsinə əsasən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığından şöbə qeydiyyatından çıxarılmışdır. Bundan başqa o, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə barəsində olan xx.xx.2022-ci il tarixli hökm dəyişdirilərək CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü ildə Salyan rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 06 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2024-cü il tarixli 411 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki və psixoloji təziqlərə məruz qalması xüsusatı üzrə Baş Prokurorluğun xidməti araşdırmalar idarəsində aparılan araşdırma zamanı cinayət hadisəsi olmadığından 16 dekabr 2024-cü il tarixdə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki və psixoloji təziqlərə məruz qaldığını və üzərindən aşkar edilmiş odlu silahın ona məxsus olmadığını bildirsə də, məhkəmə onun bu ifadəsini özünü müdafiə xarekterli ifadə kimi qiymətləndirir və sübut növü kimi qəbul etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə edib, saxlama, daşıma və gəzdirmə cinayətində təqsirli olması məhkəmədə ifadələri alınmış şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar, habelə digər məhkəmə-istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinməli və оnа həmin mаddənin sаnksiyаsı həddində cəzа təyin оlunmаlıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə kimi qanunsuz əməllər təsbit edilmişdir. Təsvir edilən normada - odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular cinayətin predmeti kimi çıxış etdiyi halda, cinayətin obyektiv cəhəti qeyd olunan əşyaları əldə etmədə, başqasına vermədə, satmada, saxlamada, daşımada və ya gəzdirmədə ifadə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008ci il tarixli qərarında göstərilmişdir ki, məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilərək, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Odur ki, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gündən (xx.xx.2023-cü il tarixdən) iki il keçmədiyindən onun məhkumluğu ödənilməmiş hesab olunur. Belə olan halda isə təqsirləndirilən şəxsin məhkumluğu ödənilmədən, yəni xx.xx.2024-cü il tarixdə yenidən qəsdən cinayət törətməsi onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətdiyinə görə ona azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin cəzanı çəkib qurtardıqdan sonra məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən onun əməlində cinayətlərin residivi yaranmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum növündə cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 yanvar 2024-cü il tarixdən 10 yanvar 2024-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində saxlanılmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı ümumilikdə 02 (iki) gün müddəti nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlandığı 02 (iki) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və onun başqa bir cinayət işi üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(125)-319/2024 nömrəli qərarı ilə həbsdə olması nəzərə alınmalı və Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə qəti cəzanın başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı Baykal-442 modelli yivli, texniki cəhətdən saz və atəş üçün yararlı olan odlu silah hesab edilən tapança, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2 ədəd Rusiya dövlətində istehsal olunmuş 9x17 mm kalibrli, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı olan döyüş sursatı hesab edilən ştat patronları və 1 ədəd zavod üsulu ilə istehsal olunmuş 12 ədəd 9х17 mm kalbrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan həmin kalibrli Makarov konstruksiyalı Baykal-442 tapançaların komplekt hissəsi – daraq müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməli, eyni zamanda, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış və odlu silahın götürülməsi videogörüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə məhkəmə xərci yoxdur. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Müdafiəçi hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 30 (otuz) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 08 yanvar 2024-cü il tarixdən 10 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və onun başqa bir cinayət işi üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(125)-319/2024 nömrəli qərarı ilə həbsdə saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübutlar: Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı Baykal-442 modelli yivli, texniki cəhətdən saz və atəş üçün yararlı olan odlu silah hesab edilən tapança, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2 ədəd Rusiya dövlətində istehsal olunmuş 9x17 mm kalibrli, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı olan döyüş sursatı hesab edilən ştat patronları və 1 ədəd zavod üsulu ilə istehsal olunmuş 12 ədəd 9х17 mm kalbrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan həmin kalibrli Makarov konstruksiyalı Baykal-442 tapançaların komplekt hissəsi – daraq müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin; həmçinin təqsirləndirilən şəxsin üzərinə keçirilmiş baxış və odlu silahın götürülməsi videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 180 (yüz səksən) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə isə verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar