Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-297/2023 11.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, müdafiəçilər - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1992-ci ildə Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Goranboy rayonu Qızılhacılı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Gəncə şəhəri, F.Əmirov küçəsi, bina 34, mənzil 59-un qarşısında qonşusu Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı əl zərbələri ilə onu döyərək, sonuncuya alın nahiyəsinin əzilmiş yarası, sağ gözətrafı nahiyənin hematoması, yumşaq toxumalarının əzilməsi, sol gözün alt qapağının qançırı, sağ qaşüstü nahiyənin sıyrığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarət yetirmişdir. Məhkəmə baxışı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərmişdir ki, Gəncə şəhərində ailəsi və anası ilə birlikdə yaşamaqla himayəsində bir azyaşlı uşağı var. Zərərçəkmiş şəxs bir neçə ildir ki, tanıyır. Belə ki, Rafiq onun qonşuluğunda yaşayan Şahid evinə köçərək qeyri-rəsmi ər-arvad münasibətlərində onunla birlikdə yaşayır. Onların əvvəllər heç vaxt bir-biri ilə ədavətləri olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində yaşadığı evdə yemək yeyən zaman bir qədər araq içmişdir. Yemək yedikdən sonra təxminən saat 23 radələrində küçəyə çıxaraq bir qədər piyada gəzmək qərarına gələrək, binanın yaxınlığında piyada yeriyərək gəzmişdir. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində binanın qarşısı ilə gəlib evinə gedən zaman binalarının qarşısında əvvəllər tanımadığı 3 nəfər cavan oğlan ona yaxınlaşaraq tələbə olduqlarını və kirayəyə ev axtardıqlarını demişlər. O, həmin şəxslərlə söhbət edərək əvvəllər yaşadıqları binada kirayə yaşayan tələbələrin sonradan yaşadıqları mənzilə qadınlar gətirib orada eşq-işrət işləri ilə məşğul olduqlarını və sonradan binalarında qonşuların narazılıq etdiyi üçün tələblərə kirayəyə ev vermədiklərini demişdir. Bu vaxt qəfildən qonşusu Brilyant yaşadığı mənzilin pəncərəsindən ona səslənərək onları gecə vaxtı rahat yatmağa qoymadığını deyərək ona nalayiq sözlər demişdir. Həmin vaxt yanında olan 3 nəfər tanımadığı cavan oğlan onunla sağollaşıb getmiş, o da, yaşadıqları binanın dəhlizindən içəriyə girib pilləkənlərlə yuxarıya yaşadığı mənzilə tərəf qalxmışdır. O, yaşadığı 3-cü mərtəbəyə çatan zaman qonşusu Brilyantın yaşadığı mənzilin qapısını döymüşdür. Məqsədi onunla söhbət edərək nə üçün onun küçədə söhbət etməyinə iradını bildirdiyini və nə üçün onu söyərək təhqir etdiyini soruşmaq olmuşdur. O, qapını döyən zaman qapını Rafiq açmış, həmin vaxt Brilyant da onun arxasınca qapının qarşısına çıxmışdır. Bu zaman o, Brilyantdan nə üçün ona küçədə gecə vaxtı söhbət etməyinə irad bildirdiyini və onu nə üçün söydüyünü soruşmuşdur. Bu vaxt Brilyant ona gecə vaxtı onun yaşadığı mənzilin pəncərəsinin altında küçədə söhbət edərək onu yatmağa qoymadığını demişdir. O isə Brilyanta onun 3-cü mərtəbədə yaşadığını və ona küçədən onun səsinin gedib narahat edə bilməyəcəyini demişdir. Bu zaman Rafiq ona Brilyantla bir qədər nəzakətli danışmağını və onunla mübahisə etməməyini demişdir. Həmin vaxt Rafiqlə aralarında mübahisə yaranmış və mübahisə zamanı Rafiq onu nalayiq sözlərlə söyüb təhqir edərək üzərinə yerimiş, o da əsəbləşərək əlləri ilə Rafiqin sağ qaş və baş nahiyələrinə yumruq zərbələri vuraraq onu döymüşdür. Aralarında olan münaqişə təxminən 3-4 dəqiqə davam etmiş, həmin vaxt Brilyant onların yanlarında olmuş və hadisəni görmüşdür. Hazırda əməlindən peşmandır, qonşusu Rafiqdən üzr istəyib dəfələrlə onunla barışmağa cəhd etsədə buna nail ola bilməmişdir. Odur ki, məhkəmədən göstərdiyi halların nəzərə alınmasını, həmçinin bir azyaşlı övladının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs bir neçə il olar ki, tanıyır. Əvvəllər Babəklə heç bir münasibəti, həmçinin ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində yaşadıqları evdə olan zaman qeyri rəsmi ərarvad münasibətində yaşadığı Şahid pəncərədən küçəyə baxmışdır. Həmin vaxt o, küçədə tanımadıqları şəxslərlə yüksək səslə söhbət edən qonşuları Babəkə biraz yavaş danışmasını, səsinin onları narahat etdiyini və onların yaşadıqları mənzilin pəncərəsinin altında söhbət etməməsini deyərək ona iradını bildirmişdir. Bundan sonra Brilyant pəncərəni örtüb otağa keçmişdir. Bir neçə dəqiqədən sonra yaşadıqları mənzilin qapısı möhkəm döyülmüşdür. Həmin vaxt o, qapını kimin döydüyünü bilmək üçün mənzilin giriş qapısına tərəf getmiş, Brilyant da onun arxasınca qapıya tərəf gəlmişdir. O, qapını açan zaman görmüşlər ki, qapını döyən qonşuları Babəkdir. O, Babəkdən nə üçün gecə vaxtı yaşadıqları mənzilin qapısını belə döydüyünü soruşan zaman Babək də ona Brilyantın ona nə üçün küçədə söhbət etməsinə iradını bildirdiyini deyərək onunla mübahisə etmişdir. Həmin vaxt onların aralarında mübahisə yaranmış və mübahisə zamanı Babək qəfildən əlləri ilə onun sağ qaş və baş nahiyələrinə yumruq zərbələri vuraraq onu döymüşdür. Aralarında olan münaqişə təxminən 3-4 dəqiqə davam etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamış və ondan şikayətçidir. Odur ki, təqsirləndirilən şəxsə qanunamüvafiq cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışında Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bibisi oğlu olmaqla onlar 5 ildir ki, ona məxsus mənzildə qeyri rəsmi ər-arvad münasibətlərində birlikdə yaşayır. O, 25 ildir ki, həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs onun qonşusudur. Babəkin yaşadığı mənzil onun yaşadığı mənzil ilə eyni mərtəbədə yerləşir. Onların əvvəllər heç vaxt bir-biri ilə ədavətləri olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində yaşadığı evdə olan zaman o, pəncərədən küçəyə baxanda qonşusu Babəkin yaşadıqları binanın qarşısında tanımadığı cavan oğlanlarla söhbət etdiyini görmüşdür. Həmin vaxt Babəkin həmin cavan oğlanlarla bir qədər yüksək səslə söhbət edərək yaşadıqları binaya kimlərinsə yad qadınlar gətirdiyini, eşq işrətlə məşğul olduğunu bildirdiyini eşitmişdir. O, Babəkə pəncərədən səslənərək səsinin onları narahat etdiyini, pəncərələrinin altında yüksək səslə danışıb söhbət etməməyini demişdir. Bundan sonra öz otağına keçmişdir. Bir neçə dəqiqədən sonra yaşadığı mənzilin qapısı möhkəm döyülmüşdür. Həmin vaxt Rafiq qapını kimin döydüyünü bilmək üçün mənzilin giriş qapısına tərəf getmiş, o, da Rafiqin yanında qapıya tərəf getmişdir. Rafiq qapını açan zaman görmüşdür ki, qapını döyən qonşuları Babəkdir. Rafiq Babəkdən nə üçün gecə vaxtı yaşadıqları mənzilin qapısını möhkəm döydüyünü soruşan zaman Babək əri Rafiqlə mübahisə etmiş və mübahisə zamanı Babək qəfildən əlləri ilə Rafiqin sağ qaş və baş nahiyələrinə yumruq zərbələri vuraraq onu döymüşdür. Onlar arasında olan münaqişə təxminən 3-4 dəqiqə davam etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 16 aprel 2023-cü il tarixdə Gəncə şəhər BPİnin 2-ci Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən cinayət hadisəsinin baş verdiyi yerə, yəni Gəncə şəhəri, F.Əmirov küçəsi, bina 34-də yerləşən 59 saylı mənzilin qarşısına baxış keçirilmiş və fotoşəkillər çəkilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X9 xx.xx.2023-cü il tarixli 559 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - alın nahiyəsinin əzilmiş yarası, sağ gözətrafı nahiyənin hematoması, yumşaq toxumalarının əzilməsi, sol gözün alt qapağının qançırı, sağ qaşüstü nahiyənin sıyrığı - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli 2820 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli 2704 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Gəncə rayon Mənzil İstismar hissəsinin 2 nömrəli Mənzil İstismar Sahəsinin rəisi vəzifəsini icra edən Orxan Ələkbərov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə olunur. AZ-İV seriyalı 486081 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü Ömür adlı bir azyaşlı uşağı var. 20 iyun 2023-cü il tarixli 561 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 20 iyun 2023-cü il tarixdən Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yaşayır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbələr vuraraq, sonuncunun sağlamlığına qəsdən yüngül zərər vurması və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyi və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlar təhqiqat zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Gəncə şəhəri, F.Əmirov küçəsi, bina 34, mənzil 59-un qarşısında qonşusu Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı əl zərbələri ilə onu döyərək, sonuncuya alın nahiyəsinin əzilmiş yarası, sağ gözətrafı nahiyənin hematoması, yumşaq toxumalarının əzilməsi, sol gözün alt qapağının qançırı, sağ qaşüstü nahiyənin sıyrığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarətlər yetirmişdir. Ona görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 128-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, qəsdən sağlamlığa yüngül zərər yetirməklə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq, təqsirini etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, Təqsirləndirilən şəxs üzərinə qeydiyyatda olduğu Gəncə şəhərinin və yaşadığı Goranboy rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 04 (dörd) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X6 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 24 (iyirmi dörd) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə qeydiyyatda olduğu Gəncə şəhərinin və yaşadığı Goranboy rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X6 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 24 (iyirmi dörd) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-297/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-297/2023
11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver