Məhkəmə qərarları › İş №1(125)-294/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-294/2024

28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-294/2024 28.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1979-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, evli, himayəsində bir azyaşlı uşağı olan məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 barəsində barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 2 saylı İstintaqTəcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində(13 dekabr 2023-cü il tarixinədək olan redaksiyada) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdardan artıq miqdarda əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0, 825 qram təşkil edən narkotik vasitə olan herioni əldə edib üzərində saxlayaraq daşımış, 02 mart 2022-ci il tarixdə saaat 14:00 radələrində Gəncə şəhər Kəpəz rayon Polis idarəsinə (hal-hazırda 2-ci PŞ) daxil olmuş məlumat əsasında həmin idarənin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən Gəncə şəhəri, Kəpəz rayonu,Atabəylər küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, Heydər Əliyev prospekti 265 ünvanda yerləşən Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə (hal-hazırda 2-ci PŞ) gətirilərək üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0.825 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində (13 dekabr 2023-cü il tarixinədək olan redaksiyada) nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadə edir. Polis Şöbəsində üzərindən çıxan narkotik vasitə onun olmuşdur. Polislər onu Bakı şəhərində saxlamışlar. Polis Şöbəsində üzərində olan narkotik vasitəni könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Əməlindən peşmandır, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də əməliyyat-axtarış qrupu yaradılmışdır. Onlar Təqsirləndirilən şəxs Gəncə şəhər, Atabəylər küçəsində saxlamış və Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində üzərində olan narkotik vasitəni könüllü olaraq onlara təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsidə bildirmişdir ki, 2022-ci il tarixdə Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onlar Təqsirləndirilən şəxs Gəncə şəhər, Atabəylər küçəsində yaxınlaşaraq özlərini təqdim edərək onu Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində üzərində olan narkotik vasitəni könüllü olaraq onlara təqdim etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: - “Şübhəli şəxsin tutulması haqqında” 02 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X5 təhvil verilmişdir. -“Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və X4 azad edilməsi haqqında” 04mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Gəncə şəhəri BPİ-nin X4 azad olunmuşdur. -Məhkəmə-kimyəvi ekspertizasının 03 mart 2022-ci il tarixli 16/252nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “vətəndaş Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş maddə" sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0.825 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - Məhkəmə-narkoloji ekspertizasının 20 iyun 2022-ci il tarixli 868 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-isitfadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. - DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış və Gəncə şəhər Narkoloji Dispanserdən alınmış arayışlardan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda olmamışdır. -Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(125)-294/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməsi və barəsində axtarış elan olunmaqla “həbs” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. - “Axtarışda olan şəxsin tutulması haqqında” 11 sentyabr 2024-cü il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə barəsində elan edilmiş axtarış çərçivəsində tutularaq edilərək MSY-ə təhvil verilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli 3-16-17/41/2-5337/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən həbs edilərək xx.xx.2024-cü il tarixdə Məhkəmənin hesabına müəssisəyə daxil olmuşdur. -Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış istintaq hərəkətinin görüntülərini əks etdirən 1 ədəd DVD diskə məhkəmə istintaqında baxış keçirilmiş və baxış zamanı,Təqsirləndirilən şəxs Gəncə şəhər 2-ci Polis Şöbəsinin inzibati binasında video çəkiliş ilə üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı qeydə alınmış video görüntüyə baxış zamanı, 2-ci X6 Bölməsinin baş təhqiqatçısı, polis mayoru X10, 2-ci Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, CAB-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2, həmçinin Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili, Müdafiəçi və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. X9 şəxsi axtarış və götürmə aparılacağını qeyd edərək, axtarışaparmazdan əvvəl şübhəli şəxsə hüquq və vəzifələri izah edilərək bildiriş protokolu təqdim edilir. Hüquq və vəzifələrə dair bildiriş protokolu şübhəli şəxs və onun müdafiəçisi tərəfindən imzalanır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet varsa təqdim etməsi bildirilir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol üst cibindən bir ədəd “Rothmans” markalı siqaret və bir ədəd alışqan, əynində olan göy rəngli cins şalvarın yan cibindən bir ədəd büküm təqdim edərək narkotik vasitə olduğunu, bundan başqa üzərində hər hansı əşya və ya predmet olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır. Axtarış zamanı başqa heç bir əşya və ya predmet aşkar edilmir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş kütlənin “kakos” adlandırdığı narkotik vasitə olan heroin olduğunu dedi. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümdəki kütləyə baxış keçirilərək kəskin iyli, qəhvəyi rəngli toz şəkilli, ilk baxışdan narkotik vasitə olan heroinə bənzədiyi bildirilir. Əlavə sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni tutulmazdan üç gün əvvəl Gəncə şəhərində işlədiyi “Kontinent” inşaat malları mağazasının yaxınlığında yerdən tapdığını, şəxsi istifadəsi üçün saxladığını, heç kimdən almadığını, heç kimə satmadığını, bu barədə heç kəsin məlumatının olmadığını, narkotik vasitənin istifadəsi ilə 3-4 ildir ki şpris vasitəsilə damara vurmaq yolu məşğul olduğunu bildirir. Götürülmüş kütlə aptek tərəzisində çəkilir. Götürülmüş gümüşü rəngli falqa bükümlə birlikdə çəkisi 1 (bir) qram olur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdəki narkotik vasitəyə bənzər kütlə zərfdə qablaşdırılır və ağzı Azərbaycan Respublikası DİN-in 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanır. Müdafiəçi Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş kütlənin özünə məxsus olubolmadığını, ona qarşı hər hansı təzyiq, hədə qorxu olub-olmadığını soruşur və Təqsirləndirilən şəxs həmin kütlənin özünə məxsus olduğunu, ona qarşı heç bir təzyiq və hədə-qorxu olmadığını, aşkar olunmuş kütləni öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirir. Baxış başa çatır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etiraf ifadəsi ilə yanaşı şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahısı”na əsasən narkotik vasitə heroinin xeyli miqdarı 0.15 qramla 2 qram arası müəyyən edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət hadisəsini 2022-ci ilin mart ayında törətdiyindən təqsirləndirilən şəxsə təyin ediləcək cəza da həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası CM-nin (keçmiş redaksiyada) 234.1-ci maddəsinin dispozisiyasına uyğun təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli Qanunla dəyişiklik edilmiş, həmin dəyişikliyə əsasən Məcəllənin 234.1-ci maddəsinin dispozisiyasında olan “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. Sözü gedən Qanun 13 dekabr 2023-cü il tarixdə qüvvəyə minmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə (13 dekabr 2023-cü il tarixədək olan redaksiyada) əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini və himayəsində bir azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-in 61-ci maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətməsini), təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olunması mümkündür. Təqsirləndirilən şəxsümumi olaraq 2 (iki) gün müddətində şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Həmçinin məhkəmə, işdə olan məhkəmə-narkoloji ekspertizasının 20 iyun 2022-ci il tarixli 868 nömrəli rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsininsaxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.775 qram olan narkotik vasitə heroin məhv edilməli, həmçinin iş üzrə maddi sübut olan və özündə istintaq hərəkətlərinin görüntülərini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilib saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respubikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat qırx qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Gəncə Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 23 saat üçün 138 (yüz otuz səkkiz) manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Gəncə Şəhər 1 saylı Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində (13 dekabr 2023-cü il tarixinədək olan redaksiyada) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 mart 2022-ci il tarixdən 03 mart 2022-ci il tarixədək 02 (iki) gün tutulduğu müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 11 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.775 qram olan narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin əks olunduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 32,40 (otuz iki manat, qırx qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. (AZ.MEM, VÖEN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T. Bik: CTREAZ22). Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 138 (yüz otuz səkkiz) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar