Məhkəmə qərarları › İş №1(125)-321/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-321/2023

27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-321/2023 27.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu ödənilməmiş, işləməyən, Kəlbəcər rayonu, A.Qurbanov küçəsi, ev 9 da qeydiyyatda olmaqla, Gəncə şəhəri, Yeni qəsəbə, ev 15, mənzil 8-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylıİ stintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs bir qrup şəxs halında silah qismində istifadə edilən əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən şəxsə qarşı qərəzli xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Gəncə-Bakı yolunun sağ kənarında, Gəncə şəhər Nizami Gəncəvi prospektində yerləşən “Likoil” kafedə yeyib içdikdən sonra Zərərçəkmiş şəxs1 hesabı ondan deyil işçidən istəməsini deməsini bəhanə edib bunu özünə qarşı edilmiş hörmətsizlik kimi qəbul edərək, həmin hörmətsizliyin hər kəsin görməsi, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdən ötrü nalayiq ifadələr işlətməklə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 “sizin yeyib içdiyinizi burunuzdan gətirəcəm...” deyib zor tətbiq edəcəyi ilə hədələyərək ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə özünün üstün olduğunu numayiş etdirmək məqsədilə, yəni xuliqanlıq niyyətilə qarşılıqlı davranış qaydalarının pozulmasında ifadə olunan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək xx.xx.2023-cü il tarixdə saat 21 radələrində ictimai yer olan Gəncə-Bakı yolunun sağ kənarında, Gəncə şəhər Nizami Gəncəvi prospektində yerləşən “Likoil” kafenin həyətində şəxsiyyətləri istintaqa məlum olmayan iki nəfər şəxslə əlbir olan bir qrup şəxs halında, istintaq zamanı müəyyən edilməsi mümkün olmayan bıçağı silah qismində tətbiq edib Zərərçəkmiş şəxs2 zərbələr vurub sonuncuya sol bazu nahiyəsinin qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən, sol bazu bahiyəsinin yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurub qərəzli xuliqanlıq edərkən Zərərçəkmiş şəxs1 ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədilə onları aralamaq istədikdə əlində olan bıçağın dəstəyi ilə Zərərçəkmiş şəxs1 baş nahiyəsinə zərbə endirib fiziki ağrı yetirməklə zor tətbiq etdikdən sonra o və şəxsiyyətləri istintaqa məlum olmayan iki nəfər şəxs əllərindəki, istintaq zaman müəyyən edilməsi mümkün olmayan bıçaqlarla Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əhatəyə almış, bu zaman sonuncular onlardan qurtulub kafenin içərisinə doğru qaçarkən əllərindəki bıçaqla onların arxası ilə qaçıb təqib etməklə yenidən zor tətbiq edəcəkləri ilə hədələyib qərəzli xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadələrində göstərmişdir ki, o, gündəlik olaraq qazancını Gəncə şəhər Mərkəzi Univermaqda işlənmiş telefon alıb-sataraq əldə edir. xx.xx.2023-cü il tarixdə saat təxminən 20 radələrində qonşusu İntiqamın işlətdiyi Gəncə-Bakı yolunda yerləşən “Likoil” yanacaq doldurma məntəqəsinin arxasında olan kafeyə getmiş, kafedə pivə içdikdən sonra İntiqamdan hesabı istəmiş və sonuncu hesabın 13 manat etdiyini demişdir. O, İntiqama 13 manat hesabı ödəmiş, hesabı ödəyərkən İntiqamın qardaşı Arif ona qayınatası Cəmili nəzərdə tutaraq “papan nətərdi...” deyə bildirmiş, bu zaman o, Arifə atasının rəhmətə getdiyindən xəbərdar olduğu halda nə üçün belə dediyini soruşmuş və buna görə onların arasında narazılıq yaranmışdır. Həmin vaxt Arif və Mətləb ona hesabı başqa yerdə verməyini demişlər. Sonra ona zəng gəlmiş və o, kafedən çölə çıxmış, çölə çıxdıqda adlarını bilmədiyi, Univermaqdan üzdən tanıdığı 3 nəfər şəxslə görüşmüş, onların yanında əlavə iki nəfər şəxs də olmuşdur. Sonra o, onlarla birlikdə kafeyə daxil olaraq masada əyləşib söhbət etmişlər. Bir qədər sonra İlkin onu çölə dəvət etmiş və o, İlkinin arxası ilə kafenin arxa həyətinə çıxmış, həmin vaxt Mətləb də onların yanlarına gəlmişdir. O, İlkin və Mətləbə hörmətsizlik etdiklərini demiş, onlar isə ona adam çağırdığını demiş, o, isə heç kəsi çağırmadığını bildirmişdir. Bu zaman Mətləblə dartışmış və o, üzərində olan bıçağı çıxarıb sağ əlinə alaraq Mətləbin sol qoluna vurmuşdur. Həmin vaxt onunla masada oturan şəxslər də kafenin içərisindən onun yanına gəlmişlər. Bu zaman İntiqam da oraya gəlmiş, İntiqamı da bıçağın arxası ilə baş nahiyəsindən vurmuşdur. Sonra onlar qaçaraq kafenin içərisinə doğru getmişlər. O və onunla masada əyləşmiş iki nəfər şəxs də əlində bıçaqla onun arxasıyca gəlmiş və onlar birlikdə onları təqib edərək arxası ilə getmişlər. Bu zaman manqal tərəfdə Arif çapacağı götürərək üzərinə gəlmiş və o, kafenin içərisinə girərək oradan qaçıb şəhərə getmişdir. Onun birlikdə masada əyləşmiş şəxslərin isə haraya getmələrini bilməmişdir. Sonda o, əməlindən peşman olduğunu, himayəsində 1 azyaşlı uşağı olduğunu nəzərə alıb barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, gündəlik olaraq qazancını meyvə-tərəvəz alıb sataraq əldə edir. xx.xx.2023-cü il tarixdə günortadan sonra qardaşı İntiqamın icarə əsasında işlətdiyi Gəncə-Bakı yolunda yerləşən “Likoil” yanacaq doldurma məntəqəsinin arxasında olan kafeyə getmişdir. Həmin gün saat təxminən 20 radələrində qonşuluqda yaşayan Elgiz həmin kafeyə gələrək pivə içmişdir. Saat 21 radələrində Elgiz qardaşı İntiqamdan hesabı istəmiş, qardaşı İntiqam isə hesabı ofisant qızdan istəməsini demiş, bu sözə Elgiz hirslənərək nalayiq ifadlər işlətmişdir. Həmin vaxt o Elgizə “biz sənin atan yaşındayıq nalayiq ifadələr işlətmə” demiş, sonra Elgizlə aralarında sözlə mübahisə yaranmışdır. Lakin həmin mübahisə çox davam etməmiş və Elgiz onlara sizin yeyib içdiyinizi burunuzdan gətirəcəm deyərək çıxıb getmişdir. Təxminən saat 21:30 radələrində Elgiz əvvəllər tanımadığı digər 5 nəfər şəxslə həmin kafeyə gəlmiş, Elgiz kafeyə gəldikdən sonra həmin şəxslərlə bir masada oturmuş, onlar Elgizin onları hədələdikdən sonra digər şəxslərlə birlikdə kafeyə qayıtdığını görüb onun dava etmək üçün qayıtdığını bilmiş və onları sakitləşdirməyə çalışmışlar. Bu vaxt Elgiz masadan qalxıb qardaşı oğlu İlkinin yanına gedərək onu kafenin arxa həyətinə dəvət etmiş və onlar kafenin arxa həyətinə çıxmışdır. Həmin vaxt o da onların arasında mübahisə olacağından ehtiyat etdiyi üçün onların yanına getmişdir. O, Elgizin yanına çataraq ona yenidən “biz sənin atan yaşındayıq...ayıbdır...dava etmə...” deyə bildirmiş, bu vaxt Elgiz nəlayiq ifadələr işlədib bıçaq çıxararaq onun sol qoluna zərbə endirmişdir. Həmin vaxt qardaşı İntiqam da onların yanlarına gəlmiş və Elgizi ondan aralayaraq kənara çəkmiş, Elgizin yanında oturan şəxslər də kafenin içərisindən arxa həyətinə ona köməyə gəlmişlər və onlar da bıçaq çıxarmışlar. İntiqam Elgizi ondan aralayıb kənara çəkərkən Elgiz yenə də nəlayiq ifadələr işlədərək “sən nə deyirsənee...” deyib əlində olan bıçağın sapı ilə İntiqamın da başına zərbə endirmişdir. Həmin vaxt kafenin işçisi Ayaz və qardaşı Arif də oraya gəlmiş, bu zaman onlar, oradakıların hamısının əlində bıçaq olduğunu görmüş onları vuracaqlarından qorxaraq kafenin içərisinə doğru qaçmışlar. Həmin vaxt Elgizgildə əllərində bıçaqları yelləyə-yelləyə onları təqib edərək arxalarınca gəlmişlər. Onlar qaçıb kafenin içrəsinə daxil olmuşlar və həmin vaxt onlar kafenin içərisində digər müştəriləri də görərək oradan da çölə çıxaraq qaçıb getmişlər. Bundan sonra isə o polisə məlumat vermiş və polis əməkdaşları gəlib müvafiq sənədləşməni aparmışlar. Sonda o, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını, onun barəsində həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 8 ildir ki, Gəncə-Bakı yolunda “Likoil” kafeni icarə əsasında işlədir. Təqsirləndirilən şəxs Kəlbəcər sakini kimi tanımışdır. xx.xx.2023-cü il tarixdə günortadan sonra qardaşı Mətləb kafeyə gəlmiş, həmin gün saat təxminən 20 radələrində qonşuluqda yaşayan Elgiz həmin kafeyə gələrək pivə içmişdir. Saat 21 radələrində Elgiz ondan hesabı istəmiş, o, isə hesabı ofisant qızdan istəməsini demişdir. Bu sözə Elgiz əsəbləşərək nəlayiq ifadələr işlətmişdir. Həmin vaxt Mətləb Elgizə demişdir ki, “biz sənin atan yaşındayıq nəlayiq ifadələr işlətmə.” Bundan sonra Elgizlə aralarında sözlə mübahisə yaranmış, lakin həmin mübahisə çox davam etməmişdir. Elgiz onlara “sizin yeyib içdiyinizi burunuzdan gətirəcəm” deyərək çıxıb getmişdir. Təxminən saat 21:30 radələrində Elgiz əvvəllər tanımadığı digər 5 nəfər şəxslə həmin kafeyə gəlmişdir. Elgiz kafeyə gəldikdən sonra həmin şəxslərlə bir masada oturmuş, o, Elgizin onları hədələdikdən sonra digər şəxslərlə birlikdə kafeyə qayıtdığını görüb onun dava etmək üçün qayıtdığını bilmiş və onları sakitləşdirməyər çalışmışdır. Bu vaxt Elgiz masada qalxıb qardaşı oğlu İlkinin yanına gedərək onu kafenin arxa həyətinə dəvət etmiş və onlar kafenin arxa həyətinə çıxmışlar. Həmin vaxt Mətləb onların arasında mübahisə olacağından ehtiyat etdiyi üçün onların yanına getmişdir. Bu zaman o, kafenin arxa həyətində manqalın yanında onlara baxırmışdır. Həmin vaxt Elgiz bıçaq çıxararaq Mətləbin sol qoluna zərbə endirmişdir. O, artıq Elgizin bıçaqdan istifadə edərək xəsarət yetirməsini görüb onların yanına getmişdir ki, Elgizi sakitləşdirsin. O, onların yanına çatdıqda Elgizin yanında oturan şəxslər də kafenin içərisindən arxa həyətinə ona köməyə gəlmişlər və onlar da bıçaq çıxarmışlar. O, Elgizə yaxınlaşaraq onu kənara çəkib sakitləşdirmək istədikdə Elgiz “sən nə deyirsənee...” deyib əlində olan bıçağın sapı ilə onun başına zərbə endirmişdir. Həmin vaxt kafenin işçisi Ayaz da oraya gəlmiş, bu zaman onlar, ordakıların hamısının əlində bıçaq olduğunu görüb onları vuracaqlarından qorxaraq kafenin içərisinə doğru qaçmışlar. Həmin vaxt Elgizgildə əllərində bıçaqları yelləyə-yelləyə onları təqib edərək arxalarınca gəlmişdir. Onlar qaçıb kafenin içrəsinə daxil olmuşlar. Həmin vaxt onlar kafenin içərisində digər müştəriləri də görərək oradan da çölə çıxaraq qaçıb getmişlər, sonra isə o polisə məlumat vermiş və polis əməkdaşları gəlib müvafiq sənədləşməni aparmışlar. Sonda o, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını, onun barəsində həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır. Kəlbəcər sakinləri Gəncə şəhərində yerləşən Yeni qəsəbəyə köçərkən onlarla tanış olmuşdur. Onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Təxminən 8 ildir ki, əmisi İntiqam icarə əsasında Gəncə-Bakı yolunda “Likoil” kafeni işlədir,o, isə həmin kafedə ona köməklik edir. xx.xx.2023-cü il tarixdə kafedə olarkən təxminən saat 20 radələrində qonşuluqda yaşayan Elgiz həmin kafeyə gələrək pivə içmişdir. Saat 21 radələrində Elgiz əmisi İntiqamdan hesabı istəmiş və İntiqam isə hesabı ofisant qızdan istəməsini demişdir. Bu sözə Elgiz əsəbləşərək nəlayiq ifadələr işlətmişdir. Həmin vaxt əmisi Mətləb Elgizə demişdir ki, biz sənin atan yaşındayıq nəlayiq ifadələr işlətmə. Bundan sonra Elgizlə Mətləb, İntiqam arasında sözlə mübahisə yaranmışdır. Lakin həmin mübahisə çox davam etməmiş və Elgiz onlara “sizin yeyib içdiyinizi burunuzdan gətirəcəm” deyərək çıxıb getmişdir. Təxminən saat 21:30 radələrində Elgiz əvvəllər tanımadığı digər 5 nəfər şəxslə həmin kafeyə gəlmişdir. Elgiz kafeyə gəldikdən sonra həmin şəxslərlə bir masada oturarkən Elgiz aqressiv şəkildə olmuş və onlar Elgiz həmin şəxslərlə kafeyə davaya gəldiklərini başa düşmüşlər. O, kafenin arxa həyətində olarkən Elgiz də həmin yerə gəlmiş və onlar kafenin arxa həyətinə çıxarkən əmisi Mətləb də yanlarına gəlmişdir. Elgizə onun əsəbi olmasını görüb sakitləşməsini, kafedə müştərilərin olmasını, qanqaraçılıq salmamasını demişlər. Elgiz isə sakitləşməyib ona hörmətsizlik edildiyini deyərkən əmisi Mətləb ona hörmətsizlik edilmədiyini dedikdə Elgiz bıçaq çıxararaq Mətləbin sol qoluna zərbə endirmişdir. Həmin vaxt əmisi İntiqam Elgizin bıçaqdan istifadə edərək xəsarət yetirməsini görüb yanlarına gəlmişdir ki, Elgizi sakitləşdirsin. İntiqam yanlarına çatdıqda Elgizin yanında oturan şəxslər də kafenin içərisindən arxa həyətinə ona köməyə gəlmişlər və onlar da bıçaq çıxarmışlar. İntiqam Elgizə yaxınlaşaraq onu kənara çəkib sakitləşdirmək istədikdə Elgiz “sən nə deyirsənee...” deyib əlində olan bıçağın sapı ilə İntiqamın başına zərbə endirmişdir. Həmin vaxt digər şəxslər də yanlarına gəlmiş və bu zaman onların hamısının əlində bıçaq olduğunu görüb İntiqam, Mətləb kafenin içərisinə doğru qaçmışlar. Həmin vaxt Elgizgildə əllərində bıçaqları yelləyə-yelləyə onları təqib edərək arxalarınca getmişlər. Həmin vaxt onlar kafenin içərisində digər müştəriləri də görərək oradan da çölə çıxaraq qaçıb getmişlər. Bundan sonra isə polisə məlumat verilmiş və polis əməkdaşları gəlib müvafiq sənədləşməni aparmışlar. Məhkəmə iclasında dindirilmiş şahidlər Şahid1 və Şahid3 digər Şahid2 ilə eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2023-cü il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, Gəncə şəhər BPİ-İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis kapitanı X2 tərəfindən hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 xəsarət yetirdiyi Gəncə- Bakı şosesinin sağ kənarında yerləşən “Likoil” adlı kafeyə hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2023-cü il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, müayinə nəticəsində Təqsirləndirilən şəxs sidikdə narkotik vasitə (THC, OPİ, TML) aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə-tibbi ekspertizasının 11 yanvar 2023-cü il tarixli 66 saylı rəydən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 bədənində xəsarət müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə-tibbi ekspertizasının 11 yanvar 2023-cü il tarixli 67 saylı rəydəngörünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol bazu nahiyəsinin yarası-deşici-kəsici alətin, sol bazu nahiyəsinin qançırı-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən ağırlıq dərəcəsinə görə sol bazu nahiyəsinin yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, sol bazu nahiyəsinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün tərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin 4-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində saxlanılaraq 4-cü PB-nə gətirilmiş və Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(125)-168/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildə Kəlbəcər Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasəncinayət işin üzrə icraata xitam verilmişdir. xx.xx.2021-ci ildə Kəlbəcər Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3, 177.2.3-2, 69.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 1 il 3 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə Kəlbəcər Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Kəlbəcər Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 1(040)-08/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla, 6 ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü X3 adlı 1 azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Zərərçəkmiş şəxs1 notariat qaydasında təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 2718 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Gəncə Şəhər Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Həsənov X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 06 ay islah işləri cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs barəsində 06 ay müddətinə islah işləri cəzası ümumiyyətlə çəkilməmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 221.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı tələb və şikayətinin olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu islah işləri cəzası təyin edilmiş cinayətə görə olduğundan məhkəmə onun hazırkı əməlini residiv kimi nəzərə almır. Çünki Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Bundan başqa məhkəmə CM-in 67.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Kəlbəcər Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 1(040)- 08/2022 nömrəli hökmü ilə təyin olunmuş və çəkilməmiş aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla, 06 ay müddətinə islah işləri cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasınınbir gününə dörd gün hesablanaraq qismən birləşdirilməklə ona qəti cəza təyin olunmalıdır. Çünki CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü bərabər tutulur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun həbsə alındığı, xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin Azərbaycan Respublikası CPM-in 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan Gəncə-Bakı yolunun sağ kənarında, Gəncə şəhər Nizami Gəncəvi prospektində yerləşən “Likoil” kafenin müşahidə kamerasında qeydə alınmış hadisənin baş verdiyi anın görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Kəlbəcər Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 1(040)-08/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla, 06 ay müddətinə islah işləri cəzası hazırkı hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasınınbir gününə dörd gün hesablanaraq qismən birləşdirilməklə, ona qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ**********0000067944; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar