Məhkəmə qərarları › İş №1(125)-327/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-327/2024

17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-327/2024 17.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı - Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, təqaüdçü, əvvəllər məhkum olunmuş, Lerik şəhəri, A.Əsədullayev küçəsi, ev 45-də qeydiyyatda olmaqla, Lerik rayonu Balaband kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti və etibardan sui-istifadə edib aldatma yolu ilə özgə əmlakını xeyli miqdarda ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını əvəzsiz və hüquqa zidd ələ keçirmək məqsədi ilə Qax rayon sakini Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaxın əlaqələrinin olmasına inandıraraq etibarını qazanmış və sonuncunun tanışı X3 təqaüd düzəldəcəyini söz verib aldadaraq Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi X7 küçəsi ilə 28 may küçəsinin kəsişməsində yerləşən “Əminə“ marketdən MilliÖn ödəmə terminalı vasitəsi ilə özünə məxsus olan və “Kapital bank” tərəfindən verilmiş plastik karta köçürmə yolu ilə 2020-ci ilin oktyabr ayından 2021-ci ilin aprel ayınadək 4 dəfə olmaqla tanışı Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs ümumilikdə 7800 manat pulunu ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə protokolları, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Şahid1 20 ildən çoxdur ki, tanıyır, onunla bir yerdə hərbidə xidmət etmiş və bir-biriləri ilə dostluq münasibəti olmuşdur. Zərərçəkmiş şəxs isə əvvəllər tanımamışdır. Daha sonra o, bildirmişdir ki, Şahid1 7800 manat alaraq onun tanışı Kamran adlı şəxsə təqaüd düzəltməyə köməklik edəcəyinə dair söz verməmişdir. O, bildirmişdir ki, həmin vaxt oğlu Kənan yıxılaraq belindən xəsarət almış və bununla bağlı oğlunun müalicəsi üçün Elşəndən hissə-hissə 3600 manat pul borc almışdır. O, borcu qaytara bilmədiyi üçün Elşən onun barəsində polisə şikayət etmişdir. İfadəsinin sonunda 44 günlük vətən müharibəsində minlərlə yaralıya tibbi yardım göstərməsini və dəymiş ziyanı tamamilə ödəməsini əsas gətirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs 16 sentyabr 2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasında üzürlü səbəblərdən iştirak edə bilməyəcəyini və ona dəymiş zərərin tam şəkildə ödənildiyini nəzərə çatdıraraq Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs iştirak etmədiyi üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Qax rayonu Şota Rustavelli küçəsi, ev 15A-da yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçusu olmuş və hal-hazırda təqaüddədir. X1 2020-ci ilin 44 günlük vətən müharibəsinin iştirakçısı olmuş və həmin müharibədə yaralanmışdır. Vətən müharəbəsində yeznəsi Kamran kəllə-beyin travması aldığı üçün o, ona təqaüd düzəltmək istəmiş, lakin bir sıra maneələr olduğundan təqaüd düzəlmək mümkün olmamışdır. 2021-ci ilin yanvar ayında o, Bakı şəhərində qrup yoldaşı Seymur adlı şəxsin qızının toyunda digər qrup yoldaşı Şahid1 ilə görüşmüş, söhbət vaxtı o, Elşənə yeznəsi Kamrana təqaüd düzəltmək istədiyini demiş, həmin vaxtı Elşən ona Kamrana təqaüd düzəldə biləcəyini demişdir. O, Elşəndən təqaüdü kimin vasitəsi ilə düzəldəcəyini soruşanda Elşən ona onunda tanıdığı Təqsirləndirilən şəxs adlı tanışlarının vasitəsi ilə düzəldəcəyini demişdir. Bir neçə gün sonra Elşən ona zəng edərək Kamrana təqaüd düzəltmək üçün Təqsirləndirilən şəxs ilkin olaraq 4000 manat vermək lazım olduğunu demişdir. O, da razılaşıb 2021-ci ilin mart ayında Goranboy rayonu Goran qəsəbəsinə gələrək Elşənlə görüşmüş və 4000 manat pulu ona əlbəəl vermişdir. Təxminən 10-15 gün sonra Elşən ona zəng edərək yenidən Təqsirləndirilən şəxs ona zəng edib 3300 manat pul istədiyini demiş və o, isə Elşənə poçt vasitəsi ilə 3300 manat pulu Gəncə şəhərinə göndərmişdir ki, Təqsirləndirilən şəxs versin. Bir neçə dəfə Elşən ilə əlaqə saxlayaraq işin gedişatı ilə maraqlandıqda o, hər dəfə narahat olma pulu Təqsirləndirilən şəxs göndərmiş və tez bir zamanda təqaüd məsələsi öz həllini tapacaqdır. Puldan əlavə o, təxminən 700 manatlıq bazarlıq edib Şahid1 göndərmişdir ki, o da öz növbəsində həmin bazarlığı lazımı şəxslərə göndərmiş ki, təqaüd məsələsi öz həllini tez tapsın. Bundan sonra o, bir neçə dəfə Elşən ilə əlaqə saxlayaraq təqaüdün düzəlməsi ilə bağlı maraqlandıqda hər dəfə fərqli bəhanələr gətirərək işin tez bir zamanda düzələcəyini desə də, məsələ uzanmışdır. Bundan sonra o, birdə maraqlandıqda Elşən ona pulu Təqsirləndirilən şəxs verdiyini və Altayın onu telefonuna cavab vermədiyini demiş və ondan Altayın yaşadığı Lerik rayonu Balaband kəndinə getməsini istəmişdir. O da, Elşən ilə birlikdə gedərək onunla görüşmüş, Altay onlara təqaüd məsələsinin tez bir zamanda düzələcəyini dedikdən sonra onlarda inanıb geri qayıtmışlar. Bir neçə dəfə Elşən ilə əlaqə saxlayıb təqaüd barədə maraqlandıqda o, Altayın telefonlara cavab vermədiyini və Kamranın təqaüd məsələsinin düzəlməyəcəyini demişdir. Bundan sonra o, Elşənə verdiyi 8000 manat pulu ondan geri istədiyini bildirmişdir. Elşən isə pulun Altayda olduğunu və alıb ona verəcəyini demiş, ancaq bir müddət keçdikdən sonra Elşəndə onun telefonunu götürmədiyi üçün o, ərizə ilə Gəncə şəhər BPİ-nə müraciət etmişdir. Bundan sonra Elşən ondan aldığı 7300 manat nəğd pulu və 700 manat dəyərində bazarlığın pulunu, ümumilikdə 8000 manat pulu geri qaytarmış və hazırda onun Elşənə qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs tanımışdır, onunla dostluq münasibətləri olmuşdur. Həmçinin Zərərçəkmiş şəxs da əvvəllər tanımış onunla bir yerdə işləmişdir. Yusif ona yeznəsi Kamrana təqaüd düzəltmək istədiyini bildirmiş, o, isə bu işi Yusifin də tanıdığı Təqsirləndirilən şəxs vasitəsi ilə düzəldə biləcəyini ona demişdir. Bundan sonra o, 2021-ci ilin mart ayında Goranboy rayonu Goran qəsəbəsində Zərərçəkmiş şəxs ilə görüşərək ona ilkin olaraq 4000 manat pul vermişdir. O, pulu aldıqdan sonra Gəncə şəhərinə qayıtmış və Yeni Gəncə qəsəbəsində yerləşən “Əminə“ marketdə olan MilliÖn vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus karta vurmuşdur. Daha sonra isə hissə-hissə ümumilikdə 3800 manat pulu Nadirdən alaraq Altaya vermişdir. O, bildirmişdir ki, ümumilikdə Təqsirləndirilən şəxs 7800 manat pul vermişdir. İfadəsinin sonunda isə Təqsirləndirilən şəxs dəymiş ziyanı tam ödədiyini və ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. İş ürzə Şahid2 məhkəmə iclasında iştirakı mümkün olmadığından istintaq zamanı verdiyi ifadələr məhkəmə iclasında elan edilmişdir. (177-179); O, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Qax rayonu Almalı kəndində yaşamış, özü 44 günlük vətən müharibəsinin iştirakçısıdır və müharibədə yaralanmışdır. Zərərçəkmiş şəxs onun yaxın qohumudur. O, müharibədə yaralandığı üçün təqaüd düzəltmək istəmiş lakin müəyyən çətinliklərə görə təqaüdü düzəldə bilməmişdir. 2021ci ilin yanvar ayında o, qohumu Zərərçəkmiş şəxsla görüşdükdə ona tanışının olduğunu, həmin tanış vasitəsi ilə təqaüdünü düzəldə biləcəyini və təxminən 7-8 min manat pul lazım olacağını bildirmişdir. O, Yusifə o qədər pulunun olmadığını bildirdikdə Yusif isə ona “narahat olma mən verərəm sonra sən mənə qaytararsan” demişdir. Həmin söhbətdən təxminən 2 ay sonra qohumu Zərərçəkmiş şəxs ona demiş ki, tanışı Şahid1 ilkin olaraq 4000 manat pul vermiş, o isə pulu işi düzəldəcək Təqsirləndirilən şəxs göndərmişdir. Bir müddətdən sonra Yusif ona yenidən 3300 manat nəğd pul və təxminən 700 manat dəyərində bazarlıq edib Şahid1 göndərdiyini və həmin pulun və bazarlığın Təqsirləndirilən şəxs çatdığını demişdir. Sonradan o, qohumu Zərərçəkmiş şəxs işin gedişatı ilə maraqlananda Yusif ona işin düzəlmədiyini və pulu ilkin olaraq göndərdiyi Şahid1 geri istədiyini bildirmişdir. Sonran ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs tanışı Elşən Quliyedən verdiyi 8000 manat pulu geri almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 17 oktyabr 2022-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. (i.v.- 1); - 05 noyabr 2022-ci il tarixli DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Fizuli hərbi məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 4000 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhər Nəsimi RPŞ tərəfindən xx.xx.2016-cı il tarixdə CM-nin 178.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuş, xx.xx.2016-cı il tarixdə CPM-nin 40.2.2 maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Lerik rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli CMnin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat cərimə cəzasına məhkum edilmişdir. Lerik rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay islah işləri 4000 manat cərimə cəzasına məhkum edilmişdir. (i.v.- 26); -iş materiallarına əlavə edilmiş Lerik rayon İcra və Probasiya şöbəsinin Təqsirləndirilən şəxs barəsində verilmiş arayışından görünür ki, o, Lerik Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə 20 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 il 6 ay müddətinə islah cəzasına məhkum edilmiş cəza üzrə cəzasını tam çəkmişdir. Lerik Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilmiş, həmin cərimə cəzasından isə cəmi 2376.28 manat ödəniş etmiş qalan hökm üzrə 1623.72 manat cərimə cəzasını Lerik rayon məhkəməsinin 8(048)-25/2021 saylı 02 sentyabr 2022-ci il tarixli qərardada əsasən hissə-hissə olmaqla hər ay əmək haqqından 100 manat tutulmaqla davam edir, hazırda isə cəzası Lerik rayon İcra və probasiya şöbəsinin qeydiyyatındadır. - Gəncə Şəhər Məhkəməsinin 5(125)-244/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində maliyyə əməliyyatları və bank hesablarının vəziyyəti haqqında məlumatların ələ keçirilməsi ilə əlaqədar vəsatət təmin edilmişdir. (i.v.- 45); - 02 noyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir. (i.v. 58); - 03 noyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün barəsində axtarış elan edilmiş, tutularaq Gəncə şəhər MSY-yə təhvil verilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v.- 60); - 12 dekabr 2022-ci il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Gəncə şəhər BPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs yeri xx.xx.2022-ci il tarixdə Lerik rayonunda müəyyən edilərək Gəncə şəhər BPİ-nin 3-cü PB-yə gətirilmiş və MSY-nə təhvil verilmişdir. (i.v.- 67); - 12 dekabr 2022-ci il tarixli “dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. (i.v.- 68); - 13 dekabr 2022-ci il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, zərəçəkmiş şəxs Şahid1 ilə ittiham elan edilməli olan şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Şahid1 ifadəsində göstərilənləri Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (i.v - 93); - 13 dekabr 2022-ci il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” qərardan görünür ki, CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə əməl həmin məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmişdir. (i.v - 96); - 14 dekabr 2022-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-nin 178.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. (i.v. 99); - 14 dekabr 2022-ci il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilməmişdir. (i.v - 108); - Gəncə şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(125)-257/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə, yəni 12 fevral 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (i.v - 121); - 27 dekabr 2022-ci il tarixli Şahid1 notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs qarşı heç bir iddiası və tələbi yoxdur. (i.v.- 142); - Gəncə şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(125)-273/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilərək dərhal məhkəmə zalından azad edilmişdir. (i.v - 143); - 27 yanvar 2023-cü il tarixli “cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” qərardan görünür ki, Gəncə şəhər BPİ-nin İTİ-də CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə istintaq müddəti 1 ay müddətinə, 4 ayadək, yəni, 26 fevral 2023-cü il tarixdən 26 mart 2023-cü il tarixədək uzadılmışdır. (i.v - 155); - 12 fevral 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. (i.v - 171); - 23 fevral 2023-cü il tarixli Balaband kənd ərazi icra nümayəndəliyinin verdiyi Xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. (i.v - 185); - 23 fevral 20223-cü il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs ifadəsində göstərilənləri Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (i.v - 186); - 28 fevral 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v.- 190); - 15 yanvar 2024-cü il tarixli “dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir. (i.v.- 201); - 15 yanvar 2024-cü il tarixli “şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:20-də Gəncə ŞBPİ-yə könüllü gəlib özünü təqdim etmişdir. (i.v.- 205); - 16 yanvar 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahid ifadələri, üzləşdirmə protokolları və digər istintaq hərəkəti protokolları sübut kimi qiymətləndirilmişdir. (i.v.- 210-220); - 16 yanvar 2024-cü il tarixli “cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qəraradan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Şahid1 barəsində CMnin 178.2.1 və178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və istintaqın davam etdirilməsi üçün icraata qəbul edilmişdir. (i.v.- 222); - 16 yanvar 2024-cü il tarixli “təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə yeni məzmunda yenidən ittiham elan edilmişdir. (i.v.- 226); -16 sentyabr 2024-cü il məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Qəhraman oğlunun dəymiş ziyanı ödədiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci və 3-cü bəndlərində isə qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Həmin qərarın 31-ci bəndində göstərilir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsin pulunu ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı ittihamda qeyd olunan dələduzluq cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. (CM 59.1.13) Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Lerik rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində 14 dekabr 2022-ci il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş, 28 dekabr 2022-ci il tarixdə “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, 12 fevral 2023-cü il tarixdə isə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu 2 ay müddət müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, cəmi 2 ay ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa Lerik Rayon Məhkəməsinin 1(048)-01/2022 saylı 16 mart 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 308.1-ci və 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 il altı ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. CMnin 67.1-ci maddəsinə əsasən Lerik rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 4000 manat cərimə cəzasına ödənilməmiş 4000 manat hissəsi 16 mart 2022-ci il tarixli hökm üzrə təyin olunmuş islah işləri cəzasına qismən birləşdirilməklə onun üzərində qəti olaraq aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzası saxlanılmaqla ona 4000 manat miqdarında cərimə cəzası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilməsi hökm edilmişdir. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Məhkəmə hesab edir ki, Lerik Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzası (bir günə iki gün hesabı ilə hesablanmaqla-Azərbaycan Respublikas CM 68.3.1) və 4000 manat cərimə cəzası hazırki hökümlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəza ilə tam toplanılmaqla təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 16 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi Vəkil Bürosunun hesabına 96 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Lerik Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01(bir) il 06(altı) ay müddətinə islah işləri cəzası (bir günə iki gün hesabı ilə hesablanmaqla-Azərbaycan Respublikas CM 68.3.1) və 4000 manat cərimə cəzası hazırki hökümlə təyin edilmiş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə tam toplansın və üzərində 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 4000 manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 01 il 06 ay müddətinə islah işləri cəzasını çəkməsi və 2376.28 manat cərimə cəzasını icra etməsi nəzərə alınsın və onun xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı ümumi 2 ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 ay müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası və 1623.72 manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən 1623.72 manat cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Lerik rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi Tanrıverdi oğlunun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) 96 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi) gündən 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar