Məhkəmə qərarları › İş №1(125)-328/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-328/2024

02.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-328/2024 02.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Gəncə şəhərində doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, Samux rayon, Qarayeri qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19 radələrində ünvan 2 ünvanında qohumu Zərərçəkmiş şəxs onun qızına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı sonuncuya təyinatı istintaqa məlum olmayan taxta parçası ilə vuraraq sağ əlin İİİ barmağının dırnaq falanqasının yarası və sol qulaq seyvanın arxa səthinin sıyrığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “yüngül” zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə ifadə vermiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, həmçinin iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşının baldızıdır. Hadisə günü onun qardaşının həyat yoldaşı Lalə ilə mübahisəsi olmuşdur. Belə ki, Lalə övladını incidib onu təhqir etmişdir. Valideyninin evində xəstə qohumları olduğu üçün onun övladı Nuray həmin evdə qalmışdır. Hadisə baş verən gün qohumları evə gələndə görmüşdür ki, evlərinin pəncərəsi açıq qalıb. Valideyninin evi ayrı, gəlinləri Şahid1 evi isə ayrıdır. Pəncərənin açıq qalmağına görə həm qonaq, həm də qızı narahat olmuşdur. Həmin vaxt kiçik qardaşı onlara zəng edərək evə gəldiklərini soruşduqda qızı evə gəldiklərini, lakin evin pəncərəsinin açıq olduğunu və maraqlananda Lalənin azyaşlı oğlu İbrahimin evin pəncərəsindən düşüb evdən telefon götürdüyünü söyləmişdir. Bu sözləri Şahid1 eşitdikdə onun qızına nəlayiq ifadələr işlətmişdir. Sonra qızı Nuray da ona zəng edərək, dayısı arvadı Lalənin onu təhqir etdiyini demişdir. Buna görə o, da həmin evə gedərək, Laləyə bildirmişdir ki, “Gəlmisən bu evdə bir iki aylıq qalmağa ya qal yada ki, çıx get onsuz çıxıb getmişdin qardaşımla ayrılmışdın” Lalə isə cavabında ona getməyəcəyini demiş və aralarında sözlə mübahisə yaranmışdır. Biraz keçdikdən sonra Lalənin anası ilə bacısı Zərərçəkmiş şəxs da oraya gəlmişdir. Onlar gələndə qızı Nurayda yanında olmuşdur. İçəri girən kimi Lalənin anası ona "sən kimsən" demiş, bacısı Zərərçəkmiş şəxs isə qızı Nurayın saçından tutaraq "sən kimsən mənim bacımın ailəsinə müdaxilə edirsən?" demişdir. Həmin vaxt qonşular da orada olmuşdur. Onlar Zərərçəkmiş şəxs qızı Nuraydan uzaqlaşdırmışlar. O, da mübahisə zamanı onları aralamaq üçün onlara yaxınlaşmışdır. Qızının saçını buraxması üçün Rəfiqənin barmaqlarından tutmuş və onu aralamışdır. Zərərçəkmiş şəxsə nə xəsarət dəymişdirsə, həmin ərəfədə dəymişdir. O zərərçəkmiş şəxsi taxta parçası ilə vurmamış, sadəcə qızı Nurayın saçından tutduğu üçün ona müdaxilə etmişdir. Həmin vaxt əlində heçnə olmamışdır. Hadisə günü davaya səbəb gəlinləri Şahid1 onun qızını təhqir etməsi olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə baş verməmişdən əvvəl bacısı Lalə ilə video görüntülü danışdıqda Təqsirləndirilən şəxs qızı Nuray əlində telefon ilə otağa girmiş və telefonu Laləyə vermişdir. Telefonda olan qaynı bacısı Laləyə oğlu azyaşlı İbrahimin aşağı mərtəbəyə evə düşdüyünü demiş, bacısı Lalə isə xəbərinin olmadığını, İbrahimin çöldə uşağlarla oynadığını, evə gələndə soruşub öyrənəcəyini demişdir. Bir qədər sonar Aynurənin qızı Nuray təkrar bacısının olduğu otağa girərək Laləyə “Sən kimsən bura mənim babamın evidir, sən bu evdən çıxmalısan. Mən nə edirəmsə yaxşı edirəm” deyib bu kimi sözlər işlədərək səs-küy salmışdır. O isə telefonda gedən mübahisəni eşitmış və bacısı oğlu İbrahimə telefonu aparıb mamasına verməsini demişdir. Bu zaman qonşuların Aynurənin qızına “utanırsan? sən uşaqsan” sözlər deməsini eşitmişdir. Sonra bacısı telefonu götürüb ona bildirmişdir ki, baldızı Aynurə onun üstünə gəlir. Buna görə bacısı Lalə ondan 102-yə polisə zəng etməsini bildirmiş, o isə zəng edə bilmədiyini özünün zəng etməsini demişdir. Bir qədər keçmiş isə bacısı Lalə zəng edib ağlaya-ağlaya Aynurənin onu döydüyünü bildirmiş və ondan təkrar polisə zəng etməsini istəmişdir. Bundan sonar onlar anası işdə olduğu üçün hadisədən iyirmi dəqiqə sonra Laləgilin evinə getmişlər. Hadisə zamanı orada bir neçə tanmadığı qonşular o, cümlədən azyaşlı uşaqlar olmuş, amma Telli adlı qonşu olmamışdır. Onlar içəri girəndə Aynurə qonşulara bildirmişdir ki, Lalə uşağına baxmır Lalə isə cavabında ona uşağına özü baxdığını bildirmişdir. Həmin vaxt o, da Aynurəyə “onun uşağına sən baxırsan? deyə sual etmiş, bundan sonra Aynurə də onun üstünə gəlmiş və əl atıb onun saçından tutub yolmağa başlamışdır. Orada olan şəxslər araya girib onu Aynurənin əlindən alıb kənara çəkmiş, bundan sonra Aynurə ikinci dəfə sakitləşməyib pilləkənin kənarında olan taxta parçasını götürüb onu taxta parçası ilə vurmağa başlamışdır. Növbəti zərbə zamanı o, əlini zərbənin qarşısını almaq üçün qabağa verəndə taxta parçası onun sağ əlinin İİİ barmağındakı dırnağına dəymiş və dırnağı qırıldığı üçün qanamışdır. Həmin vaxt orada olan bacısı və digər qonşular onları aralaşdırmış və Aynurəni sakitləşdirib kənara çəkmişlər. Sonra hadisə yerinə polis əməkdaşları və təcili yardım həkimi gəlmişdir. Hadisə zamanı o barmağından və qulaq seyvanının arxasından xəsarətlər almışdır. O, Aynurənin qızı ilə dalaşmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, hadisə baş verən gün o, evdə bacısı ilə görüntülü telefonla danışarkən birdən Aynurənin qızı əlində telefonla otağa girərək telefonu ona vermiş o, telefonu götürmüş qaynı telefonda ona oğlunun evə düşdüyünü bildirərək nə üçün düşdüyünü soruşmuşdur. O, isə “Uşaqdı da düşüb demiş”, düşdüyünü bilmədiyini, gələndə səbəbini soruşacağını, bir də düşməməsini deyəcəyini bildirmişdir. Bu zaman baldızının qızı Nuray əlində telefon aşağı mərtəbəyə düşərkən bura onun babasının evi olduğunu, onun isə bu evdən çıxmalı olduğunu bildirmiş və ona kimin evdən çıxmalı olduğunu sübut edəcəyini deyib səs-küy salmışdır. Bu zaman səs-küyə qonşular gəlmişdir. Bir qədər keçmiş baldızı Aynurə ona öz oğlunun nömrəsi ilə zəng edərək ona “sən mən o, evə gələnə kimi evdən çıxacaqsan” demiş və təhqiredici sözlər işlətmişdir. O, məsələ barədə məlumat vermək üçün ərinə zəng etmiş, lakin əri telefonuna cavab verməmişdir. Bundan sonra evlərinə baldızı Aynurə gəlmiş və içəri girən kimi məhlədə ona tərəf stolda olan stəkan və kül qabını götürüb atmış, lakin o, başını aşağı əydiyi üçün ona dəyməmişdir. Sonra baldızı ona əl qaldırmış və təhqiredici sözlər işlətmişdir. O bu zaman bacısı Rəfiqəyə zəng etmiş və ondan polisə zəng etməsini istəmiş bacısı isə bacarmadığını bildirmişdir. Daha sonra özü polisə zəng edərək məlumat vermişdir. Bu zaman evlərində qonaq olan xəstə hadisəni görüb yerə yıxılımış o da gedib ona kömək göstərmişdir. Baldızı həmin xəstə ölərsə onun başına oyun açacağını bildirmişdir. Sonra onların evinə anası ilə bacısı Rəfiqə gəlmiş və həmin vaxt Aynurə bacısının üstünə gedib onun saçından tutub dalaşdığı üçün bacısını o, Aynurəni isə qızı Nuray çəkib aralaşdırmışdır. Bunda sonra Aynurə pilləkəni yanında olan taxta parçasını götürüb həmin taxta ilə Rəfiqəni vurmuş və bacısı taxtanın qarşısını əli ilə almaq istəyən zaman dırnağı sındığı üçün o, yerə çökmüş və dırnağından qan axmışdır. Hadisə zamanı həyətə qonşu uşaq və qadınlar gəlmiş, həmin şəxslərin adlarını bilməsə də onları simadan tanımışdır. Həmin vaxt qayınanası evdə olmamışdır. Sonra evlərinə polis və təcili yardım əməkdaşları gəlmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 Fəxrəddin qızı Şahid1 ilə eyni məzmnlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində bildirmişdir ki, hadisə baş verən gün o, qonşunun evində səs-küy olduğunu eşitdiyi üçün onları sakitləşdirməyə getmişdir. Bu zaman orada Lalənin anasının dalaşanları ayırdığını görmüşdür. Belə ki, Lalənin anası öz qızını, Aynurə isə öz qızı ilə zərərçəkmiş şəxs Rəfiqəni ayırmışdır. Həmin vaxt Aynurə heç kimə toxunmamış, yalnız zərərçəkmiş Zərərçəkmiş şəxs əlini qızı Nurayın saçlarından çəkib aldığını görmüşdür. Belə ki, həmin vaxt Zərərçəkmiş şəxs Nurayın saçından tutub yolmuşdur. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, hadisə baş verən gün o, davanı görməmişdir. Onlar mübahisə edərkən orada olmamışdır. Yalnız qonşusu evində mübahisənin səsini eşitmiş və onların həyətinə girdikdə artıq onların ayrıldıqlarını görmüşdür. Sonra oraya təcili yardım və polis əmkdaşları gəlmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi gördükləri deyil, eşitdikləri olmuşdur. O qorxaq adam olduğu üçün dava olan zaman getməmiş və müdaxilə etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Cinayət işinin başlanması və icra edilməsi haqqında” qərardan görünür ki, AR CMnin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir Məhkəmə-tibb ekspertizasının 31 may 2023-cü il tarixli 818 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- İİİ barmağının dırnaq falanqasının yarası və sol qulaq seyvanının arxa səthinin sıyrığı -bərk küt əşyanın(əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulamsına səbəb olan YÜNGÜL zərər vurmaya aid edilir. Məhkəmə-tibb ekspertizasının 19 avqust 2023-cü il tarixli 1296 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Məhərrə qızının bədəni üzərində müəyyən edilmiş xəsarətlər sağ əlin İİİ barmağının falanqasının yarası və sol qulaq seyvanının arxa səthinin sıyrığı bərk küt əşyanın(əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, həmin xasərətlər müayinə olunanın dediyi şəraitdə əmələ gələ bilər. "Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yerinə baxış keçirilmiş, foto-şəkillər çəkilərək protokola əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və üzləşdirmə zamanı onlar ifadələrində göstərdiklərini bir-birinin üzünə qarşı demişlər. Əməliyyat tapşırığına cavab məktubundan görünür ki, ünvan 3 ünvanında baş vermiş hadisə zamanı hadisənin şahidi olmuş şəxslərin dairəsinin müəyyən edilməsi və ətrafda videomüşahidə kameraların olub-olmamasının və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi taxta parçasının istintaqa təqdim edilməsi məqsədi ilə bağlı əməliyyat tədbirləri həyata keçirilmiş lakin müsbət nəticə əldə olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Psixo-nevroloji Dispanserdən alınaraq cinayət işinə əlavə edilmiş arayışdan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri psixonevroloji dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserdən alınaraq cinayət işinə Təqsirləndirilən şəxs Gəncə şəhəri rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi taxta parçası ilə vurub xəsarət yetirməməsi barədə ifadəsi ilə bağlı qeyd edir ki, məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsə və şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxsin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Təqsirləndirilən şəxsin qeyd olunan ifadəsi zərər çəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, hadisə yerinə baxış protokolu, ekspertiza rəyləri və ifadənin yerində yoxlanılması protokolu, habelə digər toplanmış istintaq materialları ilə təkzib edilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19 radələrində ünvan 2 ünvanında qohumu Zərərçəkmiş şəxs onun qızına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı sonuncuya təyinatı istintaqa məlum olmayan taxta parçası ilə vuraraq sağ əlin İİİ barmağının dırnaq falanqasının yarası və sol qulaq seyvanın arxa səthinin sıyrığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “yüngül” zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin hərəkəti isntintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, həmin maddə ilə cinayət məsuliyyəti daşıyıb cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışığa cəhd etməsini, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət törətməsini), təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. "Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44.1 -ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 25-ci maddəsinə əsasən əsas cəza kimi və ya şərti məhkum etmə zamanı əlavə cəza kimi cərimə növündə cəzanın icrası məhkumun yaşadığı və ya işlədiyi yerin, yaxud onun əmlakının olduğu yerin icra məmuru, digər əsas cəza növlərinə əlavə cəza kimi təyin edilmiş cərimənin icrası isə məhkumun əsas cəzanı çəkdiyi yerin icra məmuru tərəfindən həyata keçirilir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 17 (on yeddi) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçinun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 102 (yüz iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak, maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respubikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1000 (bir min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçinun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 102 (yüz iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar