Məhkəmə qərarları › İş №1(125)-31/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-31/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-31/2023 03.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1994-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Atatürk prospekti 254, mənzil 16-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilmiş cinayət əməlini törətməsinə dair cinayət işi üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində Gəncə şəhəri, D.Qorqud küçəsi ilə M.Bağırov küçəsinin kəsişməsində yerləşən avtotəmir sexində əvvəllər qeyrirəsmi ər-arvad münasibətində yaşadığı Zərərçəkmiş şəxs ondan özünə məxsus saatı qaytarmasını tələb edən zaman çoxsaylı insanların gözü qarşısında heç bir əsaslı səbəb olmadan sonuncunu nalayiq söyüşlərlə söyüb təhqir edərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi ilə müşayiət olunan, ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək sağ əli ilə Zərərçəkmiş şəxs sol əlin İİİ barmağını tutub qanırmaqla, ardınca isə sağ əli ilə sol gözaltı nahiyəsinə yumruq zərbəsi vurub eyni zamanda ağız nahiyəsindən dartıb yerə yıxmaqla Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərərvurmaya aid edilən sağ bazu-çiyin nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması, sol əlin İİİ barmağının yarası və sol gözün alt qapağının qançırı xəsarətləri yetirib qərəzli xuliqanlıq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan olunmuş ittihamın mahiyyətinin aydın olduğunu və özünü həmin maddə ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2016-cı ildən tanıyır. Ancaq 2019-cu ilin mart ayından Ayşənlə sevgi münasibətləri olmuşdur. 2020-ci ilin yanvar ayında isə Ayşənlə ayrılmış, ayrılmaqlarına səbəb Ayşənin ona qarşı xoşagəlməz rəftarı olmuşdur. Ayşəndən ayrılsa da, Ayşən müxtəlif vaxtlarda mütəmadi olaraq onu izləmiş, onunla mübahisə yaratmış, dəfələrlə mobil telefonuna müxtəlif nömrələrdən, gizli nömrələrlə zəng edərək onu nalayiq söyüşlərlə təhqir etmişdir. O, məcbur etmişdir ki, ondan ayrılmasın, əks halda məcbur etmişdir ki, onu vurub həbsə getsin. xx.xx.2022-ci il tarixdə özünə məxsus VAZ-21074 markalı **-CD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini təmir etdirmək üçün Gəncə şəhəri M.Bağırov küçəsində yerləşən avtotəmir sexində olan zaman Ayşən idarə etdiyi Chevrolet Cruze markalı **-CN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə həmin avtotəmir sexinə gəlmiş, 2019-cu ildə Ayşən ona saat hədiyyə almış, ayrılandan sonra Ayşən həmin saatı istəmiş və o da qaytarmışdır. Ancaq həmin saatın qutusu ona qalmış, Ayşən avto təmir sexinə gəlib ona nalayiq sözlər deyərək saatın qutusunu istəmişdir. O, Ayşənə demişdir ki, qutu evdədir, avtomobilini təmir etdirib sonra qutunu verər. Ancaq Ayşən ona nalaiq söyüşlər söyərək, bu dəqiqə qutunu verməlisən demişdir. Avto təmir sexində bir neçə nəfər tanımadığı şəxs Ayşənin onu nalayiq söyüşlərlə təhqir etməsini eşitmişdir. O, Ayşənin söyüşlərinə əsəbləşərək, onu tutaraq yerə yıxmış, Ayşəni hər hansı bir alətlə nə vurmamış, nə də ki, hədələməmişdir. Ümumiyyətlə əlində heç bir predmet və ya əşya olmamışdır. Ayşəni tutub yerə yıxmış, bunu da əsəbləşdiyi üçün etmişdir. xx.xx.2022-ci il tarixdə Ayşən onu nalayiq sözlərlə təhqir etməyə başlamış, o da əli ilə onun ağzını tutmuşdur ki, nalayiq ifadələr işlətməsin, bu zaman Ayşən əlindən çıxmaq istəmiş, həmin vaxt hər ikisi yerə yıxılmışdır. Ayşəni vurmamış, onun yazdıqları yalandır. Ayşənlə aralarında olan mübahisə 5-10 dəqiqə davam etmiş və həmin vaxtı ətrafa avtotəmir sexində işləyən şəxslər toplaşmışdır. Zərərçəkmiş şəxs yalan deyir, heç bir vaxtı onu vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Yalnız Ayşənlə mübahisə etmiş və onun təhqir etməsinin qarşısını almaq üçün ağızını tutan zaman ikisidə yerə yıxılmışdır. Hazırda Ayşənlə barışıq əldə etmişdir. Məhkəmə tərəfindən bu halın nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs 2016-cı ildən tanıyır. 2019-cu ilin mart ayında təxminən bir il müddətinə Cahidlə qeyri-rəsmi münasibətləri olmuş, 2020-ci ilin əvvəlləri Cahidlə münasibətləri pozulmuşdur. Buna səbəb Cahidin onu yersiz yerə döyməsi, nalayiq söyüşlərlə təhqir etməsi olmuşdur. Cahidlə təsadüfən harada qarşılaşanda tanış kimi görüşmüş, söhbətləşmişlər, ancaq Cahidlə hər hansı bir sevgi münasibətləri qalmamışdır. Cahiddə saatının qutusu və elektrik yığan aparatı qalmışdır. O, hər dəfə Cahiddən əşyalarını istəsə də, ona müxtəlif yalanlar danışaraq, əşyalarını verməmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələrində Cahidə zəng edərək harada olduğunu soruşmuş, Cahid də ona demişdir ki, Gəncə şəhəri D. Qorqud küçəsində yerləşən avto təmir sexindədir. O, həmin avtotəmir sexinə gedərək, Cahidə demişdir ki, əşyaları versin. Cahid ona demişdir ki, özü nə vaxt istəsə o vaxt da əşyalarını qaytaracaq. Bundan sonra Cahid əvvəlcə sol əlindən tutaraq sol orta barmağını sındırmaq istəmiş, bundan sonra yumruqla sol gözündən vurmuşdur. O, başı gicəllənib yerə yıxılmış, avto təmir sexinin işçilərindən gəlib onu Cahidin əlindən alıb Cahidi oradan uzaqlaşdırmışlar. O da DİN-in 102 xidmətinə müraciət etmişdir. Cahid harada gördü onu nəlayiq sözlərlə təhqir edir, avtomobilinə təpik vurur, ona alçaldıcı sözlər deyir. Təqsirləndirilən şəxs onu döyərək xəsarət yetirməsi təxminən 5-10 dəqiqə davam etmiş və həmin vaxtı avto təmir sexində işləyən şəxslər oraya toplaşmışdır. Təqsirləndirilən şəxs onu döyərək xəsarət yetirməsinə səbəb onda qalan saatının qutusunu və elektrik yığan aparatını istəməyi olmuşdur. Təqsirləndirilən şəxs onu döyən zaman əlində hər hansı bir əşya olmamış, onu yalnız əli döyərək xəsarət yetirmişdir. Hazırda Cahidlə barışmışdır. Bu barədə notarial ərizəni məhkəməyə təqdim edərək məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələrində işlədiyi Gəncə şəhəri D. Qorqud küçəsində yerləşən avtotəmir emalatxanasında olan vaxt işlədiyi çilingər sexinə gəlmişdir. Sexdə olan zaman ağ rəngli Chevrolet Malibu markalı avtomobili idarə edən, adı ona sonradan məlum olan Ayşən adlı qadın, oraya gəlmiş və Cahidə yaxınlaşıb onunla mübahisə etməyə başlamışdır. Cahid Ayşənə deyirdi ki, sexdən çıxanda onun əşyalarını özünə verəcək. Ayşən isə dahada aqressivləşərək Cahidə nalayiq sözlər demişdir. O və yaxınlıqda olanlar Ayşənlə Cahidin mübahisəsini eşidən şəxslər onları sakitləşdirmək istəsələr də, Ayşən Cahidə nalayiq sözlər demişdir. Cahid də Ayşəni sakitləşdirmək istəsə də Ayşən sakitləşməmişdir. Onlar təxminən 15 dəqiqədən çox sözlə mübahisə etmişlər. Cahid Ayşənin sakitləşmədiyini görüb əli ilə onun qucaqlayıb sakitləşdirmək istəmiş, Ayşən arxası üstdə yerə yıxılmış, Cahid də Ayşənin üstünə yıxılmışdır. Sonra çilingər sexində işləyən işçilərlə Ayşənlə Cahidi aralamışlar. Zərərçəkmiş şəxs tanımamış, ancaq Təqsirləndirilən şəxs işlədiyi sexə gəlib getdiyi üçün üzdən tanımışdır. Ayşənlə Cahidin mübahisəsi təxminən 15 dəqiqə çəkmiş, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əlində hər hansı bir predmet və ya əşya olmamışdır. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə zamanı Cahidin Ayşəni döyməsini görməmiş, ancaq Ayşən adlı qadın Cahid Bayramova nalayiq ifadələr işlətdiyi üçün Cahid onun ağzını əli ilə yummaq istəmişdir ki, nalayiq ifadələr işlətməsin, həmin vaxtı Zərərçəkmiş şəxs yerə yıxılmış və ola bilsin həmin vaxtı xəsarət almışdır. Məhkəmə iclasında iştirak etməmiş, ona görə də ibtidai zamanı verdiyi ifadəsi elan edilmiş şahid qismində dindirilmiş Şahid1 və X2 və X4 ifadəsindən görünür ki, onlar, Şahid2 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək onun bildrdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələrində Gəncə şəhəri D. Qorqud küçəsində yerləşən Avto Təmir emalatxanasında onu nalayiq sözlərlə təhqir edərək onu döyüb xəsarət yetirməsini demişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 06 aprel 2022ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” Protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət yetirildiyi yerə baxış keçirilərək şəkilləri çəkilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə-tibb ekspertizasının 16 aprel 2022-ci il tarixli 529 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər — sağ bazu çiyin nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması, sol əlin İİİ barmağının yarası və sol gözün alt qapağının qançırı — bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Gəncə şəhəri 137 saylı Evlər Üçlüyü tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs notarial ərizəsindən görünür ki, Cahid tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, onun Cahidə qarşı heç bir tələbi və şikayəti yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin verdikləri ifadələri ilə, digər iş materialları ilə onun ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü qismən təqsirli bilməsini və əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəzaya məhkum olunmalıdır. Məhkəmənin belə mövqeyi «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı Qərarındakı tövsiyyələrə də uyğundur. Belə ki, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə cəza təyin edilərkən, Azərbaycan Respublikası CMnin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması, cəzanın məqsədini təmin edə bilməsin. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona hər ay qazancından dövlət nəfinə 10 % məbləğində pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin və cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar