Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-319/2024 02.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçinun iştirakları ilə, xx.xx.1967-ci ildə Goranboy rayonu, Borsunlu kəndində anadan olumuş, orta təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Borsunlu kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Tağı-Arani küçəsi ev 9, mənzil 34-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 08 fevral 2024-cü il tarixdə saat 12 radələrində Şahid1 Gəncə şəhəri, Sahil küçəsində yerləşən ünvansız yaşayış olmayan fərdi yaşayış evinin darvazasının kilidinin açıq olmasından istifadə edərək qanunsuz olaraq evin giriş qapısı olmayan birinci mərtəbəsinə daxil olub həmin evdə usta işləyən Zərərçəkmiş şəxs məxsus evin birinci mərtəbəsində yerləşən otağın divarında asılmış vəziyyətdə olan şalvarın cibindən həmin evdə usta işləyən Zərərçəkmiş şəxs məxsus 548 manat pulu gizli olaraq talayıb maddi ziyan vuraraq oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. 08 fevral 2024-cü il tarixdə pula ehtiyacı olduğu üçün iş axtarmaq qərarına gəlmiş, bu məqsədlə də Gəncə şəhəri, təzə bazar ərazisinə gedib, bazarda bir qədər gəzdikdən sonra bazarın yaxınlığında Gəncə şəhəri, Sahil küçəsində, Gəncə şəhər prokurorluğunun qarşısında yeni tikilən evin qabağından keçən vaxt evin ikinci mərtəbəsində ustaların işlədiyini görmüşdür. O, evə giriş üçün qoyulmuş darvazadan evin həyətinə daxil olaraq, ustalardan iş olub-olmaması ilə maraqlanmaq istəmişdir. Lakin evə keçdikdə birinci mərtəbədə otaqların birində divardan şalvar asıldığını görmüş, şeytan onu yoldan çıxardığından, əlini həmin şalvarın cibinə salıb yoxladıqda şalvarın cibində 150 manat pul olduğunu görmüşdür. Həmin pullar bir ədəd 100 manatlıq, bir ədəd 20 manatlıq, iki ədəd 10 manatlıq və iki ədəd də 5 manatlıq əskinas olmuşdur. O, həmin pulları divardan asılmış şalvarın cibindən götürüb yenidən qapıya yaxınlaşmış, həmin vaxt ikinci mərtəbədə işləyən bir nəfər onu görmüş, o, özünü müdafiə etmək üçün həmin şəxsə «Usta suvağın kvadratını neçəyə vurursunuz» deyə sual vermiş, həmin şəxsdə ona kvadratını 8 manata vurduqlarını demişdir. Bundan sonra o həmin yerdən uzaqlaşmışdır. Həmçinin o bildirmişdir ki, Zərərçəkmiş şəxs divardan asılmış şalvarının cibindən pulu götürən vaxt onu heç kim görməmişdir. Lakin evin həyət darvazasından küçəyə çıxan vaxt yuxarda işləyən bir nəfər onu görmüş, o da özünü müdafiə etmək üçün həmin şəxsə «Usta suvağın kvadratını neçəyə vurursunuz» deyə sual vermiş, həmin şəxsdə ona kvadratını 8 manata vurduqlarını demiş, bundan sonra oradan uzaqlaşmış, Zərərçəkmiş şəxs divara asılmış şalvarınının cibindən 150 manat pul götürmüş, həmin 150 manat pulu özünün ehtiyaclarını qarşılamışdır. O Əfqanıstan müharibəsi veteranıdır. Evə daxil olanda məqsədi pul oğurlamaq deyil, iş axtarmaq olmuşdur. Lakin evə daxil olanda iş ilə bağlı heç kimə heçnə deməmişdir. Əgər evə daxil olmaqda məqsədi pul oğurlamaq olsaydı kameraların qarşısında gündüz vaxtı prokurorluğun yanında deyil, gecə vaxtı başqa yerdə edərdi. Əməlindən peşman olmasını, dəymiş ziyanı tam şəkildə ödəməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, usta kimi fərdi yaşayış evlərinin tikintisində işləyir, onunla bir yerdə qardaşı Şahid3, bibisi oğlanları Şahid2 və Şahid4 işləyir. Hadisə zamanı onlar Gəncə şəhəri, Sahil küçəsində, Gəncə şəhər prokurorluğunun qarşısında yerləşən Şahid1 məxsus fərdi yaşayış evinin tikintisini həyata keçirmişlər. 07 fevral 2024-cü il tarixdə Şahid1 onunla görüşərək material almaq və işçilərə əmək haqqı vermək üçün cəmi 1000 manat pul vermiş, o həmin pulun 452 manatına tikinti üçün gəlmiş armaturların pulunu vermiş, 548 manatı isə işçilərə maaş vermək üçün cibində saxlamışdır. 08 fevral 2024-cü il tarixdə saat təxminən 11 radələrində o işə gəlmiş, işə gələn vaxt iş yoldaşları evin ikinci mərtəbəsində işləmişlər.O, da paltarını dəyişərək iş paltarını geyinib onların yanına getmiş, həmin vaxt 548 manat pul olan şalvarını da divardan asmış, bundan sonra işləmək üçün evin ikinci mərtəbəsinə qalxmışdır. Saat təxminən 13 radələrinə qədər işlədikdən sonra nahar etmək üçün yenidən evin birinci mərtəbəsinə düşmüşlər, o işçilər nahar hazırlayana qədər onların pullarını vermək üçün şalvarının cibindən pul götürməyə getmiş, şalvarının cibinə baxdıqda 548 manat pulun yerində olmadığını görmüşdür. Bundan sonra bu barədə bir yerdə işləyən qardaşına və bibisi oğlanlarına demiş, həmin vaxt Şahid2 ona bir az əvvəl bir nəfər kişinin evin darvazasından küçəyə çıxdığını gördüyünü və ondan neçəyə işlədiklərini soruşduğunu bildirmişdir. Daha sonra o bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət etmişdir. Polisin apardığı araşdırma ilə oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədildiyi məlum olmuşdur. Təqsirləndirilən şəxsin ifadəsində onun cibindən cəmi 150 manat pul oğurlamasını göstərməsi tamamilə yalandır. Həmin vaxt onun şalvarının cibində cəmi 548 manat pul olmuş və həmin pulun hamısını Təqsirləndirilən şəxs oğurlamışdır. Belə ki, cibindəki puldan 500 manatı hər birinə 125 manat olmaqla bölünməli, 48 manat isə ümumi xərclər üçün yəni çay, qənd və çörək üçün ayrılmalı idi. Həmin pulu ondan başqa həmin gün onunla işləyən ustalarda onun cibində görmüşlər. Hal-hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir.Ona görə də təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, usta kimi fərdi yaşayış evlərinin ikintisində işləyir, onunla bir yerdə dayısı oğlanları Zərərçəkmiş şəxs, Şahid3 və xalası oğlu Şahid4 işləyir. Hadisə vaxtı onlar Gəncə şəhəri, Sahil küçəsində Gəncə şəhər prokurorluğunun qarşısında yerləşən Şahid1 məxsus fərdi yaşayış evində usta kimi işləmişlər. 07 fevral 2024-cü il tarixdə ev sahibi Şahid1 Famillə görüşərək materiallar almaq və onlara verilməsi üçün 1000 manat pul vermiş, Famildə həmin pulun 452 manatına tikinti üçün gəlmiş armaturların pulunu vermiş, 548 manatı isə onlarla maaş kimi bölmək üçün özündə saxlamışdır. 08 fevral 2024-cü il tarixdə saat təxminən 09 radələrində onlar işə gəlmiş, Famil isə saat 11 radələrində işə gəlmişdir. Famil işə gələn vaxt onlar evin ikinci mərtəbəsində işləmiş, sonra Famildə işləmək üçün onların yanına gəlmiş, həmin gün saat təxminən 12 radələrində o evin ikinci mərtəbəsində divara suvax vuran vaxt bir nəfər təxminən 60 yaşlarında, orta bədən quruluşlu, təxminən 160-170 boylarında bir nəfər kişinin onların işlədiyi evin həyət darvazasından küçəyə tərəf çıxdığını görmüş, həmin vaxt adını bilmədiyi kişi də onu görərək ondan suvağı neçə manata vurduqlarını soruşmuş, o da evin suvağının kvadratını 8 manata vurduqlarını bildirmiş, bundan sonra həmin şəxs çıxıb həyətdən çıxıb oradan uzaqlaşmışdır. Təxminən saat 15 radələrinə qədər onlar evin ikinci mərtəbəsində işlədikdən sonra nahar etmək üçün yenidən evin birinci mərtəbəsinə düşmüşlər. Həmin vaxt Famil onların pullarını vermək üçün şalvarının cibinə baxan zaman onlara cibindən olan 548 manat pulunun oğurlanmasını bildirmişdir. O, da bir qədər əvvəl həmin evin həyətindən bir nəfər şəxsin küçəyə çıxdığını gördüyünü söyləmişdir. Bundan sonra Famil bu barədə AR DİN-nin 102 xidmətinə müraciət etmiş, bir müddət sonra polis əməkdaşları həmin yerə gəlib baxış keçirtmişlər. Polisin apardığı araşdırma ilə oğurluğun bir qədər işlədikləri evə gəlmiş Təqsirləndirilən şəxs tərəfindən törədildiyi məlum olmuşdur. Təqsirləndirilən şəxsin ifadəsində Familin cibindən cəmi 150 manat pul oğurlamasını göstərməsi tamamilə yalandır. Həmin vaxt Familin şalvarının cibində cəmi 548 manat pul olmuş və həmin pulun hamısını Təqsirləndirilən şəxs oğurlamışdır. Belə ki, Familin cibindəki puldan 500 manatı hər birinə 125 manat olmaqla bölünməli, 48 manat isə ümumi xərclər üçün yəni çay, qənd və çörək üçün ayrılmalı idi. Həmin pulu onlar oğurluq edilən gün Familin cibində görmüşlər. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, usta kimi fərdi yaşayış evlərinin tikintisində işləyir, onunla bir yerdə qardaşı Zərərçəkmiş şəxs və bibisi oğlanları Şahid4 və Şahid2 işləyir. Hadisə günü onlar Gəncə şəhəri, Sahil küçəsində Gəncə şəhər prokurorluğunun qarşısında yerləşən Şahid1 məxsus fərdi yaşayış evinin tikintisində işləmişlər. 07 fevral 2024-cü il tarixdə ev sahibi Şahid1 Famillə görüşərək materiallar almaq və onlara verilməsi üçün 1000 manat pul vermiş, Famildə həmin pulun 452 manatına tikinti üçün gəlmiş armaturların pulunu vermiş, 548 manatı isə aralarında bölmək üçün özündə saxlamışdır. 08 fevral 2024-cü il tarixdə saat təxminən 09 radələrində onlar işə gəlmiş, Famil isə həmin gün saat 11 radələrində işə gəlmişdir. Famil işə gələn vaxt onlar evin ikinci mərtəbəsində işləmişlər. Famildə işləmək üçün onların yanına gəlmiş və günortaya kimi evin ikinci mərtəbəsində işləmişlər. Sonra nahar etmək üçün yenidən evin birinci mərtəbəsinə düşən zaman Famil onların pullarını vermək üçün şalvarının cibinə gedib baxmış və onlara cibində olan 548 manat pulunun oğurlanmasını bildirmişdir. Həmin vaxt Pərviz də bir nəfər kişini həmin gün işlədikləri evin darvazasından küçəyə çıxıb getdiyini söyləmişdir. Bundan sonra Famil bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət etmiş və araşdırma zamanı oğurluğun Adil adlı şəxs tərəfindən törədildiyi məlum olmuşdur. Təqsirləndirilən şəxsin ifadəsində Familin cibindən guya cəmi 150 manat pul oğurlamasını göstərməsi tamamilə yalandır. Həmin vaxt Familin şalvarının cibində cəmi 548 manat pul olmuş və həmin pulun hamısını Təqsirləndirilən şəxs oğurlamışdır. Belə ki, Familin cibindəki puldan 500 manatı hər birinə 125 manat olmaqla bölünməli, 48 manat isə ümumi xərclər üçün yəni çay, qənd və çörək üçün ayrılmalı idi. Həmin pulu o, oğurluq edilən gün Familin cibində görmüşdür. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, usta kimi fərdi yaşayış evlərinin tikintisində işləyir. Onunla bir yerdə dayısı oğlanları Zərərçəkmiş şəxs, Şahid3 və xalası oğlu Şahid2 işləyir. Hadisə günü onlar Gəncə şəhəri,. Sahil küçəsində yerləşən Şahid1 məxsus fərdi yaşayış evinin tikintisində işləmişlər. 07 fevral 2024-cü il tarixdə ev sahibi Şahid1 Famillə görüşərək materiallar almaq və onlara verilməsi üçün 1000 manat pul vermiş, Famildə həmin pulun 452 manatına tikinti üçün gəlmiş armaturların pulunu vermiş, 548 manatı isə öz aralarında bölmək üçün özündə saxlamışdır. 08 fevral 2024-cü il tarixdə saat təxminən 09 radələrində onlar işə gəlmiş, Famil isə saat 11 radələrində işə gəlmişdir. Famil işə gələndən sonra onlar evin ikinci mərtəbəsində işləmişlər. Həmin gün günorta onlar nahar etmək üçün evin birinci mərtəbəsinə düşən zaman Famil gedib cibinə baxanda onlara cibindən 548 manat pulun oğurlanmasını bildirmişdir. Həmin vaxt Pərviz də bir qədər əvvəl işlədikləri həyətdən bir kişinin çıxıb getdiyin gördüyünü söyləmişdir. Bundan sonra Famil bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət etmiş və araşdırma zamanı oğurluğun Adil adlı şəxs tərəfindən törədildiyi məlum olmuşdur. Təqsirləndirilən şəxsin ifadəsində Familin cibindən guya cəmi 150 manat pul oğurlamasını göstərməsi tamamilə yalandır. Həmin vaxt Familin şalvarının cibində cəmi 548 manat pul olmuş və həmin pulun hamısını Təqsirləndirilən şəxs oğurlamışdır. Belə ki, Familin cibindəki puldan 500 manatı hər birinə 125 manat olmaqla bölünməli, 48 manat isə ümumi xərclər üçün yəni çay, qənd və çörək üçün ayrılmalı idi. Həmin pulu o, oğurluq edilən gün Familin cibində görmüşdür. Məhkəmə istintaqı zamanı tərəflərin razılığı ilə ibtidai istintaq zaman şahid qismində vermiş olduğu ifadəsi elan və tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, özünə Gəncə şəhəri, Sahil küçəsində torpaq sahəsi alaraq ev tikdirir. Evində usta kimi işləmək üçün Zərərçəkmiş şəxs adlı şəxslə razılaşmışdır. Belə ki, Zərərçəkmiş şəxs özü ilə birlikdə işləməyə fəhlə və usta gətirmiş, o Zərərçəkmiş şəxs gördüyü işlərin müqabilində pullarını hissə-hissə vermiş, həmçinin Zərərçəkmiş şəxs müəyyən tikinti materialları almaq üçün də pul vermişdir. 07 fevral 2024-cü il tarixdə Famil yenə onunla danışaraq həm tikintidə işlətmək üçün müəyyən tikinti materialları almaq və işçilərə bir qədər pul verməsini istəmiş, o da Familə axşam görüşə biləcəyini demiş, bundan sonra 07 fevral 2024- cü il tarixdə axşam saatlarında o Zərərçəkmiş şəxsla görüşərək müəyyən tikinti materialları almaq və işçilərin hər birinə bir qədər pul verməsi üçün 1000 manat pul vermiş, səhəri gün saat təxminən 15 radələrində Famil ona zəng vuraraq onun vermiş olduğu puldan 452 manata tikinti materialları aldığını, qalan 548 manat pulu isə cibində olan vaxt bir nəfər kişinin onun tikilməkdə olan evinə girərək evdən oğurlamasını və bu barədə də polisə müraciət etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş foto şəkillərdən görünür ki, hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin fotoları çəkilərək protokola əlavə edilmişdir. “Cinayət törətməkdə şübhələnilən şəxsin tutulması haqqında” 25 mart 2024-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2024-cü il protokolundan görünür ki, Təqsirləndirilən şəxs tanınmaq üçün Şahid2 təqdim edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, üzləşdirmə zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini təqsirləndirilən şəxsin üzünə qarşı bir daha deyib ifadəsini təsdiq etmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan götünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs barədə qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və onun MSY-dən azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 011277 nömrəli vəsqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində tikiliyə daxil olanda oğurluq məqsədinin olmadığını, sadəcə iş axtarmaq üçün tikiliyə daxil olduğunu daha sonra oğurluq niyyətinin yaranmasını və oğurladığı pulun 150 manat olmasını bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə ibtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində bildirmişdir ki, ittihamda göstərilən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə özünü təqsirli bilir, əvvəllər Rusiya Felerasiyasında yaşamış, 2020-ci ildə pandemiyadan sonra isə Azərbaycan Respublikasına qayıtmış, həmin vaxtdan da Gəncə şəhər və Goranboy rayonunda yaşamış və Gəncə şəhərində müxtəlif ünvanlarda tikintilərdə fəhlə kimi işləmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. 08 fevral 2024-cü il tarixdə pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə də Gəncə şəhəri, təzə bazar ərazisinə getmiş,bazarda bir qədər gəzdikdən sonra bazarın yaxınlığında Gəncə şəhəri, Sahil küçəsində Gəncə şəhər prokurorluğunun qarşısında yeni tikilən evin qabağından keçən vaxt evin ikinci mərtəbəsində ustaların işlədiyini görmüş, o evə giriş üçün qoyulmuş darvazadan evin həyətinə daxil olmuş, ordan da yeni tikilən evə keçmiş və otaqların birində divardan şalvar asıldığını görmüş, tez əlini həmin şalvarın cibinə salıb yoxladıqda şalvarın cibində 150 manat pul olduğunu görmüş, həmin pullar bir ədəd 100 manatlıq, bir ədəd 20 manatlıq, iki ədəd 10 manatlıq və iki ədəddə 5 manatlıq əskinaslar olmuş, o həmin pulu divardan asılmış şalvarın cibindən götürüb yenidən qapıya yaxınlaşmış, həmin vaxt yuxarda işləyən bir nəfər onu görmüş, o, özünü müdafiə etmək üçün həmin şəxsə «Usta suvağın kvadratını neçəyə vurursunuz» deyə sual vermiş, həmin şəxsdə ona kvadratını 8 manata vurduqlarını demiş, bundan sonra o həmin yerdən uzaqlaşmış və pulu götürdükdən sonra yenidən bazara gedib oradan da Goranboy rayonu, Borsunlu kəndinə getmiş, həmin gün kənddə polis əməkdaşlarının onu axtardığını bilib oradan Bakı şəhərinə getmişdir. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, onun oğurluq etmək niyyəti əvvəlcədən formalaşmış və tikiliyə girməkdə məqsədi də məhz oğurluq etmək olmuşdur. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2005-ci il tarixli Plenum qərarının 20-ci bəndindən görünür ki, yaşayış sahəsi dedikdə, yaşayış və qeyriyaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin qərarın 21-ci bəndində əsasən oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. İstər ibtidai istintaq zaman verdiyi ifadəsindən istərsə də, orda işləyən şəxslərə heç bir şey demədən pulu oğurladıqdan sonra ordan uzaqlaşıb getmək istəməsindən və yalnız uzaqlaşmaq istəyən zaman orda işləyən şəxslərdən birinin təsadüfən onu görməsindən sonra tikilini neçəyə hördüklərini soruşaraq ordan uzaqlaşmasından müəyyən olunur ki, Təqsirləndirilən şəxs tikiliyə daxil olaraq oğurluq etmə niyyəti əvvəlcədən formalaşmışdır. Təqsirləndirilən şəxsin oğurladığı pulun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə, zərərçəkmiş şəxsə və şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxsin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Təqsirləndirilən şəxsin qeyd olunan ifadəsi zərər çəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, hadisə yerinə baxış protokolu, habelə digər toplanmış istintaq materialları ilə təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 177.1. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama 177.2. Eyni əməllər: 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, müharibə veteranı olmasını nəzərə alır və göstərilənləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə həmin cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, müharibə veteranı olmasını nəzərə alır nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə aşağı həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə həm də qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində yuxarıda qeyd edildiyi kimi daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar olmadığından, yüngülləşdirici halları nəzərə alaraq məhkəmə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallarının müəyyən edilməsini, ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 17 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçinun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 102 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia,ekspertiza xərci və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilən cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11(on bir) ay 26(iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan saat 07:00-dək tərk etməsinə, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzi tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün on, xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçinun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 102 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı - “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesabAZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-319/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-319/2024
02.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver