Məhkəmə qərarları › İş №1(125)-280/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-280/2023

20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-280/2023 20.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tamah məqsədi ilə qanunsuz olaraq Gəncə şəhəri Nizami prospektində yerləşən “Baku Electronics” mağazasında ətrafda olan şəxslərin əks təsirinə məruz qalmayacağına arxayın olduqdan sonra gizli olaraq Zərərçəkmiş şəxs məxsus 1 ədəd 1550 manat dəyərində olan boz rəngli “Apple İphone 12pro” markalı mobil telefonu götürərək Zərərçəkmiş şəxs ümumilikdə 1550 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 15-45 radələrində Gəncə şəhər Nizami prospektində yerşələn “Baku Electronics” mağazasına getmiş, mağazada satılan əşyalara baxan zaman masanın üzərində nəzarətsiz qalan mobil telefon görmüş və həmin telefonu oğurlamaq qərarına gəlmişdir. O, ətrafda ona heç kimin fikir vermədiyindən əmin olduqdan sonra, əvvəl yaxınlaşıb telefona əli ilə baxmış, sonra yenə heç kimin fikir vermədiyinə tam əmin olmuş, 2-ci dəfə yaxınlaşıb telefonu masanın üzərindən götürüb arxa sol cibinə qoyaraq mağazanı tərk etmişdir. Mağazadan uzaqlaşdıqdan sonra oğurladığı mobil telefona baxdıqda “Apple İpone 12pro” markalı mobil telefon olduğunu görmüşdür. O, əvvəl telefonu söndürmüş, sonra isə həmin telefonun nömrəsini çıxarıb əynindəki şalvarın arxa cibinə qoymuşdur. Polis əməkdaşları onu oğurluqda şübhəli olduğu üçün saxladıda o, polis əməkdaşlarına oğurladığı mobil telefonu təhvil verə biləcəyini demiş və onu polis idarəsinə aparanda orada oğurladığı “Apple İpone 12pro” markalı mobil telefonu təhvil vermişdir. Sonda o, əməlindən peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olduğunu, dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq Nizami prospektində yerləşən “Baku Electronics” mağazasında satış məsləhətçisi işləyir. xx.xx.2023-cü il tarixdə saat 15-45 radələrində mağazada işdə olan zaman özünə məxsus “Apple İphone 12pro” markalı mobil telefonunu telefon və digər avadanlıqlar satılması üçün nəzərdə tutulan vitrin tipli masanın üzərində qoymuşdur. O, müştərilərə lazımı məlumatlar verdikdən sonra başı işə qarışdığından həmin masadan kənarlaşan zaman mobil telefonunu götürməyi unutmuş, aradan 5 dəqiqə keçmiş, mobil telefonunu götürmək üçün həmin masanın yanına qayıdan zaman isə mobil telefonunu qoyduğu yerdə tapmamış və oğurlandığını aşkar etmişdir. Sonra o, mağazada quraşdırılmış nəzarət kamerasına baxan zaman mobil telefonunu masanın üzərində mağaza ilə qonşu küçədə yaşayan Şahin adlı şəxsin gizlincə oğurlayaraq şalvarının arxa cibinə qoyub mağazanı tərk etməsini görmüşdür. O, dərhal əvvəl Azərbaycan Respublikası DİN-nin “102 xidmətin”ə zənglə və Gəncə şəhər 1-ci PŞyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Mobil telefonun oğurlanması nəticəsində ona 1550 manat məbləğində maddi ziyan dəymişdir. Sonda o, ərizə təqdim edərək təqsirləndirlən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyi üçün Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerinə “Baku Electronics” mağazasına baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. - “Baku Electronics” mağazasının nəzarət kamerasından götürülmüş diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 15:45 radələrində həmin mağazanın içərisində masanın üzərindən “Apple İpone-12pro” markalı mobil telefonu Təqsirləndirilən şəxs götürüb əynindəki şalvarının arxa cibinə qoyaraq mağazanı tərk etmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxx 1983-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuş Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3 maddəsinə əsasən 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. - Evlər üçlüyünün verdiyi xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazidə keçirilən tədbirlərdə, ictimai işlərdə fəal iştirak etmiş, ərazidə keçirilən toy və yas mərasimlərində iştirak etmiş və mənəvi köməklik göstərmişdir. Ərazidə yaşayan qocaların, qadınların, uşaqların qayğısına qalmış və onlara mənəvi köməklik göstərmişdir. Bütün bu kimi müsbət xüsusiyyətlərinə görə ərazi sakinlərinin hörmətini qazanmışdır. - Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2023-cü il tarixli 2700 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Gəncə şəhər Təqsirləndirilən şəxs opioidlərdən aslılıq diaqnozu ilə dispanserdə qeydiyyatdadır. - Мəhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/2308 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən, fotoşəkilləri təqdim edilmiş 01 ədəd İphone markalı, 12 Pro model, istifadədə olmuş, normal vəziyyətdə (işlək) olan mobil telefonun 2023-cü ilin mart ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1100,00 manat müəyyən edilmişdir. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin inzibati binasında vətəndaş Zərərçəkmiş şəxs məxsus Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 1 ədəd İpone-12 pro markalı mobil telefonu geri qaytarılmışdır. - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(125)-215/2023 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 1 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəli həbsdə saxlanıldığı xx.xx.2023cü il tarixdən hesablanması müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə vəəldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin etdiyi oğurluq cinayətləri sübuta yetirilir. Ona görə də, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, o, hazırkı cinayət əməlindən əvvəl də cinayət törətmiş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(125)-215/2023 nömrəli hokmü ilə məhkum olunmuşdur. Onun məhkum olunduqdan sonra yenidən cinayət əməllərini törətməsi, törətdiyi əməllərə tənqidi yanaşmadığını və islah olunmağa meylli olmadığını, əksinə bu cinayət əməllərini özü üçün həyat tərzinə çevirdiyi deməyə əsas verir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs hazırkı əməli böyük ictimai təhlükə törətməyən cinayət olduğundan məhkəmə onun əməlini cinayətlərin residivi kimi nəzərə almır. Çünki Azərbaycan Respublikası CM-in 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(125)-215/2023 nömrəli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, hazırki iş üzrə təyin ediləcək cəza həmin hökmlə təyin edilmiş 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əhatə edilməklə təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs cəzasını Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(125)-215/2023 nömrəli hokmü ilə müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hazırda Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının çəkməsi nəzərə alınmalı və onun cəza çəkmə müddətinin əvvəli Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli 1(125)-215/2023 nömrəli hokmü ilə müəyyən edilmiş xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübutun: 1 ədəd “Apple İpone-12 pro” markalı mobil telefonun sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmədə 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən hazırkı hökmlə təyin olunmuş 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il atrixli 1(125)-215/2023 nömrəli hökmü ilə təyin olunmuş 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əhatə edilsin və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrumetmə cəzası çəkməsi nəzərə alınsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. İş üzrə maddi sübut olan 1 ədəd “Apple İpone-12 pro” markalı mobil telefonun sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 60 (altmış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan şəxsə təqdim edildiyi gündən) 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar