Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-268/2023 31.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Ş.İ.Xətai prospekti ev 173B, mənzil 5-də yaşamış, hazırda Gəncə Şəhər Məhkəməsinin 01 may 2023-cü il tarixli, 1(125)-25/2023 saylı Hökmü ilə barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,292 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 10 yanvar 2023-cü il tarixdə saat 15 radələrində Gəncə şəhər BPİnin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Şəfa Aptek”in yaxınlığında saxlanılıb ünvan 2 ünvanda yerləşən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə gətirilmiş və şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibinin üzərində olan kiçik cibindən 1 ədəd şəfaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,292 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitə istifadəçisidir, Gəncə Şəhər Məhkəməsinində 01 may 2023-cü il tarixli, 1(125)- 25/2023 saylı Hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda həmin Hökm üzrə cəza çəkir. 10 yanvar 2023-ci il tarixdə saat 15 radələrində Gəncə şəhəri Atatürk prospektində yerləşən “Şəfa Aptek”-nın yaxınlığında saxlanılıb 2-ci polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində polis əməkdaşları xidməti otaqların birində onun üzərində axtarış aparmış, lakin heç bir qeyri-qanuni predmet aşkar etməmişlər. Bir qədər sonra onun qarşısına narkotik vasitə heroin qoyaraq onu götürüb cibinə qoymasını demişlər. O razılaşmadıqda ona mənəvi təzyiq göstərməyə başlamışlar. O isə ona daha ağır maddə ilə ittiham irəli sürüləcəyindən qorxaraq narkotik vasitəni götürüb cibinə qoymuşdur. Daha sonra 2-ci polis şöbəsində şübhəli şəxs qismində tanınmış, müdafiəçinin iştirakı, videoçəkilişlə üzərində şəxsi axtarış həyata keçirilmişdir. Ona üzərində olan qanunsuz əşyanın olduğu halda təqdim etməsi bildirildikdə digər qadağan olunmamış predmetlərlə birlikdə əynində olan qara rəngli cins şalvarın sağ iç cibindən əvvələcədən polis tərəfindən üzərinə qoyulmuş sellofan kəsiyinə bükülmüş kütləni təqdim etmiş, həmin bükülüyə baxdıqda içərisində narkotik vasitə heroinə oxşar kütlə müəyyən edilmiş, həmin küllə elektron tərəzidə çəkilmiş və çəkisi 0,33 qram gəlmişdir. Üzərindən çıxan digər əşya və predmetlər özünə qaytarılmışdır. O, üzərindən aşkar edilən kütlənin kakos deyilən narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra aşkar edilmiş bir ədəd bükülüdə olan kütlə qablaşdırılıb bir ədəd zərfə qoyularaq möhürlənib qablaşmanın üzəri iştirakçılar tərəfindən və özü tərəfindən imzalanmış, həmin narkotik vasitənin üzərindən aşkar edilməsini, özünə məxsus olmasını təsdiq etmişdir. O üzərindən aşkar olunan kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni tutulmamışdan bir gün əvvəl yaşadığı evin yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İbtidai istintaqdakı ifadəsini, eyni zamanda şəxsi axtarış istintaq hərəkəti zamanı narkotik vasitə ilə bağlı ilkin izahatını təzyiq altında vermişdir. Hazırki cinayət işi üzrə cinayət onun tərəfindən törədilmədiyindən ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2012-ci ildən X4 xidmət edir, hazırda isə Gəncə şəhər 2-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmətini davam etdirir. ünvan 4 ünvanında qeydiyyada olmaqla ünvan 5 Təqsirləndirilən şəxs üzərində mütəmadi olaraq narkotik vasitələr saxlaması, gəzdirməsi və istifadə etməsi ilə barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üzərinə baxış keçirilməsi barədə qərar çıxarılmış, həmin tarixdə Təqsirləndirilən şəxs olduğu yer barədə barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat əsasında CAB-ın əməkdaşı Şahid2 ilə birlikdə saat 15 radələrində Gəncə şəhəri, Atatürk prospektində yerləşən Şəfa Aptekin yaxınlığında Təqsirləndirilən şəxs müəyyən edib yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan etmiş və sonuncunu Gəncə şəhər 2-ci Polis Şöbəsinə gətirmişlər. Şöbədə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və vəkil Müdafiəçi kimi iştirakı təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibinin üzərində olan kiçik cibindən sellofan bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuş, həmin kütlə elektron tərəzidə çəkilmiş və sellofanla birlikdə çəkisi 0,33 qram gəlmiş, zərfdə qablaşdırılaraq ağzı möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin kakos kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə aşxam saatlarında yaşadığı ərazidə yerdən tapdığını, heç kimə satmadığını, ona qarşı hər hansı qanunsuz hərəkət edilmədiyini bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşı Şahid2 Şahid1 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermiş, o da öz növbəsində Təqsirləndirilən şəxs narkotik vasitənin onun üzərinə polis tərəfindən qoyulması ilə bağlı bildirdiklərini təkzib etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Təqsirləndirilən şəxs üzərində həyata keçirilmiş şəxsi axtarış istintaq hərəkətinin görüntülərini əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Gəncə BPİ-nin 2-ci Polis Şöbəsində baş təhqiqatçı polis mayoru X5, baş əməliyyat müvəkkili polis kapitanı Şahid1, baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, həmçinin Müdafiəçi və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edildiyi və bu barədə ona bildiriş təqdim olunduğu bildirilir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə və ya qanunla qadağan edilmiş əşyanın olub-olmaması soruşular, vardırsa təqdim etməsi təklif olunur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibinin üzərində olan kiçik cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər tünd qəhvəyi kütləni təqdim edir. Həmin kütləyə baxış keçirilərək elektron tərəzidə çəkilir, həmin kütlə sellofanla birlikdə çəkisi 0,33 qram gəlir, zərfdə qablaşdırılaraq ağzı möhürlənir və üzəri iştirakçılar tərəfindən imzalanır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən 28 manat 10 qəpik pul, 1 ədəd plastik kart, 1 ədəd lombard kartı, 2 qutu saqqız, 1 ədəd konfet, 1 ədəd elektron siqaret aşkar edilir, sübut əhəmiyyəti kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs özünə qaytarılır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin kakos kimi tanınan narkotik vasitə heoin olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında yaşadığı ərazidə yerdən tapdığını, heç kimə vermədiyini və satmadığını, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət edilmədiyini bildirir. Məhkəmə-kimyəvi ekspertizasının 11 yanvar 2023-cü il tarixli 16/51 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə..” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,292 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in 1-ci siyahısının 1 bəndinə daxildir. Məhkəmə-narkoloji ekspertizasının 09 fevral 2023-cü il tarixli 221 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixiatriya ekspertizasının 23 fevral 2023-cü il tarixli 126 saylı rəyindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs KEÇİRİLMİŞ KƏLLƏ-BEYİN TRAVMASİNİN QALİQ ƏLAMƏTLƏRİ, DAVRANİŞ POZUNTULARİ İLƏ XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.2 xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs KEÇİRİLMİŞ KƏLLƏ-BEYİN TRAVMASİNİN QALİQ ƏLAMƏTLƏRİ, DAVRANİŞ POZUNTULARİ İLƏ XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.2 keçirməsinə baxmayaraq həmin xəstəlik nisbi yaxşılaşma (kompensasiya) mərhələsində və az ifadəli olduğundan o, qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur, yəni ANLAQLİ vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür, onun tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, Göygöl Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə AR CMdə dəyişikliklər edilməsi haqqında xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası qanunu tətbiq olunaraq cəzası azaldılaraq 02 il 03 ay saxlanılmış, cəzanı çəkib qurtardığından azad olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası ruhi-əsəb dispanserinin 23 yanvar 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası narkoloji dispanserinin 24 yanvar 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs “Opoidlərdən asılılıq” diaqnozu ilə dispanserdə qeydiyyatdadır. 01 aprel 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 0,242 qram olan heroin Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş, xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsində üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk iş materiallarına əlavə edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməməsi, narkotik vasitənin onun üzərinə polis tərəfindən öncədən qoyulması ilə bağlı ifadə verməsi zamanı göstərdiyi hallar iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapmadığından, işdəki sübutların mötəbərliyi məhkəmədə şübhə doğurmadığından məhkəmə tərəfindən özünümüdafiə kimi qiymətləndirilir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahısı”na əsasən “heroin” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 4-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, əməlin Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Bu baxımdan, hazırki iş üzrə təqsirləndirilən şəxsin üzərindən çıxan narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıqdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, eyni zamanda həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə şərh olunanlara əsasən və qeyd edilən qanunvericilik aktı normalarını rəhbər tutaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, hazırki hökmlə təyin ediləcək cəza Gəncə Şəhər Məhkəməsinin 01 may 2023-cü il tarixli 1(125)-25/2023 saylı hökmü təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla ona qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli Gəncə Şəhər Məhkəməsinin 01 may 2023-cü il tarixli 1(125)-25/2023 saylı hökmü ilə müəyyən edilmiş 10 yanvar 2023-cü il tarixdən hesablanmalı və ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə-narkoloji ekspertizasının 09 fevral 2023-cü il tarixli 221 nömrəli rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli, o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış, Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 0,242 qram olan heroin məhv edilməli, xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsində üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk iş materiallarında saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respubikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 32.40 (otuz iki manat 40 qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmə istintaqı zamanı Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən 10 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 01 may 2023-cü il tarixli 1(125)-25/2023 saylı hökmü ilə təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 0,242 qram olan heroin məhv edilsin, Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsində üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 32.40 (otuz iki manat 40 qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 66 (altmış altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-268/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-268/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver