Məhkəmə qərarları › İş №1(125)-324/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-324/2023

14.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-324/2023 14.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, Müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Kəlbəcər rayonu Zülfüqarlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, Kəlbəcər rayonu 8 saylı Tam Orta Məktəbdə müəllim işləyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu Zülfüqarlı kəndində qeydiyyatda olan, Gəncə şəhəri, DOS 107, ev 111, mənzil 38-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, Kəlbəcər rayonu 8 saylı tam orta məktəbdə ingilis dili müəllimi işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim edib tanışı Zərərçəkmiş şəxs2 Gəncə şəhərində yerləşən Heydər Əliyev parkında mühafizəçi işinə düzəltməyə köməklik göstərəcəyinə inandıraraq etibarını qazanmış, heç bir real imkana və səlahiyyətə malik olmadığı halda, 05 sentyabr 2021-ci il tarixdə Samux rayonu Kolayır kəndində 400 (dörd yüz) manat, daha sonra 15 sentyabr 2021-ci il tarixdə Gəncə şəhərində, Gəncə dəmir yolu vağzalının gözləmə zalının arxasında 480 (dörd yüz səksən) manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs2 ümumilikdə 880 (səkkiz yüz səksən) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, Kəlbəcər rayonu 8 saylı tam orta məktəbdə ingilis dili müəllimi işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim edib tanışı Zərərçəkmiş şəxs1, sonuncunun arvadı Şahid2 Gəncə şəhəri ərazisində fəaliyyət göstərən uşaq bağçalarının birinə işə düzəltməyə köməklik göstərəcəyinə inandıraraq etibarını qazanmış, heç bir real imkana və səlahiyyətə malik olmadığı halda 2021-ci ilin noyabr ayının sonlarında Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən Münasib şadlıq sarayının qarşısında yerləşən qab-qacaq satılan mağazanın qarşısında Zərərçəkmiş şəxs1 2500 manat pulunu ələ keçirib zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə elan edilmiş ittihamın mahiyyəti aydındır, özünü həmin cinayət hadisəsində tam təqsirli bilir. Ona elan edilmiş ittihamın mahiyyətinə dair göstərə bilər ki, Samux yayonu, Kəsəmən kənd sakini Zərərçəkmiş şəxs2 2021-ci ilin sentyabr ayından tanıyır. Belə ki, 2021-ci ilin sentyabr ayında tanışı Şahid3 Samux rayonu, Kolayır kəndindəki evində onun əmisi oğlu Zərərçəkmiş şəxs2la tanış olmuşdur. Şahid3 iş axtardığı dövrdə onu Gəncə şəhərində yerləşən Heydər Əliyev parkında mühafizəçi işinə qəbul edilməsi üçün həmin parkın kadrlar şöbəsinin müdiri işləyən tanışı Zeynəb xanımdan xahiş etmişdir. Xahişi əsasında parkda mühafizəçi işi üzrə vakansiya olduğu üçün Elməddini işə qəbul etmişlər. 05 sentyabr 2021-ci tarixdə Samux rayonu Kolayır kəndində, Şahid3 evində Rəhmanla görüşəndə ona işsiz olduğunu, iş axtardığını bildirmiş və əmisi oğlu Elməddin kimi Gəncə şəhərində Heydər Əliyev parkında mühafizəçi işinə düzəlməkdə köməklik göstərə bilib-bilməyəcəyini soruşmuşdur. O da Rəhmanı işə düzəldə biləcəyini, lakin xərci olduğunu demişdir. Bundan sonra Rəhman əmisi oğlu Elməddinin evində ona 400 manat pul vermiş, 400 manatı Rəhmandan alıb demişdir ki, dəqiq vaxt deyə bilmir, iş düzələndə xəbər edəcək. Bundan 10-15 gün sonra Rəhman zəng vurub işin vəziyyəti ilə maraqlanmış və Gəncə şəhərinə gəldiyini, dəmir yolu vağzalının yaxınlığında olduğunu, onunla görüşmək istədiyini bildirmişdir. Həmin gün Gəncə şəhərində, Gəncə dəmir yolu vağzalının gözləmə zalının arxasında Zərərçəkmiş şəxs2la görüşmüş, Rəhman oraya əmisi oğlu, Şahid3la birlikdə gəlmişdir. Zərərçəkmiş şəxs2 ona 480 manat pul verib xahiş etmişdir ki, onun işə düzəlmə məsələsi çox uzanmasın və bildirmişdir ki, işi düzəldikdən sonra əlavə 150 manat da verəcəkdir. O da həmin pulu Zərərçəkmiş şəxs2 götürmüş və işin tezliklə düzəlməsi üçün əlindən gələni edəcəyini bildirmişdir. Lakin işin düzəlməsi uzandığı üçün Zərərçəkmiş şəxs2 narazılıq etməyə başlamış və ona işə düzəlmək üçün verdiyi cəmi 880 manat pulu qaytarmağını, ya da işə düzəltməyini tələb eləmişdir. Zərərçəkmiş şəxs2 söz verdiyi işə düzəldə bilmədiyi və ondan aldığı 880 manat pulu qaytara bilmədiyi üçün barəsində şikayət etmişdir. Digər cinayət epizodu ilə bağlı deyə bilər ki, o, Zərərçəkmiş şəxs1 təxminən 1 ildir ki, tanıyır. Zaurun arvadı Gülmira ilə bir oxumuşdur. 2021-ci ilin noyabr ayının ortalarında günorta saatlarında Gəncə şəhərində ərzaq malları mağazasında olan zaman Gülmira ilə görüşmüş, Gülmira ilə söhbət edən zaman ona mağazada satıcı işlədiyini bildirdiyi üçün Gülmiraya universitet vaxtı yaxşı oxuduğunu, hazırda işlədiyi işin ona yaraşmadığını demişdir. Sonra Gülmira onu işə düzəltməyini xahiş etmişdir. O da Gülmiraya onu Gəncə şəhəri ərazisində fəaliyyət göstərən uşaq bağçalarının birinə müəllimə düzəldə biləcəyini demişdir. Həmin vaxt Gülmira onu əri Zaur ilə tanış edəcəyini, bu barədə əri Zaur ilə danışmağı xahiş etmişdir. Təxminən 3-4 gün sonra Gülmira ona zəng edərək, onu əri Zaur ilə Gəncə şəhəri ərazisində tanış etmiş, Zaur ilə söhbət edən zaman ona arvadı Gülmiranı Gəncə şəhəri ərazisində fəaliyyət göstərən uşaq bağçalarının birinə müəllimə düzəldəcəyimə söz vermişdir. Təxminən 2 gün sonra təxminən saat 14 radələrində Zaur ilə Gəncə şəhəri Gülüstan qəsəbəsi ərazisində yerləşən “Münasib” şadlıq sarayının yaxınlığında Zaurla görüşüb ondan 2500 manat pul almışdır. Sonra Zaurdan aldığı 2500 manat pulu borclarına ödəmişdir. Sonra işləmək üçün Türkiyə Respublikasına getmiş, Türkiyə Respublikasından dekabr ayının 29-da geri qayıtmışdır. Zaurdan 2500 manat pulu alan zaman yanlarında kimsə olmamışdır. Kənardan da onları kimsə görməmişdir. Gülmiraya məxsus şəxsiyyət vəsiqəsini tanışı Vüqarın vasitəsi ilə sonradan geri qaytarmışdır. Əməlindən peşmandır, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İstintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin sentyabr ayında əmisi oğlu Muradov X1 Nəsibovun vasitəsi ilə Gəncə şəhərində yerləşən Heydər Əliyev parkına mühafizəçi düzəlmiş, o da bunu görüb Rübayıl Nəsibovla xx.xx.2021-ci ildə əmisi Neymətin yaşadığı Samux rayonu Kolayır kəndindəki evdə görüşüb Rübayıla demişdir ki, o da Heydər Əliyev parkına mühafizəçi düzəlmək istəyir. Rübayılda ona bildirmişdir ki, bu işin 1000 manat xərci var, o da razılaşmış əmisi Neymətin evində Rübayıla 400 manat vermiş və Rübayıl ona demişdir ki, iş düzələndə deyəcək, qalan pulu da verər. xx.xx.2021-ci il tarixdə Rübayıl ona zəng edib demişdir ki, işi düzəlir, pulun qalanınıda gətirib versin. O da həmin gün Rübayılla Gəncə dəmir yol vağzalının gözləmə zalının arxasında görüşüb və Rübayıla 480 manat pul verib demişdir ki, işə cıxanda qalan 120 manatı da verəcək. Bundan sonra Rübayıla dəfələrlə zəng etsədə Rübayıl ona yalan vədlər verərək onu aldadıb nə onu işə düzəltmiş, nə də ki, onun verdiyi 880 manat pulu geri qaytarmamışdır. Hazırda təqsirləndirilən şəxs Nəsibov Rübayıl tərəfindən ona dəymiş zərər tam ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid3 Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs arvadının sinif yoldaşı olmuşdur. Təqsirləndirilən şəxs 2021-ci ilin təxminən sentyabr və oktyabr aylarında arvadına ali təhsilli olmasını deyib onu müəllim kimi işə düzəldə biləcəyini bildirmişdir. Rübail ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamış və Rübail ona tanışlıq əlaqələrindən istifadə edərək arvadını müəllimə kimi işə düzəldə biləcəyini demişdir. Onlar da belə razılaşmışlar ki, Təqsirləndirilən şəxs arvadını Gəncə şəhərində bağçaların birində işə düzəltməyə köməklik edəcəkdir. Bunun qarşılıqında isə Təqsirləndirilən şəxs onlardan 2500 manat pul istəmiş, 2021-ci ilin təxminən noyabr ayının sonlarında Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən Münasib şadlıq sarayının sırasında, qab-qacaq dükanlarının qarşısında özünə məxsus avtomobildə Rübaillə görüşmüş və arvadını bağçaya müəllimə kimi işə düzəltməsi üçün ona 2500 manat pul vermişdir. Rübailə pulu verən zaman yanlarında heç kəs olmamışdır. Rübail pulu alan zaman sadəcə arvadının şəxsiyyət vəsiqəsini ondan istəmişdir. Təqsirləndirilən şəxs 2500 manat pulu ondan aldıqdan sonra 1 həftə ərzində əlaqə saxlayacağını bildirmiş, 1 həftədən də artıq vaxtda Rübailin zəngini gözləmiş, lakin Rübail onunla əlaqə saxlamamış, yenidən özü Rübailin istifadəsində olan ***-***-**-**, ***-***- **-**, 051-405-7432 saylı mobil nömrələrlə dəfələrlə əlaqə saxlamış, lakin Rübail mobil telefonlarına cavab verməmişdir. Daha sonra Rübailin anası Səbailin direktor olduğu 26 saylı tam orta məktəbə getmiş, orada Rübailin anası övladının harada olmasını bilmədiyini, evə gəlmədiyini demişdir. Daha sonra Rübail onunla mobil telefonla əlaqə saxlamış və səhhəti ilə əlaqədar Gürcüstan Respublikasında olmasını, yaxın zamanlarda gəlib işi həll edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs Gürcüstan Respublikasından Türkiyə Respublikasına getmiş və xx.xx.2022-ci il tarixdə Azərbaycana qayıtmışdır. Daha sonra Rübalilin işlədiyi Gəncə şəhər 8 saylı tam orta məktəbə getmiş, məktəbdə Rübailin blütendə olmasını, işə gəlmədiyini demişlər. Həmçinin məktəb direktoru həmin adamı axtarmamağını və Rübailin işə gəlməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs Gəncə şəhər 8 saylı tam orta məktəbdə İngilis dili müəllimi işləmişdir. Təqsirləndirilən şəxs onun etibarından sui- istifadə edib 2500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Rübail arvadını işlə düzlətmək istəsə də, verilən pul onun özünə məxsus olmuşdur. Rübail arvadı Gülmiranın tələbə yoldaşı olmuşdur. Rübaili 2021-ci ilin yay aylarından tanıyır. Rübail özünü Kəlbəcər rayonu 8 nömrəli Tam Orta Məktəbinin ingilis dili müəllimi kimi təqdim etmişdir. Rübailin müəllim işləməsinə görə ona inanıb 2500 manat pulunu arvadı Gülmiranı işə düzəltməsinə görə vermişdir. Rübail müəllim işləməsəydi, heç bir zaman ona 2500 manat pulu verməzmiş. X3 şikayətçidir. Barəsində qanun çərçivəsində ədalətli cəza təyin edilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs tanıyır, sonunculara qarşı heç bir düşmənçiliyi və ədəvəti olmamışdır. O, 2021-ci ilin noyabr ayının əvvəllərindən Təqsirləndirilən şəxs evində usta kimi işləmişdir. Bir neçə gün sonra Rübail təmir etdiyi evinin açarlarını ona təqdim edərək Gürcüstan Respublikasına gedəcəyini bildirmişdir. Rübail Gürcüstan Respublikasına getdikdən sonra o sonuncunun mənzilinə daxil olub təmir işləri aparmışdır. Təmxinən 1 aydan artıq müddət ərzində o, Rübailin yaşadığı evi təmir edib başa çatdırmışdır. Dəqiq tarixi yadında qalmayan vaxtda Rübail istifadəsində olan mobil telefona Vatsap proqramı vasitəsi ilə zəng edib smslə Zaurun nömrəsini ona vermiş və sonuncu ona mənzilin yataq otağında olan stolun üzərindən 01 ədəd şəxsiyyət vəsiqəsini götürüb Zaurla görüşüb sonuncuya verməyini ondan xahiş etmişdir. O da, Rübailin yataq otağında olan stolun üzərindən şəxsiyyət vəsiqəsini götürüb cibinə qoymuş və vəsiqəni Zaurla Gəncə şəhər Dəmiryolu Vağzalının yaxınlığında görüşüb şəxsiyyət vəsiqəsini sonuncuya vermişdir. Sonradan o bilmişdir ki, Rübail Zaurdan sonuncunun arvadını işə düzəltmək adı ilə götürdüyü 2500 manat pulu Gürcüstan Respublikasında xərcləmişdir. Həmin şəxsiyyət vəsiqəsinin kimə məxsus olmasını o bilmir. O, şəxsiyyət vəsiqəsini Rübailin mənzilinin yataq otağında olan stolun üzərindən götürmüş və vəsiqə qadına məxsus olduğuna görə ətraflı baxış keçirmədən cibinə qoymuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statikstik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Kəlbəcər rayon 8 nömrəli tam orta məktəbindən xx.xx.2022-ci tarixli alınmış xasiyyətnamədə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs cəmiyyətin ictimai işlərində fəallıq göstərmiş və onun barəsində heç bir şikayət daxil olmamışdır. Gəncə şəhər Narkoloji Dispanserindən xx.xx.2023-cü il tarixli alınmış arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər Psixonevroloji Dispanserindən xx.xx.2023-cü il tarixli alınmış arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Samux, Göygöl, Daşkəsən və Gəncə şəhərləri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Gəncə RQİTBŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına nəqliyyat vasitəsi yoxdur. 09 may 2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması barədə” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlama istintaq hərəkəti keçirilmiş və o, Gəncə şəhəri, X8 gözləmə zalının arxa tərəfində olan yeri göstərərək Zərərçəkmiş şəxs2 işə düzəltmək adı ilə aldadaraq 480 manat pulu həmin yerə aldığını bildirmişdir. Sonra Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən “Münasib” şadlıq sarayının qarşısına gəlinmiş və həmin yeri göstərərək Zərərçəkmiş şəxs1 həyat yoldaşını işə düzəltmək adı ilə aldadaraq 2500 manatı həmin yerdə aldığını bildirmişdir. Həmin yerələrə baxış zamanı heç bir müşahidə kamerasının olmadığı müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün etirafı, zərərçəkmiş və şahidlərin ifadələri, işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarının 23-cü bəndinə əsasən dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-nin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Şəxsin qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətməsini təşkil etmiş, yaxud onu bu əməli törətməyə təhrik etmiş və ya ona kömək göstərmiş digər şəxslərin əməlləri müvafiq olaraq CM-nin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə CM-nin 178.2.3-cü maddəsi ilə tövsif edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını və vurduğu ziyanı qismən ödəməsini, zərərçəkmiş şəxslərlə qismən barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətməsini), təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarına əlavə edilmiş 14 dekabr 2022-ci il tarixli “Axtarışda olan şəxsin tutulması haqqında” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq MSY-ə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 16 dekabr 2022-ci il tarixli “təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” Qərardan görünür ki, o, MSYdən azad edilərək barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci il tarixdən 16 dekabr 2022-ci il tarixədək MSY-də saxlanıldığı 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Həmçinin Təqsirləndirilən şəxs cəzasının əvvəli yaşayış yeri üzrə probasiya orqanında qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən məhkəmə istintaqı zamanı 15 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia, maddi sübut, xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci il tarixdən 16 dekabr 2022-ci il tarixədək X4 saxlanıldığı 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 90 (doxsan) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar