Məhkəmə qərarları › İş №1(125)-278/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-278/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-278/2023 14.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, Zərərçəkmiş şəxs, müdafiəçi – Gəncə şəhəri 01 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Nəriman Nərimanov küçəsi ev 187-də qeydiyyatda olub, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, Haqverdi Verdiyev küçəsində fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İstintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki o, xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində Zərərçəkmiş şəxs onun işlətdiyi ərzaq malları mağazasına olan 220 manat pul borcunu uzun müddət verməməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, qarşılıqlı davranış qaydalarının pozulmasında ifadə olunan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, nalayiq ifadələr işlədib ictimai yer olan Gəncə şəhəri Məhsəti qəsəbəsi, Haqverdi Verdiyev küçəsi ilə Arzu Nəbiyev küçəsinin kəsişməsində əlində olan daşı silah qismində tətbiq edib, Tariyel Məmmədovun sol ayaq nahiyyəsinə qəsdən vuraraq ona sol aşıq-baldır oynağı nahiyəsinin yumşaq toxumalarının əzilməsi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlmlığa yüngül xəsarət yetirməklə zor tətbiq edib xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləməsə də, yaşadığı fərdi yaşayış evinin qarşısında, ailəsinə məxsus “Nihat Market” adlanan ərzaq malları mağasını işlədib ailəsini dolandırır. Zərərçəkmiş şəxs təxminən iki il olar ki, tanıyır. Belə ki, Tariyel Məmmədov 2021-ci ilin iyul ayının ortalarına kimi onun işlədiyi ərzaq malları mağazasına gəlib alver etmişdir. Mütəmadi olaraq Taryel pulu olmayan zaman onun mağazasından ərzaq, siqaret və spirtli içki nisyə alıb aparmışdır. Taryelin ona 250 manat pul borcu yaranmışdır. O, hadisədən bir neçə gün əvvəl Taryeldən nisyəsini azaltmasını tələb etdikdə sonuncunun arvadı Şəfiqə ona 30 manat pul vermişdir. Lakin, bir müddət keçsədə Taryel ona qalan 220 manat pul borcunu gətirib verməmişdir. 23 iyul 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evin qarşısından keçən şəhərin Haqverdi Verdiyev küçəsi ilə Arzu Nəbiyev küçəsinin kəsişməsində o Taryeli görmüşdür. O, Taryeldən ona olan 220 manat pul borcunu istəmişdir. Həmin vaxt Taryel ona 220 manat pul borcunu verməyəcəyini bildirmişdir. O, bu barədə Taryelə iradını bildirən zaman onlar arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Taryel onu nəlayiq ifadələrlə təhqir etmişdir. O, həmin vaxt əsəbiləşdiyi üçün əyilib yerdən daş götürmüş və həmin daşı Taryelə tərəf atmışdır. Birinci atdığı daş Taryelə dəymədiyinə görə yenidən yerə əyilib əlinə daş götürmüş və həmin daşı Taryelə tərəf atmışdır. Atdığı daş Taryelin sol ayağının topuğuna dəymişdir. Bundan sonra Taryel də, ona tərəf iki dəfə daş atmışdır. Lakin, daşlar ona dəyməmişdir. Həmin vaxt qonşusu Elxan və digər şəxslərin toplaşdığını gördüyü üçün o Taryeldən aralanıb işlətdiyi mağazaya getmişdir. Həmin hadisədən əvvəl də, onun Taryellə dəfələrlə aralarında borc üstündə mübahisəsi olmuşdur. Həmin mübahisələr zamanı o, Daxili İşlər Nazirliyinin 102 ximdətinə dəfələrlə müraciətlər etmiş və müraciəti əsasında polis əməkdaşları tərəfindən araşdırma aparılmışdır. Belə ki, Taryel hər dəfə onun mağazasına gələrək özbaşına siqaret və spirtli içki götürmüşdür. O, Taryelə bu barədə irad bildirən zaman aralarında mübahisə baş vermişdir. Sonuncu aralarında olmuş mübahisə təxminən 2-3 dəqiqə ərzində baş vermiş, hadisə zamanı onların yanında heç kim olmamış, sonradan küçəyə Elxan, Nailənin oğlu İlkin, İradə və digər adlarını bilmədiyi qonşular çıxmışdır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tam ödəmişdir. Odur ki, əməlindən peşman olmasını, himayəsində bir uşaq olmaqla, tək ailə başçısı olmasını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və ona dəymiş ziyanın ödənildiyini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, ailəsini dolandırmaq üçün fərdi əməklə məşğuldur. Şəhid atasıdır. Oğlu X1 Qarabağ müharibəsində Şuşa döyüşlərində şəhid olmuşdur. Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs tanıyır. Sonuncu ilə əvvəllər aralarında düşmənçilikləri və ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və o müraciət etmişdir. Müraciət etməyinə səbəb Təqsirləndirilən şəxs yaşadığı qəsəbədə yerləşən ərzaq mağazasına 220 manat pul borcuna görə həmin gün saat 18 radələrində Xəyalənin onu küçənin ortasında, nəlayiq küçə sözləri ilə söyüb təhqir etməsi, şərəf və ləyaqətimi alçaltması və Xəyalənin ona dediyi söyüşlərə görə cavab qaytardığı üçün yerdən götürdüyü daşla ayaq nahiyəsinə vuraraq ona xəsarət yetirməsi olmuşdur. Hadisə vaxtı Xəyalə yerdən daş götürüb iki dəfə ona atmış, o da, Xəyaləyə qarşılıq verərək, yerdən iki dəfə daş götürüb ona tərəf atmışdır. Xəyalə ilə mübahisə etməmişdən əvvəl sonuncu ondan 220 manat pul borcunu istəmiş, o isə Xəyaləyə təqaüdü keçəndə, eləcədə özü gündəlik iş götürüb işləyəndə pulunu alan kimi gəlib borcunu bağlayacağını bildirmiş, lakin Xəyalə onun ünvanına, eləcə də onun ölüsünün goruna nəlayiq küçə sözləri işlətməyə başlamışdır. O da, bundan əsəbləşib Xəyalənin ünvanına söyüşlər işlətmiş və bu səbəbdən aralarında dava-dalaş baş vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək və ona dəymiş ziyanın ödənildiyini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul etməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid4 zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq hər hansı bir yerdə işləməsə də, yaşadığı evin yaxınlığında, yəni Gəncə şəhəri Məhsəti qəsəbəsi, Haqverdi Verdiyev küçəsi ilə Arzu Nəbiyev küçəsinin kəsişməsində yerləşən adsız çörəkbişirmə sexində kündəçi işləyib ailəsini dolandırır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun qonşularıdır. Onun Taryel və Xəyalə ilə əvvəllər aralarında düşmənçilikləri və ədavətləri olmamışdır. Xəyalə onun yaşadığı evin qarşısında yerləşən özünə məxsus “Nihat market” adlanan ərzaq malları mağazasını işlədir. Zərərçəkmiş şəxs isə hamı qəsəbədə şəhid atası kimi tanıyır və sonuncun oğlu Tural Məmmədov 2-ci vətən müharibəsində Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 23 iyul 2022-ci il tarixdə saat 18 radələrində o, Gəncə şəhəri Məhsəti qəsəbəsi, Haqverdi Verdiyev küçəsi ilə Arzu Nəbiyev küçəsinin kəsişməsində yerləşən çörəkbişirmə sexinin pilləkənlərində oturan zaman kənardan Xəyalə ilə Taryelin bir-biriləri ilə uca səslə mübahisə etdiyini görmüşdür. Taryel Xəyalədən bir qədər aralaşıb gedən zaman sonuncuların arasında mübahisə bir qədər şiddətlənmiş və Xəyalə yerə əyilib əlinə daş götürmüşdür. Xəyalənin daşı Taryelə atsa da, birinci daş sonuncuya dəyməmişdir. Həmçin həmin vaxt Taryel də, yerdən əyilib əlinə götürdüyü daşı Xəyaləyə tərəf etmışdır. Lakin daş Xəyaləyə dəyməmişdir. Xəyalə Taryelə ikinci dəfə daş atan zaman həmin daş Taryelin sol topuq nahiyyəsinnə dəymişdir. O, Xəyalə və Taryel tərəfindən atılan daşın ona dəyəcəyindən ehtiyat etdiyi üçün dərhal pilləkənin üzərindən ayağa durmuş və çörəkbirişmə sexinin otağına daxil olmuşdur. Xəyalə ilə Taryel dalaşan zaman küçədə İlkin adlı oğlanı və adlarını bilmədiyi 2-3 nəfəri görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, yaşadığı evin qarşısında köhnə malların alqı-satqısı ilə məşğul olub ailəsini dolandırır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun qonşularıdır. Onun Taryel və Xəyalə ilə əvvəllər aralarında düşmənçilikləri və ədavətləri olmamışdır. Xəyalə onun yaşadığı evin qarşısında yerləşən özünə məxsus “Nihat market” adlanan ərzaq malları mağazasını işlədir. Zərərçəkmiş şəxs isə hamı qəsəbədə şəhid atası kimi tanıyır. Belə ki, Taryelin oğlu Tural Məmmədov 2-ci vətən müharibəsində Şuşa şəhəri istiqamətində qəhrəmancasına şəhid olmuşdur. 23 iyul 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evin evyanında çay içən zaman küçədə qışqırıq səsi eşitmiş və dərhal küçə ilə evinin həyətini ayıran giriş darvazanın qapısından küçəyə boylananda görmüşdür ki, Xəyalə ilə Taryel bir-birilərinin ünvanına nəlayiq ifadələr işlədirlər. Sonra Xəyalə yerdən əyilib əlinə daş götürüb Taryelə tərəf atmışdır. Lakin daş Taryelə dəymədiyinə görə Xəyalə yerə əyilib yenidən əlinə daş götürmüş və sonuncu daşı Taryelə atan zaman daş Taryelin sol ayağının topuq nahiyyəsinə dəymişdir. Bundan sonra Taryel də, yerdən əlində daş götürüb Xəyaləyə atmaq istəyən zaman darvazanın giriş qapısından dərhal geri çəkilmişdirki, daş ona dəyməsin. Təxminən bir dəqiqədən sonra dava-dalaş sakitləşmiş, Taryel və Xəyalə onun yaşadığı evin qarşısında bir-birilərindən aralanaraq getmişlər. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsindən görünür ki, o, Gəncə şəhəri ərazisində fəhləlik edib ailəsini dolandırır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun qonşularıdır. Onun Taryel və Xəyalə ilə əvvəllər aralarında düşmənçilikləri və ədavətləri olmamışdır. Xəyalə onun yaşadığı evin qarşısında yerləşən özünə məxsus “Nihat market” adlanan ərzaq malları mağazasını işlədir. Zərərçəkmiş şəxs isə hamı qəsəbədə şəhid atası kimi tanıyır. 23 iyul 2022-ci il tarixdə saat 18 radələrində Gəncə şəhərinin mərkəzinə getməkdən ötrü yaşadığı Gəncə şəhəri Məhsəti qəsəbəsində Haqverdi Verdiyev küçəsi ilə Arzu Nəbiyev küçəsinin kəsişməsində digər tanımadığı 25-30 yaşlı kişi ilə dayanıb şəhərarası avtobus gözlən zaman Xəyalə ilə Taryelin bir-birilərinin ünvanına nəlayiq ifadələr işlətdiyini, sonra Xəyalənin yerdən əyilib əlinə daş götürüb Taryelə tərəf atdığını daşın Taryelə dəymədiyinə görə Xəyalənin yerə əyilib yenidən əlinə daş götürüb daşı Taryelə atan zaman daşın Taryelin sol ayağının topuq nahiyyəsinə dəydiyini, bundan sonra Taryelin də, yerdən əlində daş götürüb Xəyaləyə tərəf atdığını lakin daşın Xəyaləyə dəymədiyini, təxminən 1 dəqiqədən sonra isə dava-dalaş sakitləşdiyini Taryellə Xəyalənin bir-birilərindən aralanıb getdiyini görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 11 avqust 2022-ci il tarixdə təhqiqatçısı tərəfindən Gəncə şəhəri, Məhsəti qəsəbəsində baş vermiş hadisə yerinə baxış keçirilmiş, hadisə yerindən mühüm əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet götürülməmiş, bu barədə protokol tərtib olunmuş və hadisənin baş verdiyi yerin fotoşəkilləri çəkilmişdir. “İfadələrin yerində yoxlanılması haqqnda” 06 mart 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsini yerində yoxlama istintaq hərəkəti keçirilmiş və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək 23 iyul 2023-cü il tarixdə saat 18 radələrində Gəncə şəhəri Məhsəti qəsəbəsində Haqverdi Verdiyev küçəsi ilə Arzu Nəbiyev küçəsinin kəsişməsində Təqsirləndirilən şəxs daşla onun sol topuq nahiyyəsinə vuraraq ona xəsarət yetirdiyi yeri əyani olaraq göstərmişdir. “Video diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, videogörüntünün müddəti 02 dəqiqə 14 saniyə olmaqla, xx.xx.2022-ci il tarixdə saat 18:30:30-dan xx.xx.2022-ci il tarixədək saat 18:32:46-dək müddəti əhatə edir. Bir nəfər əynində qırmızı kofta və qara rəngli şalvar geyinmiş qadın ilə bir nəfər əynində ağ rəngli qolsuz kofta, koftanın üzərindən qolsuz gödəkçə, qara rəngli idman şalvarı, başında isə ağ rəngli panama formalı papaq vardır. Sözügedən qadın ilə kişi söhbət edirlər. Sonra qadın ilə kişi söhbət edə-edə küçələrin kəsişməsinə doğru hərəkət edirlər. Sonra qadın və kişi bir-birilərinə əl hərəkətləri ilə söhbət-mübahisə edirlər. Sonra qadın əyilib yerdən əlinə daş götürür və o əlindəki daşı kişiyə tərəf atır. Daş kişiyə dəymir və qadın yenidən yerə əyilib əlinə daş götürür və daşı kişiyə tərəf atır. Daş kişinin sol ayağının topuq nahiyyəsinə dəyir. Bundan sonra kişi də, yerdən əyilib əlinə daş götürür və daşı qadına doğru atır. Daş qadına dəymir. Bundan sonra qadın iki dəfə yerə əyilib əlinə daş götürür və həmin daşları kişiyə doğru atır. Lakin daş kişiyə dəymir. Sonra qadın və kişi yenidən bir-birlərinə əl hərəkətləri ilə nəsə deyirlər. Sonra kişi küçə kəsişməsindən Arzu Nəbiyev küçəsinə daxil olur. Qadın isə Haqverdi Verdiyev küçəsi ilə piyada hərəkət edib gedir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, videogörüntüdə olan qadın o, kişi isə Zərərçəkmiş şəxsdur. Həmin diskə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X12 25 iyul 2022-ci il tarixli, 1267 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarət – sol aşıq baldır oynağı nahiyyəsinin yumşaq toxuçalarının əzilməsi – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli 7082 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli 2446 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. xx.xx.2023-cü il tarixli Gəncə şəhər Məhsəti qəsəbə üzrə İƏD-dən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs cəmiyyətin ictimai işlərində fəallıq göstərmiş və onun barəsində heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 21 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs qızı barəsində əməliyyat-sorğu kartoçkasında heç bir məlumat yoxdur. “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, həmin cinayət işi 04 oktyabr 2022-ci il tarixdə Gəncə şəhər prokuroru tərəfindən Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə başlanmışdır. “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 13 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində özünü təqsirli bilməmişdir. Zərərçəkmiş şəxs şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 13 iyun 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. “Sübutların qiymətləndirilməsi haqqında“ 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, Gəncə ŞBPİ-nin Təhlükəsizlik kamerasından götürülmüş, hadisənin videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD markalı disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX bəndinə əsasən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, xuliqanlıq kimi cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Plenum daha sonra qeyd etmişdir ki, şərh olunan maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli qərarında qeyd olunur ki, Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəmnində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Əgər silah və ya silah qismində istifadə edilən əşyalar yalnız əmlakın məhv edilməsi və ya zədələnməsi üçün istifadə edilərsə, lakin bunun nəticəsində insanların sağlamlığına zərər vurulmazsa və yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yaranmazsa, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif oluna bilməz. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr tərəfindən xuliqanlıq işlərinə baxılarkən silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi və tətbiqinə cəhd olunması, habelə zərərçəkmişin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan bütün hallar hərtərəfli araşdırılmalıdır. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə görə, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə görə, xuliqanlıq, silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. İctimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Bundan başqa “Xuliqanlıq cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Bu qərarın 3-cü bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs elan olunan ittihamdan görünür ki, istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan edərkən həmin maddənin dispozisiyasında xuliqanlıq hadisəsini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənmiş, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş, Təqsirləndirilən şəxs əməlini hansı əlamətlərə əsasən məhz xuliqanlıq kimi qiymətləndirilməsini, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasını, hansı ictimai qaydanı pozmasını və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını irəli sürdüyü ittihamda göstərməməklə ittihamı daha çox ehtimallar üzərində qurmuşdur. Məhkəmə eyni zamanda hesab edir ki, istintaq orqanı hər hansı cinayət əməlinin törədildiyi yer və şəraitin də, əməlin xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdən biri olduğunu nəzərə almalı olduğu halda təqsirləndirilən şəxsin əməlini tövsif edərkən hadisənin törədildiyi yeri nəzərə almamışdır. Belə ki, cinayət işinin materiallarından təqsirləndirilən şəxsin xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilmir. Əksinə, məhkəmə istintaqı zamanı tədqiq olunan ittiham və müdafiə tərəfinin sübutları ilə müəyyən olunmuşdur ki, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında daha əvvəl də dəfələrlə mübahisələr olmuş, və təqsirləndirilən şəxs zərərəçəkmiş şəxsin qanunsuz hərəkətləri barəsində polis orqanlarına müraciət etmişdir. Hadisə baş verən günü şəxslər arasında münaqişə baş verməsinin səbəbi pul borcu olduğu halda zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə “sənin pulunu ödəməyəcəm” sözünü deməsi və onların qarşılıqlı olaraq bir–birilərini söyməsi olmuşdur. Qanunun mənasına görə xuliqanlıq cinayəti qəsdən törədilən əməldir və həmin əməl obyektiv cəhətinə görə ictimai qaydanın və ictimai təhlükəsizliyin əleyhinə yönəldilməlidir və subyektiv cəhətdən şəxs heç bir motiv olmadan ictimai qaydanı və ictimai təhlükəsizliyə qəsd etdiyini dərk etməlidir. Bu zaman şəxs ictimai qaydanı elə kobud surətdə pozmalıdır ki, bu qaydalara əhəmiyyətli dərəcədə ziyan vurmuş olsun və bununla insanların qanunla qorunan maraqları, onların dincliyi dayanaqlı şəkildə, uzun müddət ərzində, dözülməz halda pozulmuş olsun və bu hərəkətləri törədən şəxs bu hərəkətləri ilə onlara açıqca hörmətsizlik göstərmiş olsun. Bundan başqa, hadisənin şəslər arasında əvvəllər də baş vermiş münaqişədən qaynaqlanması və zərərçəkən şəxsin səhv hərəkətləri nəticəsində baş verməsi özlüyündə hadisənin xuliqanlıq kimi qiymətləndirilməsinə əsas vermir. Çünki cinayət qanununa görə xuliqanlıq cinayəti obyektiv cəhətdən başqa əlamətlərlə yanaşı, ictimai qaydanın kobud surətdə pozulması, belə pozuntunun cəmiyyətə açıqca hörmətsizlik ifadə olunması ilə xarakterizə olunur. Yəni hadisənin xuliqanlıq kimi qiymətləndirilməsi üçün zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə yanaşı həmin iki əlamətin olması da zəruridir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hərəkətlərində ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi əlamətləri mövcud olmamış və onun belə niyyətinin olması müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər və cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 25.2, 25.3., 28.5-ci maddə) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmamasını nəzərə alıb, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 128-ci maddəsi ilə tövsif olunması qənaətinə gəlir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Həmin Məcəllənin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs bаrəsində Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 73.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut - Gəncə ŞBPİ-nin Təhlükəsizlik kamerasından götürülmüş, hadisənin video görüntüsünü özündə əks etdirən 01 ədəd DVD markalı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsnun hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 (iyirmi) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X4 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). İş üzrə mülki iddia, müsadirə edilməli əmlak və məhkəmə xərci yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 384-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən, həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut- Gəncə ŞBPİ-nin Təhlükəsizlik kamerasından götürülmüş, hadisənin video görüntüsünü özündə əks etdirən 01 ədəd DVD markalı disk cinayət işinin materiallarında saxlanılsın Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X4 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 120 (yüz iyirmi) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan şikayət və ya protest verilmədikdə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar