Məhkəmə qərarları › İş №1(125)-323/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-323/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-323/2024 27.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Müdafiəçi2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1982-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Gəncə şəhər X3 sanitar vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 06 mart 2024-cü il tarixdə saat 14 radələrində valideynlərinin yaşadıqları ünvan 2 ünvanında bacısı Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətləri zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs saçından tutaraq döşəmənin üzərində sürütdəmiş, daha sonra cinayət əməllərini davam etdirib təpik və yumruqlar ilə Zərərçəkmiş şəxs baş və bədən nahiyyələrinə vuraraq sağ bazu və sol əlin yumşaq toxumalarını əzilməsi, hematoması, sağ təpə, sol gözün üst qapağının, sağ əlin ikinci və üçüncü barmaqlarının üst səthlərinin və bel nahiyyəsinin qançırları ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun qardaşı şəhid olmuş, onlara 2000(iki min) manat maddi yardım olunmuş və onun bacısı həmin pulu götürüb Elvin adlı şəxsə vermişdir. O, bacısına bidirmişdir ki, Elvin pulu gətirsin, bacısı cavab olaraq ona Elvinin pulu olmadığını və aliment ödədiyini bildirmişdir. Onların arasında mübahisə artıq o vaxtdan başlamışdır. Qardaşının yas mərasimində Elvin adlı şəxs də gəlmiş bacısı onunla görüşərək onu qucaqlamış və o, buna əsəbləşərək Elvini oradan qovmuşdur. Hadisə baş verdiyi gün o, qonşuda olmuş anası ona zəng edərək evə gəlməsini bildirmişdir.O, evə getdiyi zaman bacısı Nahidə ona qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. O, bacısı Nahidəni itələmiş, o, buna əsəbləşərək evdəki qabları sındırmağa başlamışdır. O, bacısı Nahidəni döyməmişdir, sadəcə onu itələmişdır. Bacısı Nahidə də onu vurmamışdır. Bacısı Nahidə özü özünə xəsarət yetirmişdir. O, sonda məhkəmədən barəsində bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları şöbədə ona bildirmişdir ki, 300 manat versə ona da xəsarət vurulmasını qeyd edəcəklər. O, bacısının saçından tutub onu sürütdəməmiş, onu sadəcə itələmiş və itələdiyi zaman bacısı yerə yıxılmışdır. Bacısının xəsarət aldığını bilməmişdir. Nə o, bacısını, nə də bacısı onu döymüşdür. Bacısının bildirdikləri yalandır. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, hadisədən əvvəl onun bacısı Elza ona video zəng edərək onun Bakıdakı evinə soba alacağını və orda qalacağını bildirmişdir. O, bacısının fikri ilə razılaşmamışdır. Hətta anası da qardaşının şəhid pulunu aldıqları zaman onun evinə soba almaq istədiklərini bildirdikdə, o, anasını bunu isdəmədiyini öz pulu olduğunu, əgər lazım olarsa özü soba alacağını bildirmiş və onların arasındakı mübahisə bununla da başlamışdır. Həmin günü o, ağlayaraq evdən çıxıb getmişdir. Bir neçə gün sonra anası zəng edərək ona evə gəlməsini bildirmişdir. O, gedib atası və anasına yemək vermişdir. Bu zaman bacısının avtomobilinin həyətdə olduğunu görmüşdür. Anasından bacısının harada olduğunu soruşduqda anası onun qonşuda olduğunu bildirmişdir. O, evdə oturduğu zaman bacısı gəlmiş və ayaqqabılarını çıxartmadan içəri girmişdir. Ona nalayiq ifadələr işlətməyə başlamışdır. Ona evə soba alma fikri ilə niyə razı olmadığını soruşmuş, o isə lazım olsa özü evinə soba ala biləcəyini bildirmişdir. Bu zaman bacısı əsəbləşərək onun saçından tutaraq onu döşəmənin üzərində sürütdəmişdir. Ona təpik zərbələri endirmiş, ona qarğışlar etmişdir. Onların səsinə atası içəridən gəlmiş onu bacısının əlindən almağa çalışmışdır. Onun bacısı Elza onun atasını da döymüşdür. O, 102 xidmətinə zəng etmişdir. Hadisə olan vaxt 2 nəfər şəxs onlara gəlmiş 102 xidmətinə etdiyi şikayətini geri götürməsini bildirmişlər, o, şikayətini geri götürməmişdir. Sonda o, bacısı Elza ilə barışmadığını ona ən ağır cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, bacısını etdiklərinə görə bağışlamır. Hadisə baş verdiyi vaxt Elvin adlı şəxs orda olmamışdır. Məhkəmə istintaqında şahid qismində ifadə vermiş X6 bildirmişdir ki, hadisə baş verdiyi vaxt Elza Nahidəni döymüş, onun saçından tutaraq onu döşəmənin üzərində sürütdəmişdir. Ona təpik zərbələri endirmişdir. Şahid qismində ifadə vermiş X6 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Elza onlara heç qulluq etməmişdir. Nahidə Elzanı döyməmişdir. Elza Nahidəni döymüş, hətta onun üzünə tüpürmüşdür. Məhkəmə istintaqında şahid qismində ifadə vermiş X5 bildirmişdir ki, hadisə baş verdiyi vaxt o, içəri otaqda olmuşdur, səs-küy eşitdiyi zaman içəridən çıxmış və qızlarının dalaşdığını görmüşdür. Elza Nahidəni vurmuş və Nahidə huşunu itirmişdir. O, təcili tibbi yardım çağırmiş, lakin təcili tibbi yardım gələnə kimi Nahidə ayılmışdır. O, Nahidəni Elzanın əlindən almağa çalışdığı zaman Elza onu kənara itələmiş, ona bildirmişdir ki, o, kənara dursun onu öldürəcək. Şahid qismində ifadə vermiş X5 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Elzanın Nahidəni niyə döydüyünü bilməmişdir. Nahidə Elzanı vurmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: -məhkəmə-tibb ekspertizasının 09 mart 2024-cü il tarixli, 421 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər - sağ bazu və sol əlin yumşaq toxumalarının əzilməsi, hematoması, sağ təpə, sol gözün üst qapağının sağ əlin ikinciüçüncü barmaqlarının üst səthlərinin və bel nahiyyəsinin qançırları - KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. - məhkəmə-tibb ekspertizasının 09 mart 2024-cü il tarixli, 422 saylı rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs bədənində xəsarət yoxdur. - Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserindən alınmış xx.xx.2024-cü il tarixli, 1540 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış xx.xx.2024-cü il tarixli, 21163 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saçından tutub döşəmənin üzərində sürütdəməsi, ona təpik və yumruq zərəbələri vuraraq qəsdən onun sağlamlığına yüngül xəsarət yetirməsi tam sübuta yetirilmişdir. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək, 06 mart 2024-cü il tarixdə zərərçəkmiş şəxsə xəsarət yetirmədiyini bildirsə də, onun təqsiri ifadəsi alınmış zərərçəkmiş şəxs, şahidlər X5 və X4 ifadələri ilə, həmçinin məhkəmə tibbi ekspertizalarının rəyləri, istintaq hərəkətinin protokolları ilə tam sübuta yetirilir ki, həqiqətən 06 mart 2024-cü il tarixdə təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin sağlamlığına yüngül dərəcəli xəsarət yetirilmişdir. Məhkəmə-tibbi ekspertizasının rəyi ilə Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətin məhz xx.xx.2024-cü il tarixə uyğun gəldiyi və küt əşyanın təsiri nəticəsində törədilməsi bir daha təsdiq olunur. Buna görə də məhkəmə zərərçəkmiş şəxsin bədəni üzərində aşkar edilmiş xəsarəti sonradan alması ilə bağlı təqsirləndirilən şəxsin dəlillərini əsassız hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi əsaslı şübhədən kənar sübutlarla öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünümüdafiə kimi qiymətləndirir və həmin ifadəyə tənqidi yanaşaraq cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qəbul edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə də Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə də Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar muəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Ona görə də, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən halların olduğunu cəzasını ağırlaşdıran halların olmadığını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmədə 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 3108-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 1000 (bir min) manat miqdarında cərimə cəzası təyin edilsin. Hökmün icrası Gəncə şəhəri Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 180 (yüz səksən) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar