Məhkəmə qərarları › İş №1(125)-325/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-325/2024

07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-325/2024 07.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1966-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri,D.Qorqud küçəsi bina 38, mənzil 16-da yaşayan, barəsində 14 iyun 2024-cü il tarixdən “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ilə özgənin əmlakını ələ keçirmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə tanışı X2 etibarından sui-istifadə edərək sonuncunun oğlu Şahid1 7000 manat müqabilində Gəncə Asan Xidmət mərkəzində işə düzəltməyə köməklik etməyi vəd etmiş, bundan sonra üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı halda bu barədə bilə-bilə yalan vədlər verməklə inandırıb Zərərçəkmiş şəxs aldadaraq vahid niyyəti ilə 2023-cü ilin mart ayının sonlarında Gəncə şəhəri Nizami prospektində yerləşən Kontakt Home mağazasının qarşısında 2000 manat pulunu, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri Heydər Əliyev prospekti ilə Nizami prospektinin kəsişməsində 5000 manat pulunu ümumilikdə Zərərçəkmiş şəxs məxsus 7000 manat pulunu ələ keçirib zərər çəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini örətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü təqsirli bilir. Zərərçəkmiş şəxs ziyan vurmuşdur. O,hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona dəymiş zərəri tam olaraq ödəmişdir.Sonda o, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyərək barışdığını, ona qarşı heç bir şikayət tələb olmadığını nəzərə alıb onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs onu Asan Xidmətdə işə düzəltməklə bağlı söz vermişdir. Gəncə şəhərində Kontakt Home mağazasının qarşısında Şəlalədən 2000(iki min) manat pul almışdır. O, Şəlalə ilə barışmışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulan ziyanın tam şəkildə ödənildiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir fərdi əməklə məşğul olur. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Gəncə şəhər 1-ci Polis Şöbəsinə müraciət etmişdir. Qeyd etmək istəyir ki, Vüqar adlı şəxsi təxminən 2023-cü ilin yanvar ayından tanıyır. Belə ki, onun bacısı Səbinə Gəncə şəhər İcra Hakimiyyətinin Mənzil Komunal Tikinti İstehsalat Birliyində işləyir. Gəncə şəhərində olan yas mərasimlərinin birində olan zaman bacısı Səbinə ona bildirmişdir ki, Vüqar adlı şəxs camaatı işə düzəldir. Bacısı Vüqarın nömrəsini ona təqdim etmişdir. O, Vüqara məxsus ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamış, Vüqar ilə söhbət etmişdir. Daha sonra Gəncə şəhəri ərazisndə Vüqar ilə görüşmüşdür. Vüqara oğlu Şahid1 işə düzəltmək istədiyini bildirmişdir. Vüqar sentyabr ayında oğlunu Asan Xidmətə işə düzəldə biləcəyini bildirmişdir. Vüqar onu inandırmış,təxminən 2023-cü ilin mart ayaında Bayraq Meydanın yanında Kontakt Home daxil olan zaman Vüqarla görüşmüşdür. Həmin zaman Vüqar ilkin olaraq ondan oğlunu Asan Xidmətə işə düzəltmək üçün yer saxlamaq üçün 2000 manat almışdır. Müəyyən vaxtlarda Vüqar ilə əlaqə saxlamış, Vüqar hər dəfəsində səbirli olmağını istəmişdir. 2023cü ilin iyul ayının 25-də Vüqar ilə Mərkəzi Kitabxanın yanında olan Poçtun qarşsında görüşmüşdür. Həmin zaman aralarında olan razılaşmaya görə Vüqara 5000 manat pul vermişdir. Vüqar Sentyabr ayının 1-də oğlunun Asan Xidmətdə işə başlayacağını bildirmişdir. Sentyabr ayında Vüqar ilə əlaqə saxlamış, Vüqar hər gün onları aldadaraq yaxın günlərdə oğlunu işə düzəldəcəyini bildirmişdir. Lakin hər dəfəsində onları aldatmışdır. Pulu qaytarcağı ilə yalan vədlər vermişdir. xx.xx.2023-cü iltarixdə oğlu ilə birlikdə Dədə Qorqud prospektində yerləşən Tüfər marketin yanında Vüqar ilə qarşılaşmışdır. Həmin vaxtı Vüqar qaçıb evinə daxil olmuşdur. Onlar da Vüqarın arxası ilə getmişlər. Vüqarın həyat yoldaşı Vüqarı evdən qovmuş ki, evə girməsin. Oğlu ilə Vüqarın arasında olan mübahisəyə görə polisə şikayət etmiş,onları Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə dəvət etmişlər. Vüqar 2-ci Polis Şöbəsində onların pulunu qaytarmaqdan imtina etmişdir. Ümumilkdə Vüqar oğlunu işə düzəltmək məqsədilə ondan 7000 manat pulu almış və həmin pulu dələduzluq yolu ilə keçirdiyini bildirişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin vəsatəti əsasında ifadəsi elan olunmuş Şahid1 ifadəsində bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur, Zərərçəkmiş şəxs onun anasıdır. Anası 2023-cü ilin yanvar ayında onu işə düzəldəcəyini bildirmişdir. Neçə müddətdir ki, iş tapa bilməmiş Anası Vüqar adlı şəxsin ondan 7000 manat pul qarşılığında onu Asan Xidmətə işə düzəldə biləcəyini bildirmişdir. O, anası ilə razılaşdır. Anası ilkin olaraq 2023-cü ilin mart ayının sonlarında Vüqara 2000 manat pul vermişdir. Vüqar onlara onun sentyabr ayının 1-də işə başlayacağını bildirmişdir. 2023-cü ilin iyun ayının 25-də anası bir dəfə 5000 manat pulu Vüqara vermişdir. Anası Zərərçəkmiş şəxs Vüqara ümumilkdə 7000 manat pul vermişdir. Lakin həmin zamandan Vüqar onları aldadıb anası Şəlalədən aldığı pulları dələduzluq yolu ilə ələ keçirmişdir. Vüqar bundan sonra hər dəfəsində pulu geri qaytarcağnı bildirsə də, geri qaytarmamışdır. Buna görə də, xx.xx.2023-cü il tarixdə Vüqar ilə görüşmüşlər. Vüqardan pulu istəyən zaman ödəyəcəyini bildirmişdir. Aralarında mübahisə yaranmışdır. Vüqar polisə ondan şikayət etmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci X7 pulu borc kimi aldığını etiraf etmiş, anası Şəlalədən 7000 manat pulu borc kimi verdiyini yazmağını istəmiş, lakin anası dələduzluq ilə bağlı şikayət etmişdir. Vüqar ümumilkdə onların 7000 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin vəsatəti əsasında ifadəsi elan olunmuş Şahid2 ifadəsində bildirmişdir ki,o, rəsmi olaraq DOST MMC-nin işçisidir və Gəncə şəhər İcra Hakimiyyətini süpürür. Zərərçəkmiş şəxs onun doğma bacısıdır. Təqsirləndirilən şəxs təxminən 7-8 ildir ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxs dayısı Cəfər müəllim əvvəllər onun müdiri olmuşdur. Təqsirləndirilən şəxsla onun münasibəti normal olmuş və onunla heç bir ədəvəti yoxdur. Təxminən bir il bundan əvvəl Təqsirləndirilən şəxs onun iş yerinə gələrək onu kənara çağırmış və ona demiş ki, pul müqabilində kim istəsə işə düzəldir, əgər istəsə tanışı varsa onu da işə düzəldə bilər. Həmin vaxtı o, Vüqara demiş ki, onun işə düzələsi elə bir tanışı yoxdur. Hətta həmin vaxtı Vüqar onunla zarafat edərək demişdir ki. bu nə işdi işdiyirsən çıx burdan 3000 manat pul ver sənidə Gəncə şəhərində olan baxçaların birində işə düzəldim. Lakin o, Vüqarla razılaşmamışdır. Həmin vaxtı onun xalasının yas mərasimində o, bacısı Şəlalə ilə görüşmüş və orda bacısına demiş ki, Vüqar adlı adam var pul müqabilində işə adam düzəldir. Həmin vaxtı bacısı Şəlalə ondan Vüqarın nömrəsini istəmiş,yas mərasimindən təxminən 15 gün sonra o, Gəncə şəhər İcra Hakimiyyətində işdə olan zaman bacısı Şəlalə Təqsirləndirilən şəxsla onun yanına gələrək demişlər ki, Təqsirləndirilən şəxs kimisə işə düzəldib və iş düzəldiyi üçün ona 100 manat şirinlik vermişlər.Həmin vaxtı o, Təqsirləndirilən şəxs kimi işə düzəltdiyini bilməmiş, ancaq 100 manat şirinliyi ona vermişlər o, da götürmüşdür. Həmin gündən bir ay keçdikdən sonra bacısı ona zəng edərək bildirmiş ki, ona 100 manat şirinlik verdikləri iş düzəlməmiş 100manatı hazırla gəlib götürəcəkdir. Sonra bacısı onun işlədiyi Gəncə şəhər İcra Hakimiyyətinin qarşısına gəlmiş və ondan 100 manatı götürmüşdür. Sonradan o, eşitmiş ki. bacısı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs oğlu X8 Xidmət mərkəzində işə düzəltməsi üçün 7000 manat pul vermiş, lakin Təqsirləndirilən şəxs bacısı oğlu Farizi işə düzəltməmiş və bacısından aldığı 7000 manat pulu geri qaytarmamışdır. Cinayət işinə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: -15 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə protokoldan və əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində göstərərək təsdiq etmiş və Zərərçəkmiş şəxs pulu aldığı yeri əyani olaraq göstərmişdir. -BDYPİ-dən alınmış xx.xx.2024-cü il tarixli 3-13-16-3/2-861/1014 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs adına qeydiyyatda nəqliyyat vasitəsi yoxdur. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-1147/2024 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs adına 3 saylı Gəncə Ərazi İdarəsinin elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən Gəncə şəhəri, Göygöl, Samux və Daşkəsən rayonları üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. -DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -Gəncə şəhər 21 saylı evlər üçlüyündən alınmış xasiyyətnamədə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs cəmiyyətin ictimai işlərində fəallıq göstərmiş və onun barəsində heç bir şikayət daxil olmamışdır. -Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli 521 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. -Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli 542 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda durmur. - Zərərçəkmiş şəxs notarial ərizəsindən görünür ki, o, Vüqarla barışmış, Vüqar tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, onun Vüqara qarşı heç bir tələbi və şikayəti yoxdur. -Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət işinin icraatına Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışdığına və onlara dəymiş ziyanı tamamilə ödədiyinə, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci və 3-cü bəndlərində isə qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verib aldatma yolu ilə zərərçəkmiş şəxsin pulunu ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı ittihamda qeyd olunan dələduzluq cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsiilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, törətdiyi əməldən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəməsini və sonuncu ilə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, əməli törətmiş şəxsin cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.1-ci maddəsinə əsasən məhkuma təyin olunmuş cərimə cəzası Gəncə şəhər Probasiya şöbəsi tərəfindən icra edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmalı, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsna məhkəmədə 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 4000(dörd min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) 90 (doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar