Məhkəmə qərarları › İş №1(125)-277/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-277/2024

10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-277/2024 10.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı - Dövlət ittihamçısı, müdafiəçi – Müdafiəçi, tərcüməçi – X7, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1952-ci il tarixdə Türkiyə Respublikasında Malatya şəhərində anadan olmuş, orta təsilli, subay, əvvəllər məhkum olunmamış, İstanbul şəhəri, Şişli rayonu, Eskişehir məhəlləsi, ev 20/2 ünvanında pasport qeydiyyatda olan, hazırda Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına həbsdə saxlanılan Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 32.5, 318.1 və 32.5, 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qardaşı Türkiyə Respublikası vətəndaşı X2 Azərbaycan Respublikasından Gürcüstan ərazisinə qəsdən qanunsuz olaraq keçməsinə maneələri aradan qaldırmaqla və yardım etmək barədə qabaqcadan vəd etməklə həmin cinayətdə köməkçi qismində iştirakçılıqla bağlı razılıq əldə edib cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 06 mart 2024-cü il tarixdə Türkiyə Respublikasından Azərbaycan Respublikası Gəncə X12na gələrək həmin tarixdə öz adına rəsmiləşdirilmiş U33116939 nömrəli Türkiyə Respublikası pasportunu Gəncə şəhərində qardaşı 26 iyul 1964-cü il təvəllüdlü X3 vermiş, sonuncu isə öz növbəsində qardaşı Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş U33116939 nömrəli Türkiyə Respublikası pasportundan bilə-bilə istifadə edərək, sərhəd nəzarətinə təqdim etməklə həmin pasportdakı məlumatların özünün məlumatları olduğunu bəyan etməklə saxtalaşdırıb, Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qəsdən qanunsuz olaraq 08 mart 2024-cü il tarixdə, saat 05:51-də “Bakı-Tbilisi” aviareysi ilə Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə keçmiş, Təqsirləndirilən şəxs isə daxil olmuş məlumat əsasında 14 mart 2024-cü il tarixdə, saat 13 radələrində Gəncə X11 ərazisində saxlanılmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, qardaşını görmək üçün Gəncəyə gəlmiş və Gəncədə pasportunu itirmişdir. Pasportunun kim tərəfindən götürülməsini həmçinin qardaşının harada olmasını bilmir. Dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, qardaşı ilə pasportun qardaşına verilməsi haqqında heç vaxt söhbəti olmamış, o, pasportunu qardaşına verməmişdir. Qardaşı 7-8 ay Azərbaycana yaşamış və o, Gəncəyə qardaşını görmək üçün ziyarətə gəlmiş, qardaşı ilə görüşəndən sonra pasportunun üstündə olmadığının fərqində olmuşdur. Sonradan o, qardaşı ilə əlaqə saxlamamış, pasportunun itdiyini ona deməmişdir. O, Türkiyədən gələn zaman bir tərəfli bilet almış, geri dönüş üçün bilet almamışdır. Pasportunu itirəndən sonra isə bu haqda polisə müraciət etmişdir. Daha sonra o, bildirmişdir ki, 14 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanılan zaman hava limanına getməmiş, polislər onu qaldığı oteldə saxlamışlar. İfadəsinin sonunda ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaqda verdiyi ifadələri elan olunaraq tədqiq edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2024-cü ilin yanvar ayının əvvəllərində qardaşı X10 telefon vasitəsi ilə əlaqə saxlayaraq Azərbaycan Respublikasının Bakı şəhərində saxlanıldığını bildirmiş bununla bağlı xx.xx.2024-cü ildə saat 03:30 radələrində İstanbul-Bakı aviareysi ilə Bakı şəhərinə gələrək qardaşı ilə görüşmüş və ona 100 (yüz) manat pul vermiş, elə həmin gündə saat 19:13 radələrində Bakı-İstanbul aviareysi ilə yenidən İstanbul şəhərinə qayıtmışdır. O, mütəmadi olaraq qardaşı ilə telefonla danışmış, mart ayının əvvəllərində qardaşı yenidən onunla əlaqə saxlayaraq Azərbaycan Respublikasının Gəncə şəhərinə getməyini, dövlət sərhədini isə özünə məxsus pasportla keçməyini, şəxsiyyət vəsiqəsini də özü ilə götürməyini bildirmişdir. X15 dediyi kimi edərək xx.xx.2024-cü ildə İstanbul-Gəncə aviareysi ilə Gəncə şəhərinə gəldikdə “Gəncə” Hava Limanında dövlət sərhədini özünəməxsus U33116939 nömrəli pasportla keçmiş və Gəncə şəhərində kafedə qardaşı ilə görüşdükdə ona məhkəməsinin olacağını, Bakı şəhərində həbs olunacağını bildirmiş, söhbət zamanı belə qərara gəlmişlər ki, qardaşı Gelen Hasan onun pasportu ilə dövlət sərhədini keçib Azərbaycan Respublikasından çıxsın, o isə özünə məxsus şəxsiyyət vəsiqəsi ilə yenidən Türkiyə Respublikasına qayıtsın. Bu söhbətdən sonra qardaşı X18 sonuncunun pasportunu götürüb Bakı şəhərinə qayıtmış, o isə Gəncə şəhərində yerləşən “Emon” hoteldə yaşamışdır. xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində yerləşən Türkiyə Respublikası Konsulluğuna müraciət edərək pasportunu itirdiyini bildirmiş, orada isə ona Gəncə şəhər Polis idarəsində müraciət etməyini bildirmişlər. Bayram və həftə sonu olduğu üçün, xx.xx.2024-cü ildə Gəncə şəhər polis şöbəsinə müraciət edərək pasportunu itirdiyini bildirmiş, orada müraciəti qeydə alındıqdan sonra yenidən hotelə qayıtmış və xx.xx.2024cü ildə Gəncə şəhərində “Gəncə” X12 ərazisində sərhədçilər tərəfindən saxlanılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş “Gəncə” X11 sərhəd nəzarəti bölməsinin baş nəzarətçisi baş leytenant X9 ifadəsində göstərmişdir ki, 14 mart 2024-cü il tarixdə “Gəncə” BHL sərhəd nəzarəti bölməsinin ərazisində özünə məxsus U33116939 nömrəli Türkiyə Respublikasına məxsus pasportu qardaşı Türkiyə Respublikasının vətəndaşı X16 verərək onun xx.xx.2024-cü il tarixdə 05:51 radələrində Bakı-Tbilisi aviareysi ilə Azərbaycan Respublikasından Gürcüstan istiqamətində ölkəsinə çıxmasına şərait yaratmaqda şübhəli bilinən Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs olduğu və onun saxlanılması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatını qəbul etdikdən sonra “rejim gözətçisi” sərhəd naryadı xidmətinə təyin olunmuş gizir Şahid1la birlikdə “Gəncə” BHL-nın ərazisinə hərəkət etmiş və 14 mart 2024-cü ildə saat 13:00 radələrində Təqsirləndirilən şəxs saxlanılmışdır. Məhkəmədə şahid qismində “Gəncə” X11 sərhəd nəzarəti bölməsinin nəzarətçisi gizir Şahid1 ifadəsindən görünür ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdirlər. İş ürzə digər şahidlər Şahid4 və Şahid3 məhkəmə iclasında iştirakları mümkün olmadığından istintaq zamanı verdikləri ifadələr məhkəmə iclasında elan edilmişdir.( i.v. 92-99 ) Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 15 mart 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM 32.5,318.1 və 32.5,320.2-ci maddələri ilə cinayət işi başlanmış və ********* nömrəsi ilə qeydiyyata alınmışdır. (i. v.1); - Sərhəd Nəzarəti təhqiqat qrupunun rəhbəri polkovnik-leytenant X1 tərtib etdiyi “inzibati qaydada tutma haqqında” 14 mart 2024- cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus U33116939 nömrəli Türkiyə Respublikasına məxsus pasportu qardaşı X16 verərək 08 mart 2014-cü il tarixdə saat 05:51 radələrində Bakı- Tiblisi aviareysi ilə Azərbaycan Respublikasından Gürcüstan istiqamətində ölkədən çıxmasına şərait yaratmaqda şübhəli bilindiyi üçün həmin tarixdə saxlanılmışdır. (i.v. 15); - İAMAS-dan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə A37Y06830 nömrəli sənədlə giriş-çıxış etmiş, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə U33116939 nöməli sənədlə giriş-çıxış etmişdir. (i.v. 21); - 15 mart 2024-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:00-da Bakı şəhərində DSX-nin inzibati binasında Azərbaycan Respublikası CM-nin 32.5,318.1 və 32.5,320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 44); - 16 mart 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqlnda” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5,318.1 və 32.5,320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. (i.v. 58); - 16 mart 2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5,318.1 və 32.5,320.2-ci maddələri ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilmişdir. (i. v. 70); - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 78); - Bakı şəhəri Səbail rayon Məhkəməsinin 4(009)-132/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 82); - 18 aprel 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, cinyət işi üzrə şahid ifadələri, baxış protokolu və cinyət işi üzrə digər sənədlər Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə sübut növü kimi qəbul edilmişdir.(i. v. 120-124); - 18 aprel 2024-cü il tarixli “şəxsin tutulması və barəsində axtarış elan edilməsi barədə” qərardan görünür ki, Türkiyə Respublikası vətəndaşı X2 olduğu yer dəqiq məlum olmadığından onun barəsində axtarış elan edilərək tutulub istintaqa gətirilməsi qərara alınmışdır. (i.v. 132); - Bakı şəhəri Səbail rayon Məhkəməsinin 4(009)-196/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin 01 ay, yəni 14 iyun 2024-cü il tarixədək uzadılmışdır. (i. v. 151-154); -xx.xx.2011-ci il tarixli Türkiyə Respublikası İstanbul 12 saylı Ailə Məhkəməsi Türk milləti adından çıxarılmış qətnaməyə əsasən tərəflərin birgə nikahından dünyaya gələn övladı (şəxsiyyət vəsiqəsi **********4) Beren Gelen iddiaçı tərəf olan atası Təqsirləndirilən şəxs himayəsinə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X4 haqqında AvropaKonvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “Sənədin rəsmi sənədə aid edilməsi üçün o, bir sıra əlamətlərə malik olmalıdır. Bunun üçün sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir. Cinayət Məcəlləsinin 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Hüquqlar verməyən və ya vəzifələrdən azad etməyən sənədin saxtalaşdırılması, hazırlanması və ya satılması Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Beləliklə, hər hansı sənədin Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir. Saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir və saxta olmayan vəsiqəyə və ya rəsmi sənədə hər hansı vasitə ilə yanlış məlumatların daxil edilməsi, boş blankın belə məlumatlarla doldurulması, onun məzmununa dəyişikliklər edilməsi və s. üsullarla həyata keçirilir və bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 32.5, 318.1 və 32.5, 320.2-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə əsasən “Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. “ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən törətmiş olduğu himayəsində bir uşağın olmasını və ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Qeyd edilməlidir ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı təqsirləndirildiyi cinayət əməlini törətməməsi ilə bağlı ifadəsində göstərdiklərini onun cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Beləki, onun istintaq zamanı heç bir təsirə məruz qalmadan etirafedici ifadələr verməsi və hazırda ifadəsini danması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmamış və odur ki, onun ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı və mötəbər hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxs vəşahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 32.5, 318.1 və 32.5, 320.2-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1 və 320.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təqsirləndirilən şəxsə təyin edilməsini məhkəmə ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətlərə görə cəzanın həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonraicra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin iki maddəsi üzrə cinayət əməllərini törətməkdə köməkçi qismində iştirak edərək X15 Azərbaycan Respublikasından çıxmasına nail olduğuna şərait yaratmasına görə törətdiyi cinayət əməllərinin ictimai təhlükəliliyini nəzərə alaraq və gələcəkdə belə əməllərə yol verməsinin qarşısını almaq üçün o, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi qaydada çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş materiallarında olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32, 318.1 və 32.5, 320.2-ci maddələri ilə təqsirli bilinsin. O, CM-nin 32.5, 318.1-ci maddəsi ilə 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 32.5, 320.2-ci maddəsi ilə 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Abuser oğlu əsas cəzasını çəkdindən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi qaydada çıxarılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar