Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-304/2024 21.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi - Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 Fərhad oğlunun iştirakları ilə, xx.xx.1972-ci ildə Xanlar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, Göygöl şəhəri, S.Hacıyev küçəsi, ev 88-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni, təmiz çəkisi 0,356 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, Gəncə Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən 25 fevral 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 13:50 radələrində Gəncə şəhəri, Nizami prospektində yerləşən ünvan 1 ünvanında yerləşən Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib həmin gün üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,356 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 25 fevral 2024-cü il tarixdə Gəncə şəhəri, Nizami prospektində yerləşən Gəncə çayının yaxınlığında olarkən maşınla “Çayqırağı” deyilən yerdən Bayraq meydanı istiqamətində gedən zaman göy rəngli bir niva markalı maşının sürücüsü onu saxlatmış və özlərinin polis əməkdaşları olduğunu söyləyib körpünün üstündə onunla söhbət etdikdən sonra Raul və Sərvun adlı həmin polis əməkdaşları onu polis idarəsinə aparmış orada ona fiziki zor tətbiq etməklə cibinə bükülü vəziyyətdə narkotik vasitə qoymuş və çəkiliş zamanı ona cibindən narkotik vasitə çıxmasını təsdiq etməsini tələb etmişlər. Razı olmadığına görə polis əməkdaşları onu döydükdən sonra məcbur qalıb videoçəkiliş zamanı ona deyilənləri etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitənin onunla heç bir əlaqəsi yoxdur. Ona görə də barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə istintaq zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri BPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 25 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə əldə edib üzərində daşıması barədə ona əməliyyat məlumatları daxil olmuş, daxil olmuş məlumat bölmə rəisinə məruzə olunduqdan sonra o və kiçik inspektor Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün günorta saatlarında Gəncə şəhəri, Nizami prospektində yerləşən Gəncə çayının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq onu Gəncə şəhər BPİ-nə dəvət etmişlər. İdarədə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunduqdan sonra vəkillə təmin edilmiş, bundan sonra video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş hər hansı əşya varsa çıxarıb təqdim etməsi təklif eilmiş, həmin vaxt Təqsirləndirilən şəxs cibindən 1 ədəd ağ rəngli kağız bükümü çıxardıb təqdim etmiş və həmin bükülünün içərisində olan kütlələrin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilmiş, lakin üzərindən saxlanması, daşınması qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan kütlə elektron tərəzidə çəkilmiş və zərfə qoyulub qablaşdırılaraq zərfin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır.Təqsirləndirilən şəxs saxlanılan zaman onun döyülməsi, ona fiziki yaxud psixoloji təsirlər göstərilməsi barədə ifadəsində göstərdikləri tamamilə yalandır və belə bir hallar heç vaxt baş verməmişdir. Məhkəmə istintaq zamanı Şahid2 ifadəsində Şahid1 göstərdiyi xususatları eynilə təsdiq edərək, Təqsirləndirilən şəxs saxlanılan zaman onun döyülməsi, ona fiziki yaxud psixoloji təsirlər göstərilməsi barədə ifadəsində göstərdiklərinin tamamilə yalan olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 26 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalınmasından ötrü əməliyyat qurupunun yaradılması və Təqsirləndirilən şəxs müəyyən olunduğu təqdirdə onun üzərinə baxış keçirilməsi qərara alınmışdır. “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 25 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 25 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2024-cü tarixdə saat 13:50-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilərək o, həbsdən azad edilmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 25 fevral 2024-cü il tarixli protokoldan və video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Gəncə şəhər BPİ-nin İTİ-nin TŞ-nin baş təhqiqatçısı X2, Gəncə şəhər BPİ-nin NMB-nın baş əməliyyat müvəkkili Şahid1 və həmin bölmənin kiçik inspektoru Şahid2 və müdafiəçi X3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzədən qabaq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə, o cümlədən başqa hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs verilmiş sualı təsdiq edərək sağ əlini əynində olan şalvarın sağ yan cibinə aparıb oradan bir ədəd ağ rəngli kağız bükümü çıxarıb təqdim edərək həmin bükümdəkinin narkotik vasitə heroin olduğunu, əvvəllər də narkotik vasitə istifadə etdiyini, yerdə olan kibrit qutusunun içərisindən tapdığını bildirir. Həmin bükümün içərisinə baxış zamanı oradan qəhvəyi rəngli, tozşəkilli hissəciklərdən ibarət olan narkotik vasitə heroin aşkar edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan başqa əşyaları da təqdim etməsi bildirilir. Təqsirləndirilən şəxs əynində olan qış gödəkcəsinin sağ yan cibindən bir qutu siqareti və bir ədəd yandıranı çıxarıb masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilirsə də sadəcə əynində olan şalvarın arxa sol cibindən bir ədəd cib dəsmalı aşkar edilir. Aşkar edilmiş bir qutu siqaret, bir ədəd alışqan və bir ədəd cib dəsmalı iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs özünə qaytarılır. Sonra Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin narkotik vasitəni istifadə etmək məqsədilə üzərində saxladığını, bu barədə heç kəsin məlumatı olmadığını, satmaq və ya kiməsə pay kimi vermək fikri olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroin olan kağız büküm elektron tərəziyə qoyulur və çəkisinin 0,356 qram olması müəyyən edilir. Sonra həmin büküm bir ədəd boş zərfin içərisinə qoyularaq ağzı bağlanıb möhürlənir və üzərində müvafiq qeydlər aparılır. Qeydlər aparılarkən müdafiəçinin vermiş olduğu suala cavab olaraq Təqsirləndirilən şəxs qeyd etdiklərinin həqiqət olduğunu, üzərindən aşkar edilmiş narkotik vasitə heroinin özünə məxsus olduğunu, polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təsirə məruz qalmadığını bildirir. Bundan sonra zərfin üzərinə qeydlər yekunlaşdıqdan sonra üzəri iştirakçılar tərəfindən imzalanaraq məhkəmə-kimyəvi ekspertizaya təqdim edilməsi üçün götürülür. Bununla da şəxsi axtarış və götürmə başa çatdırılaraq video çəkiliş yekunlaşır. Məhkəmə-kimyəvi ekspertizasının 26 fevral 2024-cü il tarixli 16/273 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,69 qram kütlə ...” yazılar və imzalar olan kağız paketdəki bir ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,356 qram olan maddə kustar üsulla hazılanmış narkotik vasitə heroindir (Qeyd: Heroinin təmiz çəkisi-0,356 qr, tədqiqata sərf edildi – 0,05 qr, qalıq – 0,306 qr.). Məhkəmə-narkoloji ekspertizasının 15 aprel 2024-cü il tarixli 628 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəsətliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsələhət görülür. xx.xx.2024-cü il tarixli, 57/1-20711/24 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs narkotik vasitə heroini hansı məqsədlə əldə etməsi, satışı ilə məşğul olub-olmaması və narkotik vasitə satmış olduğu şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserindən və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış arayışlardan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda durmur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2009-cu il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən xx.xx.2009-cu il tarixdə cəzadan azad edilmişdir. Bundan başqa o, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 29,317-1.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 05 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 ay azadılmış və xx.xx.2022-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 7 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş narkotik vasitənin tədqiqatdan sonra qalmış təmiz çəkisi, 0.306 qram olan narkotik vasitə heroin və cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntü olan 1 (bir) ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən hazırkı cinayət işi üzrə maddi sübut növü kimi tanınmışdır. Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsi tərəfindən daxil olmuş məktubdan görünür ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, fiziki zor tətbiqinə və psixoloji təsirlərə məruz qalması öz təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü tarixli qərar qəbul edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək ifadəsində üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən saxlanılarkən zorakılığa məruz qaldığını, bu səbəbdən üzərində şəxsi axtarış keçirilərkən narkotik vasitənin ona məxsus olduğunu dediyini bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə ibtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs oğlu həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə dindirilərkən ifadələrində bildirmişdir ki, bir neçə ildir ki, “kakos” kimi tanıdığı narkotik vasitə heroin istifadə edir, buna görə də məhkumluğu olmuşdur. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Gəncə şəhərinə gələrək Gəncə çayının sahilində piyada gəzərkən yerdə bir ədəd kibrit qutusu görmüş, həmin kibrit qutusuna təpik vurarkən içərisində nəsə olmasını hiss etmişdir. Yerə əyilib həmin kibrit qutusunu açdıqda içərisində ağ kağız büküm görmüşdür. Kağız bükümü açdıqda isə içərisində qəhvəyi rəngli toz şəkilli kütlə görmüşdür. Həmin kütləni qoxlayıb dadına baxdıqda “kakos” kimi tanıdığı narkotik vasitə heroin olmasını bildikdən sonra həmin heroini cibinə qoymuşdur ki, nə zaman ürəyi istəyərsə istifadə etsin. Həmin gün saat 13:50 radələrində Gəncə çayının Nizami prospekti tərəfində yerləşən hissəsində olarkən mülki geyimli şəxslər ona yaxınlaşmış, Gəncə şəhər BPİ-nin NMB-nın əməkdaşları olduqlarını bildirərək onu Gəncə şəhər BPİ-nin inzibati binasınına aparmış, idarənin inzibati binasında xidməti iş otağında ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu izah edilərək müdаfiəçi ilə təmin оlunduqdan sonra müdafiəçinin iştirakı ilə üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmışdır.Əvvəlcə üzərində qanunla qadağan edilmiş narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif edilmiş, o isə yuxarıda qeyd etdiyi şəraitdə tapdığı içərisində narkotik vasitə heroin olan kağız bükümü şalvarının sağ yan cibindən çıxarıb təqdim etmişdir. Bundan sonra həmin heroin büküm ilə birlikdə elektron tərəzidə çəkilərək çəkisinin 0,356 qram olması müəyyən edilmişdir. Bundan sonra 01 ədəd zərfin üzərlərinə müvafiq qeydlər aparılmışdır. Qeydlər uca səslə oxunduqdan sonra iştirakçılar və tərəfindən imzalanmışdır. Aşkar edilmiş narkotik vasitə zərfin içərisinə qoyulduqdan sonra ağızı bağlanmış, möhürlənərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin əks olunduğu DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı ona verilən suala cavab olaraq Təqsirləndirilən şəxs ona qarşı hər hansı formada zorakılığın və ya fiziki təsirin olmadığını bildirmişdir. Həmçinin məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən tutularkən zorakılığa məruz qaldığını bildirdiyindən, məhkəmə həmin xüsusatların araşdırılması üçün müvafiq məlumatı Gəncə şəhər prokurorluğuna göndərmiş və Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş cavab məktubundan görünür ki, Azərbycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılarkən fiziki zorakılığa məruz qalması barədə məhkəməyə vermiş olduğu məlumat üzrə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, fiziki zor tətbiqinə və psixoloji təsirlərə məruz qalması öz təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü tarixli qərar qəbul edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən tutularkən fiziki zorakılığa məruz qalması məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi tədqiq edilmiş digər mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş şahidlərin ifadələri, maddi sübut, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0,356 qram olan heroin xeyli miqdar hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 59 və 61-ci maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı 21 noyabr 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş "başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Müdafiəçi1 Fərhad oğlunun məhkum Təqsirləndirilən şəxs məhkəmədə 15 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 120 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 21 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan çəkisi tədiqaqatdan qalıq qalmış 0.306 qram narkotik vasitə olan heroin məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat (otuz iki manat qırx qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ**********0000067944, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan edildiyi və ya təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu gündən 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-304/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-304/2024
21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver