Məhkəmə qərarları › İş №1(125)-327/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-327/2023

05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-327/2023 05.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Zərərçəkmiş şəxs – X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi- X1 iştirakları ilə, xx.xx.2006-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Şəddadilər küçəsi, 2-ci döngə ev 1-də qeydiyyatda olmaqla yaşayan barəsində “valideynin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs, 03 yanvar 2023-cü il tarixdə saat 14 radələrində Gəncə şəhəri, DOS 6, 86 nömrəli dörd mənzilli yaşayış evinin yaxınlığında onu nəlayiq ifadələrlə təhqir etməsi səbəbindən Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı əlində olan istintaqa məlum olmayan daşla sonuncunu qəsdən vuraraq, ona burun sümüyünün sınığı, sağ göz ətraf nahiyəsinin yumşaq toxumalarının əzilməsi və hematoması, sağ qaş nahiyəsinin və sağ gözün alt qapağının səthi yaraları kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır və onlar qonşudur. Onun Rəqibə ilə əvvəllər aralarında düşmənçiliyi və ədavəti olmasa da, sonuncunun ermənilərin raket hücumu zamanı şəhid oğlan nəvəsi Arturun mobil telefonunun oğurlanmasında ondan şübhələndiyinə görə aralarında olan mübasibətlər pozulmuşdur. 03 yanvar 2023-cü il tarixdə saat 14 radələrində o, Gəncə şəhəri, Dos 6 adlanan ərazidə yerləşən 86 nömrəli yaşayış binasının yaxınlığından keçən küçə ilə piyada hərəkətdə olan zaman Rəqibə onunla qarşılaşmışdır. Həmin vaxt Rəqibə onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. O, Rəqibədən nalayiq ifadələr işlətməməsini xahiş etmişdir. Lakin buna baxmayaraq Rəqibə əlində olan bağlamanın içərisindən dəmir parçasını çıxardıb ona tərəf hücum etmişdir. Həmin vaxt o Rəqibənin onu vuracağından ehtiyat etdiyi üçün əlləri ilə sonuncunu arxaya itələmiş və Rəqibə arxası üstə orada olan setkanın üstünə yıxılmışdır. Bundan sonra özü hadisə yerindən qaçaraq uzaqlaşıb getmişdir. Aralarında yaranmış mübahisə zamanı o, daşla və ya digər alətlə Rəqibəni vurmamış və ona hər hansı bir xəsarət yetirməmişdir. Hadisə vaxtı yanlarında heç kim olmamış, kənardan da, onları görən olmamışdır. Ona görə də ifadəsində qeyd olunanların nəzərə alımasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Gəncə şəhərində yaşayır və təqaüdçüdür. 2020-cı ilin oktyabr ayının 17-də erməni hərbi birləşmələrinin Gəncə şəhərinə atdığı ballistik raket yaşadıqları evin dam örtüyünə düşmüş və nəticədə, o qızları Gülnarə, Şairə və nəvəsi Artur Quliyev dağıntılar altında qalmışlar. Onlar xilas olsalar da, nəvəsi Artur Quliyev dünyasını dəyişərək şəhid olmuşdur. Təqsirləndirilən şəxs onun qonşusudur. Onun Ayxan ilə əvvəllər aralarında düşmənçilik və ədavətləri olmasa da, sonradan Ayxan mərhum nəvəsi Artura məxsus mobil telefonu oğurladığına görə polisə müraciət etmiş və bu səbəbdən münasibətləri pozulmuşdur. 03 yanvar 2023-cü il tarixdə saat 14 radələrində o, Gəncə şəhəri, DOS 6 adlanan ərazidə yerləşən 86 nömrəli yaşayış binasının yaxınlığı ilə yaşadığı evə piyada gedən zaman Ayxan qarşısına çıxmışdır. Həmin vaxt Ayxan yerdən əyilib daş götürmüş və daşı onun baş nahiyyəsinə tərəf atmışdır. Nəticədə daş onun sağ göz və burun nahiyyələrinə dəymişdir. O, qanı görən kimi huşu getmiş və həmin vaxt Ayxan onun yanından qaçıb uzaqlaşıb getmişdir. Sonra o özünə gəlmiş və əlində olan torbaları yaxınlıqda yaşayan Şahid2 yaşadığı evin darvazasını açıb evin həyətinə qoymuşdur. Sonra yüksək səslə qonşusu Solmazı çağırmışdır. Solmaz onun yanına gəldikdən sonra sonuncu ondan nə baş verdiyini soruşmuşdur. O da Solmaza az öncə qonşusu Ruzigarın oğlu Ayxanın daşla onun baş nahiyəsinə zərbə ilə vurub xəsarət yetirdiyini, nəticədə sağ qaş və burun nahıyyələrımin qanadığını bildirmişdir. Sonra o, istifadəsində olan mobil telefonla qızı Gülnarəyə zəng edib Ayxanın daşla onu vurmasını bildirmişdir. Qızı ona polisə zəng edəcəyini və təcili olaraq xəstəxanaya getməyini xahiş etmişdir. Sonra o xəstəxanaya getmiş, həkimlər ona tibbi yardım göstərdikdən sonra o polis şöbəsinə gedib şikayət etmişdir. Ayxan ona xəsarət yetirən zaman yanlarında kimsə olmamış, kənardan da onları görən olmamışdır. Hadisə təxminən 1-2 dəqiqə müddət ərzində davam etmişdir. Ayxan onu hadisə vaxtı əli ilə itələməmişdir. Ayxan yerdən əyilib əlinə götürdüyü daşla onun baş nahiyyəsinə zərbə ilə vurub xəsarət yetirmişdir. Ona dəymiş xəsarətin dərəcəsi az ağır olmuş lakin ekspert ona dəymiş xəsarətin dərəcəsi ilə bağlı düzgün rəy verməmişdir. Hazırda Ayxandan şikayətçidir və ona cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid1 ifadələrində Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, zərərçəkmş şəxs Zərərçəkmiş şəxs onun tərəfindən müayinə edilmiş və müvafiq rəy verilmişdir. Müayinə zamanı zərərçəkmiş şəxs rentgen müayinəsinə göndərilmiş və müayinə nəticəsində onun yüngül dərəcəli xəsarət aldığı müəyyən edilmişdir. Zaur Qasımov ifadəsində həmçinin göstərmişdir ki, burun sınığı o zaman az ağır dərəcəli xəsarət hesab olunur ki, şəxsdə burun sümüyünün yerdəyişən sınığı, tənəffüs pozğunluğu baş versin, o, nəfəs ala bilməsin və onun cərrahi əməliyyata ehtiyacı olsun. Müayinə zamanı isə zərərçəkmiş şəxsdə qeyd etdikləri əlamətlərin heç biri aşkar edilməmişdir. Həmçinin Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətin onun özü yaxud kənar şəxs tərəfindən yetirilməsinin müəyyən edilməsi ekspertin səlahiyyətinə aid deyil. Zərərçəkmiş şəxsin bədəni üzərindəki xəsarətlər bərk küt əşya ilə yetirilmiş xəsarətlərdir. Bərk küt əşya dedikdə isə daş, yumruq və.s nəzərdə tutulur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MTE və PA ETT Birliyinin Gəncə şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli, 05 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- burun sümüyünün sınığı, sağ göz ətraf nahiyəsinin yumşaq toxumalarının əzilməsi və hematoması, sağ qaş nahiyəsinin və sağ gözün alt qapağının səthi yaraları bərk KÜT əsyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səsbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Gəncə şəhəri, DOS 6 adlanan ərazidə yerləşən 86 nömrəli çox mənzilli yaşayış evinin qarşısıdır. Hadisə yerinə baxış keçirilməsi barədə müvafiq protokol tərtib edilməklə, fotocədvəllə birlikdə toplanmış materiala əlavə edilmişdir. “Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, bu barədə protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, 13 mart 2023-cü il tarixdə iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatlan Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Üzləşdirmə keçirilməsi barədə protokol tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli 3-13-57-2/2-8661/2023 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, 03 yanvar 2023-cü il tarixdə saat 14 radələrində Gəncə şəhəri, DOS 6 adlanan ərazidə 2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 1953-cü il təvəllüdlü Zərərçəkmiş şəxs istintaqa məlum olmayan yerdən götürdüyü daşla vurmuş və hadisə yerində uzaqlaşmışdır. Azərbaycan Respublikası DİN-nin verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Gəncə şəhər ruhi dispanserlərdən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər narkoloji dispanserdən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Küçə üçlüyü tərəfindən tərtib edilmiş və materiala əlavə olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə ibtidai istintaqa ünvanlanmış ərizədən görünür ki, o, əməlindən peşman olaraq təqsirini etiraf etmiş və cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o zərərçəkmiş şəxsi daş ilə vurmamış, sadəcə onu itələyərək yerə yıxmışdır. Lakin təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadə, üzləşdirmə zamanı verdiyi ifadə və xx.xx.2023-cü il tarixli öz əlyazması ilə verdiyi ərizəsi arasında ziddiyyətlər var. Belə ki, ibtidai istintaq zamanı müdafiəçinin və qanuni nümayəndəsinin iştirakı ilə həm təqsirləndirilən şəxsa qismində verdiyi ifadədə, həm üzləşdirmə zamanı verdiyi ifadədə, həm də sonda müdafiəçisinin iştirakı ilə öz əlyazması ilə yazdığı ərizədə təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi daş ilə vurduğunu etiraf etmiş və əməlindən peşman olduğunu göstərmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi tədqiq edilmiş və bir-biri ilə uzlaşan digər mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir və həmin hissədə sübut növü kimi qəbul etmir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi ilə təsdiq edilərək sübuta yetirilmiş (CPM 144-146), təhqiqat orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1.2-ci maddəsinə əsasən məhkəmə, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 61.1.7-ci maddəsində əsasən məhkəmə cinayətin qoca şəxsə qarşı törədilməsini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsirləndirildiyi maddənin sanksyasında daha yüngül cəza növləri olan cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52- 1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməli və barəsində seçilmiş “valideynin nəzarəti altına vermə qətimkan tədbiri” hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.. Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən X4 məhkəmədə 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəza çəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “valideynin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçinın işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar