Məhkəmə qərarları › İş №1(125)-3/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-3/2024

20.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-3/2024 20.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi - Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Gəncə şəhəri, Şahsevənlər küçəsi ev 86-da qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, 2 mədən, korpus 98, 146 nömrəli evdə faktiki yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan 17 oktyabr 2013-cü il tarixdən hesablanmaqla 29 dekabr 2009-cu il təvəllüdlü X5 və 02 oktyabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa görə 93,00 manat olmaqla cəmi 186,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Gəncə şəhər Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(044)-2194/2013 saylı, 25 noyabr 2013-cü il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 3(044)-655/2020 saylı, 29 noyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək məsuliyyəti elan olunmaqla 30 noyabr 2020-ci il və 15 dekabr 2020-ci il tarixlərdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 06 may 2021-ci il tarixinə kimi cəmi 16057,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvədə olan məlum aktını qərəzli icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs ilə 2004-cü ildə qeyri rəsmi ailə qursada 2009-cu ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 29 dekabr 2009-cu il təvəllüdlü X5 və 02 oktyabr 2011-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. Əvvəllər münasibətləri yaxşı olmuş, sonra isə yola gedə bilmədikləri üçün ayrılmışlar. Zərərçəkmiş şəxs himayəsində olan uşaqları saxlamaq üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 noyabr 2013-cü il tarixli qətnaməsinə əsasən 17 oktyabr 2013-cü il tarixdən başlayaraq 2009-cu il təvəllüdlü Hüseyn və 2011-ci il təvəllüdlü Yusif adlı oğlunlarının yetkinlik yaşına çatanadək hər ay bir uşağa görə 93,00 manat iki uşağa görə 186,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Gəncə İcra İdarəsinə göndərilmişdir. İş icra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bildirişlə birlikdə ona göndərilmiş, lakin 2014-cü ildən şəkər xəstəsi olduğu üçün işləmədiyindən maddi imkanı olmamış və aliment borcunu ödəyə bilməmişdir. Dəfələrlə ona borcun ödənilməsi barədə xəbərdarlıq edilməyinə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli inzibati qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq, Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyət izah edilməklə xəbərdarlıq edilsədə işləmədiyinə görə alimenti də ödəyə bilməmişdir.Sonuncu dəfə 15 gün inzibati qaydada həbs olunduğu müddətdə ödəniş etmişdir. Sonda təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə olan borcunu ödəmək niyyətində olduğunu, azadlıqda olacağı təqdirdə həmin borcu hissəhissə ödəyəcəyini bildirdi və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş eti. Məhkəmə istintaqı zamanı proses iştirakçılarının razılığı ilə “Whatsap” proqramı vasitəsi ilə görüntülü dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə 2005-ci il tarixdə el adəti ilə ailə qurmuş və nikahlarını 2009-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 29 dekabr 2009-cu il təvəllüdlü Hüseyn və 02 oktyabr 2011-ci il təvəllüdlü Yusif adlı iki oğlu dünyaya gəlmişdir. Əvvəllər münasibətləri yaxşı olmuş, sonra isə yola gedə bilmədikləri üçün ayrılmışlar. O himayəsində olan uşaqları saxlamaq üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 noyabr 2013-cü il tarixli qətnaməsinə əsasən 17 oktyabr 2013-cü il tarixdən başlayaraq oğlanları Hüseyn və Yusifin yetkinlik yaşına çatanadək hər ay bir uşağa görə 93,00 manat iki uşağa görə 186,00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Gəncə İcra İdarəsinə göndərilmişdir. İcra məmuru işi icraata qəbul edərək, tələbin könüllü icrası ilə bildirişlə birlikdə Təqsirləndirilən şəxs göndərmiş, lakin Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsini icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün keçmiş əri Vüqar Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli inzibati qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyət izah edilməklə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, keçmiş əri Vüqar məhkəmə qətnaməsini icra etməmiş və təqdimat verilən günə, yəni 06 may 2021-ci il tarixə kimi onun Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 noyabr 2013-cü il tarixli qətnamə üzrə ödənilməmiş aliment borcu 16057,00 manat təşkil etmişdir. Sonda zərərçəkmiş şəxs borcunun tam şəkildə ödənilməsini, əks təqdirdə Təqsirləndirilən şəxs barəsində ən ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 Nürəddin oğlu ifadəsində bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)2194/2013 saylı, 25 noyabr 2013-cü il tarixli qətnaməsinin əsasında verilmiş icra sənədi üzrə 17 oktyabr 2013-cü il tarixdən başlayaraq 29 dekabr 2009-cu il təvəllüdlü X2 və 02 oktyabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək hər ay bir uşağa görə 93,00 manat iki uşağa görə 186,00 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İcra vərəqəsi xx.xx.2014-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq xx.xx.2014-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tərəflərə göndərilmişdir. Eyni zamanda borclu Təqsirləndirilən şəxs bildiriş təqdim edilmişdir. Buna baxmayaraq borclu icra sənədini icra etməmişdir. Həmin məhkəmə qərarını icra etmədiyinə görə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 8(044)489/2014 saylı, xx.xx.2014-cü il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunaraq, icra sənədinin icrasını təmin etmək məqsədilə Gəncə şəhəri üzrə İcra İdarəsinə gəlməsi tələb olunmuş, ancaq o üzürlü səbəb olmadan çağırışlara gəlməmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)2194/2013 saylı xx.xx.2013-cü il tarixli icra vərəqəsində göstərilən Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvan 1 ünvanda yaşamaması müəyyən olunmuş və bu barədə xx.xx.2014-cü il tarixdə tərəfindən akt tərtib olunmuşdur. Borclunun faktiki yaşayış yerini müəyyən etmək mümkün olmadığına görə, onun barəsində xx.xx.2015-ci il tarixdə borclunun axtarılması barədə qərar qəbul olunaraq icra edilməsi üçün Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə göndərilmişdir. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs poilis əməkdaşları tərəfindən tutularaq Gəncə şəhər üzrə İcra İdarəsinə təhvil verilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhər üzrə İcra İdarəsinə izahat verərək borcu ödəyə bilməyəcəyini bildirmişdir. Məhkəmə qərarını icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 3(044)655/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə 15 gün müddətinə inzibati həbs edilmişdir. İnzibati həbsdən sonra borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla yeni müddət verilmiş və cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlıq ünvanlanmışdır. Borclunun hərəkətsizliyi nəticəsində aliment borcu icra olunmamışdır. Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə ərizə ilə müraciət edərək borclu Təqsirləndirilən şəxs aliment üzrə aliment borcunun olmasını və borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət olunmasını xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)2194/2013 saylı, 25 noyabr 2013-cü il tarixli icra vərəqəsi üzrə 2021-ci ilin aprel ayı daxil olmaqla aliment borcu 16057 manat təşkil edir. Məhkəmə istintaqı zamanı şahid Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid2 ifadəsində Şahid1 Nürəddin oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı proses iştirakçılarının razılığı ilə “Whatsap” proqramı vasitəsi ilə görüntülü dindirilmiş şahid X1 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun bacısıdır. 2005-ci ildə bacısı Təqsirləndirilən şəxslə el adəti ilə ailə qurmuş, 2009-cu il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 2009-cu il təvəllüdlü Hüseyn və 2011-ci il təvəllüdlü Yusif adlı iki oğlanları dünyaya gəlmişdir. Əvvəllər bacısının Təqsirləndirilən şəxslə münasibətləri yaxşı olmuş, sonradan pisləşmiş və nikahları pozulmuşdur. Bacısı övladlarına təkbaşına baxa bilmədiyi üçün, aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsinə əsasən 17 oktyabr 2013-cü il tarixdən başlayaraq Hüseyn və Yusifin yetkinlik yaşına çatanadək hər ay bir uşağa görə 93,00 manat iki uşağa görə 186,00 manat sabit pul məbləğində aliment tutularaq bacısı Təranəyə verilməsi qət edilmişdir. Lakin Təqsirləndirilən şəxs 2013-cü ildən bu günə kimi bacısı Təranəyə uşaqların saxlanılması üçün təyin olunmuş alimenti ödəməmişdir. Təqsirləndirilən şəxs son illərə qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur. Hal hazırda özünü şəkər xəstəsi kimi təqdim etməsinə baxmayaraq, onun səhhətində ciddi problem yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2194/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2013-cü il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 93 (doxsan üç) manat, cəmi 186 (yüz səksən altı) manat tutulub 29 dekabr 2009-cu il tarixdə anadan olmuş X5 və 02 oktyabr 2011-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Zərərçəkmiş şəxs ödənilməlidir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2014cü il tarixli qərardan görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)- 2194/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” xx.xx.2014-cü il tarixli bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2194/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 (on) gün vaxt verilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 8(044)-489/2014 nömrəli xx.xx.2014-cü il tarixli qərarından görünür ki, borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 3(044)-655/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati həbs edilmişdir. xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 04 fevral 2015-ci il tarixli borclunun axtarılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri ərazisində saxlanılaraq Gəncə şəhər BPİ-nin MSY-yə təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirlyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 677/Keş saylı xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən o “Şəkərli diabet tip İİ” xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs düçar olduğu “Şəkərli diabet” xəstəliyi uzun sürən xroniki gedişli xəstəliklərə aiddir. Təqsirləndirilən şəxs düçar olduğu “Şəkərli diabet” xəstəliyi ilə əlaqədar o dispanser qeydiyyatında olmaqla müalicəsi ambulator qaydada davam etdirilir. Təqsirləndirilən şəxs qeyd olunan xəstəliklərlə əlaqədar xüsusi yaradılmış şəraitdə əmək qabiliyyətli şəxs hesab olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirlyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 315/Keş saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Şəkərli Diabet İİ tip. İnsulin tələbli, orta ağır forma, qeyri proliferativ diabetik retinopatiya, presbiopiya, diabetik polineyropayiya, sol dabanın irinli nekrotik yarası, onurğa sütununun osteoxondrozu, ağrı sindormu, arterial hipertenziya İ mərhələ xəstəliklərindən əziyyət çəkdiyi müəyyən edilmişdir.Qeyd olunan xəstəliklər xroniki gedişli xəstəliklərdir. Gəncə şəhər Məhkəməsinin 1(125)-8/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16-00-da Bakı şəhər ərazisinda saxlanılaraq Gəncə şəhər BPİ-nin MSY-yə təhvil verilmişdir. Gəncə şəhər Məhkəməsinin 1(125)-3/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində dayandırılmış cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs xəstə olduğu üçün işləyə bilmədiyini və bu səbəbdən aliment borcunu ödəy bilmədiyini qeyd etsə də işin hallarından görünür ki, məhkəmə qətnaməsi 2014-cü il tarixdə qəbul edilmiş və həmin vaxtı Təqsirləndirilən şəxs səhhəti onun adı qaydada işləməsi üçün əlverişli olmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirlyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 677/Keş saylı xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəliklərlə əlaqədar xüsusi yaradılmış şəraitdə əmək qabiliyyətli şəxs hesab olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs səhhəti ilə əlaqədar aliment borcunu ödəyə bilməməsi barədə verdiyi ifadəsini özünü müdafiə xaraterli ifadə kimi qiymətləndirir və həmin hissədə sübut növü kimi qəbul etmir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona istinad olunan cinayət əməlinin törədilməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Həmin Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə (xx.xx.2016-cı il tarixədək qüvvədə olan) müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. Konstitusiya Məhkəməsi Plenumunun Qərarındakı mövqeyə əsasən şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun tələbini üzrsüz səbəbdən icra etməməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, onun inzibati məsuliyyətə cəlb edilməmiş şəxs sayılması üçün müddətin keçməsindən asılı olmayaraq, o, Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi əsaslıdır. Onun təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərər çəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs dəfələrlə ona edilmiş xəbərdarlıqlara, məhkəmə qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, bu əməli davamlı olaraq uzun müddət ərzində qərəzli olaraq həyata keçirmişdir. Çünki, onun qətnamənin icraya yönəldiyi tarixdən təqdimat verilən tarixədək olan müddət ərzində 16057 manat borcundan heç bir ödəniş etməməsi məhkəmənin qərarının qərəzli olaraq icra edilməməsinə dəlalət edir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməsini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs “şəkərli diabet tip İİ” xəstəliyindən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətini, nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və o, xx.xx.2024-cü il tarixdə tutularaq istintaq təcridxanasına yerləşdirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 nömrəli vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, ekspertiza xərci, müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan edildiyi və ya həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar