Məhkəmə qərarları › İş №1(125)-312/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-312/2023

09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-312/2023 09.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı X2, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1958-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, təqaüdçü, ünvan 1 ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs 23 aprel 2023-cü il tarixdə Gəncə şəhəri, M.Məhərrəmov küçəsi, ev 64 ünvanında eltisi Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı əl zərbələri ilə sonunucunun baş və sifət nahiyələrinə qəsdən vuraraq, habelə saçından yolaraq ona ənsə-boyun nahiyyəsinin yumuşaq toxumalarının əzilməsi, hematoması, təpə nahiyyəsinin qançırı kimi, dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “yüngül” zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, həmçinin iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yaşayışa görə eltisi Kəmalə ilə aralarında mübahisə vardır. Həmin ev onun qaynatasından qalmış, lakin qaynıgil evə öz sahibliyini irəli sürdüyü üçün məhkəməyə müraciət etmişlər. xx.xx.2023-cü il tarixdə eltisi Kəmalə həmin evə gələrək evdə onlarında payının olduğunu və evdən çıxmaq istəmədiyini bildirmişdir. Həmin vaxt özü yemək yemiş və masanın üzərini təmizləmişdir. Həmin gün o, qonaq çağırıldığı üçün əynini geyinib evdən çıxacağını Kəmaləyə söyləyib otaqda nə əşyası varsa götürüb birlikdə evi tərk etməyi təklif etmişdir. Lakin həmin vaxt Kəmalə qışqır-bağır salıb evdən çıxmayacağını bildirərək onun üzərinə hücum çəkmişdir. Həmin vaxt o, da özünü müdafiə etmək üçün Kəmaləni vurmuş, əsəbləşdiyi üçün neylədiyini bilməyib, Kəmalənin saçından tutub dartıb, ona əl atmaq istədiyi üçün əllərindən vurmuşdur. Daha sonra o Kəmaləni itələyib otaqdan çıxarmışdır. Törətdiyi cinayətə görə səmimi peşmançılıq keçirir. Zərərçəkmiş şəxs ilə barışmaq istəsə də zərərçəkmiş şəxs onunla barışıqdan imtina etmişdir. Qeyd edilənləri nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun eltisidir. Qeydiyyatda olduğu Gəncə şəhəri, M.Məhərrəmov küçəsi, ev 64 ünvanına görə eltisi Məhluqə ilə aralarında mübahisə vardır. O ailəsi ilə birlikdə bir neçə il Rusiya Federasiyasında yaşadığı müddətdə Məhluqə və yoldaşı evin onlar yaşadığı hissəsinə iddialarını irəli sürmüşlər. Həmin evdə onların da yaşamaq hüququ olduğu halda eltisi Məhluqə və yoldaşı buna imkan verməmişlər. xx.xx.2023-cü il tarixdə qaynatasının evinə gedib orada özünün əşyaları olan otaqdan özünə məxsus bəzi əşyaları götürən zaman eltisi Təqsirləndirilən şəxs ona narazılığını bildirərək qonaq gedəcəyini söyləyib ondan evdən çıxıb getməsini tələb etmiş, o, isə Məhluqəyə hələ evdə işinin olduğunu və getməyəcəyini bildirmişdir. Bu zaman Məhluqə onun üzərinə gələrək nalayiq ifadələrlə təhqir etmiş və aralarında mübahisə yaranmışdır. Məhluqə onun üzərinə hücum edərək, saçlarını yolmuş və onun boğazından tutaraq başına əli ilə zərbələr vurmuşdur. Daha sonra Məhluqə onu buraxıb çantasını da götürüb evin qapısını üzərinə bağlayaraq çıxıb getmişdir. O, halı pisləşdiyi üçün Məhluqənin arxasınca gedə bilməmiş və aralarındakı dava təxminən 3-4 dəqiqə davam etmişdir. Bundan sonra o, da DİN-nin 102 xidmətinə zəng edib evə polis çağırmışdır. Hadisədən sonra eltisi Təqsirləndirilən şəxs onunla barışmaq istəsə də, o barışmaq istəməmişdir.Hazırda da onunla barışmaq istəmir və Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 591 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-ənsə-boyun nahiyyəsinin yumuşaq toxumalarının əzilməsi, hematoması, təpə nahiyyəsinin qançırı, bərk-küt əşyanın(əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. xx.xx.2023-cü il tarixli "Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Gəncə şəhəri, M.Məhərrəmov küçəsi, ev 64 ünvanında baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 23 aprel 2023-cü il tarixdə Gəncə şəhəri, M.Məhərrəmov küçəsi, ev 64 ünvanında eltisi Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı əl zərbələri ilə sonunucunun baş və sifət nahiyələrinə qəsdən vuraraq, habelə saçından yolaraq ona ənsə-boyun nahiyyəsinin yumuşaq toxumalarının əzilməsi, hematoması, təpə nahiyyəsinin qançırı kimi, dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “yüngül” zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin hərəkəti təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, həmin maddə ilə cinayət məsuliyyəti daşıyıb cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışığa cəhd etməsini, səmimi peşmançılığını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, yaşını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə onu da qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61 -ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59- cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət törətməsini), cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə törətdiyi cinayətə görə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. "Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. AzərbaycanRespublikasının Cinayət Məcəlləsinin 44.1 -ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. AzərbaycanRespublikasının Cinayət Məcəlləsinin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 25-ci maddəsinə əsasən əsas cəza kimi və ya şərti məhkum etmə zamanı əlavə cəza kimi cərimə növündə cəzanın icrası məhkumun yaşadığı və ya işlədiyi yerin, yaxud onun əmlakının olduğu yerin icra məmuru, digər əsas cəza növlərinə əlavə cəza kimi təyin edilmiş cərimənin icrası isə məhkumun əsas cəzanı çəkdiyi yerin icra məmuru tərəfindən həyata keçirilir. Məhkəmə araşdırması zamanı cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 8 (səkkiz) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 48 (qırx səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak, maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respubikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1000 (min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökmün icrası cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 48 (qırx səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar