Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-317/2024 01.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, 03 mart 2000-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən "Üç qardaş" marketin yaxınlığında qəsdən Zərərçəkmiş şəxs üstünə hücum edərək onun üz və bədəninin müxtəlif nahiyələrinə qəsdən əl zərbələri ilə vurub sol gözün alt qapağının, sol qulaqyanı nahiyənin qançırları, sol dirsək nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən, burun sümüyünün açıq, yerdəyişməyən sınığı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, əvvəllər Zərərçəkmiş şəxs tanımamış, xx.xx.2024-cü il tarixdə özünə məxsus olan **-XM-*** dövlət qeydiyyat nişanlı "AUDİ-A4" markalı avtomobili ilə Gülüstan qəsəbəsində 12 saylı tam orta məktəbin qarşısı ilə "Üç Qardaş" market istiqamətində hərəkətdə olan zaman "Üç qardaş" kafesinin yanından sol istiqamətə Avtozavod yoluna dönmə hərəkəti edərkən **-CU-*** dövlət qeydiyyat nişanlı "Ford transit" markalı avtomobil "Üç qardaş" kafenin yanından 12 saylı məktəb istiqamətinə dönmə hərəkəti edərkən avtomobilin sürücüsü sonradan adını bildiyi Elmir onun avtomobilinin içərisinə baxmışdır. O, avtomobilində ailə üzvləri olduğu üçün sürücünün hərəkətinə əsəbləşərək avtomobilin içərisindən ona əl-qol işarələri ilə niyə baxdığını soruşmuşdur. Daha sonra o və digər avtomobilin sürücüsü avtomobillərini yolun kənarında saxlayıb düşmüş, o, Elmirə yaxınlaşaraq niyə avtomobilin içərisinə baxdığını soruşmuş, Elmir isə uca səslə və əl-qol hərəkətləri ilə onunla kobud şəkildə danışmışdır. O,avtomobildə ailə üzvləri olduğu üçün Elmirlə uzun danışmamış və nömrəsini Elmirə verərək sonuncu ilə axşam saatlarında görüşmək istədiyini bildirmişdir. Həmin vaxt Elmir "sən özünə və yanındakılara hörmət qoymursan”, “sən kimsən ki, mən səninlə görüşüm”, “sən ailə qədri bilənsən" kimi kobud ifadələr işlətmişdir. Bu ifadələrdən sonra o, əsəbləşərək əli ilə Elmirin üz nahiyəsinə bir dəfə vurmuşdur. O, bildirmişdir ki, hadisə vaxtı onları görən olmamış, sonradan isə tanımadığı bir nəfər şəxs onları sakitləşdirmiş, sonra isə o, avtomobilinə minib getmişdir. İfadəsinin sonunda məhkəmə tərəfindən ona cəza təyin edilərkən onun Zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini, lakin zərərçəkmiş şəxsin barışmamasını, himayəsində yeni dünyaya gəlmiş körpə uşağının olmasını nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 18:00 radələrində idarə etdiyi "Ford Transit" markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən "Üç Qardaş" marketin qarşısından keçib 12 saylı tam orta məktəb istiqamətinə dönmə hərəkətini yerinə yetirərkən, yolun sol istiqamətinə baxmışdır. Həmin vaxt məktəb tərəfdən gələn **-NX-*** dövlət qeydiyyat nişanlı"AUDİ" markalı avtomobili idarə edən Tərlan adlı şəxs avtomobilin içərisindən əl-qol işarələri edərək onunla kobud danışmışdır. O, da avtomobili yolun kənarında saxlamış, avtomobildən düşüb yaxınlıqda yerləşənkafeyə yaxınlaşmışdır. Bu vaxt Tərlan avtomobildən düşüb ona yaxınlaşaraq "niyə avtomobilimin içinə baxırsan" deyə soruşmuş, o, isə avtomobilin içinə baxmadığını bildirərərək ona getməyini bildirmişdir. Tərlan isə axşam onunla görüşmək istədiyini bildirmiş və ona nömrəsini deyərək sonuncunun geri zəng etməyini istəmişdir. Daha sonra Tərlan onunla kobud və uca səslə danışmış, o, da “ailənə hörmət qoy” demiş və israrla getməsini bildirdikdəTərlan anidən yumruqla onun üz nahiyəsinə zərbə vurmuş, sonra isə onu qaldırıb yerə çırpmışdır. O, qeyd etmişdir ki, hadisə zamanı ətrafda heç kim olmamış, hadisədən sonra tanımadığı şəxslər onu yerdən qaldırmış, Tərlan isə avtomobilinə minib getmişdir. O, hazırda zərərçəkmiş şəxslə barışmadığını, aldığı xəsarətlə bağlı müalicə aldığını, təqsirləndilən şəxsin müalicə xərcini (2000 manat) ödədiyi təqdirdə onunla barışacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində Təqsirləndirilən şəxs oğlu olduğunu bildirmiş və ifadə verməmək hüququndan istifadə edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı o, bildirmişdir ki, heç bir yerdə işləmir, evdar qadındır, Təqsirləndirilən şəxs onun övladıdır. Zərərçəkmiş şəxs, Tərlan barəsində 1-ci polis şöbəsinə yazdığı şikayət ərizəsi ilə tanış olmuşdur. xx.xx.2024-cü il tarixdə oğlu Tərlanın idarə etdiyi 99-XM-İ01 dövlət qeydiyyat nişanlı"AUDİ-A4” markalı avtomobili ilə Gülüstan qəsəbəsində 12 saylı tam orta məktəbin qarşısı ilə "Üç Qardaş" market istiqamətində hərəkətdə olan zaman "Üç Qardaş" kafesinin yanından sol istiqamətə Avtozavod yoluna dönmə hərəkəti edərkən **-CU-*** dövlət qeydiyyat nişanlı"Ford transit" markalı avtomobil sürücüsüdə "Üç Qardaş" kafenin yanından 12 saylı məktəb istiqamətinə dönmə hərəkəti edən zaman övladının idarə etdiyi avtomobilin içərisinə baxmışdır. Həmin vaxt "Ford" markalı avtomobilin sürücüsünün hərəkəti övladının xoşuna gəlməmiş, bundan əsəbləşərək avtomobilin içərisindən ona əl-qol işarələri etmişdir. Sonra avtomobili yolun kənarında saxlayıb düşmüş, o da avtomobildə oturub onu gözləmişdir. Təxminən 5 dəqiqə sonra oğlu Tərlan gəlib avtomobildə oturub getmişdir. O, oğlundan nə baş verdiyini soruşduqda Tərlan Ford markalı avtomobilin sürücüsü onunla kobud danışaraq nalayiq ifadə işlətdiyi üçün onu döydüyünü bildirmişdir.Sonda onlararasında yaranmış mübahisəni, dava-dalaşı görmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -böyük ictimai təhlükə törətməyən aşkar cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılması barədə 30 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkibi olduğundan Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında ********* saylı məhkəməyədək sadələşdirilmiş icraat açılmış və araşdırılma aparılmışdır (iş. vər 1); -1-ci PŞ-nin 30 may 2024-cü il tarixli 2-MK-2972 raportundan görünür ki,həmin tarixdə saat 20:01-də Zərərçəkmiş şəxs burun sümüyünün açıq sınığı, sol göz ətrafının hematoması diaqnozu iləbağlı Gəncə şəhəri 3 saylı xəstəxanasınamüraciət etmişdir (iş.vər.4); - hadisə yerinə baxış keçirilməsi haqqında 30 may 2024-cü il tarixli protokoldan görünür ki, Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən "Üç qardaş" marketin yaxınlığında baş vermiş hadisə iləəlaqədar baxış keçirilmişvə hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (iş.vər. 8-11); -“Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 30 may 2024-cü il tarixli 784 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyın edilmiş xəsarətlər – burun sümüyünün açıq, yerdəyişməyən sınığı,sol gözün alt qapağının, sol qulaqyanı nahiyənin qançırları, sol dirsək nahiyyəsinin sıyrığı –küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarda göstərilən tarixə, yəni 29may 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcələrinə görə, qeyd edilən xəsarətlərdən burun sümüyünün açıq, yerdəyişməyən sınığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, digər xəsarətlər sol gözün alt qapağının,sol qulaqyanı nahiyənin qançırları, sol dirsək nahiyyəsinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (iş vər. 26-28); -zərərçəkmiş şəxs qismində tanınma haqqında 08 iyun 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (iş vər. 29); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 09iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vər 39); - Cinayət əməlini törətmiş şəxs qismində tanınma haqqında 11 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət əməlini törətmiş şəxs qismində tanınmışdır. (iş vər 40); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserin 14 iyun 2024-cü il tarixli, 4604 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur ((iş. vər 65); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin 14 iyun 2024-cü il tarixli, 4440 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur ((iş. vər. 66); - Gəncə şəhəri İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir məlumat və şikayət daxil olmamışdır (iş vər 68); - məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin TQS №103 saylı doğum haqqında tibbi şəhadətnamənin verilməsi üçün çıxarışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə övladı anadan olmuşdur. - sübutların qiymətləndirilməsi haqqında 15 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi zərərçəkmiş şəxs və şahidin ifadəsi, ekspert rəyi və digər istintaq sənədləri ilə qiymətləndirilmişdir (iş.vər. 69-75); Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, xx.xx.2024-cü il tarixində saat 18 radələrində Təqsirləndirilən şəxs hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə özünün üstün olduğunu nümayiş etdirmək məqsədilə, yəni xuliqanlıq niyyəti ilə qarşılıqlı davranış qaydalarının pozulmasında ifadə olunan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən "Üç qardaş" marketin yaxınlığında qəsdən Zərərçəkmiş şəxs üstünə hücum edərək onun üz və bədəninin müxtəlif nahiyələrinə qəsdən əl zərbələri ilə vurub sol gözün alt qapağının, sol qulaqyanı nahiyənin qançırları, sol dirsək nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən, burun sümüyünün açıq, yerdəyişməyən sınığı kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Lakin, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan yüngül xəsarət yetirsə də, həmin əməli cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozmaqla və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə etməsini təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə xx.xx.2024-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla ona hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin bilavasitə hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduqları ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsində təsbit olunmuş hər bir maddə konkret ictimai münasibətləri mühafizə altına alır, həmin münasibətləri cinayətkar qəsdlərdən qoruyur. Belə münasibətlər, terminoloji anlamda, cinayət tərkibinin zəruri elementi hesab olunan və “cinayətin bilavasitə obyekti” adlandırılan məfhumla ifadə olunur. Cinayətin bilavasitə obyekti cinayət qanunu ilə qorunan, cinayətin qəsd etdiyi və nəticədə zərər yetirilən və ya real zərər yetirilmə təhlükəsinə məruz qalan sosial əhəmiyyətli konkret dəyər, maraq və sərvətdir. Cinayətin bilavasitə obyekti konkret cinayətin zəruri elementi olmaqla əməlin konkret maddə ilə tövsifinin dəqiqləşdirilməsində mühüm rol oynayır. Cinayətin digər əlamətləri ilə yanaşı, onun obyektinin də dəqiq müəyyən olunması, əməlin faktiki əlamətlərinin cinayət qanununda nəzərdə tutulan konkret cinayət tərkibinin əlamətləri ilə eyniliyinin müəyyən olunmasına şərait yaradır. Əməlin tövsifinin mahiyyəti də elə bundan ibarətdir; öncə, cinayət hadisəsi baş verdikdən sonra kriminal qəsdə məruz qalan obyekt müəyyənləşdirilir, bundan sonra cinayət qanununda eyni münasibətləri, yəni eyni obyekti qoruyan maddə müəyyənləşdirilir və nəhayət tövsiyyə olunan maddədəki cinayət tərkibinin obyektinin əlamətləri ilə hadisə nəticəsində zərər görmüş obyektin faktiki əlamətləri üst-üstə düşərsə əməl uyğun maddə ilə də tövsif olunur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Həmin normaya əsasən xuliqanlıq cinayətinin bilavasitə obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığı, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Həmçinin, təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, "B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 17 fevral 2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, “Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş vermesini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir”. Konstitusiya Məhkəməsi həmin qərarda həmçinin qeyd etmişdir ki, “Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz”. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs hadisədən əvvəl bir-birlərini tanımamışdır. Onların arasında mübahisənin yaranmasına səbəb şəxsi münasibətlərindən irəli gəlmiş, Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs onun avtomobilinin içinə baxmasına görə aralarında mübahisə yaranmış, daha sonra o, zərərçəkmiş şəxsi vuraraq ona yüngül xəsarət yetirmişdir. İşin həmin faktiki halları onu deməyə əsas verir ki, hadisə vaxtı təqsirləndirilən şəxs ictimai qaydanı pozmamış, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməmiş, cinayət hadisəsi tərəflər arasında olan şəxsi münasibətlər zəminində yaranmış mübahisə səbəbindən baş vermişdir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edilməsi göstərilsə də, cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən hallar ittihamda müəyyən edilmiş saydıqları xuliqanlıq cinayətinin təsvirində əks etdirilməmiş, xuliqanlıq cinayətinə dair ittiham təqsirləndirilənin “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” qərəzli hərəkətlər törətməsi kimi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilmişdir. Bundan başqa, ittihamda cinayətin ictimai yer olan Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən "Üç qardaş" marketin yaxınlığında baş verməsi göstərilsə də, məhkəmə qeyd edir ki, cinayətin ictimai yerdə baş vermiş olması özlüyündə əməlin xuliqanlıq kimi qiymətləndirilməsi üçün yetərli deyil. Xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk etməli və arzu etməlidir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, yekun protokolda təqsirləndirilən şəxsin bu cinayəti ətrafdakı şəxslərə məhəl qoymadan törətməsi göstərilsə də, istintaq orqanı tərəfindən hadisə zamanı həqiqətən də orada hər hansı kənar şəxslərin olması müəyyən edilməmiş, həmin şəxslər müəyyən edilərək şahid qismində dindirilməmişdir. Hadisə marketin qarşısında baş versə də, hadisə vaxtı orada heç kim olmamış, yalnız hadisə baş verəndən sonra yoldan keçən şəxslər zərərçəkmiş şəxsə kömək göstərmişdir. Beləliklə məhkəmə, iş üzrə toplanmış mövcud sübutları qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Bununla belə, onun şəxsi münasibətləri zəminində başlamış münaqişə gedişində zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurması məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin istintaq zamanı verdiyi ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Hazırki cinayət hadisəsinin xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən "Üç qardaş" marketin yaxınlığında baş verməsinə baxmayaraq hadisə yerində heç kimin olmaması iş üzrə zərərçəkmiş şəxsin ifadəsi ilə tam təsdiq edilmiş, ibtidai istintaq orqanı tərəfindən hadisə yerində kənar şəxslərin olması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən müəyyənləşdirilməmiş, məhkəmə iclasında tədqiq edilən sübutlarla həmin hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq əməli kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sisteminə qarşı yönələn, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq edən hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən, şəxsi münasibətlər zəminində yaranan, ictimai qaydanı kobud surətdə pozmadan, cəmiyyətə açıqca hörmətsizlik göstərmədən, mübahisə və ya dava-dalaş gedişində sağlamlığa yüngül zərər vurma kimi təzahür etmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 221.1ci maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin1 28-ci maddəsi ilə tövsif edilərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cinayət əməlini törətmiş şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, himayəsində yeni anadan olmuş körpə uşağının olmasını və zərərçəkmiş şəxslə barışığa cəhd etməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən islah işlər cəzasının təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir, həmçinin bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 40 və 45.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmədə 24 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 144 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri növündə cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli onun qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulduğu gündən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 144 (yüz qırx dörd) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-317/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-317/2024
01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver