Məhkəmə qərarları › İş №1(125)-322/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-322/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-322/2023 18.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs, Müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1997-ci ildə Göygöl rayonu, Üçtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işsiz, Göygöl rayonu Üçtəpə kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi avtonəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15 radələrində “Mercedes- Benz” minik markalı SB 035 SB dövlət qeydiyyat nömrə nişanlı avtomobili “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinə əsasən sürücülük hüququ olmadan idarə edib Gəncə şəhəri, X7 küçəsində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, yəni hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda həmin tələblərə əməl etməyib nəqliyyat vasitəsinin istismarı qaydasını pozaraq yolun hərəkət hissəsinin sol tərəfindən sağ tərəfə keçən Zərərçəkmiş şəxs avtomobili ilə ehtiyatsızlıqdan vuraraq sonuncuya sağ dirsək sümüyünün sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid xəsarətlər yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bundan başqa o, həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsin qayğısına qalmalı olduğu, ona kömək göstərmək imkanı olduğu, həmçinin baş vermiş yol-nəqliyyat hadisəsi barədə hüquq-mühafizə orqanlarına vaxtında məlumat verməli olduğu halda bunu etməyərək idarə etdiyi “Mercedes-Benz” minik markalı SB 035 SB dövlət qeydiyyat nişanlı avtomobillə qəsdən yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, digər zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun sürücülük hüququ yoxdur. ”Mercedes Benz” minik markalı SB 035 SB Gürcüstan dövlət qeydiyyat nömrə nişanlı avtomobil Vidok adlı şəxsə məxsusdur və Vidok hal-hazırda Polşa Respublikasındadır. Həmin avtomobili idarə etməyə dair onun heç bir sənədi yoxdur. xx.xx.2022-ci il tarixdə o, idarə etdiyi “Mercedes Benz” minik markalı SB 035 SB dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, X7 küçəsində Bağman adlanan istiqamətdə hərəkətdə təxminən saatda 50-60 km/saat sürətlə hərəkətdə etmişdir. Həmin küçə ilə hərəkətdə olan zaman anidən sol tərəfindən bir nəfər qadın avtomobil yoluna daxil olmuş və onun idarə etdiyi avtomobilin sol yan güzgüsü həmin qadına dəymişdir. Nəticədə həmin qadın yerə yıxılmışdır. Dərhal o, həmin qadına yaxınlaşmış və avtomobilinə mindirmişdir. Həmin qadın orada müayinə olunarkən bilinmişdir ki, həmin qadının sağ qolu sınmışdır. Həmin xəstəxanada olarkən onlar həkimlərə bildirmişlər ki, guya həmin qadın özü ehtiyyatsızlığından yıxılmışdır. Sonra isə o, qadına köməklik göstərəcəyini vəd etmiş və polisə şikayət etməməsini xahiş etmişdir. Sonra isə həmin qadını yaşadığı ünvana aparmışdır. Sonradan isə ona məlum olmuşdur ki, həmin qadın onun haqqında şikayət etmişdir. Əlavə olaraq bildirmişdir ki, hadisənin baş verməsinə səbəb onun ehtiyatsızlığı olmuşdur, avtomobil hərəkətdə olarkən təxminən 50-60 km/saat sürətlə idarə etmişdir, həmin vaxt avtomobildə Bayram adlı dostu ilə birlikdə olmuşdur, hadisə baş verərkən həmin yerdə tanıdığı heç kim hadisəni görməmişdir, piyadanı ani bir vaxtda, təxminən 2 metr məsafədən görmüşdür, görən kimi əyləci sıxmış, lakin hadisədən yayına bilməmişdir, həmin vaxt təhlükəsizlik kəmərindən istifadə etmişdir, avtomobildə heç bir texniki nasazlıq olmamışdır, hadisədən öncə spirtli içki qəbul etməmişdir, hadisə zamanı xəsarət almamışdır. Hazırda zərərçəkmişə maddi zərəri ödəmiş, sonuncu ilə barışıq əldə etmişdir. Ona görə də, ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Gəncə şəhəri M.C.Paşayev küçəsində “Oba market” istiqamətindən üzü “Bizim market” istiqamətinə hərəkət yolunu piyada keçmək istəyərkən anidən sağ tərəfindən hərəkətdə olan avtomobilin sağ yan güzgüsü onun sağ qoluna dəymiş və o yerə yıxılmışdır. Dərhal həmin avtomobildə olan 2 nəfər ona yaxınlaşmış və onu avtomobilə mindirərək Gəncə şəhəri 3 saylı Xəstəxanaya aparmışlar. Sürücü Təqsirləndirilən şəxs ona tibbi və maddi yardım göstərəcəyinə söz vermiş, xəstəxanada olan zaman ondan yıxılaraq xəsarət aldığı deməyini xahiş eləmiş, o da razılaşmış, xəstəxanada olan zaman o yıxılaraq xəsarət aldığını bildirmişdir. Təqsirləndirilən şəxs ona mobil nömrəsini vermişdir. Lakin Təqsirləndirilən şəxs heç bir xəbər olmamış, onun xəstəxana və əməliyyat xərclərini ödəməmiş, onunla da maraqlanmamışdır. Bu səbəbdən o şikayət etmək qərarına gəlmişdir. Əlavə olaraq bildirmişdir ki, avtomobilin gəlməsini təxminən 15-20 metr məsafədə görmüşdür, sağ qol və sol ayaq nahiyəsindən xəsarət almışdır, hadisəyə səbəb sürücünün diqqətsizliyi olmuşdur. Hadisəni törədən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Ona dəymiş zərər təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Onunla barışmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid ibtidai istintaqdakı ifadəsində göstərmişdir ki, Gəncə şəhər Baş Polis İdarəsinin İTİ-nin təhqiqatçısı vəzifəsində işləyir. 03 noyabr 2022-ci il tarixdə Gəncə şəhəri X7 küçəsində baş vermiş yol nəqliyyat hadisəsi barədə bildirmək istəyir ki, 11 noyabr 2022-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin İTİ-nin təhqiqatçısı polis baş leytenantı X3 ilə birlikdə hadisə yerinə getmişlər. Hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri X7 küçəsində yerləşmişdir. Yolun hərəkət hissəsi düz olmaqla yolun örtüyü asfalt-betondur və örtük quru vəziyyətdə olmuşdur. Yolun örtüyünün eni 19 metr olmaqla ikitərəflidir. Piyadanın vurulma yeri yolun sağ tərəfindən 7,5 metr məsafədə yerləşmişdir. Hadisə yerinə baxış keçirilən zaman hadisə yerinin şəkilləri çəkilmiş, sxem və protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 11 noyabr 2023-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmədi haqqında” Protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Gəncə şəhəri, X7 küçəsində baş vermişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 2136 saylı Rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarət — sağ dirsək sümüyünün sınığı bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 28 dekabr 2022-ci il tarixli, 8/3417 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz C” minik markalı SB 035 SB dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur, həmçinin Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli, 1930 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsili bilinərək barəsində 450 manat məbləğində cərimə cəzası təyin edilmiş, Göygöl rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cərimə cəzası 02 il islah işləri ilə əvəz edilmiş, Azərbaycan Respublikası MM-nin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.8 bəndinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli, 1938 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Göygöl Rayon İcra Hakimiyyəti başçısının Üçtəpə kənd nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Gəncə RQİ və TBŞnin xx.xx.2022-ci il tarixli, 3137744-1222 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi qeydiyyata alınmamışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış notarial ərizədən görünür ki, o təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər ödənilmiş buna görə də Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Gəncə Şəhər Məhkəməsinin 09 avqust 2023-cü il tarixli Qərarından və 26 sentyabr 2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, barəsində axtarış elan edilmiş, axtarış çərçivəsində 26 sentyabr 2023-cü il tarixdə tutularaq 2 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi avtonəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 №-li Qərarının 1-ci bəndinə əsasən, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixioloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1 və 264cü maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən və az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, təqsirləndirilən şəxs tərəfindən maddi və mənəvi zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ondan tələbinin və şikayətinin olmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə alır. Təqsirləndirilən şəxs əməlində həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-nin 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini məhkəmələr sözsüz təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların isə olmamasını cəza həddini müəyyən edərkən nəzərə alır və hesab edir ki, ona ittiham olunduğu Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həmçinin həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin tələblərinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 gününün azadlıqdan məhrumetmə cəzasının 01 gününə bərabər tutmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzaları ilə qismən toplamaqla qəti cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, Cinayət Məcəlləsinin 66.4-cü maddəsinin tələbinə uyğun olaraq, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək əlavə cəzaları da qismən toplamaq yolu ilə ona qəti əlavə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyun 2013-cü il tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair Qərarına əsasən şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs 26 sentyabr 2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması” haqqında Protokolda göstərilən 26 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerlərinə və bir cəzaçəkmə müəssisəsindən digərinə müşayiətlə göndərilirlər. Məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum məhkəmə icraçısının təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkum üzrlü səbəb olmadan cəzanın icrası yerinə gəlmədikdə cəzanı icra edən müəssisənin və ya orqanın vəsatəti və müvafiq prokurorun təqdimatı əsasında məhkəmə onun tutulması barədə qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə məhkəmə xərci 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə istintaqında mülki iddiaçı Zərərçəkmiş şəxs iddia ərizəsi verərək mülki cavabdeh Təqsirləndirilən şəxs 1500 manat məbləğində dəymiş maddi zərərin və 35 manat dövlət rüsumunun mülki cavabdehdən tutularaq mülki iddiaçıya ödənilməsini xahiş etmişdir. Mülki iddiaçı məhkəməyə 18 oktyabr 2023-cü il tarixdə ərizə verərək mülki iddiadan imtina etməsini bildirmişdir. Məhkəmə belə olan halda hesab edir ki, mülki iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 192.1-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş əsas və əlavə cəzalar qismən toplanılsın və ona 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 26 sentyabr 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzası barəsində təyin azadlıqdan məhrumetmə cəzasının bütün müddətinə şamil edilməklə azadlıqdan məhrumetmə cəzasını çəkib bitirdiyi andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə ekspertiza xərci olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34 CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası üzrə başlanılmış mülki iddia üzrə icraata xitam verilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar