Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-326/2023 04.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1976-cı ildə Şəmkir rayonu, Ağlavaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Şəmkir rayonu, Ağlavaşlı kəndində qeydiyyatda olan və yaşayan, “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdə saat 12:02 dəqiqədə-BCDkateqoriyalı sürücülük vəsiqəsi olmaqla, etibarnamə əsasında idarə etdiyi "Ford Mondeo” minik markalı, sedan tipli, 1996-cı il buraxılışlı, qara rəngli **-CD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə-Samux şosse yolunun Gəncə şəhəri istiqamətində dəmir yolu keçidinin yaxınlığında saatda 30-40 kilometr ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda görməyərək, nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarını pozmaqla yolun sol tərəfindən sağ tərəfinə doğru keçməyə çalışan piyada, xx.xx.2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan sağ baldır sümüklərinin yerdəyişmiş, qəlpə şəkilli qapalı sınığı ilə nəticələnən, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, yol-nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyi, habelə cinayət işinin materiallarında olan işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, onun BCD kateqoriyalı sürücülük vəsiqəsi vardır. “Ford Mondeo” minik markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə idarə etdiyi "Ford Mondeo” minik markalı **-CD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə-Samux yolunda Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən qəflətən yolu sol tərəfdən sağ tərəfə qaçaraq keçmək istəyən piyadanı vurmuşdur. Daha sonra idarə etdiyi avtomobili saxlayıb piyadaya yaxınlaşmışdır. Həmin vaxt yoldan keçən avtomobillə piyadanı Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxanaya aparmışdır. Orada rentgen müayinəsi olunmuş və sağ ayağında sınıq xəsarəti olduğu bildirilmişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları ilə hadisə yerinə gedib hadisə yerinin müayinəsində iştirak etmişdir. Bundan sonra isə sərxoşluq müayinəsindən keçmək üçün Gəncə rayonlararası Narkoloji Dispanserinə gedib həkim tərəfindən yoxlanılmış və ayıq olduğu aşkar olunmuşdur. Hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş zərəri tam ödədiyini nəzərə alıb, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə yaşadığı Şəmkir rayonu, Ağlavaşlı kəndindən Gəncə şəhərinə yaşadığı evin təmiri üçün inşaat materialları almaq məqsədilə getmək zərurəti yaranmışdır. Yaşadığı kənddən qardaşı Aslanın idarə etdiyi “VAZ 2107” minik markalı 57-CA- 683 dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Gəncə-Samux yolunda Gəncə şəhəri istiqamətində dəmir yolu keçidinin yaxınlığında hərəkətdə olarkən, yolun sol tərəfində balıq satılan mağazadan balıq almağı üçün avtomobili yolun sağ tərəfində dayandırmış, avtomobildən düşüb balıq almaq üçün yolun sol tərəfinə keçmiş və geriyə, yəni yolun sağ tərəfinə qayıdan zaman Gəncə şəhəri istiqamətində yüksək sürətlə hərəkət edən qara rəngli avtomobil onu vurmuşdur. Həmin vaxt o, yerdə olmuş və sonra olanları ətraflı xatırlaya bilməsə də, yadındadır ki, ayağında güclü ağrı olmuş və arxalarından öz maşını ilə gələn qonşuları Etibar sükanın arxasına keçərək onu və həyəcandan avtomobili idarə edə bilməyən qardaşını Gəncə şəhəri Abbas Səhhət adına 1 saylı xəstəxanaya aparmışdır. Sonradan onu vuran qara rəngli avtomobilin sürücüsü olduğunu öyrəndiyi Təqsirləndirilən şəxs da onların arxasından həmin avtomobillə gəlmişdir. Gəncə şəhəri Abbas Səhhət adına 1 saylı xəstəxanada o rentgen müayinəsindən keçirildikdən sonra ona sağ ayağında sınıq olduğu bildirilmişdir. Bundan sonra dostları ilə Ağdam rayonu, Çəmənli kəndində yaşayan Yusif adlı sınıqçının yanına getmiş, orada ayağına gips qoyulmuş və o dostları ilə yaşadığı kəndə qayıtmışdır. Müalicəsi davam etdirilməkdədir. Hazırda Rasimlə barışdığını, ona dəymiş zərərin tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində özünə məxsus, etibarnamə əsasında idarə etdiyi “Vaz 2107” minik markalı **-BN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Mondeo” minik markalı **-CD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin arxasından, Gəncə-Samux yolu ilə Gəncə şəhəri istiqamətində hərəkət edirmişlər. Tam dəmir yolu keçidinin yaxınlığında yerləşən və Gəncə istiqamətində yolun sol tərəfində yerləşən balıq satılan mağazaların qarşısına gəlmişlər ki, birdən eyni kənddən olan və şəxsən tanıdığı Zərərçəkmiş şəxs yolun sol hissəsindən sağ hissəsinə keçmək istədiyini görmüşdür. O qaçaraq hərəkət etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi qara rəngli "Ford Mondeo” minik markalı avtomobili ilə onu vurduğunu görmüşdür. Rasimin sürəti 30-40 km/s olmuş və o sürətli avtomobil sürməmişdir. Həmçinin sözügedən yolda həmin vaxt sıxlıq olmuşdur. Hadisənin sonrasında yaşanan həyəcandan o və Rasim avtomobilləri saxlayaraq, cəld bir şəkildə yerdə olan Bəhmanın yanına gəlmiş, Bəhman yerdə uzanmış və hərəkətsiz halda olmuşdur. Ayağının xarici görünüşündən sınmış olduğunu başa düşmüşlər. Həmçinin onun qardaşı Şahid1 da orada olmuş və şokdan ağlamışdır. Aslanın avtomobil idarə etmək iqtidarında olmadığını anladıqdan sonra o, Rasim və Aslan birlikdə Bəhmanı yerdən qaldıraraq yolun sağ tərəfində dayanan və hadisədən əvvəl oraya gəldikləri “Vaz 2107” minik markalı **-CA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə mindirmiş və həmin avtomobili o idarə etmişdir. Rasim onların arxasından öz idarə etdiyi avtomobillə gəlmişdir. Ona məxsus “Vaz 2107" minik markalı **-BN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil isə yolun kənarında qalmışdır. X1 çatdıqdan sonra Aslan Bəhmanın avtomobildən düşməsinə icazə verməmiş və Gəncə şəhəri Abbas Səhhət adına 1 saylı Xəstəxanaya getmək istədiyini bildirmişdir. Buna görə onlar Bəhmanı həmin xəstəxanaya aparmış və orada rentgen müayinəsi aparıldıqdan sonra Bəhmanın ayağında sınıq olduğu aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilərək araşdırılmış Şahid1 ifadəsindən görünür ki, "ADY” QSC-də vaqon baxıcısı vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində qardaşı Zərərçəkmiş şəxs ilə onun idarə etdiyi “Vaz 2107" minik markalı **-CA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə-Samux yolunda hərəkətdə olarkən, dəmir yolu keçidinin yaxınlığında balıq satılan dükanların önündə, qardaşı Bəhmanın xahişi ilə avtomobili saxlamış, Bəhman balıqların qiymətini öyrənmək istəmiş və avtomobildən düşən Bəhman, yolun sol tərəfinə keçərək balıq satılan dükanlardan birinə girmiş, 2 dəqiqə sonra oradan çıxıb, yolu onun olduğu tərəfə keçmək istəyərkən qara rəngli “Ford Mondeo” minik markalı avtomobilin onu vurduğunu görmüşdür. Həmin avtomobilin sürəti yadında deyil, ancaq hadisə baş verdikdən sonra həmin qara rəngli avtomobil 10 metr qabaqda dayanmış və həmin avtomobildən onlarla eyni kənddən olan Təqsirləndirilən şəxs düşdüyünü görmüşdür. Qardaşı həmin zaman onun içində olduğu avtomobilin yanına düşmüşdür. Həmin zərbənin nəticəsində qardaşı ona məxsus “Vaz (LADA) 2107” minik markalı avtomobilin qapısına dəyərək, qapıda əzik yaranmasına səbəb olmuşdur. Rasim isə həmin zaman əli ilə başını tutmuş, Bəhmana “ağlama, hər şeyi yoluna qoyacağıq” demişdir. O da öz növbəsində Bəhmandan yerdən qalxmasını istəmiş, lakin Bəhman “əl vurma, tərpənə bilmirəm” demişdir. Bəhmanın bu sözündən sonra onun ayağına baxmış, ayağı bədəninə nisbətdə əyri durmuş və bu zaman onun ayağında sınıq olduğunu öyrənmişdir. Avtomobil sürəcək vəziyyətdə olmamış, hadisə zamanı orada olmuş Etibar onlara yaxınlaşaraq onu və Bəhmanı ona məxsus avtomobilə mindirmiş və özü sükanın arxasına keçərək, onları Gəncə şəhəri Abbas Səhhət adına 1 saylı Xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs da öz avtomobilinə minərək onların arxasınca gəlmişdir. Həmin xəstəxanada rentgen müayinəsi nəticələrinə baxdıqda isə, Bəhmanın ayağında sınıq olduğunu öyrənmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 06 aprel 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması qərara alınmışdır; “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 09 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Gəncə-Samux yolunda dəmir yolu keçidinin yaxınlığında baş vermişdir. Yol örtüyünün eni 5,5 metr olmuşdur. Bir hərəkət zolağı olmuşdur. Yol örtüyünün növü asfalt beton olmaqla, örtüyün vəziyyəti quru olaraq müəyyən edilmişdir. Hərəkətin nizamlanma üsulu nizamlanmayan olmuşdur. Vurulan piyada bir nəfər olmuş və başqa nəqliyyat vasitələri toqquşmamışdır. Baxış istintaq hərəkətinin sonunda yolnəqliyyat hadisəsi yerinə baxış protokolu tərtib edilmiş və fotoşəkil çəkilib protokola əlavə edilmişdir. Gəncə şəhər BPİ-nin “Təhlükəsiz şəhər" xidmətinə məxsus videonəzarət kamerası hadisə ilə bağlı təqdim edilmiş görüntülər olan DVD-R diskə baxış keçirilməsi haqqında 15 fevral 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:02-də sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Mondeo” minik markalı 20-CD- 767 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Gəncə-Samux yolunda dəmir yolu keçidinin yaxınlığında Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən, yolu sol tərəfdən sağ tərəfə keçmək istəyən piyada Zərərçəkmiş şəxs vurur. Daha sonra avtomobili saxlayaraq piyadaya yaxınlaşır. DVD-R diskdəki çəkiliş 02:20 saniyə olmuşdur. DVD-R diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixdə protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. 22 yanvar 2018-ci il tarixli AE seriyalı 331256 nömrəli sürücülük vəsiqəsindən görünür ki, xx xxxxxx 1976-cı ildə anadan olmuş Təqsirləndirilən şəxs «BCD» kateqoriyalı sürücülük hüququ verilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 14 aprel 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur; Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 8/575 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, “Ford Mondeo” markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 219 saylı rəyindən görünür ki, 2000-ci il təvəllüdlü vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət sağ baldır sümüklərinin yerdəyişmiş, qəlpə şəkilli, qapalı sınığı - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserindən alınmış 09 fevral 2023-cü il tarixli, 413/2023 nömrəli sərxoşluq vəziyyətinin tibbi müaynəsi aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu və sidiyində THC (marixuana) aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli 2453 saylı arayışdan və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2023cü il tarixli 2430 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs narkolji və psixonevroloji kabinetdə qeydiyyatda durmur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 19 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunmuş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 19 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilmiş, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Piyadanı vurmuş sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Mondeo” minik markalı, **- CD-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün məhkəməyədək sahibinə təhvil verilmiş, 01 (bir) ədəd “DVD-R” disk isə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi zərərçəkmiş şəxsin, şahidin ifadəsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ; 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcələnin 263.1 və ya 263.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə icraata xitam verilməsi məqsədə uyğundur. Eyni zamanda, Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə şəhər prokurorluğuna göndərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübut kimi tanınan – 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, qəzaya uğramış “Ford Mondeo” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin nəqliyyat vasitələrinin qanuni sahiblərinə geri qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 85 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. (CPM-198.1.). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X5 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 16 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 96 manat pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və müsadirə tətbiq ediləcək alət və ya vasitə yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut olan-“Ford Mondeo” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarıması nəzərə alınsın, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri kimi 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 96 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə şəhər prokurorluğuna göndərilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-326/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-326/2023
04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver