Məhkəmə qərarları › İş №1(125)-276/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-276/2023

06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-276/2023 06.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, Ə.Babayev küçəsi, ev 48-də qeydiyyatda olub, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 22 radələrində xx.xx.2022-ci il saat 09 radələrinədək olan müddət ərzində Gəncə şəhəri, 2-ci mikrorayon, 11 saylı binanın qarşısında yerləşən Zərərçəkmiş şəxs məxsus ünvansız fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, orada 1 ədəd 350 (üç yüz əlli) manat dəyərində 40 litrlik tutumu olan aliminium qazanı, 1 ədəd 450 (dörd yüz əlli) manat dəyərində 40 litrlik tutumu olan mis qazanı, 1 ədəd 200 (iki yüz) manat dəyərində 10 litrlik tutumu olan samovarı, 1 ədəd 470 (dörd yüz yetmiş) manat dəyərində preparatoru, 1 ədəd 100 (yüz) manat dəyərində margüs markalı su matorunu, 50 (əlli) manat dəyərində 20 kiloqram mismarı, 300 (üç yüz) manat dəyərində 4 millilik 200 metr uzunluğunda elektrik naqilini və 90 (doxsan) manat dəyərində 2 millilik 90 metr uzunluğunda elektrik naqilini oğurlamaqla, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 2010 (iki min on) manat dəyərində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 təxminən 1 ildir ki, tanıyır. Əvvəllər onunla dostluq münasibətləri olmuşdur. 2022-ci ilin may ayının sonlarında tarixini dəqiq xatırlamadığı gündə Şahid1 onun mobil telefon nömrəsinə zəng edərək onu “mal bazarında” xaş yeməyə dəvət etmişdir. O, Şahid1 təklifi ilə razılaşmış və həmin gün Şahid1la yaşadığı ünvanın qarşısında görüşmüşdür. Sonra Elman ilə birlikdə yaşadığı evin qarşısından “Köhnə Meronun arxası” deyilən yer tərəfdən piyada Göygöl rayonunun ərazisində yerləşən “mal bazarı”na tərəf getmişlər. Yolda Şahid1 fərdi yaşayış evlərinin birinin qarşısında dayanaraq gecə vaxtı oraları gəzdiyini deyib evlərdən birini göstərib bildirmişdir ki, “Bu evdə qədimi samovar var”. Həmçinin Şahid1 təklif etmişdir ki, həmin samovarı götürüb aparıb satsınlar. O da pula ehtiyyacı olduğu üçün Elmanla razılaşmışdır. Bundan sonra Elman qarşısında dayandığı evin hasarından evin həyətinə düşmüş, düşdükdən sonra hasarın üzərindən ona 1 ədəd samovar və 1 ədəd böyük kisə gətirib vermişdir. O, onları götürmüş, Şahid1 isə hasardan keçərək evin həyətindən küçəyə çıxmışdır. Bundan sonra samovar və içərisində digər əşyalar olan kisəni Şahid1 yaşadığı evə aparıb zirzəmiyə qoymuşlar. Həmin gün axşam Elmanla razılaşmışlar ki, səhər saat 09 radələrində görüşüb oğurladıqları samovarı aparıb satsınlar. Səhəri gün saat 09 radələrində Şahid1la onun yaşadığı evin qarşısında görüşmüş və sonra taksi çağırmışlar. Elman bildirmişdir ki, onun şəxsiyyət vəsiqəsi yoxdur. Bu səbəbdən də samovarı onun şəxsiyyət vəsiqəsi ilə aparıb satsınlar. Bundan sonra həmin samovarı Elmanın çağırdığı taksi ilə Gəncə şəhəri Kolxoz bazarı deyilən yerdə qədimi əşyalar satılan bir mağazaya aparmış və samovarı həmin mağazada onun şəxsiyyət vəsiqəsi ilə mağazanı işlədən qadına 95 manata satmışlar. Həmin pulun 45 manatını o, 50 manatını isə Elman götürmüşdür. Bundan sonra Elmanla Gəncə şəhəri, Qızılhacılı küçəsinə getmiş, Elman öz yaşadığı evə o, da öz yaşadığı evə getmişdir. Bundan başqa heç bir cinayət əməli törətməmişdir. Oğurluq edən zaman heç kəs onları görməmişdir. Oğurluq zamanı Elmanın deməsinə görə həmin kisənin içərisində yalnız samovar olmuşdur. Lakin həmin kisə ağır olmuş və içərisində samovardan başqa əşyalar da olmuşdur. Lakin özü həmin kisənin içərisinə baxmamışdır. Həmin kisənin içərisində 1 ədəd preparator və digər əşyalar olmasından isə onun bir neçə gün sonra məlumatı olmuşdur. Çünki Elman həmin preparatoru və digər əşyaları ona pul verməmək üçün tək aparıb satmışdır. Bundan sonra ev sahibinin şikayəti əsasında onlar polis tərəfindən saxlanılmış və barələrində cinayət işi başlanmışdır. Sonda maddi imkanının olmaması səbəbindən oğurluq etdiyini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, yaşadığı evin qarşısında ona məxsus yarımtikili var. Həmin yarım tikiliyə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə getmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında həyat yoldaşı yarımtikilidə saxladığı toyuqlara dən vermək üçün yarımtikiliyə getmişdir. Bir müddətdən sonra evə gəlib ona bildirmişdir ki, yarımtikilinin həyətində olan samovar yoxdur. O dərhal həmin yarımtikiliyə getmiş, həyətinə daxil olduqdan sonra ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər ona məxsus yarımtikilidən 1 ədəd 350 (üç yüz əlli) manat dəyərində 40 litr tutumu olan alüminium qazanı, 1 ədəd 450 (dörd yüz əlli) manat dəyərində mis qazanı, 1 ədəd 10 litrlik tutumu olan samovarı, 470 (dörd yüz yetmiş) manat dəyərində 1 ədəd preparatoru, 1 ədəd 100 (yüz) manat dəyərində üzərində gidrafor ilə birlikdə margüs markalı su matorunu, 50 (əlli) manat dəyərində 20 kiloqram mismarı, 4 millilik 200 metr uzunluğunda ümumi dəyəri 300 (üç yüz) manat olan elektrik naqilini, 90 metr uzunluğunda 2 millilik ümumi dəyəri 90 (doxsan) manat olan elektrik naqilini oğurlamışlar. Həmin əşyaların oğurlandığından əmin olduğundan xx.xx.2022-ci il tarixdə ərizə ilə polis orqanına müraciət etmişdir. Həmin gün polis əməkdaşları hadisə yerinə gələrək baxış keçirmişlər. Oğurluq hadisəsi zamanı ona ümumilkdə 2010 (iki min on) manat maddi ziyan dəymişdir. Polisin apardığı araşdırma ilə evindən həmin əşyaların Təqsirləndirilən şəxs və Şahid1 tərəfindən oğurlandığı məlum olmuşdur. Ona dəymiş ziyan ödənilmədiyindən hər iki təqsirləndirilən şəxsdən şikayətçi olmaqla onlara ağır cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı ifadəsi tədqiq edilmiş ibtidai istintaq zamanı hazırki iş üzrə şahid qismində ifadəsi alınmış Şahid1 ifadəsindən görünür ki, hazırda heç bir yerdə işləmir. 2022-ci ilin may ayının sonlarında onunla qonşuluqda yaşayan Ruslan adlı şəxslə küçədə görüşmüşlər. Söhbət əsanasında Ruslana pula ehtiyacı olduğunu, dəmir və digər metallar oğurlayıb satmaq istədiyini bildirmişdir. Ruslanda ona bildirmişdir ki, onunda pula ehtiyacı var. Ona görə də birlikdə oğurluq etmək qərarına gəlmişlər. Həmin gün təxminən axşam saat 20 radələrindən sonra Ruslan adlı şəxslə yaşadığı evin ətrafında gəzişmişlər. Ətrafda heç kəsin olmadığından əmin olduqdan sonra yaşadığı evdən təxminən 300 metr aralıda yerləşən hasarı alçaq olan bir yarım tikiliyə girmək qərarına gəlmişlər. O həmin yarımtikilinin arxa tərəfindən hasarın üzərindən aşaraq yarımtikilinin həyətinə daxil olmuşdur. Həyətdə olan 1 ədəd preparatırı, 1 ədəd qədimi samovarı, 3 topa elektrik naqilini, təxminən 15-20 kiloqram ağırlığında olan mismarı və 1 ədəd su matorunu hasardan küçəyə tullamışdır. Ruslan həmin əşyaları küçədə yığmışdır. Daha sonra o yarımtikilinin həyətindən çıxmışdır. Ruslan ilə birlikdə oğurladıqları həmin əşyaları yaşadığı evin həyətində gizlətmişdir. Səhəri gün oğurladıqları əşyalardan samovarı Gəncə şəhəri “Kolxoz bazarı” deyilən yerdə Leyla adlı şəxsə 90 manat müqabilində satmışlar. Həmin gün günorta saatlarında elektrik naqilini əridib metal şəkilində Gəncə şəhər “27/05-in dairəsi” deyilən yerdə 12 manat müqabilində dəmir sexinə satmışdır. Daha sonra həmin gün axşam saatlarında isə preparatır ilə 1 ədəd su matorunu Zaur adlı tanışının gətirdiyi tanımadığı şəxsə 90 manata satmışlar. Əldə etdikləri 192 manat gəliri Ruslan ilə bölmüşlər. Bundan başqa 2022-ci ilin may ayının əvvəllərində yaşadığı evin yaxınlığında yerləşən yaşayış olmayan yarımtikilidən 1 ədəd su matorunu, 1 ədəd əl arabasını, 1 topa rezin borunu və 7 ədəd lesanı isə tək oğurlamışdır. Həmin oğurladığı əşyalardan lesanı və əl arabasını əzib metal kimi Gəncə şəhər “27/05 dairəsində” yerləşən dəmir sexinə satmışdır. 1 ədəd su matorunu isə Zaur adlı tanışının gətirdiyi tanımadığı şəxsə satmışdır. Rezin borunu isə hara satdığını xatırlamır. Bundan başqa 23 avqust 2022-ci il tarixdə Gəncə şəhəri Qaraməmmədli qəsəbəsində piyada gəzən zaman ünvanını bilmədiyi yarım tikililərin birində iş getdiyini görmüşdür. Həmin vaxt düşünmüşdür ki, axşam saatlarında yarımtikilidə heç kəs olmayan zaman gəlib iş görülən alətlər orada olarsa oğurlayar. Bunun üçündə xx.xx.2022-ci il tarixdə saat 01 radələrində həmin ünvana getmişdir. Arxa tərəfdən hasarın üstündən aşaraq yarmtikiliyə daxil olmuşdur. Yarımtikilinin içərisini gəzdikdən sonra orada olan otaqların birində 1 ədəd drelin 1 ədəd laqondanın və 2 ədəd isə preparatorun olduğunu görmüşdür. Həmin alətləri yarımtikilidən çıxarıb qıraqda gizlətmişdir. Bundan sonra yaşadığı evə getmişdir. Yaşadığı evdən əl arabası gətirib həmin alətləri araba ilə yaşadığı ünvana aparmışdır. Səhəri gün isə Abbasəli adlı şəxsə zəng edərək onda tikinti alətləri olduğunu və həmin alətləri satmaq istədiyini bildirmişdir. Abbasəli bir müddətdən sonra yaşadığı ünvana gəlmiş. O həmin əşyalardan 1 ədəd laqondanı və 2 ədəd preparatoru 45 manat müqabilində Abbasəli adlı şəxsə satmışdır. Bundan başqa 2022-ci ilin aprel ayında Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evinin hasarından keçib həyətdə yerləşən anbarın qapısının qıfılını sındırıb anbara daxil olub və həmin yerdə ölçüsünü xatırlamadığı uzunluqda elektrik naqili oğurlamış, bundan iki gün sonra yenidən həmin yerə girib həmin yerdən yenidən mis elektrik naqili oğurlamışdır. Oğurladığı elektrik naqillərini yaşadığı evin həyətində əridib mis halında küçələrdən pərakəndə dəmir tullantılar və mis alqı-satqısı ilə məşğul olan tanımadığı şəxsə ümumilikdə 32 manata satmış, həmin pulu isə şəxsi ehtiyyacları üçün xərcləmişdir. Bundan başqa 13 may 2022-ci il tarixdə pula ehtiyacı olduğu üçün Göygöl rayonu Üçtəpə kəndində kənarları hasarlı yarım tikili evin həyətində gördüyü taxtaları oğurlamaq qərarına gəlmiş və tanışı Xəyal ilə görüşüb pula ehtiyacı olduğunu əsgərlikdə olan oğlunun yanına getmək istədiyini, lakin pulunun olmadığını, oğurluq etmək istədiyini və ona köməklik etməsi əvəzində hörmət edəcəyini bildirmişdir. Xəyal isə onun ilə oğurluq etməyə razılaşmışdır. Əvvəlcədən də tanışı Bağırzadə Pərvizə zəng edib taxta olacağını istəyib-istəmədiyini soruşmuşdur. Pərviz isə taxtanı alacağını hazır olanda xəbər etməyini bildirmişdir. O, Xəyal ilə piyada Göygöl rayonu Üçtəpə kəndində həmin yanmtikili evin yanına gəlmişdir. Arxa tərəfdə hasarın üstündən keçib həyətə daxil olmuşdur. Həmin yerdə kənarda yardımçı otağın qapısını açıb içəri girmişlər, həmin vaxt içəridə 1 ədəd kondisioner, 1 ədəd direl, 1 ədəd plastik boruları birləşdirmək üçün istifadə edilən ütü aparatı, 10 ədəd 6 metr uzunluqda taxta, 1 ədəd əl üz yumaq üçün yuyucu hövzə, 1 ədəd lagonda aparatı, ölçüsünü dəqiq bilmədiyi elektrik naqili olduğunu görmüşdürlər. O, Xəyal ilə birlikdə həmin məişət avadanlıqlarını oğurlayıb evin hasarından küçə tərəfə çıxartmışdırlar və evin hasarının yan tərəfinə yığmışdırlar. Bundan sonra o Pərvizə zəng edib taxtaların hazır olduğunu, əşyaların çox olmasını, Göygöl rayonu Üçtəpə kəndində Suvarma sistemlər idarəsinin yanına gəlməyini istəmişdir. Bundan sonra Xəyal oğurladığı əşyaların yanında onu gözləmiş o isə piyada Pərvizi qarşılamağa getmişdir. Biraz sonra Pərviz QAZ 31 markalı avtomobilin tanımadığı sürücüsü ilə gəlmiş, o avtomobilə əyləşib onları oğurladığı əşyaları yığdığı yerə gətirmişdir. Pərviz digər oğurladığı əmlakı da gördükdən sonra o həmin əşyalar üçün ümumilikdə 200 manat verməsini istəmişdir. Pərviz isə 100 manat verib qalan 100 manatı isə sonra verəcəyini bildirmişdir. Həmin əşyaları avtomobilə yığmışdırlar. O və Xəyal həmin avtomobillə Gəncə şəhərinə gəlmişlər. 16 nömrəli tam orta məkətəbin yanında Xəyalla avtomobildən düşmüşlər, axşam saatlarında Pərvizin evinə gedib qalan 100 manat pulu da götürmüşdür. Ertəsi gün isə Beyləqan rayonuna oğlunun yanına gedib qayıtmışdır. Həmin pulu da xərcləmişdir. O həmin əmlakları oğurladığını əvvəlcədən Pərvizə demiş və Pərviz həmin əşyaları oğurluq yolu ilə əldə etdiyini bilmişdir. Pərvizin yanında gələn taksi sürücüsünü isə tanımır, həmin şəxsin oğurluqla bağlı məlumatı olmamışdır. Oğurluq hadisəsi zamanı onu görən olmamışdır. 2022-ci ilin may ayının sonlarında törətdiyi oğurluq hadisəsi zamanı Ruslan adlı şəxs ona köməklik göstərmiş və əldə etdikləri qazancı da Ruslan ilə bölmüşdürlər. Həmçinin 2022-ci ilin may ayında Üçtəpə kəndindən tikinti materillarını və avadanlıqları oğurlamaqda ona Xəyal Nəbiyev köməklik etmişdir. Lakin digər oğurluq hadisələri zamanı tək olmuşdur. Oğurladığı əşyaları satdığı yeri göstərə bilər. X6 əşyaları satan zaman oğurluq olduğunu bildirmişdir. Digər əşyaları satan zaman əşyaları alan şəxsə əşyaların oğurluq olduğunu bildirməmişdir. Məhkəmə baxışı zamanı şahid X7 ifadəsində göstərmişdir ki, hal-hazırda ünvan 3 ünvanında yerləşən mağazanı işlədir. O həmin mağazada işlənmiş əşyaların alışı-satışı ilə məşğııl olur. xx.xx.2022-ci il tarixdə günorta saatlarında tanımadığı Ruslan adlı şəxs onun işlətdiyi mağazaya gələrək bir ədəd rus istesalı samovarı satmaq istədiyini bildirmişdir. O, əşya aldığı şəxslərin şəxsiyyət vəsiqəsindəki əsas məlumatları özündə olan qeydiyyat kitabçasına qeyd etdikdən sonra həmin əşyanı alır. O həmin şəxsin şəxsiyyət vəsiqəsi əsasında onun ad, soyad və ata adını, şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu özünə məxsus qeydiyyat kitabçasında qeydiyyata almışdır. Həmin şəxs, yəni Təqsirləndirilən şəxs rus istehsalı olan samavarı 90 (doxsan) manat müqabilində ona satmışdır. O, 90 manat ödənişi mağazada nəğd şəkildə ödəmişdir. O, Təqsirləndirilən şəxs tanımamış, onu birinci dəfə görmüşdür. Onun həmin samovarın oğurluq olması barədə heç bir məlumatı olmamış, həmin şəxs ona samovarın özünə məxsus olduğunu bildirmişdir. Həmin samovarı istintaqa təqdim edə bilməmiş, çünki həmin samovarı aldıqdan 2-3 gün sonra tanımadığı müştəriyə satmışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsini özünün etiraf ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyi, habelə cinayət işində olan digər mötəbər sübutlarla təsdiq olunur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Baxış aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Gəncə şəhər BPİ-nin müstəntiqi X5 tərəfindən oğurluq cinayətinin baş verdiyi yerə, yəni Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvansız fərdi yaşayış evinə baxış keçirilmiş, hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş və fotoşəkillər çəkilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizası aparılmasına dair 9/6446 nömrəli xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqim edilmiş və qərarda göstərilən malların istfadədə olması nəzərə alınmaqla 2022-ci ilin may-avqust aylarına olan orta bazar qiyməti cəmi təxminən 1247,00 manat müəyyən edilir: Zərərçəkmiş şəxs məxsus mallar: - bir ədəd 40 litrlik tutumu olan aliminium qazan - 40,00 manat - bir ədəd 40 litrlik tutumu olan mis qazan - 250,00 manat - bir ədəd 10 litrlik tutumu olan samovar - 200,00 manat - bir ədəd perforator – 0 manat - bir ədəd margüs markalı su matoru - 30,00 manat - 20 kq-lıq mismar – 1.60 manatdan- 32,00 manat - 4 mm-lik 200 metr uzunluöunda elektrik naqili – 0 manat - 2 mm-lik 90 metr uzunluğunda elektrik naqili – 0 manat “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərib bir daha təsdiq etmiş, bu barədə protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli 730 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli 846 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, 15 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 17 mart 2023-cü il tarixdə o, təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Gəncə şəhər BPİ-nin MSY-dən azad olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Moskva şəhəri Çeremişkin Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Rusiya Federasiyası CM-nin 161-ci maddəsinin 2-ci hissəsinin “Q” bəndi ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Rusiya Federasiyasının Ryazan vilayəti Miloslavsk Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə Rusiya Federasiyası CMnin 79-cu maddəsinə əsasən, 06 (altı) ay 26 (iyirmi altı) gün müddətində vaxtından əvvəl şərti azad olunmuşdur. 28 yanvar 2023-cü il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda təqsirli olması tam sübuta yetirilir. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin təqsirləndirilən şəxs bu cinayətin törədilməsində təqsirlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Ona görə də, o həmin maddələr ilə təqsirli bilinib, maddələrin sanksiyası daxilində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini qismən etiraf edərək səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməmiş və zərərçəkmiş şəxs təqsirləndirlən şəxsdən şikayətçidir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməli az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Cəzasının başlanğıcı hökmün çıxarıldığı vaxtdan, yəni 06 iyul 2023-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddəti nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlandığı 02 (iki) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul müştərək qaydada Təqsirləndirilən şəxs və qeyrisindən tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 (iyirmi) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmə, Təqsirləndirilən şəxs və qeyrisinin törətmiş olduqları cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı müzakirə edərək belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək ona dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Posessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 06 iyul 2023-cü il tarixdən hesablansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs və qeyrisindən müştərək qaydada tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 120 (yüz iyirmi) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. İş üzrə zərərçəkmiş şəxsə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar