Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-265/2022 26.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 xüsusi ittiham qaydasında şikayətlə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət verən şəxs məhkəməyə teleqram göndərərək, məhkəmə prosesini onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət aidiyyəti üzrə düzgün verilməmişdir. Buna görə də hazırkı iş aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Çünki xüsusi ittiham qaydasında şikayət müxtəlif vaxtlarda “instagram” və whatsapp” sosial şəbəkələrində yayılmış məlumatlarla əsaslandırıldığından, həmin sosial şəbəkələrinin hüquqi ünvanları isə xaricdə yerləşdiyindən, yəni Azərbaycan Respublikasının ərazisində yerləşmədiyindən, hazırki şikayətə barəsində şikayət verilmiş şəxsin yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. Barəsində şikayət verilmiş şəxsin qeydiyyat ünvanı ünvan 1q ünvan 2 ünvanında yaşadığı üçün xüsusi ittiham qaydasında şikayət baxılması üçün Bakı şəhər Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli 3 saylı Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunundan görünür ki, şikayət Turanə Nəsibova tərəfindən müxtəlif vaxtlarda “instagram” və whatsapp” sosial şəbəkələrində Günay Kəlbiyeva barəsində yayılmış məlumatlarla əsaslandırılmışdır. “instagram” və whatsapp” sosial şəbəkələrinin hüquqi ünvanlarının isə Azərbaycan Respublikası ərazisindən kənarda yerləşməsi mübahisəsiz haldır. Belə olan vəziyyətdə, Ali Məhkəmənin Plenumun Qərarındakı izaha əsasən xüsusi ittiham qaydasında şikayətə təhqir və böhtan xarakterli məlumatları yaymış şəxsin “axırıncı yaşayış yeri” üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. İş materiallarında olan "xxxx" MTK sədri tərəfindən verilmiş arayışdan görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 həqiqətən Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 576-cı məhəllə “Renessans Palace” yaşayış kompleksində “3” saylı bina, “E” bloku, “823” nömrəli mənzildə yaşayır. Bununla bağlı qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayış şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Bununla yanaşı qeyd edilməlidir ki, qanunvericiliyə əsasən şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır və şəxsin bir neçə yaşayış yeri ola bilər (Mülki Məcəllə maddə 27.1). Azərbaycan Respublikası CPM-nin ümumi prinsipi isə ondan ibarətdir ki, istər ibtidai araşdırma, istərsə də cinayət işi və ya digər material üzrə məhkəmə araşdırması cinayətin törədildiyi yer üzrə müvafiq olaraq ibtidai araşdırma orqanı və ya məhkəmə tərəfindən aparılmalıdır. (Cinayət Prosessual Məcəllə maddə 74.1 və 216.1) Məhz həmin prinsip əsas götürülərək Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 saylı Qərarının 12-ci bəndində qeyd edilmişdir ki, kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı Azərbaycan Respublikasında olmadıqda, xüsusi ittiham qaydasında şikayətə təhqir və böhtan xarakterli məlumatları yaymış şəxsin “axırıncı yaşayış yeri” üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. Çünki, yuxarıda qeyd edildiyi kimi şəxsin bir neçə yaşayış yeri ola bilər və belə güman olunur ki, o, ona isnad edilən cinayət əməlini axırıncı yaşayış yerində törətmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən Gəncə Şəhər Məhkəməsinin elektron poçt ünvanına (e-mail) göndərilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X5 həqiqətən Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 576-cı məhəllə “Renessans Palace” yaşayış kompleksində, 3 saylı bina, E bloku, 823 nömrəli mənzildə yaşayır. Göründüyü kimi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Turanə Nəsibovanın qeydiyyat ünvanı Gəncə şəhəri ərazisində yerləşsə də, həmin şəxs faktiki olaraq Gəncə şəhərində yaşamır. Məhkəmə hesab edir ki, Turanə Nəsibovanın axırıncı yaşayış yeri Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşdiyindən, şikayətdə göstərilən əməllərin Bakı şəhəri Yasamal rayonu ərazisində törədilməsi ehtimal olunur. Belə olan vəziyyətdə, hazırki xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 67.4-cü maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin fəaliyyət dairəsinə aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 299.3 və 299.3.1-ci maddələrinin tələblərinə görə məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olub-olmaması məsələsinə baxır. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinin tələbinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Hər kəsin işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ olduğundan, həm şikayətçinin, həm də barəsində şikayət verilən şəxsin bu hüququnu təmin etmək üçün aidiyyat düzgün müəyyən edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 300.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də CPM-nin 300.1.4cü maddəsindəki qərardır. Belə ki, həmin Məcəllənin 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Həmin Məcəllənin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmçinin həmin Məcəllənin 302.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 302.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 300, 302-ci maddələrini tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilərək xüsusi ittiham qaydasında şikayət aidiyyəti üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-265/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-265/2022
26.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver