Məhkəmə qərarları › İş №1(125)-266/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-266/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-266/2023 30.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş-hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi - Nümayəndə, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1981-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs, tamah niyyəti ilə özgənin əmlakını açıq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 20 radələrində ünvan 2 ünvanında yerləşən “Oba 33” mağazasına daxil olub həmin mağazaya məxsus içərisində 1600 manat məbləğində pul olan kassa aparatının xəzinə qutusunu açıq şəkildə həmin mağazanın işçisi satıcı-kassiri Şahid1 gözü qarşısında götürüb talamaqla ələ keçirmək istəyərkən, mağzanın satıcıkassiri Şahid1 tərəfindən dartıb əlindən aldığından talamaq istədiyi içərisində 1600 manat məbləğində pul olan kassa aparatınnı xəzinə qutusunu hadisə yerində qoyub qaçaraq öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyib soğunçuluğa cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır və fərdi əməklə məşğul olur. 20 fevral 2022-ci il tarixdə yaşadığı evdə spirtli içki qəbul etmiş, sonra isə siqaret almaq üçün yaşadığı evin yaxınlığında yerləşən “Oba 33” mağazasına getmişdir. “Oba 33” mağazasına daxil olduqdan sonra həmin mağazanın giriş hissəsində sol tərəfdə yerləşən kassa aparatının xəzinə qutusunu görmüş və həmin xəzinə qutusunun içərisində 2000-2500 manat məbləğində pul olacağını düşünərək həmin kassa aparatının içərisindəki pulları oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə də həmin vaxt mağazada işləyən satıcının başının işə qarışdığını görüb əl atıb xəzinə qutusunu içərisində olan pullar ilə birlikdə tanımadığı xanımın yanından götürüb oradan uzaqlaşmaq istəyən zaman mağazanın qadın işçisi ona mane olmuşdur. Belə ki, həmin vaxt satıcı xanım xəzinə qutusunu onun əlindən almaq istəsə də, o, xəzinə qutusunu xanıma verməmiş və mağazanın qapısını açaraq oradan uzaqlaşmaq istəyərkən həmin işçi xanım xəzinə qutusuna zərbə endirmiş və xəzinə qutusu əlindən yerə düşmüşdür. Bundan sonra həmin işçi xanım xəzinə qutusunun üzərinə çıxaraq onun yenidən xəzinə qutusunu götürməsinə mane olmuşdur. Daha sonra mağazada işləyən digər işçi oraya gəlmişdir. O, səs-küyün artacağını və xəzinə qutusunu oğurlaya bilməyəcəyini anlayaraq qaçaraq oradan uzaqlaşmışdır. Həmin vaxt maddi sıxıntıları, yəni 1100 manat məbləğində pul borcu olmuş və həmin kassa aparatının xəzinə qutusunuda bu məqsədlə götürüb aparmaq istəmişdir. O, mağazaya daxil olub xəzinə qutusunu oğurlamaq istəyərkən həmin mağazanın işçisi olan qadının onu gördüyünü bilmişdir. Lakin buna baxmayaraq o, məcbur olduğu üçün həmin işçinin gözü qarşısında xəzinə qutusunu götürüb aparmaq istəmişdir. O, hadisə vaxtı spirtli içki qəbul etsə də, hərəkətlərinə nəzarət edə bilmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, əməlindən peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında ifadə vermiş zərərçəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi - Nümayəndə ifadəsində göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən 32 ünvanında yerləşən “Oba 33” mağazasında mağaza inzibatçısı işləyir. 20 fevral 2022-ci il tarixdə saat 21 radələrində mağazada işləyən Şahid1 ona zəng edərək naməlum şəxsin mağazaya gələrək kassa aparatının xəzinə qutusunu oğurlamağa cəhd etdiyini bildirmişdir. Bundan sonra o, dərhal Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən 32 ünvanında yerləşən “Oba 33” mağazasına getmişdir. O, mağazaya gəldikdən və video görüntülərə baxdıqdan sonra həqiqətən saat 20 radələrində naməlum şəxsin mağazaya gələrək orada yerləşən kassa aparatının xəzinə qutusunu içərisində pullarla birlikdə oğurlamağa cəhd etdiyini, lakin mağazanın kassiri Şahid1 tərəfindən ona mane olunduğu və həmin şəxsin kassa aparatının xəzinə qutusunu oğurlaya bilməyəcəyini başa düşüb həmin yerdən qaçıb getdiyini görmüşdür. Bundan sonra onlar DİN-nin 102 zəng xidməti mərkəzinə müraciət edib hadisə barədə məlumat vermişlər. Hazırda şirkət olaraq Təqsirləndirilən şəxs ilə barışmış, onlara dəymiş ziyan tam ödənildiyi üçün təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 göstərdi ki, "xxxx" MMC-yə məxsus Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən 32 ünvanında yerləşən “Oba 33” mağazasında satıcı-kassir vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixində saat 20 radələrində o, mağazanın giriş hissəsində kassa aparatının olduğu piştaxtanın yanında olan zaman tanımadığı bir nəfər şəxsin mağazaya daxil olduğunu və mağazaya aid kassa aparatının xəzinə qutusunu oğurlamağa cəhd etdiyini görmüş və buna görə özü ona mane olmağa çalışmışdır. Belə ki, həmin şəxs kassa aparatına qoşulu olan xəzinə qutusunu götürüb mağazadan çıxmaq istəyən zaman o, həmin şəxsin qarşısına keçib ona mane olmağa çalışmış və həmin kassa aparatını əlindən almağa çalışmışdır. Lakin həmin şəxs mağazanın qapısını açaraq xəzinə qutusu ilə birlikdə getmək istəyən zaman o, xəzinə qutusuna zərbə endirərək yerə düşməsinə nail olmuş və xəzinə qutusunun üzərinə çıxaraq, həmin şəxsin xəzinə qutusunu oğurlamasına mane olmağa çalışmışdır. Bu zaman onunla birlikdə işləyən Aynur adlı işçidə səsini eşidərək gəlmiş və həmin şəxs xəzinə qutusunu oğurlaya bilməyəcəyini anlayaraq mağazadan çıxıb qaçmışdır. Bundan sonra o, mağazanın inzibatçısı Nümayəndə zəng edərək bu barədə məlumat vermiş və qısa zaman ərzində onlar daha sonra hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişlər. Hadisə zamanı kassada 1600 manat məbləğində pul olmuş, həmin kassa aparatının xəzinə qutusunun qiyməti təxminən 250 manat olmuş, mağazada tanımadıqları müştəri və mağaza işçisi olmuş, hadisə nəticəsində heç kəs xəsarət almamış və mağazaya hər hansı başqa maddi ziyan dəyməmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında dindirilməsi mümkün olmamışdır. Ona görə də cinayət prosesi tərəflərinin razılığı ilə şahidin ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, "xxxx" MMC-yə məxsus ünvan 4 ünvanında yerləşən “Oba 33” mağazasında satıcı-kassir vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixində saat 20 radələrində mağazanın anbar hissəsində olan zaman mağazanın giriş hissəsindən səs-küy olduğunu eşidib nə baş verdiyini bilmək üçün baxan zaman onunla birlikdə işləyən Şəhlanın tanımadığı bir nəfər şəxslə dava-dalaş etdiyini görmüş və dərhal mağazanın giriş tərəfinə getmişdir. O, onların yanına çatan zaman həmin şəxsin əlində mağazaya məxsus kassa aparatının xəzinə qutusunun olduğunu və hər kəsin qarşısında oğurlamağa cəhd etdiyini, Şəhlanın isə buna mane olmağa çalışdığını görmüşdür. Bundan sonra o da Şəhlaya kömək etmişdir. Şəhla həmin şəxsin əlində olan xəzinə qutusuna zərbə endirərək yerə düşməsinə nail olub və xəzinə qutusunun üzərinə çıxaraq naməlum şəxsin xəzinə qutusunu oğurlamasına mane olmuşdur. Həmin şəxs xəzinə qutusunu oğurlaya bilməyəcəyini anlayaraq qaçaraq oradan uzaqlaşmışdır. Hadisə ünvan 4 ünvanında yerləşən “Oba 33” mağazasınını giriş hissəsində baş vermiş, hadisə zamanı kassada 1600 manat məbləğində pul olmuş, həmin kassa aparatının xəzinə qutusunun qiyməti təxminən 250 manat məbləğində olmuş, orada tanımadıqları müştəri və mağaza işçisi Şəhla olmuş, heç kəs xəsarət almamış, mağazaya hər hansı başqa maddi ziyan dəyməmiş, baş vermiş hadisəsi ilə əlaqədar şübhələndiyi hər hansı bir şəxs olmamışdır. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Oba 33” adlı marketdə quraşdırılmış kamera vasitəsi ilə qeydə alınmış DVD diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. 20 fevral 2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ünvan 4 ünvanında yerləşən “Oba 33” mağazasında soyğunçuluq cinayətinə cəhd edildiyi ünvana baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 yanvar 2023-cü il tarixli, 9/9083 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş məlumatlara əsasən anoloji malların texniki göstəricilərinə müvafiq olaraq, kassa aparatının xəzinə qutusunun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hadisə baş verən tarixə, yəni 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 70,0 manat müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli, 1454 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli, 1482 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 07 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməmişdir. “Şübhəli şəxs qismində tutma haqqında” protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs 14 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, 16 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək o, həbsdən azad edilmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü Solmaz və xx.xx.2016-cı il təvəllüdlü Tunar adlı iki azyaşlı uşağı vardır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi-Nümayəndə 28 may 2023cü il tarixli ərizəsindən görünür ki, şirkət olaraq Təqsirləndirilən şəxs ilə barışmış, onlara dəymiş ziyan tam ödənildiyi üçün təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, hadisənin görüntülərini özündə əks etdirən videoçəkliş, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzanı yüngülləşdirən halları və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 aprel 2022-ci il tarixdən 16 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Beləliklə, məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, cəza çəkdiyi müddət ərzində Gəncə şəhərinin ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış cinayət hadisəsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 (on) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 14 aprel 2022-ci il tarixdən 16 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırması cəzasının 02 (iki) gününə bərabər tutularaq cəmi 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış cinayət hadisəsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar