Məhkəmə qərarları › İş №1(125)-341/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-341/2023

13.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-341/2023 13.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Qəhrəman oğlunun sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1979-cu il tarixdə Bərdə rayonu, Yeni Əyricə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tələbə yoldaşı Zərərçəkmiş şəxs 8000 manat pul müqabilində Sumqayıt şəhərində musiqi məktəbinə direktor vəzifəsində təyin etdirəcəyi adı ilə yalan vədlər verib, aldadaraq, sonuncuya göndərdiyi qohumu X2 məxsus **********579906 nömrəli “Azər-Türk Bank”a aid kart hesabına Zərərçəkmiş şəxs hissə-hissə olmaqla 15 aprel 2022-ci il tarixdə Sumqayıt şəhərində yerləşən Ordubad marketdə quraşdırılmış Milliön ödəmə terminalı vasitəsi ilə 3000 manat, 18 aprel 2022-ci il tarixdə həmin ödəmə terminalı vasitəsi ilə 2000 manat, 25 aprel 2022-ci il tarixdə həmin ödəmə terminalı vasitəsi ilə 1000 manat, 26 manat 2022-ci il tarixdə həmin ödəmə terminalı vasitəsi ilə 1000 manat olmaqla, ümumilikdə 7000 manat pulu köçürmüş, bundan əlavə Zərərçəkmiş şəxs 05 iyun 2022-ci il tarixdə Gəncə şəhəri Atatürk prospektində yerləşən Xanbağı adlanan parkda 1000 manat pulu alaraq, vədinə əməl etməyərək, Zərərçəkmiş şəxs etibarından sui istifadə etməklə, aldatma yolu ilə ümumilikdə 8000 manat məbləğində puldan ibarət özgə əmlakını ələ keçirib, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs 2017-ci ildən tanımışdır. Belə ki, o, Musa ilə birlikdə Gəncə Dövlət Universitetinin tarix fakültəsində bir yerdə oxuyurlar. Onun Musa ilə yaxın münasibəti olmuşdur. 2022-ci ilin aprel ayında o, Gəncə şəhərində universitetdə olanda Musa söhbət əsnasında ona bildirmişdir ki, Sumqayıt şəhərində musiqi müəllimi kimi işlədiyi məktəbin direktoru vəzifəsi boşdur, istəyir ki, həmin vəzifəyə düzəlsin. O, həmin ərəfədə alver edib borca düşdüyündən ona pul lazım olmuşdur. Ona görə də fikirləşmişdir ki, Musaya desin ki, ona musiqi məktəbinə direktor düzəlməyinə köməklik edə bilər və bu adla ondan pul alsın. Ona görə də Musaya demişdir ki, o, maraqlanıb köməklik edər. Bir neçə gündən sonra Musa Sumqayıt şəhərində olanda onunla telefonla əlaqə saxlamış və onu inandırmışdır ki, onu musiqi məktəbinə direktor təyin etdirə bilər, amma bunun müqabilində 8000 manat pul verməlidir. Musa da demişdir ki, həmin pulu hissə-hissə göndərə bilər. O da razılaşmış və Musaya demişdir ki, ona pulu vurmağı üçün kart nömrəsi atacaq. O, Musaya qohumu X1 adına olan “Azər-Türk-Bank”a aid olan **********57 kart nömrəsini göndərmişdir. Onun özünün adına kart olmadığından qohumu Rəvandan xahiş etmişdir ki, onun kartına göndərilən həmin pulu çıxardıb ona versin. O, Rəvana pulu nə məqsədlə aldığını bildirməmişdir. Musa hissə-hissə olmaqla 15 aprel 2022ci il tarixdə 3000 manat, 18 aprel 2022-ci il tarixdə 2000 manat, 25 aprel 2022-ci il tarixdə 1000 manat, 25 may 2022-ci il tarixdə 1000 manat pul göndərmişdir. Cəmi Musa ona kartla 7000 manat pul göndərmişdir. Bundan sonra 05 iyun 2022-ci il tarixdə Musa Gəncə şəhərinə gəlmiş, Xan bağında qalan 1000 manat pulu da Musa vermişdir, o da söz vermişdir ki, bir ay müddətinə onun əmrini verdirəcək. Bundan sonra Musa ona dəfələrlə zəng etmiş, işi ilə maraqlanmış, o da hər dəfə bəhanələr edib, səbirli olmağını, işinin düzələcəyini demişdir. Amma o, Musadan aldığı 8000 manat pulu onun işini düzəltmək üçün heç kimə verməmiş, sadəcə olaraq özunün pula ehtiyacı olduğundan Musanı aldadıb pulunu ələ keçirmişdir. Hazırda törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəyib, onunla barışdığını, ailəli və iki övladı olduğunu, ailədə yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alıb, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs bildirdi ki, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs onun tələbə yoldaşıdır. Belə ki, o, Gəncə Dövlət Universitetinin tarix fakültəsinin 4-cü kursunda qiyabi təhsil alır və Nəsimi də həmin fakültədə onunla birlikdə oxuyur. Nəsimi ilə 2022-ci ilin aprel ayının əvvəllərində Gəncə şəhərində olanda söhbət zamanı ona bildirmişdir ki, o, Sumqayıt şəhər Musiqi məktəbində müəllim işləyir, hazırda həmin musiqi məktəbinin direktoru vəzifəsi yeri boşdur və istəyir ki, direktor keçsin. Nəsimi ona yüksək vəzifədə qohumu olduğunu bildirmiş və demişdir ki, ona bir-iki günə cavab deyəcək, onu direktor təyin etdirəcək. Aradan 2-3 gün keçdikdən sonra Nəsimi ona telefonla zəng edib demişdir ki, onun direktor vəzifəsinə təyin edilmə məsələsini danışmışdır, 8000 manat pul müqabilində işini həll edəcək. O da razılaşmışdır. Nəsimi ona demişdir ki, ona kart nömrəsi atacaq, həmin karta pulu yükləyərsən. Daha sonra Nəsimi ona qohumu X2 məxsus **********579906 nömrəli “Azər-Türk-Bank”a aid kart hesabını göndərmişdir. O, hissə-hissə olmaqla, yəni, 15 aprel 2022-ci il tarixdə Sumqayıt şəhərində yerləşən Ordubad marketdə quraşdırılmış Milliön ödəmə terminalı vasitəsilə 3000 manat bir dəfə, 18 aprel 2022-ci il tarixdə həmin ödəmə terminalı vasitəsi ilə 2000 manat bir dəfə, 25 aprel 2022-ci il tarixdə həmin ödəmə terminalı vasitəsi ilə 1000 manat bir dəfə, 26 may 2022-ci il tarixdə həmin ödəmə terminalı vasitəsi ilə 1000 manat olmaqla, cəmi ümumilikdə, 7000 manat pulu həmin karta köçürmüşdür. Qalan 1000 manat pulu da Nəsimiyə demişdir ki, özü Gəncə şəhərinə gələndə verəcək. Bundan sonra o, 05 iyun 2022-ci il tarixdə Gəncə şəhərinə gəlmiş, Gəncə şəhəri Atatürk prospektində yerləşən Xanbağı adlanan parkda Nəsimi ilə görüşüb qalan 1000 manat pulu da ona vermişdir. Həmin vaxt onların yanında heç kim olmamışdır. Nəsimi ona söz vermişdir ki, tez bir zamanda əmri veriləcəkdir. Bir müddət keçmiş, o, dəfələrlə Nəsimi ilə əlaqə saxlamış, hər dəfə də müxtəlif bəhanələr etmişdir ki, narahat olma əmrin veriləcəkdir. Lakin daha sonralar telefonuna cavab verməmiş və o artıq bilmişdir ki, aldadılıb. Ona görədə 28 iyun 2022-ci il tarixdə Gəncə şəhər Baş polis idarəsinin 1-ci Polis şöbəsinə gələrək şikayət ərizəsi yazmış və izahat vermişdir. Nəsimi onu aldadaraq, 8000 manat pulunu ələ keçirmişdir. Ancaq hazırda ona dəymiş ziyanı ödəmişdir. Ona görə də, hal-hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə şəhər 1-ci Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 8000 manat pulunu şəxsi ehtiyacı olduğu üçün aldadaraq, onu işə düzəltmək adı ilə almış, zərərçəkmiş şəxsdən pul almasında ona kömək edən hər hansı şəxs olmamış, Təqsirləndirilən şəxs bir neçə şəxsə borcunun olduğu müəyyən edilmiş, lakin həmin şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs şəhər və ətraf rayon ərazisində baş vermiş digər hər hansı cinayətdə iştirakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Gəncə şəhər Psixonevroloji dispanserindən və Gəncə şəhər Narkoloji dispanserindən alınmış arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il təvəllüdlü Niyazi və xx.xx.2007-ci il təvəllüdlü Məleykə adlı iki uşağı vardır. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş, xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs ona dəymiş zərəri ödəmişdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci və 3-cü bəndlərində isə qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs pullarını ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı ittihamda qeyd olunan dələduzluq cinayət əməlin törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini (CM 59.2), zərərçəkmiş şəxslə barışıq əldə etdiyini (CM 59.1.12) və zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödədiyini (CM 59.1.13) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin törədilməsi halları nəzərə alındıqda, təqsirləndirilən şəxsə ən yüngül cəza növü olan cərimə cəzasının təyin edilməsi cəzanın CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərini təmin etmək üçün kifayət deyil. Bununla yanaşı, məhkəmənin qənaətinə görə, hazırkı vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını da əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin əməlində yüngülləşdirici halların olduğunu, ağırlaşdırıcı halların olmadığını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ**********0000067944, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar