Məhkəmə qərarları › İş №1(125)-269/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-269/2024

24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-269/2024 24.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1979-cu ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu ödənilməmiş və hazırda “azadlığın məhdudlaşdırılması” cəzası çəkən, işləməyən, Gəncə şəhəri, Azərbaycan küçəsi, 7-ci döngə, ev 4-də qeydiyyatda olmaqla, Gəncə şəhəri, Z.Hacıyev küçəsi, ev 53-də yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni, təmiz çəkisi 0,470 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 22 yanvar 2024-cü il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, həmin gün saat 22:10 radələrində Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən “H2O” adlı avtoyuma məntəqəsinin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, N.Nərimanov prospekti 179 ünvanında yerləşən Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə gətirilib həmin gün üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,470 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitə heroin istifadə edir. xx.xx.2024-cü il tarixdə evə çörək almağa gedərkən Dəmiryolu vağzalı adlanan ərazidə dayanacaqda kağız bükümü görmüş, həmin büküm diqqətini cəlb etdiyi üçün yerdən götürüb cibinə qoyaraq oradan uzaqlaşmış, həmin kağız bükümünü 5 saat üzərində saxlamış və ondan istifadə etməmişdir. Növbəti gün xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən avtoyuma məntəqəsinin yaxınlığında olarkən mülki geyimli şəxslər ona yaxınlaşmışlar. Onlar xidməti vəsiqələrini ona nümayiş etdirib Gəncə şəhər BPİ-nin 4-cü PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Onun üzərinə axtarış keçirərək üzərində olan narkotik vasitəni götürmüşlər (həmin narkotik vasitəni Polis Bölməsində təkrar cibinə qoyub çəkiliş aparmışlar) və sonra onu Gəncə şəhər BPİ-nin 4cü PB-nin inzibati binasına aparmışlar,bölmənin inzibati binasında xidməti iş otağında ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edilərək hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmuşdur. Müdafiəçinin iştirakı ilə onun üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparmışlar, əvvəlcə üzərində qanunla qadağan edilmiş narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif edilmişdir. O, narkotik vasitəni cibindən çıxarıb təqdim etmişdir. Onun nə olması soruşulmuş, o, onun “kakos” olduğunu bildirmişdir. O, əldə edib üzərində saxladığı narkotik vasitədən heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmiş, belə bir məqsədi də olmamışdır. Onun narkotik vasitə əldə etməyindən, daşımağından, saxlamağından və istifadə etməyindən heç kəsin xəbəri olmamışdır. Barəsində əməliyyataxtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmiş, bu barədə hər hansı bir şikayəti və tələbi yoxdur.Sonda o, əməlindən peşman olduğunu, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərimişdir ki, Gəncə şəhər BPlnin 4-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib daşıyaraq saxlaması barədə məxfi mənbələrdən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı bölmə rəhbərliyinə raportla məruzə edib, yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlanılmış, tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən avtoyuma məntəqəsinin yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nin 4-cü PB-yə dəvət edilmişdir. Təqsirləndirilən şəxs onlarla razılaşaraq idarəyə gəlmişdir. Gəncə şəhər BPİ-nin 4-cü PB-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və Təqsirləndirilən şəxs dövlət hesabına Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçisi kimi iştirakı təmin edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs üzərində kakos olmasını deyərək əynində olan şalvarın sağ yan cibindən kağız bükümü çıxarıb təqdim etmiş, həmin bükümün içərisinə baxış zamanı oradan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət narkotik vasitə heorinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni tutulduğu gündən bir gün əvvəl vağzal deyilən ərazidə yerdən tapdığını, istifadə etmək üçün üzərində saxladığını, satış məqsədinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunsuz əşya aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs saxlanılarkən və sonrasında polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təsirə məruz qalmadığını bildirmişdir. Bununla da şəxsi axtarış və götürmə başa çatdırılaraq video çəkiliş yekunlaşmışdır. Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təzyiq edilməmiş, həmçinin Təqsirləndirilən şəxs da, hər hansı bir müqavimət göstərməmişdir. Hazırkı vaxtadək Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqdakı ifadəsində göstərimişdir ki, o, Gəncə şəhər BPl-nin 4-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Gəncə şəhəri, Azərbaycan küçəsi, 7-ci döngə, ev 4-də qeydiyyatda olmaqla, Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi, ev 53-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib daşıyaraq saxlaması barədə məxfi mənbələrdən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı bölmə rəhbərliyinə raportla məruzə edib, yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlanılmış, tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən “H2O” adlı avtoyuma məntəqəsinin yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nin 4-cü PB-yə dəvət edilmişdir. Təqsirləndirilən şəxs onlarla razılaşaraq idarəyə gəlmişdir. Gəncə şəhər BPİ-nin 4-cü PB-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və Təqsirləndirilən şəxs dövlət hesabına Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçisi kimi iştirakı təmin edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzədən qabaq Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs üzərində kakos olmasını deyərək əynində olan şalvarın sağ yan cibindən kağız bükümü çıxarıb təqdim etmiş, həmin bükümün içərisinə baxış zamanı oradan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət narkotik vasitə heorinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni tutulduğu gündən bir gün əvvəl vağzal deyilən ərazidə yerdən tapdığını, istifadə etmək üçün üzərində saxladığını, satış məqsədinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunsuz əşya aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş içərisində narkotik vasitə heroinə oxşar maddə olan kağız büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 0,620 qram olması müəyyən edilmişdir. Bundan sonra 01 ədəd boş zərfin üzərinə müvafiq qeydlər aparılaraq həmin büküm zərfin içərisinə qoyularaq möhüriəmb, tərəflərindən imzalandıqdan sonra götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs suallara cavab verərkən, saxlanılarkən və sonrasında polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təsirə məruz qalmadığını bildirmişdir. Bununla da şəxsi axtarış və götürmə başa çatdırılaraq video çəkiliş yekunlaşmışdır. Təqsirləndirilən şəxs ilə heç bir düşmənçiliyi, ədavəti olmamışdır. Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təzyiq edilməmiş, həmçinin Təqsirləndirilən şəxs da, hər hansı bir müqavimət göstərməmişdir. Hazırkı vaxtadək Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: - xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə X5 azad edilmişdir. - xx.xx.2024-cü il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdə olan görüntüdən görünür ki, Gəncə şəhər BPİnin 4-cü PB-nin baş təhqiqatçısı X4, həmin bölmənin əməliyyat müvəkkili Şahid1, sahə rəisi Şahid2 və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzədən qabaq Hümbət Məmmədova üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunur. Hümbət Məmmədov üzərində kakos olmasını deyərək sağ əlini əynində olan şalvarın sağ yan cibinə aparıb oradan bir ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim edir. Həmin bükümün içərisinə baxış zamanı oradan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət narkotik vasitə heorinə bənzər maddə aşkar edilir. Sorğu zamanı Hümbət Məmmədov həmin narkotik vasitəni dünən vağzal deyilən ərazidə yerdən tapdığını, özü istifadə etmək üçün götürüb üzərində saxladığını, satış məqsədinin olmadığını bildirir. Bundan sonra Hümbət Məmmədovun üzərinə şəxsi axtarış keçirilsə də qanunsuz əşya aşkar edilmir. Sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş içərisində narkotik vasitə heroinə oxşar maddə olan kağız büküm elektron tərəziyə qoyulur və çəkisinin 0,620 qram olması müəyyən edilir. Bundan sonra 01 ədəd boş zərfin üzərinə müvafiq qeydlər aparılaraq həmin büküm zərfin içərisinə qoyularaq möhürlənib, iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülür. Yekunda Təqsirləndirilən şəxs verilmiş suallara cavab olarkən saxlanılarkən və sonrasında polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təsirə məruz qalmadığını bildirir. Bununla da şəxsi axtarış və götürmə başa çatdırılaraq video çəkiliş yekunlaşır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 23 yanvar 2024-cü il tarixli 16/120 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd büküm...” yazılar və imzalar olan kağız paketdəki bir ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,470 qram olan maddə kustar üsulla hazılanmış narkotik vasitə heroindir - Məhkəmə-narkoloji ekspertizasının 03 fevral 2024-cü il tarixli 162 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəsətliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. -DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. -Gəncə Şəhər Probasiya şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktuba əsasən Təqsirləndirilən şəxs həmin tarixədək barəsində olan 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının 07 ( yeddi) ay 29 (iyirmi doqquz) gün hissəsini çəkmiş, 09 ( doqquz) ay 27 (iyirmi yeddi) gün hissəsi çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxstərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların xeyli miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ Siyahısında heroininxeyli miqdarının aşağı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsəməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxstəqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, Təqsirləndirilən şəxsazadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə yənidən cinayət əməli törətmişdir. Onun yenidən cinayət əməlini törətməsi və cəzaçəkmədən boyun qaçırması törətdiyi əməllərə tənqidi yanaşmadığını və islah olunmağa meylli olmadığını deməyə əsas verir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü qanuni qüvvəyə mindikdən sonra törətdiyinə görə, həmin hökmlə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının bu günə çəkilməmiş qalan 06 (altı) ay 11 (on bir) gün azadlığın məhdudlaşdırılması cəzası, hazırki iş üzrə təyin ediləcək cəzaya qismən birləşdirilməklə təqsirləndirilən şəxsə hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Çünki Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmamalıdır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulur. Təqsirləndirilən şəxs 22-24 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinə dəyişdirilməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması və ərazi narkoloji dispanserində qeydiyyata olması nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,420 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış 01 ədəd DVD və 01 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 14 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 nömrəli Vəkil Bürosunun vəkili X3, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 84 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Gəncə şəhər Məhkəməsinin 21 iyun 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının bugünkü günə çəkilməmiş qalan 06 (altı) ay 11 (on bir) gün hissəsi 03 (üç) ay 05 (beş) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və ona hökmlərin məcmusu üzrə 11 (on bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,420 qram narkotik vasitə olan- heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış 01 ədəd DVD və 01 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30.40 (otuz manat qırx qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 84 (səksən dörd) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar