Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-323/2023 12.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 08 avqust 1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gəncə şəhəri, Avtozavod qəsəbəsi yeni yaşayış sahəsi 36 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki o, istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,296 qram psixotrop maddə olan metamfetamini, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 23 yanvar 2023-cü il tarixdə saat 04:05 radələrində Gəncə şəhər BPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilinərək Gəncə şəhəri, Cavadxan qəsəbəsində saxlanılaraq, Gəncə şəhəri, H.Ə.Hüseynzadə 5 ünvanında yerləşən Gəncə şəhər BPİ-ə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ kağız bükümdə təmiz çəkisi 0,296 qram olan maddə kustar üsulla hazırlanmış, psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, psixi xəstəlikdən əziyyət çəkir və Gəncə şəhərində anası ilə birlikdə yaşayır. 23 yanvar 2023-cü il tarixdə saat 04 radələrində yaşadığı ünvanın yaxınlığında olarkən mülkü geyimdə 2 nəfər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş və ona narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib, birlikdə Gəncə şəhər BPİ-ə getməyi təklif etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİ-ə getmiş və orada inzibati otaqların birində ona hüquq və vəzifələri izah edilərək, hüquqlarını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet, dövriyyəsi qadağan edilmiş narkotik vasitə varsa təqdim etsin. O, da polis əməkdaşlarına üzərində olan 1 ədəd gümüşü kağız parçasına bükülmüş kütləni təqdim etmişdir. Həmin kütlənin içərisində psixotrop maddə olan metamfetamin müdafiəçinin və iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 0,38 qram olmuşdur. Sorğu zamanı o həmin kütlənin "pati" kimi tanınan psixotrop maddə metamfetamin olmaqla özünə məxsus olduğunu, ağrıları ilə əlaqədar öz istifadəsi üçün üzərində saxladığını və həmin bükülünü saxlanıldığı gün Gəncə şəhərində yaşadığı evin yaxınlığından yerdən tapdığını, həmin psixotrop maddədən heç kimə satmadığını, həmin bükülüdən istifadə etmədiyini, başqa yerdə saxlamadığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş psixotrop maddə qablaşdırılmış, sonra zərfə qoyularaq möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilərək video çəkilmiş, protokolun doğruluğunu imzalarla təstiq etmişlər. Sonda törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və xəstəliyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 23 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhəri ərazisində narkotik vasitə və psixotrop maddə qəbul etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məlumat verildikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra bölmənin kiçik inspektoru polis baş serjantı Şahid1 ilə birlikdə keçirtdikləri əməliyyataxtarış tədbirləri nəticəsində 23 yanvar 2023-cü il tarixdə, saat 04:05 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında olmasını müəyyən etmiş, həmin yerə getmiş və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb, ona yaxınlaşaraq özlərini ona təqdim edib barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla tanış etmiş və üzərində psixotrop maddə saxlamasında şübhəli olduğunu bildirib onu Gəncə şəhəri BPİ-ə dəvət etmişlər. Polis İdarəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi dəvət edilmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl şübhəli şəxsə üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız parçasına bükülmüş, büküm çıxarıb təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı bükümün içərisində ağ rəngli kristal formalı ilk görüşündən pisxotrop maddə olan metamfetaminə oxşar kütlə olması müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin “patı” kimi adını bildiyi metamfetamin olduğunu və həmin bükümü Gəncə şəhərində yaşadığı evin yaxınlığında yerdən tapdğını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm elektron tərəzi ilə çəkilmiş və kağız bükümdə olan kütlənin qablaşdırılma ilə birlikdə ümumi çəkisi 0,38 qram olmuşdur. Həmin sellofan büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra həmin 1 ədəd kağız zərfin üzəri "DİN-nin 91 saylı" möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı şahid – Şahid1 məhkəməyə Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübut, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 23 yanvar 2023-cü il tarixli, 16/119 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “X2 üzərindən aşkar edilmiş kütlə 0,38 qram.” yazılar və imzalar olan kağız paketdəki, 1(bir) ədəd “gümüşü” rəngli kağız parçasına bükülmüş təmiz çəkisi 0,296 qram, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli, 664 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli, 470 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli, 279 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 17 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə Ağır Cinayətlərə Dair Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü dəyişdirilərək onun cəzası 10 il müddətə artırılmışdır. Bundan başqa o, xx.xx.2011ci il tarixdə Azərbaycan Respublikası CM-nin 317.2.1 və 67.1-ci maddələri ilə təqsirli bilinərək Qaradağ Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə qəti olaraq 03 il 05 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Qaradağ Rayon Məhkəməsinin 27 sentyabr 2011-ci il tarixli, 1(002)-261/11 nömrəli hökmündən görünür ki, X3 Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək dörd ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Ağır Cinayətlərə Dair Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 27 aprel 2005-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalmış üç il üç ay doqquz gün hissəsi təyin edilmiş cəzaya qismən birləşdirilərək üzərində qəti olaraq 3 il 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və cəzasının əvvəli 27 sentyabr 2011-ci il tarixdən hesablanmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 23 yanvar 2023-cü il tarixli protokoldan və cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixdən 24 yanvar 2023-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində həbsdə saxlanılmış və 24 yanvar 2023-cü il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, o, MSY-dən azad edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 02 may 2023-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,296 qram çəkidə psixotrop maddə metamfetamin, eləcə də içərisində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntü olan bir ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyindən iş üzrə maddi sübut kimi tanınmışdır. Gəncə Şəhər Məhkəməsinin 1(125)-323/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “axtarış” elan edilmiş, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən həbs edilərək xx.xx.2023-cü il tarixdə müəssisəyə daxil olmuşdur. Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci X9 Şəhər Məhkəməsinə daxil olmuş xx.xx.2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Gəncə şəhərinin ərazisində saxlanılaraq Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Gəncə Şəhər Məhkəməsinin 1(125)-323/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixo-nevroloji dispanserin verdiyi 10856491 nömrəli çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs F23.3 psixi xəstəlik diaqnozu qoyulmuşdur. Gəncə Şəhər Məhkəməsinin 1(125)-323/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinə dəyişdirilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının Qanununun İİ siyahısına görə psixotrop maddə olan metamfetaminin 0.15 qramı şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, maddi sübutu, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0.296 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıyaraq ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, maddi sübut və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,296 qram psixotrop maddə olan metamfetamini, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 23 yanvar 2023-cü il tarixdə saat 04:05 dəqiqədə Gəncə şəhər BPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilinərək Gəncə şəhəri, Cavadxan qəsəbəsində saxlanılaraq, Gəncə şəhəri H.Ə.Hüseynzadə 5 ünvanında yerləşən Gəncə şəhər BPİ-ə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ kağız bükümdə təmiz çəkisi 0,296 qram olan maddə kustar üsulla hazırlanmış, psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Təqsirləndirilən şəxs 2005-ci il tarixdə törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin həmin vaxt qüvvədə olan 120.1-ci maddəsinin sanksiyasına görə ağır cinayət hesab olunduğundan onun məhkumluğu hazırkı törətdiyi cinayət əməlinə münasibətdə ödənilmiş hesab olunur. Odur ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası ilə yanaşı təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzası alternativ olaraq nəzərdə tutulmuşdur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Beləliklə, məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixdən 24 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, 07 avqust 2023cü il tarixdən 31 avqust 2023-cü il tarixədək həbsdə saxlandığı 24 (iyirmi dörd) gün müddət olmaqla cəmi 26 (iyirmi altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutularaq cəmi 01 (bir) ay 22 (iyirmi iki) gün müddət Təqsirləndirilən şəxs təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbirlərinin tətbiq olunmasına ehtiyacı yoxdur və Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş qalıq çəkisi 0,246 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 (on) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixdən 24 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və 07 avqust 2023-cü il tarixdən 31 avqust 2023-cü il tarixədək həbsdə olduğu 24 (iyirmi dörd) gün olmaqla cəmi 26 (iyirmi altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutularaq cəmi 01 (bir) ay 22 (iyirmi iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə proflaktiki qeydiyyata alınsın. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş qalıq çəkisi, 0,246 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-323/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-323/2023
12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver