Məhkəmə qərarları › İş №1(125)-267/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-267/2023

12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-267/2023 12.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X8, Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə xx.xx.2001-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Gəncə şəhər İH-nin MKTİB-də təsərrüfatçı vəzifəsində işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 00-15 radələrində Gəncə şəhəri, Qurtuluş küçəsi döngə 1, 61 nömrəli binanın dəhlizində ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qəsdən qərəzli hərəkətlər edərək, yaşadığı ünvan 2 ünvanına, nənəsi X1 tibbi yardım üçün çağrışa gəlmiş Gəncə şəhəri X7 Yardım stansiyasının 2 saylı filialında çağrışçı-feldşer vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 ilə heç bir əsaslı səbəb olmadan mübahisə edərək, qəsdən sonuncunun sifət nahiyəsinə yumruqla bir neçə zərbələr vurub, ona üst çənədə İİ dişin travmatik laxlaması ilə müşayiət olunan hər iki dodağın yumşaq toxumaların əzilməsi ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, vurduğu zərbədən yerə yıxılmış Zərərçəkmiş şəxs1 başını ayağı ilə əzərək, daha sonra təkrar, sakitləşməyərək xuliqanlıq hərəkətlərini davam etdirərək, həmin gün saat 00-20 radələrində Zərərçəkmiş şəxs1 işlədiyi Gəncə şəhəri X7 Yardım stansiyasının 2 saylı filialının inzibati binasına gələrək, filialın giriş qapısını təpiklə açıb, nalayiq ifadələr işlətməklə səs-küy salıb, stansiyanın iş rejimi pozmaqla, üzərində olan bir tərəfi kəsici,ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən turis bıçağından silah qismində istifadə edərək, ətrafda olan şəxslərin qorxu və təlaşına səbəb olan, şəxslər üzərində üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə onunla qarşı-qarşıya gəlmiş, stansiyada dispeçir vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 həkim Zərərçəkmiş şəxs1 harada olmasını qəzəbli soruşmuş, Zərərçəkmiş şəxs2 həkim Zərərçəkmiş şəxs1 harada olmasını ona demədiyindən zor tətbiq etməklə, sol dirsəyi ilə Zərərçəkmiş şəxs2 çiynindən vuraraq divara sıxıb, bıçaqla onu öldürəcəyi ilə hədələyərək bıçaqdan silah qismində istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, anası və nənəsi X4 ilə birlikdə yaşayır. İİ Qarabağ müharibəsində iştirak zamanı döyüşlərdə partlayış nəticəsində aldığı kəllədaxili travmaya görə 3-cü qrup əlildir və hazırda əsəb xəstəliyindən əziyyət çəkir. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində yaşadığı evin həyətində olan zaman onu anası evlərinə çağırmış və nənəsinin vəziyyətinin pis olduğunu demişdir. Nənəsi Ofelya şəkər xəstəliyindən əziyyət çəkir. O, evə qalxmış və görmüşdür ki, həqiqətən nənəsinin şəkəri tam aşağı düşüb və o, şok olmuşdur. Ona görədə onlar təcili yardımın 103 xidmətinə zəng etmişlər. Aradan təxminən 15 dəqiqə keçmiş bir nəfər cavan oğlan sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs1 adlı həkim və onun yanında bir nəfər orta yaşlı qadın tibb bacısı evlərinə gəlmişdir. Həmin vaxt gəlmiş həkim personalı nənəsini xəstəxanaya aparmaq istəmədiklərinə görə o, Zərərçəkmiş şəxs1la mübahisə etmiş və Elmir onların evlərindən aşağı düşüb xərəyi gətirməyə gedən zaman aşağıda Elmirə əsəbləşdiyindən özünü saxlaya bilməyib yumruqla blokun qarşısında onun sifətinə zərbə vurmuş, zərbədən Elmir yerə yıxılmış, sonra yerdə Elmirin başını ayağı ilə əzmişdir. Özünün də hadisə vaxtı sağ əli vurduğu zərbədən ağrımış və əli şişmişdir. Bunda sonra Elmir oradan piyada qaçıb TTYS-na getmiş, özü isə həkim Zərərçəkmiş şəxs1 əsəbləşdiyindən təzədən evdən qatlanan cib bıçağını götürüb yaxınlıqdakı TTTYS-nın 2 saylı məntəqəsinə getmişdir ki, Elmiri orada tapıb ona desin ki, nə oldusa oldu və qutardı. Bıçağı isə özü ilə ona görə götürmüşdür ki,birdən Elmir ona xəsarət yetirər,özünü müdafiə edə bilsin. O, təcili yardım stansiyasına daxil olmuş, giriş qapısını zərbə ilə vurub açmış, içəri daxil olanda qeydiyyatçı kimi tanıdığı Zərərçəkmiş şəxs2 ilə qarşılaşmış, ondan Elmir həkimin yerini soruşmuş, o da ona Elmirin yerini deməmiş və onu qucaqlayıb çölə çıxarmışdır. Bundan sonra təcili yardım xəstəxanasından çıxıb nənəsinin yanına, yəni, Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya getmişdir. Etdiyi əməldən səmimi peşmandır. 2-ci Qarabağ müharibəsində iştirak etmiş, yaralanmış və hazırda 3-cü qrup əlildir. Döyüşlərdə iştirak etdiyinə görə ölkə başçısı tərəfindən 5 medalla təltif olunmuşdur. Hazırda zərərçəkmiş şəxslərdən üzr istəmiş və onlarla barışmışdır. Bütün bu halları nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs1 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 23:55 dəqiqədə işlədiyi Gəcə şəhər 2 saylı TTYS-da növbədə olduğu zaman ünvan 3 ünvan işlədiyi xəstəxanın qarşısındakı binada yerləşmişdir. O da tibb bacısı Məhluqə ilə birlikdə çağırış daxil olan ünvana getmişdir. Onlar çağırılan mənzilə daxil olub xəstə X5 ilkin yardımları göstərmişlər. Daha sonra isə adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs yanında bir nəfər şəxslə birlikdə olduqları otağa daxil olmuş və Orxan tibb bacısı Məhluqəyə “Sən niyə xəstəyə baxmırsan? Deyə sual etmişdir. Tibb bacısı Məhluqə isə onu göstərib xəstəni həkim olaraq onun müayinə etdiyini demişdir. Həmin vaxt özü Orxanı sakitləşdirmək üçün xəstəni həkim kimi özünün müayinə etməli olduğunu, Məhluqənin isə tibb bacısı olduğunu bildirmişdir.Bu zaman Təqsirləndirilən şəxs heç bir səbəb olmadan onun üzərinə gəlib əli ilə onun başından vuraraq onu itələmiş, o, Orxana öz etirazını bildirərək əl hərəkətlərini dayandırmasını demiş, Orxan is cavabında ona “Davay xəstəxanaya” demişdir. O, Orxanın sakitləşmədiyini görüb xəstəni xəstəxanaya aparmaq üçün aşağı, avtomobilin yanına düşmüşdür ki, xərəyi götürsün.Bu vaxt Orxan da onun arxası ilə binanın qarşısına düşmüş və binanın blokundan çıxıb biraz aralanan zaman anidən Orxan arxadan ona yaxınlaşmış və heç bir səbəb olmadan yumruqla ağız nahiyəsindən vurmuşdur. Həmin vaxt onun gözü qaralmış, ağız nahiyəsindən qan gəlmiş və yerə yıxılmışdır. Sürücü Faiq onun yıxıldığını görüb avtomobildən düşmüş və tez Orxanın qarşısına keçmişdir.Zərbədən onun dodağı partlamış və 5 ədəd dişi yerindən oynamışdır. O, tbbi yardım almaq üçün binanın qarşısında yerləşən işlədiyi xəstəxanaya getmiş, içəri daxil olandan sonra iş yoldaşları ona yaxınlaşmış və ondan nə üçün üzünün qan içində olduğunu soruşmuş, özü ilkin olaraq ağzına qan dolduğu üçün məlumat verə bilməmişdir. Həmin vaxt vanna otağına getmiş və azğını dərmanla yuyaraq ağrıkəsici vurdurmuşdur. Sonra işçilərə çağırışda olan zaman Orxan adlı şəxsin onu döyməsi barədə məlumat vermişdir. Bir qədər sonra Orxan onun arxası ilə 2 saylı TTTYS-na gəlmiş və inzibati binaya daxil olmuşdur. Həmin vaxt orada kənar şəxslər də olmuşdur. Orxan yüksək səslə qışqıraraq onun harada olmağını soruşmuşdur.Sonradan eşitmişdir ki, hadisə olan vaxtı Orxanın Gəncə şəhər TTTYS-nin 2 saylı filialına gəlməkdə məqsədi ona yenidən bıçaqla xəsarət yetirmək olmuşdur. Ona Orxanın xəsarət yetirməsinə hər hansısa bir səbəb olmamışdır. Baş vermiş hadisə təxminən 10 dəqiqə davam etmişdir. Baş vermiş hadisə vaxtı onun üst çənə dişləri deformasiyaya uğramış, alt üst dodağı partlayaraq hematoma əmələ gəlmişdir. Hazırda təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı hər hansı şikayət və tələbi yoxdur.Odur ki, məhkəmədən Təqsirləndirilən şəxs həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş, Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə növbədə olan zaman Gəncə şəhər Qurtuluş küçəsi, bina 61, mənzil 18-ə çağırış məlumatı almışdır. Çağırışı qəbul edərək bu barədə həkim Zərərçəkmiş şəxs1 məlumat vermişdir. Elmir həkim həmin vaxt başqa çağırışda olduğu üçün xx.xx.2022-ci il tarixdə yuxarıda göstərilən ünvana getmişdir. Həmin gecə bir qədər keçmiş Elmir həkimin xəstəxananın qapısından içəri daxil olanda üz və ağız hissəsinin qan içərisində olduğunu görmüşdür. O, Elmir həkimdən nə baş verdiyini soruşmaq istəsə də Elmir həkim ağrılar içərisində olduğu üçün ona cavab verə bilməmiş və tələsik vanna otağına getmişdir. Bundan təxminən 5 dəqiqə sonra 2 saylı Gəncə şəhər TTTYS-nın dəhlizində olan zaman adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs xəstəxananın giriş qapısını təpiklə vuraraq açmış, o da dəhlizdə olduğu üçün onunla üzüzə gəlmişdir. O, Orxanın Elmir həkimin arxasınca gəldiyini təqribən bildiyi üçün Orxanın qabağına keçərək qarşısını almaq istəmişdir. Həmin vaxt Orxan yüksək səslə “Hanı az o?” deyərək onun üzərinə qışqırmışdır. O, Orxanla alçaq səslə danışaraq onu sakitləşdirmək istəmiş, bu zaman Orxan onun üzərinə atılaraq sol dirsəyi ilə onun çiynini divara sıxmış, özü ilə gətirdiyi bıçağı ona tərəf tutaraq onu ölümlə hədələmişdir. Bundan sonra o, hadisədən qorxduğundan huşunu itirmiş və digər baş verənləri xatırlamamışdır. Ayılanda isə Orxanı artıq orada görməmişdir. Hazırda təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı hər hansı şikayət və tələbi yoxdur.Odur ki, məhkəmədən Təqsirləndirilən şəxs həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 10 dekabr 2022-ci il tarixdə saat 20-dən 11 dekabr 2022-ci il saat 08-ə kimi Gəncə şəhər 2 saylı TTTS-da növbədə olmuşdur. Onunla birlikdə çağırışçı feldşer Zərərçəkmiş şəxs1 da həmin gün növbədə olmuşdur.Onlar saat 23 radələrində getdiyi çağırışdan 2 saylı filiala qayıdan zaman qeydiyyatçı onlara müraciət olduğunu bildirmiş və həmin müraciət olan ünvana, yəni ünvan 4 O, çağrışa feldşer Zərərçəkmiş şəxs1la birlikdə getmişdir. Ünvanda olan zaman şəkər xəstəsi olan təxminən 80 yaşlı qadının vəziyyətinin yaxşı olmadığını görmüş və həkim Zərərçəkmiş şəxs1 həmin şəxsə ilkin tibbi yardım göstərmiş, yəni ilkin olaraq həmin xəstənin təzyiqini ölçmüşdür. Həmin zaman adı sonradan onlara məlum olan Orxan adlı şəxs mənzilə daxil olmuşdur. Orxan mənzilə daxil olduqdan sonra onun üzərinə gələrək nə üçün onun xəstəyə ilkin tibbi yardım etmədiyini deyərək ona iradlarını bildirmişdir.O, həmin şəxsə onun tibb bacısı olduğunu və həkimin xəstəyə yardım etdiyini bildirmişdir. Orxan ona xəstəni xəstəxanaya aparmalarını bildirmişdir. Həkim Zərərçəkmiş şəxs1 Orxana xəstəni xəstəxanaya aparacaqlarını demiş və xərəyi X16 maşınından gətirmək üçün mənzildən çıxmışdır. Həkim Zərərçəkmiş şəxs1 mənzildən çıxandan sonra Orxan da onun arxasınca mənzildən çıxmışdır. Bir neçə dəqiqə o, xəstənin yanında qalmış və bir qədər sonra tanımadığı bir nəfər şəxs mənzilə daxil olaraq ona qaçmağını söyləmişdir.O, həyəcanlandığı üçün nə baş verdiyini anlamadan qorxudan tibb çantasını götürüb mənzili tərk etmiş və X16 məntəqəsinə getmişdir. Orada öyrənmişdir ki, Orxan mənzili tərk etdikdən sonra bayırda Elmir həkimi döyüb xəsarətlər yetirmiş, daha sonra isə Elmir həkimin xəstəxanaya getdiyini görüb onun arxasınca X16 xəstəxanasına gələrək, orada da təkrar Elmiri həkimi döymək üçün axtarmışdır. Məhkəmə istintaq zamanı şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostudur. O, Təqsirləndirilən şəxs ilə bir yerdə İİ Qarabağ müharibəsində iştirak etmişdir. 10 dekabr 2022-ci il tarixdə saat təxminən 23 radələrində Orxanla bir yerdə Gəncə şəhəri dəmir yolu vağzalının yaxınlığında yerləşən çayxanada olan vaxt Orxana evdən zəng gəlmişdir. Həmin vaxt Orxana nənəsinin vəziyyətinin yaxşı olmadığını demişlər. Buna görə də Orxanla bir yerdə onların Gəncə şəhəri Poçt qəsəbəsində yerləşən evlərinə getmişlər. Onlar Orxangilin yaşadığı binanın həyətinə çatanda artıq həyətdə təcili yardım maşını dayanmışdır. Orxan beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən evlərinə qalxmışdır.O, isə həyətdə dayanıb onu gözləmişdir. Bir qədər sonra onların evlərindən səs-küy eşitmişdir.O, əvvəlcə həmin səsə önəm verməmişdir. Lakin sonradan Orxanın dalaşmasından qorxduğu üçün onların evinə qalxmışdır.O, Orxanın yaşadığı evin qapısına çatanda görmüşdür ki, Orxan adını bilmədiyi təcili yardımın kişi həkimi ilə mübahisə edir. Binanın giriş qapısının qabağında Orxanla həmin həkim yenidən mübahisə etməyə başlamışlar. Bundan sonra o sürücü ilə bir yerdə təcili yardım maşınından xərəyi götürüb yuxarı qaldırıb Orxanın nənəsini xərəyə qoyaraq aşağı düşürtmüşdür. Onlar Orxanın nənəsini aşağı düşürdən vaxt Orxanın sağ əlinin qan içində olduğunu görmüşdür. Özü ondan nə olmasını soruşduqda o heç bir problem olmadığını bildirmişdir. Lakin həmin vaxt həkim artıq binanın qabağında olmamışdır. Bundan sonra onlar Orxanın nənəsini təcili yardım maşını ilə Abbas Səhhət adına xəstəxanaya aparmışlar. Məhkəmə istintaq zamanı şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, rəsmi olaraq Gəncə şəhər 2 saylı TTTYS-da sürücü vəzifəsində işləyir. Hadisə günü o növbədə olmuşdur.Onunla birlikdə çağırışçı feldşer Zərərçəkmiş şəxs1 həmin gün növbədə olmuşdur. Onlar saat 23 radələrində getdiyi çağırışdan qayıdıb 2 saylı tibb yardım məntəqəsinə qayıdan zaman qeydiyyatçı onlara müraciət olduğunu bildirmişdir. Həmin müraciət olan ünvana, yəni ünvan 4O, çağrışçı feldşer Zərərçəkmiş şəxs1la birlikdə həmin ünvana getmişdir. Çağırışçı feldşer Zərərçəkmiş şəxs1 bina 61 ünvanın 2-ci mərtəbəsində yerləşən 18-ci mənzilə tibb bacısı Şahid1 ilə getmişlər. O isə X16 avtomobilində oturaraq onları gözləmişdir. Təxminən 10 dəqiqə sonra əvvəllər tanıdığı Orxan adlı şəxs onunla salamlaşdıqdan sonra bina 61-in 2-ci mərtəbəsində yerləşən 18-ci mənzilə getmişdir. Təxminən 5 dəqiqə sonra çağrışçı feldşer Zərərçəkmiş şəxs1 binanın həyətinə düşərək ona yaxınlaşaraq bildirmişdir ki, xərəyi gətirsin. Özü X7 Yardım avtomobilindən düşərək həmin avtomobilin arxasına keçib xərəyi götürən zaman taqqıltı səsi eşitmişdir.O, X7 Yardım avtomobilin qarşı hissəsinə keçdikdə görmüşdür ki, Zərərçəkmiş şəxs1 ağzını tutub. Yaxınlaşanda görmüşdür ki Zərərçəkmiş şəxs1 ağzı qan içindədir. Bu zaman özü Orxana bu nə hərəkətdir, ayıb deyilmi niyə onu vurursan deyərək? öz iradını bildirmişdir. Bundan sonra Orxanla birlikdə xərəyi götürüb bina 61-in 2ci mərtəbəsində yerləşən 18-ci mənzilə getmişdir.O və Orxan içəri daxil olaraq xəstə X6 xərəyə uzandıraraq X7 Yardım avtomobilinə yerləşdirmişlər. Bundan sonra Orxanın tanımadığı dostu ilə özü xəstəni Abbas Səhhət adına xəstəxanaya aparıb təhvil vermiş, sonrakı baş verən hadisələrin şahidi olmamış lakin təcili tibb məntəqəsinə qayıdıb gələndən sonra işçilərdən onlar gedəndən sonra Orxanın Elmir həkimin arxasınca təcili yarrdım məntəqsinə gedərək oradad da dava saldığını öyrənmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 12 dekabr 2022-ci il tarixli qərardan görünür ki, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs barəsində fakta görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanıb icraata qəbul edilmişdır. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutuması haqqında” 12 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 13 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi lə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndilən şəxsin dindirilməsi haqqında” 13 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində ifadə verərkən elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, törətdiyi əməli könüllü şəkildə etiraf etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin uğrunda gedən döyüşlərdə partlayış nəticəsində aldığı kəllədaxili travmaya görə 3-cü qrup əlildir. Gəncə şəhər Məhkəməsinin 4(125)-251/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsemənin əvvəli tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 4(104)-155/2022 nömrəli 22 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatəti təmin edilmiş və 12 mart 2023-cü il tarixə kimi barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. 12 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 11 dekabr 2022-ci il tarixli, “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 iştirakı ilə müstəntiq tərəfindən hadisə yerinə baxış keçirilmiş, hadisənin Gəncə şəhəri, Aydınbəyov küçəsi 61 nömrəli binanın qarşısında baş verdiyi müəyyən edilmiş, Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə saat 00-15 radələrində Təqsirləndirilən şəxs harada qəsdən ona qarşı zor tətbiq etdiyi yeri göstərmiş və bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. 12 dekabr 2022-ci il tarixli, “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 iştirakı ilə müstəntiq tərəfindən hadisə yerinə baxış keçirilmiş, hadisənin Gəncə şəhəri, Aydınbəyov küçəsində yerləşən 2 saylı X7 Stansiyasının binasında baş verdiyi müəyyən edilmiş, Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə saat 00- 20 radələrində Təqsirləndirilən şəxs harada əlində olan bıçaqla divara sıxıb, öldürməklə onu hədələdiyi yeri göstərmiş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. 12 dekabr 2022-ci il tarixli, “Baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bir ədəd qatlanan bıçağı təqdim etmişdir. Həmin bıçaq tiyə və dəstək hissədən ibarət olub, açıq vəziyyətdə ümumi uzunluğu 20 sm, tiyəsinin uzunluğu 9 sm, dəstəyinin uzunluğu 11 sm olmaqla bıçağın bir tərəfi kəsici, ucu deşici xassəlidir.Bu barədə protokol tərtib edilmiş vəfotoşəkillər çəkilmişdir. xx.xx.2022-ci il tarixli, Gəncə şəhər BPİ-nin X11 tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə MSY-nə təhvil verilərkən onun üzrəinə baxış keçirilən zaman əynində olan qara rəngli dəri gödəkçəsinin sol yan cibindən 1 ədəd açıq vəziyyətdə uzunluğu 20 sm, tiyəsinin üzünlüğü 9 sm,dəstəyinin uzunluğu 11 sm olan gümüşü rəngli bir ədəd bıçaq aşkar olunmuş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli,2179 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-üst çənədə İİ dişin travmatik laxlaması ilə müşayiət olunan hər iki dodağın yumşaq toxumaların əzilməsi-bərk küt əşyanın(əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir,qərarın təsviri hisəsində göstərilən tarixdə yəni, xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli,2186 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ əl pəncəsinin yumşaq toxumalarının əzilməsi və hematoması,sağ əlin İİ barmağının səthi yarası- bərk küt əşyanın(əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir,əmələ gəlmə müddətləri qərarın təsviri hisəsində göstərilən tarixdə yəni, xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə soyuq-silah ekspertizasının 28 dekabr 2022-ci il tarixli,16/1388 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 02 ədəd bıçaq kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçaqdırlar və soyuq silah hesab edilmirlər. Üzərlərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Məhkəmə-psixiatrik-psixoloji ekspertizasının 16 dekabr 2022-ci il tarixli, 769/270 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən və sonrakı psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək çətintik törətdiyindən daha əsaslı və uzun müddətli müayinə məqsədilə onun stasionar məhkəmə psixatrik ekspertiza şöbəsinə göndərilməsi zəruri hesab edilmişdir. Gəncə şəhər Məhkəməsinin hakimi Xədicə Cəfərlinin 11 fevral 2023-cü il tarixli 4(125)-72/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş stasionar kompleks-məhkəmə-psixatrik-psixoloji ekspertizasının keçirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatriya Ekspertizası Mərkəzinə yerləşdirlmişdir. Kompleks-stasionar məhkəmə-psixiatrik-psixoloji ekspertizasının 06 mart 2023-cü il tarixli 28 nömrəli rəyinin nəticə hissəsindən görünür ki; Yoxlanılan şəxs Təqsirləndirilən şəxs üzvi mənşəli emosional labil pozuntudan əziyyət çəkir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməllərini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirilidiyi cinayət əməllərinə görə anlaqlı hesab edilməlidir. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs cinayət əməğlini törədərkən keçirdiyi üzvi mənşəli emosional labil pozuntu nəticəsində öz hərəkətlərinin faktiki və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. «Anlaqlılıq və « anlaqsızlıq» terminləri yalnız cinayət hadisəsinin törədildiyi zamana aid olduğundan təqsirləndirilən şəxsin cinayət əməlini törətməzdən əvvəl və hal-hazırda anlaqlı olub-olmaması barəsində qoyulmuş sual cavablandırılımır. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir.Buna görədə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür.Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddələrinin təsiri altına düşmür.Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs aşkar olunan Üzvi mənşəli emosional labil pozuntu cinayət hadisəsini törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir.Buna görədə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli Azərabycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda psixi vəziyyətinə görə tibbi xarakterli tədbirlərin məcburi müalicə tətbiqinə zərurət yoxdur.Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tətbiqin tətbiq edilməsinə ehtiyac olmasa da, anamnezində susid fikrinin olması onda aşkarlanan psixi pozuntunun kəskinləşməsi ehtimalının olması nəzərə alınaraq nəzarət altında saxlanması, zərurət yarandığı tədqirdə isə həkim-psixatrın müşahidəsinə verilməsi tövsiyyə olunur. Məhkəmə psixoloji ekspertizası üzrə yekun hissə. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən güclü ruhi həyacan vəziyyətində,fizioloji affekt halında olmamışdır. Onda müəyyən edilən emosional-iradi pozuntularla əlaqədar hadisə zamanı hərəkətlərini ölçüb-biçmək, idarə etmək,hesabat vermək,məsuliyyətini tam şəkildə dərk etmək iqtidarında olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi və özünün təqdim etdiyi soyuq silah hesab edilməyən 1 ədəd bıçaq iş üzrə əhəmiyyət kəsb etdiyindən hazırkı cinayət işi üzrə maddi sübut növü kimi tanınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Gəncə şəhəri Psixonevroloji Dispanserin 20 mart 2023-cü il tarixli, 1128/21/332 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə dispanserdə müayinə olub və ona «Partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beynin sirkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi emosional labil pozuntu, postkommotision sindrom və davranış pozuntusu» diaqnozu qoyulmuşdur. Təqsirləndirilən şəxs ixtisaslaşdırılmış xəstəxanada stasionar müayinəsi məsləhət görülmüşdür. Cinayət işinə əlavə olunmuş 25 fevral 2023-cü il tarixli, 1354 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs oğlu Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda durmur. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs adına Gəncə şəhəri İHB-nin Mənzil- Kommunal Təsərrüfatı Birliyi 12 nömrəli Xidəmət Sahəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı şikayət daxil olmamışdır. İ-52858 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İ-7833 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Cəsur döyüşçü” medalı ilə təltif olunmuşdur. İ-23265 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Füzulinin azad olunması” medalı ilə təltif olunmuşdur. İ-9552 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Şuşanın azad olunmasına” görə medalı ilə təltif olunmuşdur. Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalın surətindən görünür ki, Təqsirləndirilən şəxs “Hərbi xidmətdə fərqlənməyə görə” İİİ dərəcəli medal ilə təltif edilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladıqları ərizədən görünür ki, hər iki şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı hər hansı şikayət və tələbləri yoxdur. Beləliklə, cinayət işinin istintaq sənədləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi suübutlar, istintaq hərəkətinin protokolları və cinayət işinin materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 221.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışmışdır, onlara dəyən ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsdən şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxsin cəzadan azad edilməsini xahiş etmişlər. Eyni zamanda təqsirləndirilən şəxs cinayəti törədərkən anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərər çəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını, onunla barışmasını, ziyanın tamamilə ödənilməsini, anlaqlılığı istisna etməyən psixi pozuntudan əziyyət çəkməsini, İİİ qrup əlil olmasını, təqsirləndirilən şəxsin cavan olmasını, İİ Qarabağ müharibəsi iştirakçısı olmasını və 5 fərqli medal ilə mükafatlandırılmasını, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə qeyd edir ki, «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə, təqsirləndirilən şəxsin cinayəti etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərər çəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını, onunla barışmasını, ziyanın tamamilə ödənilməsini, anlaqlılığı istisna etməyən psixi pozuntudan əziyyət çəkməsini, İİİ qrup əlil olmasını, təqsirləndirilən şəxsin cavan olmasını, İİ Qarabağ müharibəsi iştirakçısı olmasını və 5 fərqli medal ilə mükafatlandırılmasını yüngülləşdirici halların məcmusu nəzərə alınmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi, eləcə də ailəsini ciddi məhrumiyyətlərə düçar edər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli Qərarının 25ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür. Buna görə də məhkəmə təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində sınaq müddəti təyin edilməklə üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halalrın müəyyən edilməsini, ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, barəsində sınaq müddəti təyin edilməklə üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan – Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri olan 31,50 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X9 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3- cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi 3 ay müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş cəza 06 ay sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulsun və onun üzərində nəzarətin həyata keçirilməsi yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut- Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,50 manat (otuz bir manat əlli qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı– “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar