Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-283/2023 22.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru X13, zərərçəkmiş şəxsin hüquqi varisi X10, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında özünə məxsus idarə etdiyi’“BMW 320D” minik markalı, **-UP- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri 28 May küçəsi ilə hərəkətdə olan zaman «X23» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, hərəkət üçün təhlükə yarandığını görərək nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda həmin tələblərə əməl etməyib, hadisənin baş verməsinə etinasız yanaşaraq Gəncə şəhəri 28 May küçəsi ilə yolun sağ hissəsindən sol hissəsinə keçən piyada X20 vuraraq ehtiyatsızlıqdan sonuncunun baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə və beyinciyə qansızma; başın yumşaq toxumalarına sol alın-təpə nahiyələrində qansızma, sol ağciyərin, plevranın , qaraciyərin və dalağın cırılması; döş sümüyünün İV qabırğa səviyyəsindən sınması; döş qəfəsinin sağ tərəfində İİ-V qabırğaların ön qolaltı xətti üzrə döş qəfəsinin sol tərəfində İ-X qabırğaların məmə və onurğayanı xəttlər üzrə sınması, sınıq ətrafı yumşaq toxumalara qansızmanın olması; sol bud, sağ baldır, sümüklərinin və sol əlin İİİ, İV, V barmaqlarının sınması, alın, sol göz, döş qəfəsi nahiyələrinin, sol əlin V, sağ əlin İ barmaqlarının yaraları, təpə, sol kürək, sol bazu, sol said, sağ baldır, sol bud nahiyələrinin sıyrıqları ilə nəticələnən ümumi birgə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurulmağa aid xəsarətlər yetirməklə ehtiyatsızlıqdan başın, döş qəfəsinin, qarının, ətrafların müştərək travması nəticəsində, sklet sümkülərinin çoxsaylı sınması və daxili orqanların cırılmasından əmələ gələn ağır dərəcəli travmatik və hemorragik şok nəticəsində Həmzə Yusubovun ölümünə səbəb olmuş, yol-nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir və avtomobil təmiri ilə məşğul olur. Özünə məxsus “BMW 320D” minik markalı **-UP-*** dövlət nömrə nişanlı avtomobili sürücülük vəsiqəsi əsasında idarə edir. 30 avqust 2022-ci il tarixdə saat 20 radələrində işlədiyi Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi ərazisində yerləşən “Avto Vaz” avtomobil təmiri sexindən tək çıxaraq yaşadığı Gəncə şəhəri, Totanlı küçəsindəki evinə gedən zaman Gəncə şəhəri 28 May küçəsinə dönərək üzü yuxarı doğru hərəkət etməyə başlamış, saatda 60 km/saat sürətlə hərəkətdə olub “Karizma” çay evinin qarşısında yerləşən piyada keçidini keçib təxminən 10-15 metr getmişdir ki, gözləmədiyi anda bir nəfər kişinin yolu sağdan sola keçdiyini görmüş, həmin şəxsi təxminən 5 metr məsafədən görmüş və həmin şəxsi görən kimi əyləci basmışdır. Həmin vaxt yol qaranlıq olmuş, avtomobilə tormoz versə də avtomobilinin sol qabaq tərəfi ilə həmin şəxsi vurmuş və həmin şəxs avtomobilin alın şüşəsinə dəyərək yerə düşmüşdür. Zərbənin təsirindən avtomobilinin alın şüşəsi qırılaraq üstünə dağılmışdır. O, avtomobili saxlayıb yerə düşmüş və həmin şəxsin yerdə uzandığını görmüşdür. Təxminən 70-75 yaşlarında olan həmin kişiyə yaxınlaşmış və o hələ nəfəs almışdır. Bu zaman ətrafda olan şəxslər də hadisə yerinə toplaşmışlar. Orada olan şəxslərə həmin şəxsi yaxınlıqda yerləşən tibb müəssisəsinə aparmağı təklif etsədə orada olan şəxslər təcili tibbi yardım çağırmağı məsləhət gördükləri üçün o və tanımadığı şəxslərdən biri mobi telefonla zəng edib oraya təcili tibbi yardım çağırmışdır. Bundan sonra özü hadisə yerindən aralaşıb gedə bilmədiyindən həmin vaxt avtomobillə vurduğu şəxsi xəstəxanaya aparmaq üçün atasına zəng etmiş və atasına hadisə barədə məlumat verib onu hadisənin baş verdiyi yerə çağırmışdır.Bir qədər keçmiş oraya polis əməkdaşları, təcili tibbi yardım avtomobili həmçinin atası Şöhrət gəlmiş və onlar həmin şəxsi avtomobilə qoyaraq xəstəxanaya aparmışlar. Özü isə hadisə yerinə gəlmiş polis əməkdaşlarına yaxınlaşıb özünü təqdim etmiş, daha sonra polis əməkdaşlarının göstərişi ilə Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinə getmişdir. Polis idarəsində olan zaman həmin şəxsin vəfat etdiyini öyrənmişdir. Bundan sonra polis əməkdaşları ilə hadisə yerinə gəlmiş və onların iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, foto şəkillər çəkilmiş, bu barədə protokol tərtib olunmuş, doğruluğu imzalarla təsdiq olunmuşdur. Hadisə vaxtı onun avtomobili texniki cəhətdən normal vəziyyətdə olmuşdur. O, mərhum X20, onun ailə üzvlərini və yaxın qohumlarını tanımamış və onlara hər hansı düşmənçiliyi, ədavəti olmamışdır. Hadisədən sonra onlar mərhumun xəstəxana xərclərini daha sonra isə dəfn mərasimini təşkil etmiş, onun qəbrini götürmüş, mərhumun oğluna pul yardımı etmiş və zərərçəkmiş şəxsin övladları ilə barışıq etməyə cəhd göstərmişlər. Zərərçəkmiş şəxsin oğlu Seymur Yusifov onunla barışsada zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmış qızı Günel Yusifova nədənsə onunla barışmaq istəməmişdir. Sonda təqsirləndirilən şəxs baş vermiş hadisəyə görə çox peşman olduğunu, zərər çəkmiş şəxsin hüquqi varisi ilə dəfələrlə barışığa cəhd etməsini, mərhum zərər çəkmiş şəxsin dəfn və yas xərclərini qarşıladığını bildirərək, bu halları nəzərə alaraq onun barəsində qanunamüvafiq hökmün çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X16 ifadəsində bildirdi ki, X22 atasıdır və onunla birlikdə yaşayır. 2017-ci ildən qardaşı Seymur onlardan ayrılaraq ayrı evdə yaşamış və həmin zamandan da atası onun himayəsində yaşamışdır. Atası təqaüd almış və onunla dolanmışlar. Atasına o baxmışdır. 30 avqust 2022-ci il tarixdə işdən çıxıb evə getmiş, saat 21 radələrində evə çatmış və qapının bağlı olduğunu görmüş, hər zaman evə gələndə atası evdə olmuşdur. O, evin açarını götürməmiş və atasının evdə olacağını fikirləşmişdir. Narahat olub atasına yığmış və onun telefonuna cavab verən olmamışdır. O, təxminən 4-5 dəfə zəng edəndən sonra atasının telefonuna tanımadığı bir nəfər oğlan cavab vermiş, ondan kim olduğunu soruşduqda həmin şəxs ona Gəncə şəhərində yerləşən “Karizma” adlı çay evinin qabağına gəlməyini demişdir. O da tez piyada ora getmişdir. Qaldıqları evlə həmin qeyd olunan yer piyada 10 dəqiqəlik məsafədir. O, gəlib “Karizma” çay evindən telefonun kimin açdığını soruşduqda ona yolun digər tərəfinə keçməyini bildirmişlər. Bundan sonra yolun digər tərəfinə keçmiş və orada adamların toplaşdığını görmüşdür. Yaxınlaşıb atasının huşsuz vəziyyətdə yerdə uzandığını görmüşdür. Bundan sonra orada olan şəxslərin iştirakı ilə atasını təcili tibbi yardım avtomobilinə qoyaraq Gəncə şəhər Beynəlxalq Xəstəxanasına aparmışlar. O da xalası qızı İnarə ilə birlikdə xəstəxanaya getmişdir. Xəstəxanaya çatanda artıq atasının rəhmətə getdiyini demişlər. Xəstəxanada atasını Gəncə şəhər sakini Təqsirləndirilən şəxs idarə etdiyi “BMW” markalı avtomobillə vuraraq ölümünə səbəb olduğunu bilmişdir. Bundan sonra atasını Gəncə şəhər məhkəmə-tibbi ekspertiza şöbəsinə apararaq müayinə etmişlər və bundan sonra meyidi onlara təhvil vermişlər. Atasının hadisədən qabaq səhhətində heç bir problemi olmamışdır. Təqsirləndirilən şəxs ilə heç bir halda barışmayacaq. Həqiqətən təqsirləndirilən şəxs tərəfindən atasının məzar daşı üçün 2800 manat pul verilmişdir. Lakin onun verdiyi yas mərasimi ilə əlaqdar heç bir xərc çəkməmişlər. Təqsirləndirilən şəxsin ailəsi atasının yas mərasiminə bəzi ərzaq məhsulları alıb gətirsə də onların heç birini qəbul etməmiş və evlərinin bir küncündə həmin ərzaqlar qalıb xarab olmuşdur. Təqsirləndirilən şəxsin barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində bildirdi ki, Gəncə şəhər Baş Polis İdarəsinin X29 Şöbəsində inspektoru vəzifəsində işləyir. Hadisədən uzun müddət keçiyinə görə hadisəni tam xatırlamır. Lakin ibtidai istintaq zamanı hadisə ilə bağlı ətraflı ifadə vermişdir. Həmin ifadəni təsdiq edir. Xatırladığı qədəri ilə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində ekpaj üzvü, polis serjantı Şahid2 ilə birlikdə xidmət aparan zamanı növbətçi hissədən onlara məlumat vermişlər ki, yol nəqliyyat hadisəsi baş vermiş və avtomobil yolu keçmək istəyən piyadanı vurmuşdur. Odur ki, dərhal hadisə yerinə getmiş, həmin yerə çatanda yolun kənarında tanımadığı şəxslərin toplaşdığını görmüş, həmin şəxslər “BMW 320D” minik markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolu keçən piyadanı vurmasını demişlər. Həmin vaxtı piyada hadisə yerində asfaltın üzərində olmuşdur. Həmin vaxt bir nəfər şəxs yaxınlaşıb özünü təqdim etmiş və Təqsirləndirilən şəxs olduğunu və piyadanı vuran BMV markalı avtomobilin sürücüsü olduğunu bildirmişdir. Bundan sonra hadisə yerinə gəlmiş müstəntiq onların və sürücünün iştirakı ilə hadisə yerini müayinə etmişlər. Sonra sürücü Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən keçirmişlər və onun sərxoş olmaması müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə istintaqı zamanı əlavə şahid qismində dinirilmiş X17 ifadəsində bildirdi ki, zərərçəkmiş şəxs X22 onu doğma atası olmuşdur. Atası bacısı Günel Yusifova ilə bir evdə yaşamışdır. Təqsirləndirilən şəxs X5 həqiqətən baş vermiş avtoqəzadan sonra istər ilkin tibbi yardımla bağlı istərsədə mərhum atasının dəfn mərasiminə hərtərəfli köməklik etmişdir. Beləki, o, tibbi yardım göstərilməsi üçün aparılmış atasının X9nda və Gəncə şəhər 3 saylı xəstəxanasında tələb olunan ödənişlərini etmiş, daha sonra mərhumun yuma və dəfn xərclərini, həmçinin qəbirstanlıqda olan xərcləri çəkmiş, qırx mərasimini öz xərci ilə yola vermiş, 2800 manat ödəyərək məzarın üstün götürmüşdür. Dəfni yola vermək üçün dəfn günü qəbirstanlıqda 300 manat xərcləmiş, qırx mərasimi üçün isə ona 700 manat pul vermişdir. Bacısı Günellə o, küsülü olduğundan onlar ayrı-ayrılıqda atasına yas mərasimi təşkil etmişlər. Onun tərəfindən qurulan yas mağarında onların qohumlarından bir neçə nəfər iştirak etməmişdir. Sonradan həmin qohumların bacısı tərəfindən təşkil edilmiş xeyr-şər məclisində iştirak etdiyini bilmişdir. X6 tərəfindən atasına ilkin anda yardım göstərildiyi, daha sonra isə bütün xərclər çəkildiyi üçün ondan heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Gəncə şəhər 28 May küçəsində baş vermişdir. Hadisə yaşayış məntəqəsində baş vermişdir. Hadisə yerində yolun hərəkət hissəsinin eni 17 metr, avtomobil yolunda 3 hərəkət zolağı vardır ki, hərəkət zolaqlarının hər birinin eni 8.5 metrdir. Avtomobil yolu ikitərəfli hərəkət üçün nəzərdə tutulmuşdur. Hadisə baş vermiş yerdə yol asfalt örtüyə malik olmaqla hadisə baş verən zaman yol quru vəziyyətdə olmuşdur. Hadisə yerində yol hərəkətini tənzimləyən hər hansı yol nişanı aşkar olunmamışdır. Hadisə baş verən zaman hava şəraiti işıqlı olmuşdur. Hadisə yerinə baxış zamanı piyadanın vurulma yeri müəyyən edilmişdir, belə ki, piyada yolun sağ tərəfindən mərkəzə tərəfə 5.6 metr məsafədə vurulmuşdur. Piyadanı vurmuş avtomobil hadisədən əvvəl saz vəziyyətdə olmuşdur. Hadisə yerində piyadanı vurmuş avtomobilə məxsus heç bir tormoz izi müəyyən edilməmişdir. BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən alınmış xx.xx.2023-cü il tarixli 3-13-16-3/2- 1821/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs BD 109 496 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2022-ci il tarixdən, xx.xx.2032-ci il tarixədək verilmişdir. Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. Məhkəmə-tibb ekspertizasının 30 sentyabr 2022-ci il tarixli 67 nömrəli rəyindən görünür ki, X4 meyitinin bədənində aşağıdakı xəsarətlər müəyyən edildi: baş-beyinin yumşaq qişasına, beyin mədəciklərinə və beyinciyə qansızma, başın yumşaq toxumalarına sol alın-təpə nahiyələrində qansızma, sol ağciyərin, plevranın, qaraciyərin və dalağın cırılması, döş sümüyünün İV qabırğa səviyyəsindən sınması, döş qəfəsinin sağ tərəfində İİ-V qabırğaların ön qoltuqaltı xətti üzrə, döş qəfəsinin sol tərəfində İ-X qabırğaların məmə və onurğayanı xəttlər üzrə sınması, sınıq ətrafı yumşaq toxumalara qansızmanın olmasıl, sol bud, sağ baldır sümüklərinin və sol əlin İİİ, İV, V barmaqların sınması, alın, sol göz, döş qəfəsi nahiyələrinin, sol əlin V, sağ əlin İ barmaqlarının yaraları, təpə, sol kürək, sol bazu, sol said, sağ baldır, sol bud nahiyələrinin sıyrıqları – bu xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və həmin xəsarrətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. X4 ölümünə səbəb başın, döş qəfəsinin, qarının, ətrafların müştərək travması nəticəsində, sklet sümüklərinin çoxsaylı sınması və daxili orqanların cırılmasından əmələ gələn ağır dərəcəli travmatik və hemorragik olmuşdur. X4 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi təhqiqatı zamanı narkotik maddələr və etil spirti aşkar edilmədi. Məhkəmə-yol-nəqliyyat hadisəsi ekspertizasının 27 fevral 2023-ci il tarixli 8/364 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən BMV 320D markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində “X23” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının 08 sentyabr 2022-ci il tarixli 3252/K nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin məhkəməkimyəvi tədqiqatına əsasən və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq cavab olaraq Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 31 avqust 2022-ci il tarixli 1960/2022 nömrəli aktında göstərilmişdir ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən və Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. Gəncə şəhər icra hakimiyyəti başçısının 45 saylı evlər üçlüyündən alınmış xasiyyətnamədə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs cəmiyyətin ictimai işlərində fəallıq göstərmiş və onun barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. X9 tərəfindən X18 adına verilmiş xx.xx.2022-ci il tarixli Epikrizdən görünür ki, X22 həmin gün xətəxananın acil servis xidmətinə klinik ölüm vəziyyətində gətirilmiş, müalicə məqsədilə xəstədə ÜAR aparılmış, tənəffüs yolu açılmış, İV yoldan adenalin verilmiş və aparılan canlandırma tədbirlərinə baxmayaraq xəstədə bioloji ölüm qeydə alınmışdır. X9 tərəfindən X21 xx.xx.2022-ci il tarixdə “Göstərilən xidmətlərə dair” qəbzdən görünür ki, xəstəxana tərəfindən X21 göstərilən tibbi xidmətlərə görə həmin xəstəxananın xəzinəsinə cəmi 169 manat 80 qəpik məbləğində ödəniş edilmişdir. Məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxsin oğlu X17 tərəfindən ünvanlanmış müraciətdən görünür ki, X5 mərhum atasının dəfn mərasiminə hərtərəfli köməklik etmişdir. Beynəlxalq xəstəxanada və 3 saylı xəstəxanada tələb olunan ödənişləri etmiş, yuma və dəfn xərclərini, həmçinin qəbirstanlıqda olan xərcləri çəkmiş, qırx mərasimini öz xərci ilə yola vermiş, 2800 manat ödəyərək məzarın üstün götürmüşdür. Dəfni yola vermək üçün dəfn günü qəbirstanlıqda 300 manat xərcləmiş, qırx mərasimi üçün isə ona 700 manat pul vermişdir. Onun tərəfindən qurulan mağarda onun qohumlarından bir neçə nəfər iştirak etməmişdir. Sonradan həmin qohumların bacısı tərəfindən təşkil edilmiş xeyr-şər məclisində iştirak etdiyini bilmişdir. X6 tərəfindən atasına ilkin anda yardım göstərildiyi, daha sonra bütün xərcləri çəkdiyi üçün ondan heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Cinayət Məcələsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “X23” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsində qeyd edilir ki, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Cinayət işinin materiallarından, xüsusən də məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 27 fevral 2023-cü il tarixli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən BMV 320D markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində “X23” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Başqa sözlə, X3 hadisə vaxtı idarə etdiyi BMV 320D markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələblərə əməl etməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisi, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs X1 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28 və 145-ci maddələrinin tələblərinə görə məhkəmə cinayət işinə və cinayət təqibi ilə bağlı digər materiallara qərəzsiz və ədalətlə baxmalı, cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları nəzərə almalı, təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmalıdır. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına əsasən sübutları qiymətləndirməlidir. «Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 may 2009-cu il tarixli Plenum qərarında isə qeyd edilir ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2006-cı il tarixli, həmçinin də həmin Məhkəmənin Plenumunun “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarlarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır, həmin maddənin İİİ-cü hissəsində isə göstərilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 27 dekabr 1996-cı tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrin diqqəti məhkəmə hökmünün qanuni, əsaslı, ədalətli və inandırıcı olması tələbinə cəlb edilsin. Hökmün inandırıcı olması o deməkdir ki, burada forma və məzmun etibarilə hökmün qanuni, əsaslı və ədalətli olması aydın və mötəbər şəkildə əks etdirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Van de Hurk Niderlanda qarşı» işi üzrə xx.xx.1994-cü il tarixli qərarında isə məhkəmə qeyd edir ki, təqdim edilmiş arqumentlər işin nəticəsi üçün önəmlidirsə məhkəmə həmin arqumentlə bağlı mövqeyini konkret olaraq əsaslandırmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin digər bir qərarında yəni, «Kondraşinanın Rusiya Federasiyasına qarşı işi üzrə» qərarında isə məhkəmə qeyd edir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aililiyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidir ki, o mübahisə edilməsin. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarın 21-ci bəndinə əsasən müəyyən edilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Bundan başqa «X23» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4cü hissəsinin 2-ci bəndində mexaniki nəqliyyat vasitəsinin sürücüsünün zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli və.s kimi vəzifələri müəyyən edilmişdir. İstər ibtidai istintaq istərsə də məhkəmə istintaqı zamanı toplanmış təkzibedilməz sübutların məcmusu o, cümlədən təqsirləndirilən şəxs X1, zərərçəkmiş şəxsin hüquqi varisi X10, şahidlər Şahid1, Şahid2 və X11 ifadələri, həmçinin X9 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Epikriz”-lə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X3 30 avqust 2022-ci il tarixdə saat 20:30 radələrində idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törətdikdən dərhal sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün oraya təcili tibbi yardım çağırmış daha sonra atası Şöhrət Allahverdiyevi mobil telefonla hadisə yerinə çağıraraq zərərçəkmiş şəxsi atası gəldikdən sonra orada olan şəxslərin köməkliyi ilə X7 yola salmış, özü isə hadisə yerində qalaraq oraya gəlmiş polis əməkdaşlarına cinayətin onun tərəfindən törədilməsi barədə məlumat verib onların iştirakı ilə hadisə yerinin baxışında iştirak etmiş, xəstəxanaya aparılmış zərərçəkmiş şəxs isə xəstəxanada göstərilən ilkin tibbi yardımlara və reanimasiyon tədbirlərə baxmayaraq həmin gün xəstəxanada ölmüşdür. Göründüyü kimi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatda qalması üçün üzərinə düşən və mümkün edilə biləcək tədbirləri görərək, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına dair hərəkətləri etmiş, onun xəstəxanaya aparılmasını təşkil etmiş lakin xəstəxanada həkimlər tərəfindən göstərilən reanimasiyon tədbirlərə baxmayaraq zərərçəkmiş şəxs X17 həmin gün aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Ona görə də məhkəmə, CM-in 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına dair hərəkətlər etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini, daha sonra mərhumun xəstəxana və dəfn xərclərinin qarşılamasını, əməlindən peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarekterizə edilməsini təqsirləndirilən şəxs X1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxs X1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzasını yüngülləşdirən hallar CM-in 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. CM-in 60-cı maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası törətdiyi cinayət əməlinə görə CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, onun cəzasını yüngülləşdirən halların olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını cəza həddini müəyyən edərkən nəzərə alır və hesab edir ki, CM-in 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut olan Gəncə şəhər BPİ-nin DYP-nin cərimə meydançasında saxlanılan BMV 320D markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil təqsirləndirlən şəxsə geri qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər BPİ-nin DYP-nin cərimə meydançasında saxlanılan BMV 320D markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs geri qaytarılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X8, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-283/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-283/2023
22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver