Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-294/2023 01.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1958-ci il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ayıq vəziyyətdə və sürücülük hüququ olmaqla idarə etdiyi “Mersedes Benz V230” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi ilə General Şıxlinski küçəsinin kəsişməsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbinə, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görərək hadisənin qarşısını almağa real imkanı olduğu halda bunaəməl etməyərək hərəkətini davam etdirmiş, həmin vaxt avtomobil yolunu sağ tərəfdən sol tərəfə keçən piyada X5 vuraraq sonuncuya baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə və beyinciyə qansızma, başın yumşaq toxumalarna sağ alın və ənsə-təpə təpə-ənsə nahiyəsində qansıma, ənsə nahiyəsinin yarası, sağ təpə-ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, ağ ciyərlərin, plevranın, qaraciyərin cırılması, döş sümüyünün V qabırğa səviyəsindən sınması, döş qəfəsinin sol tərəfində İ-X qabırğaların onurğayanı xətt üzrə, döş qəfəsinin sağ tərəfində İ-İV qabırğaların məmə xətti üzrə sınması, ənsə və sağ gözətrafı nahiyənin hemotoması, sol yanaq, sol gözaltı, bel, sol əlin üst səthinin və sağ diz nahiyəsinin sıyrıqları xəsarətləri ilə nəticələnən və həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına, küt kəllə-beyin travması nəticəsində əmələ gələn baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyin toxumasına qansızma və kəllə sümüklərinin sınmasına səbəb olmaqla ölməsinə, yəni yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Bir neçə dəfə ürək infaktı keçirmiş, həkim ona piyada gəzməyi tövsiyyə etdiyi üçün o, mütəmadi olaraq Gəncə şəhəri Heydər Əliyev prospektində yerləşən “Qələbə“ parkında piyada gəzmişdir. xx.xx.2023-cü il tarixdə o, səhər saat 05:30-da yaşadığı evdən çıxıb etibarnamə ilə ona məxsus “Mersedes Benz V230” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri H.Əliyev prospektində yerləşən “Qələbə” parkına getmişdir.O, “Qələbə“ parkında təxminən 30 dəqiqə gəzdikdən sonra idarə etdiyi “Mersedes Benz V230” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 30-40 km/saat surətlə yaşadığı evə qayıdan zaman Gəncə şəhəri Zülfü Hacıyev küçəsi ilə General Şıxlinski küçəsinin kəsişməsində yolu keçmək istəyən piyada, onunla qonşu küçədə yaşayan, Emin kimi tanıdığı şəxsi vurmuşdur. Həmin hadisə ani olduğu və o, diqqətsizlik etdiyi üçün Emini avtomobil ilə vurduğunu hiss eləməmiş, təxminən 50-60 metr avtomobili idarə etdikdən sonra avtomobili saxlamış və piyada vurduğunu bilmişdir. Bundan sonra o, dərhal oğlu X3 zəng etmiş, təxminən 5-10 dəqiqə sonra oğlu Samir hadisə yerinə gəlmiş və DİN-in “102 xidməti”nə baş vermiş hadisə barəsində məlumat vermişdir. Eyni zamanda oğlu Samir TTYX-na da məlumat vermişdir. Təxminən 5-10 dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və o, onlara özünü təqdim edib baş vermiş hadisə barəsində məlumat vermişdir.Sonda təqsirləndirilən şəxs törətmiş olduğu hadisə ilə əlaqədar səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş maddi ziyanı tam şəkildə ödədiyini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, ilk dəfə cinayət əməli törətdiyini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, mərhum X7 onun doğma əmisidir. xx.xx.2023-cü il tarixdə o, işdə növbədə olarkən səhər saat 09 radələrində Gəncə şəhərində yaşayan Vüqar adlı qohumu ona zəng edərək əmisi X4 yaşadıqları evin yaxınlığında maşın vurduğunu və əmisinin aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat etdiyini, hazırda Gəncə şəhəri 3 nömrəli xəstəxananın həyətində yerləşən morqda olduğunu bildirmişdir. O, növbəni təhvil verdikdən sonra işdən çıxıb Gəncə şəhəri 3 nömrəli xəstəxananın həyətində yerləşən morqa gəlmiş və mərhum əmisi X4 meyitini ekspertlər müayinə etdikdən sonra ona təhvil vermiş və o, yaxın qohumlarım ilə birlikdə mərhum əmisini xx.xx.2023-cü il tarixdə Gəncə şəhər İmamzadə kompleksində dəfn etmişlər. Sonda o, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam həcmdə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, barışdıqlarını və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər DYPŞ-nin inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 06:30 radələrində o, 6215 saylı patrul avtomobili ilə gecə növbəsində xidmət apararkən Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi ilə General Şıxlinski küçələrinin kəsişməsinə piyadanı vurması barədə Gəncə şəhər Baş Polis İdarəsinin Növbətçi Hissəsindən xidməti məlumat almış və onunla birlikdə xidmət aparan DYP-nin inspektoru, polis baş serjantı Şahid2 ilə birlikdə dərhal qeyd edilən hadisə yerinə getmişlər. Onlar hadisə yerinə çatdıqda orada adı onlara sonradan məlum olan Təqsirləndirilən şəxs özünü təqdim edərək Gəncə şəhəri Zülfü Hacıyev küçəsi ilə General Şıxlinski küçələrinin kəsişməsində yolu keçmək istəyən piyada, adı onlara sonradan məlum olan X5 idarə etdiyi Mersedes Benz V230 markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin piyadanı vurduqdan sonra oğlu Samir Məmmədova zəng etdiyini, oğlu Samirin yaxınlıqda yaşadığı üçün hadisə yerinə gəldikdən sonra DİN-nin “102 xidməti”nə və TTYX-na məlumat verdiyini bildirmişdir. Bir qədər sonra hadisə yerinə PPXT-nin əməkdaşları gəlmiş və hadisə yerinə toplaşmış şəxsləri oradan uzaqlaşdırmışlar, onlar isə hadisə yerində qalıb hadisə yerinin müayinəsində iştirak etmişlər. Hadisə yerinin fotoşəkilləri çəkildikdən sonra “Mersedes Benz V230” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobil DYPŞ-nin cərimə meydançasına aparılmışdır. Hadisə zamanı avtomobili idarə edən Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və foto şəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Gəncə şəhəri, Zülfü hacıyev küçəsi ilə G.Şıxlinski küçəsinin kəsişməsində baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş vermiş avtomobil yolu asfalt olmaqla düz, quru vəziyyətdədir, yolun ümumi eni 9 metrdir, avtomobil yolu iki tərəfli hərəkət üçün nəzərdə tutulmuşdur. Yolun iki hərəkət hissəsi vardır ki, hər bir hərəkət hissənin eni 4.5 metrdir. Yolun hər iki tərəfindən piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilər vardır. Hadisə yerinə baxış zamanı piyadanın vurulma yeri müəyyən edildi, belə ki, piyada yolun sol tərəfindən mərkəzə tərəf 3 metr məsafədə vurulmuşdur. Hadisə yerində piyadanı vurmuş avtomobilə məxsus heç bir tormoz izi müəyyən edilməmişdir. Hadisədən əvvəl piyadanı vurmuş avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisədən əvvəl avtomobilin sürücüsü ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2023-cü il tarixli, 326/2023 nömrəli aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli 12 nömrəli “meyitin ekspertizası” rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə və beyinciyə qansızma, başın yumşaq toxumalarna sağ alın və ənsə-təpə təpə-ənsə nahiyəsində qansıma, ənsə nahiyəsinin yarası, sağ təpəənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, ağ ciyərlərin, plevranın, qaraciyərin cırılması, döş sümüyünün V qabırğa səviyəsindən sınması, döş qəfəsinin sol tərəfində İ-X qabırğaların onurğayanı xətt üzrə, döş qəfəsinin sağ tərəfində İ-İV qabırğaların məmə xətti üzrə sınması, ənsə və sağ gözətrafı nahiyənin hemotoması, sol yanaq, sol gözaltı, bel, sol əlin üst səthinin və sağ diz nahiyəsinin sıyrıqları. Qeyd olunan xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir.X1 ölümünə səbəb açıq küt kəlləbeyin travması nəticəsində əmələ gələn baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyin toxumasına qansızma və kəllə sümüklərinin sınması olmuşdur.X1 bədənində müəyyən edilmiş xəarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yolnəqliyyat hadisəsi zamanı da əmələ gələ bilər.X1 meyitindən götürülmüş qanın məhkəməkimyəvi təhqiqatı zamanı narkotik maddələr və etil spirti aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 8/473 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, Mersedes Benz V230 markalı, 20DV992 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 1-ci hisəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş DİN BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-16-3/2- 2704/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs AC 652 623 saylı BCD kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2019-cu il tarixdən, xx.xx.2028-ci il tarixədək verilmişdir. Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 138 nömrəli evlər üçlüyündən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin verdiyi ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəza nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməliolduğu halda, həmin tələbə əməl etməmiş və nəticədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən həmin cinayətin az ağır cinayətlər təsnifatına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1 və 56.1.1-ci maddələrinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhəri probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz V230” markalı, 20DV992 dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 7 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 42 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhəri probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz V230” markalı, 20DV992 dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 42 (qırx iki) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gəncə Şəhəri Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-294/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-294/2023
01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver