Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-306/2024 17.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru X2, zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri Məhsəti qəsəbəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə ayıq vəziyyətdə və sürücülük hüququ olmaqla idarə etdiyi “VAZ 21074” minik markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Fikrət Əmirov küçəsi ilə 50 km/saat surətlə hərəkətdə olarkən “X5” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görərək hadisənin qarşısını almağa real imkanı olduğu halda bunu etməyərək hərəkətini davam etdirmiş, həmin vaxt avtomobil yolunu sağ tərəfdən sol tərəfə keçən piyada Zərərçəkmiş şəxs vuraraq ona sol qalça venasının cırılması, qalça-qasıq-oturaq sümüklərinin sınması, bağırsaq müsaqirələrinə,sol böyrək ətrafı yumşaq toxumalara qansızma ilə müşayiət olunan qarının qapalı küt travması,sol bud və baldır sümüklərinin qapalı sınıqları,təpə ənsə nahiyəsinin əzilmiş yarası,döş qəfəsinin,sol bazu,sağ qasıq,hər iki bud,sol baldır,sol sağrı nahiyələrinin,hər iki əlin arxa səthlərinin qançırları,sol baldır nahiyəsinin sıyrığı xəsarətləri ilə nəticələnən və həyat üçün təhlükəli olduğundan sağlamlığa AĞİR zərər vuran xəsarətlər almasına, sol qalça venasının cırılması,qalça-qasıq-oturaq sümüklərinin sınması,bağırsaq müsaqirələrinə,sol böyrəkətrafı yumşaq toxumalara qansızma ilə müşayiət olunan qarının qapalı küt-travması səbəb olmaqla ölməsinə, yəni yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, onun BC kateqoriyalı sürücülük vəsiqəsi var və yol nəqliyyat hadisəsi törətdiyi "VAZ-21074" minik markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil atası X3 məxsusdur. Həmin avtomobili o etibarnamə əsasında idarə etmişdir. 23 yanvar 2024-cü il tarixdə saat təxminən 15 radələrində qohumunun yaşadığı ünvandan çıxıb təxminən 50 km/saat sürətlə F.Əmirov küçəsi ilə Texnologoiya universiteti tərəfə getmişdir. Həmin küçədə yerləşən “Memorial” hospitalın bərabərliyinə çatarkən yol kənarında dayanmış vəziyyətdə olan avtomobildən bir nəfər yaşlı xanımın avtomobildən düşüb yolun sağ tərəfindən sol tərəfinə, yəni “Memoiral” hospital tərəfə keçmək istədiyi görmüşdür.Həmin vaxt adı ona sonradan məlum məlum olan Zərərçəkmiş şəxs bir addım geriyə doğru hərəkət etmiş daha sonra onun Aybənizə çatmağına az qalmış anidən qabağa hərəkət edib sürətlə yolu keçmək istəyərkən o idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə Zərərçəkmiş şəxs vurmuşdur. Zərərçəkmiş şəxs yerə yıxıllmış, o dərhal avtomobildən düşüb Aybənizə köməklik edərək idarə etdiyi avtomobilə əyləşdirib 1 saylı Abbas Səhhət adına xəstəxanaya aparmışdır. O, xəstəxanada olarkən polis əməkdaşları gəlmiş və onu hadisə baş verən yerə aparmışlar. Orada iştirakı ilə hadisə yeri müayinə edilmiş və foto şəkillər çəkilmişdir. Sonra isə polis əməkdaşları onu narkoloji dispanserə aparmış, orada sərxoşluq müayinəsindən keçmişdir. Lakin vurduğu piyada göstərilən tibbi yadımlara baxmayaq xəstəxanada rəhmətə getmişdir. Hadisənin baş verməsinə səbəb mərhumun qəfildən yola atılaraq yolu keçmək istəməsi olmuşdur. Hadisə vaxtı idarə etdiyi avtomobilin sürəti 50km/saat olmuşdur. Ondan başqa avtomobildə heç kəs olmamış, hadisə zamanı həmin yerdə onun tanıdığı heç kim hadisəni görməmişdir. O, piyadanı təxminən 10 metr məsafədən görmüş və onun üçün təhlükə həmin anda yaranmışdır. İdarə etdiyi avtomobilin əyləcini sıxaraq sükanını sola çəkmiş lakin hadisədən yayına bilməmişdir.Hadisədən sonra zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş və hazırda zərərçəkmiş şəxsin hüquqi varisinin ondan hər hansı şikayət və tələbi yoxur. Əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə ifadəsində bildirmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun anasıdır. Hadisə günü yəni, 23 yanvar 2024-cü il tarixdə o Gəncə şəhəri, “Zabitlər evinin” arxasındakı sexdə olmuşdur. Həmin gün saat 16 radələrində atası X4 onunla əlaqə saxlayaraq anasını maşın vurduğunu və Gəncə şəhər Abbas Səhhət xəstanasına getdiklərini demişdir. O, dərhal işdən çıxıb Gəncə şəhər Abbas Səhhət xəstəxanasına yollanmışdır. Xəstəxanaya gəldikdə o, anası Aybəniz ilə söhbət etmiş və təskinlik verərək hər şeyin yaxşı olacağını demişdir. Anası ona özünə nəsə olarsa onu avtomobillə vuran oğlandan şikayətçi olmamasını bildirmişdir. Bir qədər sonra anasının halı anidən pisləşmiş və şoka düşmüşdür. Bundan sonra anasını dərhal Gəncə şəhər Beynəlxalq xəstəxansına aparmışlar. Orada müayinə olunmuş və müayinənin nəticəsi diskə köçürüldükdən sonra Gəncə şəhər Memorial xəstəxanasına getmişlər. Orada ilkin tibbi yardım göstərilmiş daha sonra əməliyyat olunacağını demişlər. Bir qədər sonra anası əməliyyat olunmuş və əməliyyatdan bir neçə saat sonra yəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında anası dünyasını dəyişmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və mərhum anasını Gəncə şəhər 3 nömrəli şəhər xəstəxanasında yerləşən morqa aparmış, orada meyitə baxış keçirildikdən sonra mərhum anasının cəsədi dəfn olunması üçün onlara təhvil verilmişdir. Təqsirləndirilən şəxs ilə barışmış və dəymiş zərər ödənilmişdir.Odur ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, Gəncə şəhər BPİ-nin DYPŞ-nin ƏYPB-nin YPX inspektoru vəzifəsində işləyir. ƏYPB-nin YPX inspektoru kimi vəzifə borcu baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat alan kimi dərhal hadisə yerinə getmək və orada hadisə yerini mühafizə etməklə bərabər, oradakı bütün mexanizm və incəliklərə diqqət yetirib qorumaqdır. 23 yanvar 2024-cü il tarixdə Gəncə şəhəri F.Əmirov küçəsində “Memorial” hospitalın bərabərliyində baş vermiş yol nəqliyyat hadisəsi barədə bildirmək istəyir ki, həmin gün xidmətdə olan zamanı polisin növbətçi hissədən ona məlumat verilmişdir ki, Gəncə şəhəri, F.Əmirov küçəsində yol nəqliyyat hadisəsi baş vermişdir. O, ekipaj yoldaşı Şahid2 ilə birlikdə dərhal hadisə yerinə getmişdir. Həmin yerə çatanda hadisə yerində tanımadıqları çoxlu adamların toplaşdıqlarını görmüşdür. Onlar yol-nəqliyyat hadisəsi baş verdiyi yerə çatanda artıq xəsarət alan şəxs xəstəxanaya aparılmışdır. Hadisə yerində onlara məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 15:40 radələrində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 21074” minik markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolun sağ tərəfində sol tərəfinə keçmək istəyən piyada Zərərçəkmiş şəxs vurmuşdur. Hadisə yerinə toplaşmış tanımadığı şəxslərdən məlum olmuşdur ki, “VAZ 21074” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobildə sürücüdən başqa heç kəs olmamış və piyada Zərərçəkmiş şəxs aldığı xəsarətlərlə əlaqədar olaraq sürücü xəstəxanaya aparmışdır. Məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı şahid qismində vermiş olduğu ifadəsi tədqiq edilərək araşdırlan Gəncə şəhəri BDYPŞ ƏYPB-nin YPX-nin inspektoru Şahid2 ifadəsndən görünür ki, həmin şahid Gəncə şəhəri BDYPŞ ƏYPB-nin YPX-nin Şahid1 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsi ilə cinayət işi başlanmışdır. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi baş verdiyi yerə baxış keçirilmiş, hadisə yerinin sxemi tərtib olunmuş, hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 12 nömrəli rəyindən görünür ki, məhrum Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər müəyyən edildi – sol qalça venasının cırılması, qalça-qasıq-oturaq sümüklərinin sınması; bağırsaq müsariqələrinə, sol böyrəkətrafı yumşaq toxumalara qansızma ilə müşaiət olunan qarının qapalı-küt travması; sol bud və baldır sümüklərinin qapalı sınıqları, təpə-ənsə nahiyəsinin əzilmiş yarası, döş qəfəsinin, sol bazu, sağ qasıq, hər iki bud, sol baldır, sol sağrı nahiyyələrinin, hər iki əlin arxa səthlərinin qançırları; sol baldır nahiyəsinin sıyrığı. Qeyd olunan xəsarətlər həyatidir, bərk KÜT əşyanın /əşyaların/ təsiri nəticəsində əmələ gəlmişdir əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sol qalça venasının cırılması, qalça-qasıq-oturaq sümüklərinin sınması; bağırsaq müsariqələrinə, sol böyrəkətrafı yumşaq toxumalara qansızma ilə müşaiət olunan qarının qapalı-küt travması olmuşdur.Mərhum Zərərçəkmiş şəxs bədənində müəyyən edilən xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər. Məhkəmə-yol-nəqliyyat hadisəsi ekspertizasının 13 mart 2024-cü il tarixli 8/483 nömrəli rəyində göstərilmişdir ki, VAZ-21074 markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X5” Azərbaycan Respublikası Qanununun 50ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdən alınmış xx.xx.2024-cü il tarixli 330/2024 nömrəli sərxoşluq aktından məlum olmuşdur ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdən alınmış xx.xx.2024-cü il tarixli 300/2024 nömrəli sərxoşluq aktından məlum olmuşdur ki, müayinə zamanı sürücü Təqsirləndirilən şəxs THC aşkar edilməmişdir. Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış arayışdan və Gəncə şəhər Narkoloji Dispanserdən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda olmamışdır. BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən alınmış xx.xx.2024-cü il tarixli, 3-13-16-3/2- 858/2024 nömrəli məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs BD 111 606 BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək verilmişdir.Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə notarial qaydada təsdiq edilmiş və məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, dəymiş ziyan tam ödənilmiş və Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası Cinayət Məcələsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “X5” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsində qeyd edilir ki, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Cinayət işinin materiallarından, xüsusən də məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 27 fevral 2023-cü il tarixli rəyindən görünür ki, VAZ 21074 markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X5” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Başqa sözlə, Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi VAZ 21074 markalı **-MU- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələblərə əməl etməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisi, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28 və 145-ci maddələrinin tələblərinə görə məhkəmə cinayət işinə və cinayət təqibi ilə bağlı digər materiallara qərəzsiz və ədalətlə baxmalı, cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları nəzərə almalı, təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmalıdır. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına əsasən sübutları qiymətləndirməlidir. «Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 may 2009-cu il tarixli Plenum qərarında isə qeyd edilir ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2006-cı il tarixli, həmçinin də həmin Məhkəmənin Plenumunun “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarlarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır, həmin maddənin İİİ-cü hissəsində isə göstərilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 27 dekabr 1996-cı tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrin diqqəti məhkəmə hökmünün qanuni, əsaslı, ədalətli və inandırıcı olması tələbinə cəlb edilsin. Hökmün inandırıcı olması o deməkdir ki, burada forma və məzmun etibarilə hökmün qanuni, əsaslı və ədalətli olması aydın və mötəbər şəkildə əks etdirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Van de Hurk Niderlanda qarşı» işi üzrə xx.xx.1994-cü il tarixli qərarında isə məhkəmə qeyd edir ki, təqdim edilmiş arqumentlər işin nəticəsi üçün önəmlidirsə məhkəmə həmin arqumentlə bağlı mövqeyini konkret olaraq əsaslandırmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin digər bir qərarında yəni, «Kondraşinanın Rusiya Federasiyasına qarşı işi üzrə» qərarında isə məhkəmə qeyd edir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aililiyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidir ki, o mübahisə edilməsin. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarın 21-ci bəndinə əsasən müəyyən edilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Bundan başqa «X5» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin 2-ci bəndində mexaniki nəqliyyat vasitəsinin sürücüsünün zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli və.s kimi vəzifələri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi, avtomobillə yol-nəqliyyat hadisəsi törətdikdən dərhal sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün onu xəstəxanaya aparması, xəstəxanada oraya gəlmiş polis əməkdaşlarına cinayətin onun tərəfindən törədilməsi barədə məlumat verib onların iştirakı ilə hadisə yerinin baxışında iştirak etməsi işin təkzibedilməz hallarıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatda qalması üçün üzərinə düşən və mümkün edilə biləcək tədbirləri görərək, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına dair hərəkətləri etmiş, onun xəstəxanaya aparılmasını təşkil etmiş lakin xəstəxanada həkimlər tərəfindən göstərilən tədbirlərdən sonra vəfat etmişdir. Eyni zamanda təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş, onlara dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də məhkəmə, CM-in 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına dair hərəkətlər etməsini, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və əməlindən peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzasını yüngülləşdirən hallar CM-in 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. CM-in 60-cı maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası törətdiyi cinayət əməlinə görə CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, onun cəzasını yüngülləşdirən halların olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını cəza həddini müəyyən edərkən nəzərə alır və hesab edir ki, CM-in 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut olan “Vaz-21074” minik markalı, **- MU-*** markalı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM- 198.1.). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər BPİ-nin DYP-nin cərimə meydançasında saxlanılan VAZ21074 markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-306/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-306/2024
17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver