Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-287/2023 23.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Gədəbəy rayonu, Qarabulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Gəncə şəhəri, Engels küçəsi, ev 37-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci və 29,178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs yaxın münasibətdə olduğu, özünün yüksək vəzifədə işləyən tanışlarının olmasına inandırdığı Şahid2 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs pul vəsaitini qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gələrək bu məqsədlə Zərərçəkmiş şəxs 23000 manat pul müqabilində onu Dövlət Təhlükəsizlik Xidmətində işə düzəldəcəyi barədə yalan vəd verməklə inandırıb, həmin vədinə əməl etmək və sonuncunun xeyrinə hər hansı iş yerinə yetirmək niyyəti olmadan vahid niyyətlə 2021-ci ilin oktyabr ayında Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən «Asan Xidmətin» qarşısında 4000 manat, 25 noyabr 2021-ci il tarixdə Şahid2 vasitəsi ilə Gəncə şəhəri, Sabir küçəsində yerləşən «Orucun çayçısı» deyilən çayxanada 500 manat və 27 noyabr 2021-ci il tarixdə Şahid2 vasitəsi ilə Gəncə şəhəri, Sabir küçəsində yerləşən «Orucun çayçısı» deyilən çayxanada 500 manat pulunu aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə cəmi 5000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona CM-nin 178.1-ci və 29,178.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, lakin iş üzrə Şahid2 onun keçmiş iş yoldaşı olmaqla onunla dostluq münasibətləri vardır. Onun Bakı şəhərində yaşayan soyadı və ata adını xatırlamadığı Elşad adlı əsgərlik yoldaşı olmuşdur. Elşad əvvəllər MTN-nin daha sonralar isə DTX-nin əməkdaşı olmuş və Elşad adlı dostunun olmasından Kamranın da xəbəri olmuşdur. 2021-ci ilin oktyabr ayının əvvəllərində Kamran ona zəng edərək Qazax rayonundan olan Ülfət adlı dostunun Mehralı adlı həmkəndlisinin Dövlət Təhlükəsizlik Xidmətinə işə düzəlmək istədiyini bildirmişdir. Həmin vaxt ona pul lazım olduğu üçün o, yalandan Kamrana Elşadla bu barədə danışacağını demiş, lakin həmin vaxt Elşadla danışmamış və bir müddət sonra Kamrana zəng vuraraq işə düzəlmənin mümkün olduğunu, bunun üçün əvvəl 5000 manat pul vermək lazım olduğunu demiş və təxminən 1 həftə sonra Kamranın vasitəsi ilə Ülfət və Mehralı ilə Gəncə şəhərində yerləşən “Xan Bağı” istirahət parkında görüşmüşdür. Parkda söhbət əsnasında o, Mehralıya 23000 manat pul müqabilində onu DTX-nə işə düzəldə biləcəyini bu məqsədlə ilkin olaraq 5000 manat pul alacağını, şəhid ailəsi olduğu üçün ona 50 faiz güzəşt olacağını, geriyə qalan pulu isə işə düzəldikdən sonra verməli olduğunu bildirmişdir. Mehralı da onunla razılaşaraq Ülfətlə birlikdə Qazax şəhərinə qayıtmış, səhəri gün Kamran ona Ülfətin zəng edərək Mehralının işə düzəlmək istəmədiyini bildirmiş, bundan sonra o özü Ülfətlə və Mehralı ilə telefonla danışmış, o Ülfətə və Mehralıya işin düzələcəyini, əgər istəmirsə də öz işi olduğunu bildirmiş, onunla telefon danışığı zamanı Mehralı işə düzəlməyə razı olduğunu bildirmiş, bu söhbətdən bir həftə sonra X6 şəhərinə gəlmiş, o Ülfət və Mehralı ilə Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Asan Xidmət”-in yaxınlığında görüşmüş, həmin vaxt Kamranda yanında olmuş, Mehralı Ülfətin və Kamranın yanında cibindən çıxardıb ona 4000 manat pul vermiş, Mehralı 4000 manat pulu ona verdikdən sonra ona 2022-ci ilin yanvar-fevral aylarında işə düzələcəyini, əgər həmin vaxta kimi düzəlməsə may ayına qədər işə düzələcəyini, əgər ümumiyyətlə iş alınmasa pulunu geri qaytaracağını bildirmişdir. Daha X7 onlarla sağollaşaraq Qazax rayonuna qayıtmışlar. Bundan da təxminən 1 həftə sonra yəni xx.xx.2021-ci il tarixdə Kamran ona zəngə edərək Mehralı ilə Ülfətin onun “Kapital bank” plastik kartına pul göndərdiklərini demiş, daha sonra Kamran 500 manat pulu kartdan nağdlaşdıraraq Gəncə şəhəri, Sabir küçəsində yerləşən “Orucun çayçısı” adlı çayxanada görüşərək ona vermişdir. Bundan 2 gün sonra yəni xx.xx.2021-ci il tarixdə Kamran yenə ona zəng edərək Ülfətlə Mehralının ona məxsus plastik bank kartına pul göndərdiyini demiş, o da Kamrana həmin pulu kartdan çıxardıb ona verməsini dedikdən sonra Kamran 500 manatını çıxardıb yenə “Orucun çayçısı” deyilən çayxanada görüşərək ona vermişdir. Bundan sonra 2022-ci ilin may ayında X6 şəhərində Kamranla görüşmüş və işləri ilə maraqlanmış, Kamran da onunla telefon əlaqəsi saxlamış və o da işi düzəldən adamın guya Rusiya-Ukraniya müharibəsi ilə əlaqədar Ukraniya Respublikasına getdiyini demiş, eyni zamanda işi düzəlməsə pulu qaytaracağını bildirmişdir. May ayı bitdikdən sonra Kamran yenə ona zəng edərək Mehralının pulu istədiyini bildirmiş, o da tez bir zamanda pulun qaytarılacağını demiş, bundan sonra ona 2022-ci ilin iyun ayında 300 manat, iyul ayında 450 manat, bundan sonra 6 dəfə 25 manat olmaqla pul göndərmiş, həmin vaxtlar o Bakı şəhərində avtomobili ilə yol nəqliyyat hadisəsi törətmiş və maddi imkanı zəifləmişdir. Bundan sonra 5 gün 20 manat olmaqla Mehralıya cəmi 100 manatda bir pul göndərmiş, sonra təxminən 2022-ci ilin oktyabr ayında əlavə Mehralıya 100 manat və arxasıncada 1000 manat məbləğində pul göndərmişdir. Mehralıdan 5000 manat pul almaq üçün 23000 manat lazım olduğunu, ilk əvvəl 5000 manat iş düzəldikdən sonra isə qalan hissəsini alacağını demiş, məqsədi 5000 manat pulu ələ keçirtmək olmuşdur. Mehralının ona vermiş olduğu və Kamran vasitəsi ilə göndərmiş olduğu puldan heç kəsə pul verməmişdir. Mehralıdan aldığı pulu öz ehtiyacları üçün xərcləmişdir. Aldığı puldan 2800 manatı ödəmiş 2200 manatı isə ödəyə bilməmişdir. Sonda qismən ödəniş etməsini, himayəsində 1 azyaşlı uşağının olmasını, əməlini etiraf etməsini nəzərə alaraq yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Şahid1 onun həmkəndlisidir. Onun Şahid1 ilə əvvələr heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 2021-ci ilin oktyabr ayında Qazax şəhər avtovağzalında Ülfətlə qarşılaşmış, söhbət zamanı Ülfət yaxın bir dostunun ona DTX-nə işə düzəltmək üçün adam tapmasını bildirdiyini demişdir. O Ülfətə onu işə düzəltməsi üçün danışmasını bildirmişdir. Ülfət dostu ilə danışıb ona bir cavab verəcəyini bildirmişdir. Təxminən bir həftə sonra Ülfət ona zəng vuraraq dostu ilə danışdığını, onunla birlikdə Gəncə şəhərinə gedib dostu ilə görüşüb söhbət etməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs bundan sonra Ülfətlə birlikdə Gəncə şəhərinə getmişdir. Gəncə şəhəri ərazisində yerləşən "Xan bağı" adlanan parkda iki nəfər adlarını sonradan bildiyi Şahid2 və Təqsirləndirilən şəxs ilə söhbət edən zaman Yusif adlı şəxs ona DTX-nə düzəlməsi üçün 23000 manat pul verməli olduğunu, həmin puldan ilk olaraq 5000 manat alacağını, geriyə qalan 18000 manat pulun isə şəhid ailəsi olduğu üçün mənə 50% güzəşt olacağını, həminçinin pulun qalan hissəsini isə iş düzəldikdən sonra verəcəyini bildirmişdir. Onlar razılaşmış və o Ülfətlə birlikdə Qazax rayonuna yaşadıqları ünvana qayıtmışdır. Evdə düşünmüş və səhəri gün Yusifə zəng vuraraq işə düzəlməkdən imtina etdiyini bildirmişdir. Daha sonra Yusif bir neçə dəfə Zərərçəkmiş şəxs məxsus mobil telefona zəng vuraraq bu işdən imtina etməyin düzgün olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs Yusiflə bir neçə dəfə telefonla danışdıqdan sonra yenidən razılıq vermiş və 2021-ci ilin oktyabr ayında "Turan Bank"dan 4000 manat kredit götürmüş və Ülfətlə birlikdə Gəncə şəhərinə gedərək həmin şəxslərlə yenidən görüşmüşdür. Onlar həmin şəxslərlə Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən «Gəncə Asan» xidmət mərkəzinin qarşısında görüşmüş və o, 4000 manat pulu Yusifə vermişdir. O pulu verdikdən sonra Yusif yanvarfevral aylarında işə düzələcəyini, əgər həmin vaxt düzəlməsə də may ayına qədər dəqiq işə düzələcəyini bildirmişdir. Bundan sonra onlar həmin şəxslərlə sağollaşıb Qazax rayonuna qayıtmışdır. O həmin gündən bir həftə sonra 5000 manat pulun düzəlməsi üçün axşam saatlarında Şahid2 məxsus Kapital Bank hesabına 500 manat pul vurmuş. Səhəri gün yenə də Kamrana məxsus karta 500 manat pul vurmuşdur. Həmin vaxtdan sonra o Yusif və Kamranla Ülfətin vasitəsilə əlaqə saxlamışdır. 2022-ci ilin aprel ayında o Ülfətlə birlikdə Gəncə şəhərinə gedərək Kamranla görüşmüşdür. Kamran ona Yusifin deməsinə görə işə düzəldəcək vəzifəli şəxsin Rusiya-Ukraniya müharibəsi ilə əlaqədar olaraq Ukraynaya getdiyini bildirmişdir. Daha sonra Yusif adlı şəxslə telefonla danışmışdır. Yusif telefonda Ülfətə onun may ayında işə düzələcəyini, narahat olmamasını, əgər iş alınmazsa pulunu qaytaracaqlarını bildirmişdir. Bundan sonra Yusifə və Kamrana inandıqları üçün Ülfətlə Qazax rayonuna qayıtmışdır. May ayı bitdikdən sonra onların onu işə düzəltməyəcəyini düşünüb onlara zəng vurmuş və onun pulunu qaytarmalarını istəmişdir. Həmin şəxslər pulunu tez bir zamanda qaytaracaqlarını bildirsələr də pulunu qaytarmamışlar. Bir müddət sonra o, Yusiflə telefon əlaqəsi saxlayaraq pulunu qaytarmayacağı təqdirdə şikayət edəcəyini bildirmişdir. Həmçinin o Kamranla da danışıb pulunu qaytarmasını demişdir. Yusif və Kamranla bir neçə dəfə danışdıqdan sonra onlar əvvəlcə Ülfətə məxsus hesab kartına 300, daha sonra isə 450 manat pul vurmuşlar. Ülfət həmin pulları ona çatdırmışdır. Daha sonra isə Yusif ona zəng vurarq imkanlarının yaxşı olmadığını bildirərək əvvəlcə həftədə 500 manat, daha sonra isə hər gün 25 manat pul göndərəcəyini demdişdir. Onlar 3 gün Ülfətə məxsus karta 25 manat pul vurmuşlar. Daha sonra isə o, həyat yoldaşının adına bank hesabı açdırmış və Yusif 2 gün 25 manat pulu həmin karta göndərirmişdir. Lakin sonradan Yusif həmin pulu göndərməyi dayandırmışdır. Bundan sonra onların barəsində şikayət etmişdir. Həmin şəxsə ümumilikdə 5000 manat pul vermişdir. Yusif isə ona ümumilikdə həmin pulun 2800 manatını qaytarmışdır. Sonda məhkəmədən ona dəymiş ziyanın tam şəkildə ödənilməsinə köməklik etməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Onun Mehralı ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. 2021-ci ilin oktyabr ayında Qazax şəhər avtovağzalında Mehralı ilə qarşılaşmışır. Onunla söhbət edən zaman o Mehralıya yaxın bir dostunun ona DTX-nə işə düzəltmək üçün adam tapmağını bildirdiyini demişdir. Mehralı ona onu işə düzəltməsi üçün dostuyla danışmağını xahiş etmişdir. Bundan sonra o, dostu Şahid2 ilə danışıb ona bir cavab verəcəyini demişdir. Sonra özü Kamran ilə mobil telefonla danışıb ona bir nəfər dostunun işə düzəlmək istədiyini bildirmişdir. Kamran da ona öz dostu ilə danışıb ona cavab verəcəyini bildirmişdir. Bir neçə gün sonra Kamran ona zəng vuraraq görüşmək üçün Gəncə şəhərinə getməklərini bildirmişdir. O da Mehralıya zəng vuraraq dostu ilə danışdığını, onunla birlikdə Gəncə şəhərinə gedib orada dostu ilə görüşüb üzbəüz söhbət etməyini demişdir. O, Mehralı ilə birlikdə Gəncə şəhərinə getmişlər. Gəncə şəhərində "Xanbağı" parkında dostu Kamran və onunla bir yerdə gəlmiş Yusif adlı şəxslə görüşmüşdür. Həmin vaxt söhbət əsnasında Yusif Mehralını DTX-na işə düzəltməsi müqabilində 23000 manat pul alacaqlarını bildirmişdir. Həmin vaxt Yusif adlı şəxs Mehralıya ilk olaraq 5000 manat alacağını, geriyə qalan 18000 manat pulu isə şəhid ailəsi olduğu üçün 50% güzəşt olunacağını və həmin pulu işə düzəldikdən sonra verəcəyini bildirmişdir. Onlar razılaşmış və o Mehralı ilə birlikdə Qazax rayonuna yaşadığıqları ünvana qayıtmışlar. Mehralı evdə bir gün düşündükdən sonra səhəri gün həmin şəxslərə zəng vuraraq işə düzəlməkdən imtina etdiyini bildirmişdir. Daha sonra Yusif və Kamran Mehralıya məxsus mobil telefona zəng vuraraq bu işdən imtina etməyin yaxşı olmadığını bildirmişlər. Onlarla telefonda danışdıqdan sonra Mehralı yenə razılıq vermişdir. 2021-ci ilin oktyabr ayında Mehralı "Turan Bank"dan 4000 manat kredit götürərək onunla birlikdə Gəncə şəhərinə getmişdir. Onlar həmin şəxslərlə Gəncə şəhəri Heydər Əliyev prospektində yerləşən «Gəncə Asan» xidmət mərkəzinin qabağında görüşmüşlər. Görüş zamanı Mehralı bankdan götürdüyü 4000 manat pulu Yusif adlı şəxsə vermişdir. Mehralı pulu verdikdən sonra Yusif yanvar-fevral aylarında işə düzələcəyini, əgər həmin vaxt düzəlməsə də may ayına qədər işə düzələcəyini bildirmişdir. O, və Mehralı həmin şəxslərlə sağollaşıb Qazax rayonuna qayıtmışlar. Mehralı həmin gündən bir həftə sonra axşam saatlarında Şahid2 məxsus Kapital Bank hesabına 500 manat pul göndərmiş daha sonra səhəri gün yenə də Kamrana məxsus karta 500 manat pul göndərmişdir. Həmin vaxtdan sonra Mehralı həmin şəxslərlə onun vasitəsi ilə əlaqə saxlamışdır. Belə ki, o, Kamran ilə dost olduğu üçün Kamrana zəng vurmuşdur. 2022-ci ilin aprel ayında o Mehralı ilə birlikdə Gəncə şəhərinə gedərək Kamranla görüşmüşdür. Həmin vaxt Kamran onlara Yusifin deməsinə görə Mehralını işə düzəldəcək adını Elşad kimi təqdim etdikləri vəzifəli şəxsin Rusiya-Ukraniya müharibəsi ilə əlaqədar olaraq Ukraynaya getdiyini bildirmişdir. Daha sonra Kamran Yusifə telefonla zəng vuraraq danışmışdır. Yusif telefonda Kamrana Mehralının may ayında işə düzələcəyini, narahat olmamalarını, əgər iş alınmazsa pulunu qaytaracaqlarını bildirmişdir. Onlarda bundan sonra Mehralı ilə Qazax rayonuna qayıtmışlar. May ayı bitdikdən sonra Mehralı Yusifin onu işə düzəltməyəcəyini düşünüb zəng vurub pulunu qaytarmasını bildirmişdir. Həmin vaxt Yusifdə Mehralıya pulunu tez bir zamanda qaytaracaqlarını bildirsə pulu qaytarmamışdır. Bir müddət sonar Mehralı onlarla telefon əlaqəsi saxlayaraq pulunu qaytarmayacaqları təqdirdə şikayət edəcəyini bildirmişdir. Bundan sonra onlar əvvəlcə ona məxsus hesab kartına 300 manat, daha sonra isə 450 manat pul göndərmişdir. O da həmin pulları Mehralıya çatdırmışdır. Daha sonra isə Yusif Mehralıya zəng vurarq imkanının yaxşı olmadığını bildirərək Mehralıya əvvəlcə həftədə 500 manat, daha sonra isə hər gün 25 manat pul vuracağını bildirmişdir. Sonra 3 gün ona məxsus karta 25 manat pul göndərmişdir. Daha sonra isə Mehralı həyat yoldaşının adına bank hesabı açdırmış və onlar da 2 gün 25 manat pulu həmin karta vurmuşlar. Mehralı onun həmkəndlisi olduğu üçün o onun işə düzəlməsinə kömək etmək istəmişdir. O həmin işdən heç bir pul götürməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 və Təqsirləndirilən şəxs onun dostlarıdır. Zərərçəkmiş şəxs isə Ülfətin vasitəsi ilə tanımışdır. Onun Şahid1 və Təqsirləndirilən şəxs ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. 2021-ci ilin oktyabr ayının əvvəllərində dostu Ülfətlə telefonla danışan zaman ona həmkəndlisi Mehralı adlı şəxsin Dövlət Təhlükəsizlik Xidmətinə işə düzəlmək istədiyini demişdir. Bu zaman əvvəllər dostu Yusiflə danışan zaman DTX-də Yusifin dostunun yaxşı vəzifədə işlədiyini dediyi yadına düşmüş və Ülfətə Yusiflə danışacağını, əgər mümkündürsə onları görüşdürəcəyini demişdir. Bundan sonra Yusiflə telefonla danışaraq ona Ülfətin qohumunun işə düzəlmək istədiyini demişdir. Yusif də ona həmin şəxslə görüşmək istədiyini bildirmişdir. Təxminən 1 həftə sonra Ülfətlə telefonla danışan zaman birlikdə oturub çay içib söhbət etmək barədə razılaşmışlar. Bu söhbətlərdən təxminən 2-3 gün sonra Ülfət ona zəng edərək Mehralı ilə Gəncə şəhərinə gəldiyini və görüşmək istədiklərini demişdir. Bundan sonra Ülfət, Mehralı və Yusiflə birlikdə Gəncə şəhərində yerləşən "Xan Bağı" istirahət parknda görüşmüşlər. Orada söhbət əsnasında Yusif Mehralıya 23000 manata işə düzəldəcəyini, həmin puldan ilkin olaraq 5000 manat alacağını, geriyə qalan 18000 manatın isə şəhid ailəsi olduğu üçün 50 faiz güzəşt olacağını, həmin pulu isə işə düzəldikdən sonra verməli olduğunu bildirmişdir. Mehralı da Yusiflə razılaşmışdır. Bundan sonra onlar çayxanadan durmuş və Mehralı Ülfətlə birlikdə Qazax şəhərinə qayıtmışdılar. Həmin günün səhəri günü Ülfət ona zəng edərək Mehralının işə düzəlmək istəmədiyini bildirmişdir. O da ona Yusiflə danışmasını demişdir. Bundan sonra Ülfət Yusiflə danışmış və Ülfət eyni sözləri Yusifə də demişdir. Yusif isə ona işin alınacağını, əgər istəmirsə öz işi olduğunu bildirmidir. Yusiflə telefon danışığı zamanı Mehralı işə düzəlməyə razı olduğunu demişdir. Bu söhbətdən bir həftə X7 birlikdə Gəncə şəhərinə gəlmiş və onlar Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən «Gəncə Asan» xidmətin qarşısında görüşmüşlər. Həmin vaxt Mehralı 4000 manat məbləğində pulu çıxardıb Yusifə vermişdir. Yusif pulu götürdükdən sonra Mehralıya 2022-ci ilin yanvar-fevral aylarında işə düzələcəyini, əgər həmin vaxta kimi düzəlməsə may ayına qədər işə düzələcəyini, əgər ümumiyyətlə iş alınmasa pulunu geri qaytaracağını bildirmişdir. X7 sağollaşaraq Qazax rayonuna qayıtmışlar. Bundan təxminən 1 həftə sonra yəni 25 noyabr 2021-ci il tarixdə Mehralı ilə Ülfət Balaceyev ona məxsus "Kapital bank" plastik kartına 500 manat pul göndərmişlər. O da həmin gün 500 manat pulu kartdan nağdlaşdırıb Yusiflə Gəncə şəhəri Sabir küçəsində yerləşən "Orucun çayçısı" adlı çayxanada görüşərək pulu Yusifə vermişdir. Bundan 2 gün sonra 27 noyabr 2021-ci il tarixdə Ülfətlə Mehralı yenə ona məxsus plastik bank kartına 500 manat pul göndərmişlər. O, da həmin pulu yəni 500 manatı bankomatdan çıxardaraq yenə "Orucun çayçısı" deyilən çayxanada Yusifə vermişdir. Bundan sonra 2022-ci ilin aprel ayında X6 şəhərində onunla görüşmüş və işləri ilə maraqlanmışlar. O da onların yanında Yusiflə telefon əlaqəsi saxlamış, Yusif də işi düzəldən adamın Rusiya- Ukraniya müharibəsi ilə əlaqədar Ukraniya Respublikasına getdiyini, eyni zamanda işi düzəlməsə pulu qaytaracağını demişdir. O, Yusifin dediyi sözləri Mehralı ilə Ülfətə demişdir. May ayı bitdikdən sonra Ülfət yenə ona zəng vuraraq Mehralının pulunu istədiyini demişdir. O da Yusiflə danışmış Yusif ona tez bir zamanda pulu qaytaracağını bildirmişdir. O da həmin sözü Mehralıya bildirmişdir. Bir müddət sonra Ülfət zəng vuraraq Mehralının şikayət etmək istədiyini demişdir. Bundan sonra Yusif 2022-ci ilin iyun ayında 300 manat, iyul ayında 450 manat pul qaytarmşdır. Həmçinin bundan başqa Yusif 6 dəfə 25 manatda pul göndərmişdir. Həmin vaxtlar Yusif Bakı şəhərində avtomobili ilə yol nəqliyyat hadisəsi törətmiş və imkanı zəifləmişdir. Bundan sonra 5 gün də hər gün 20 manat olmaqla 100 manat göndərmişdir. Bundan sonra təxminən 2022-ci ilin oktyabr ayında Yusif 100 manat və arxasıncada 1000 manat məbləğində pulu Mehralıya göndərmişdir. Mehralının Yusifə vermiş olduğu puldan Yusif ona heç bir məbləğdə pul verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v. 01); Qəbzlərdən görünür ki, xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixlərdə Şahid2 kart hesabına 505 və 505 manat olmaqla pul göndərilmişdir. 06 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü ildə doğulmuş X4 adlı azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci və 29, 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittihama görə o, yaxın münasibətdə olduğu, özünün yüksək vəzifədə işləyən tanışlarının olmasına inandırdığı Şahid2 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs pul vəsaitini qanunsuz və əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmək qərarına gələrək bu məqsədlə Zərərçəkmiş şəxs 23000 manat pul müqabilində Dövlət Təhlükəsizlik Xidmətində işə düzəltmək barədə yalan vəd verməklə inandırıb, həmin vədinə əməl etmək və sonuncunun xeyrinə hər hansı iş yerinə yetirmək niyyəti olmadan vahid niyyətlə 2021-ci ilin oktyabr ayında Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən «Asan Xidmətin» qarşısında 4000 manat, 25 noyabr 2021-ci il tarixdə Şahid2 vasitəsi ilə Gəncə şəhəri, Sabir küçəsində yerləşən «»Orucun çayçısı» deyilən çayxanada 500 manat, 27 noyabr 2021-ci il tarixdə Şahid2 vasitəsi ilə Gəncə şəhəri, Sabir küçəsində yerləşən «»Orucun çayçısı» deyilən çayxanada 500 manat pulunu aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs qalan pulunu iş düzəldikdən sonra verəcəyini dediyi üçün qalan 18000 manat vəsaiti özündən asılı olmayan səbəblərə görə ələ keçirə bilməyərək zərərçəkmiş şəxsə 5000 manat maddi ziyan vurmaqla ümumilikdə 23000 manat xeyli miqdarda əmlakı ələ keçirməyə cəhd edərək dələduzluq etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci və 3-cü bəndlərində isə qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Həmin qərarının 33-cü bəndinə əsasən şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Bununla belə xeyli və ya külli miqdarda əmlakı ələ keçirmək niyyətində olan şəxs istədiyi miqdarda yox, bundan az, lakin yenə də xeyli və ya külli miqdar təşkil edən əmlakı ələ keçirdikdə təqsirkarın əməli başa çatmış cinayət kimi CM-nin 178.2.4-cü və ya 178.3.2-ci maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun xx.xx.2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə aşağıdakılar başa düşülməlidir: a) təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan norması tətbiq olunur; b) ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirir. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi). İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs niyyəti zərərçəkmiş şəxsə məxsus 5000 manatı pulu dələduzluq yolu ilə ələ keçirmək olmuş və təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə pulunu ələ keçirmək üçün yalandan ona işə düzəldikdən sonra əlavə olaraq 18.000 min manat pul verməli olduğunu söyləmişdir. Həmin sözü söyləməkdə məqsədi zərərçəkmiş şəxsin dələduzluq yolu ilə 5.000 manat pulunu ələ keçirməkdə onda inam və etibarın formalaşması olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə bu hal öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsüf edilməli və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan Cinayət Məcəlləsinin 29,178.2.4-cü maddəsi ilə olan bənd çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə-min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, himayəsidə bir azyaşlı uşağının olmasını, dəymiş zərərdən qismən ödəniş etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsi onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52- 1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci, xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşayış yerini və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı– “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ**********0000067944, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-287/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-287/2023
23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver