Məhkəmə qərarları › İş №1(125)-265/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-265/2023

23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-265/2023 23.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs 03 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində ictimai yer hesab olunan Gəncə şəhəri, Hərbi şəhərcik 83, 391 saylı binanın qarşısında cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi ilə müşayiət olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərlə qonşusu Zərərçəkmiş şəxs ilə sonuncunun anasının ünvanına nalayiq ifadələr işlətməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs qəsdən yumruqla bir neçə dəfə vuraraq ona sol baldır nahiyəsinin yumşaq toxumalarının hematoma halında əzilməsi, sol dirsək nahiyəsinin sıyrığı, sağ almacıq nahiyəsininin qançırı yarası ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarəti yetirməklə, qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə uzun müddətdir ki, qonşudur və onlar arasında münasibətlər əvvəllər yaxşı olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində yaşadıqları evdə olan zaman binanın həyətindən səs-küy gəldiyini eşitmiş və həyətə baxan zaman qonşusu Novruzun anası Sədaqətlə mübahisə etdiyini və Novruzun anasının ünvanına nalayiq ifadələr işlətdiyini görmüşdür. O, Novruzun bu hərəkətinə əsəbləşərək dərhal evdən binanın həyətinə düşmüş və Novruzun qonşu binanın girişində olduğunu görüb onu saxlamış və əsəbi olduğundan əl zərbələri ilə Novruzun üz nahiyyəsinə zərbələr vurmağa başlamışdır. Həmin vaxt onların səs-küyünə Novruzun həyat yoldaşı Sara, kənardan başqa şəxslər o, cümlədən qonşular yığışmış və onları ayırmışlar. Sonra Novruz ilə arvadı Sara oradan uzaqlaşmışlar. O, isə avtomobilinə minərək, şəhər istiqamətində getmişdir. Bir qədər sonra qazi olan qardaşı ona zəng edərək, Novruzun ondan polisə şikayət etdiyini bildirmişdir. Novruzla onlar arasında mübahisə təxminən 10-12 dəqiqə davam etmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımaqla onlar Gəncə şəhəri, Hərbi şəhərcik 38, bina 391-də qonşuluqda yaşayırlar. Əvvəllər İbrahim ilə münasibətləri yaxşı olmuş və aralarında heç bir ədavətləri və düşmənçilikləri olmamışdır. O, yaşadığı binadan təxminən 100 metr məsafədə yerləşən boş torpaq sahəsində təxminən 15-20 il əvvəl meyvə ağacları əkmişdir. Həmin ərazi heç bir kəsin adına rəsmiləşdirilməmiş və dövlət mülkiyyətindədir. Təxminən 2-3 il əvvəl qonşusu Elşən həmin ərazidə yaşayış evinin tikintisinə başlamışdır. Elşən həmin evin tikintisini başa çatdırdıqdan sonra evin hasarını bir qədər irəli çəkmiş və onun əkdiyi ağaclardan iki ədəd tut ağacını kəsmişdir. O, 03 oktyabr 2022-ci il tarixdə işdən gələn zaman bağa baxmaq üçün həmin əraziyə getmiş və həmin vaxt orada olan iki ədəd ağacın kəsildiyini görüb əsəbləşərək binanın qarşısına gəlmiş və Elşənin həyat yoldaşı Sədaqətin binanın qarşısında olduğunu görüb ona öz iradını bildirərək, yoldaşı Elşənin nə üçün həmin ağacları kəsdiyini soruşmuşdur. Sədaqətdə ona həmin ağacları ustaların bilmədən kəsdiyini bildirmişdir. Əsəbindən Sədaqətə “Tikdirdiyiniz evdən Allah heç xeyir verməsin” deyərək oradan uzaqlaşmış və yaşadığı binanın blokuna daxil olan zaman Təqsirləndirilən şəxs arxa hissədən ona yaxınlaşaraq onu vurub yerə yıxmış və yerdə olan zaman əl və ayaq zərbələri ilə onun ayaq, üz və qol nahiyəsinə zərbələr endirməyə başlamışdır. Həmin zaman səs-küyə həyat yoldaşı Sara, həmçinin qonşular oraya gəlmiş və onları aralamışlar. Daha sonra o bu barədə polisə məlumat vermişdir. Hadisə təxminən 15-20 dəqiqə davam etmiş, hadisə baş verən zaman səs-küyə oradan keçən insanlar toplaşmış və onları aralamışdırlar. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını və ona dəymiş zərərin tam olaraq ödənildiyini bildirərək Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X2 göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun qonşusudur. Onlarla arasında heç bir ədavəti yoxdur. xx.xx.2022-ci il tarixdə saat təxminən 18 radələrində yaşadığı evdə olan zaman bayırdan səs-küy gəldiyini eşitmişdir. O, həyətə çıxmış və binanın qarşısında qonşularının toplaşdığını görmüşdür. O, adamlar toplaşan yerə yaxınlaşan zaman qonşuluqda yaşayan İbrahim ilə Novruzun mübahisə edib dalaşdıqlarını, ətarafa yığışan insanların isə onları aralaşdırdıqlarını görmüşdür. Həmin vaxt qonşular hər iki şəxsi aralaşdırdıqdan sonra hər kəs dağılışmışdır. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun ilə üzbəüz qonşudur, aralarında düşmənçilikləri və ədavətləri yoxdur. Təqsirləndirilən şəxs də onun qonşusudur, aralarında heç bir düşməçilikləri və ədavətləri yoxdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində o yaşadığı evdə olan zaman binanın qarşısından səs-küy gəldiyini eşitmişdir. O, pəncərədən baxan zaman qonşusu İbrahim ilə Novruzun mübahisə etdiklərini görmüşdür. Ətraflarına qonşular, orada olan insanlar toplaşmış və İbrahim ilə Novruzu ayırmışlar. Onlara öz iradlarını bildirmişlər. Hadisə təxminən 10-15 dəqiqə davam etmiş, hadisə zamanı kənardan insanların toplaşması əlavə olaraq da səs-küy yaratmışdır. Məhkəmə baxışında Şahid3 Mətiş qızının tədqiq edilmiş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə qonşudur, aralarında düşmənçilikləri və ədavətləri yoxdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində o yaşadığı evdə olan zaman binanın qarşısından səs-küy gəldiyini eşitmişdir. O, pəncərədən baxan zaman binanın qarşısında adamlar toplaşdığını və dava-dalaş olduğunu görmüşdür. O, binanın qarşısına düşən zaman qonşuları İbrahim ilə Novruzun dalaşdığını və toplaşan adamların onları araladıqlarını görmüş və özü onlara yaxınlaşaraq öz iradını bildirmiş, daha sonra ətrafa yığışan adamlar onları ayırmış və hər kəs dağılmışdır. Hadisə təxminən 15-20 dəqiqə davam etmiş, ətrafa çoxlu insanlar toplaşmış və səs-küy yaranmışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər iş materiallarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: 03 oktyabr 2022-ci il tarixli “hadisə yerinə baxış” protokolundan görünür ki, hadisə yeri Gəncə şəhəri, Hərbi şəhərcik 83, 391 saylı binanın yan tərəfində yerləşən ərazidədir. Baxış zamanı protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli 1928 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Psixonevroloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli, 1367 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X5 03 oktyabr 2022-ci il tarixli 1802 nömrəli “canlı şəxsin ekspertizası” barədə ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol baldır nahiyəsinin yumşaq toxumalarının hematoma halında əzilməsi, sıyrığı, sol dirsək nahiyəsinin sıyrığı, sağ almacıq nahiyəsinin qançırı - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2022ci il tarixdə əmələ gələ bilərlər və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. 26 mart 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Gəncə şəhəri, Hərbi şəhərcik 83-də yerləşən 391 saylı binanın yaxınlığından 2 (iki) ədəd tut cinsli ağacın kök boğazından kəsilərək məhv edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması nəzərə alınmış, həmçinin təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər istintaq sənədləri iş materiallarına uyğun olduğu üçün sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilməsi, qərarın surətinin ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Gəncə şəhər prokuroruna göndərilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələbinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyi və cinayət işində olan və tədqiq edilən sübutlarla tam sübuta yetirildiyindən məhkəmə həmin sübutları sübut növü kimi qiymətləndirir və qəbul edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 03 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində ictimai yer hesab olunan Gəncə şəhəri, Hərbi şəhərcik 83, 391 saylı binanın qarşısında cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi ilə müşayiət olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərlə qonşusu Zərərçəkmiş şəxs ilə sonuncunun anasının ünvanına nalayiq ifadələr işlətməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs qəsdən yumruqla bir neçə dəfə vuraraq ona sol baldır nahiyəsinin yumşaq toxumalarının hematoma halında əzilməsi, sol dirsək nahiyəsinin sıyrığı, sağ almacıq nahiyəsininin qançırı yarası ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarəti yetirməklə, qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, ictimai təhlükəsizlik, ictimai qayda, cəmiyyətin mənafeləri, vətəndaşların həyatı və sağlamlığı əleyhinə olan qərəzli hərəkətlərlə əlaqədar qəsdən törədilən cinayətdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 4-cü bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair 20 may 2011-ci il taixli Qərarının göstərişlərində göstərilir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də, zərər çəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bununla da, Təqsirləndirilən şəxs öz davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmiş, özünü ətrafdakılara qarşı qoymuş və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərmiş, əxlaq normalarını kobud surətdə pozmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsinə əsasən təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, həmçinin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində cinayət işində olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 14 (on dörd) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 84 (səksən dörd) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356,358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1000 (bir min) manat məbləğində cərimə cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 84 (səksən dörd) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar