Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-344/2023 30.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1993-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, subay, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, C.Rəfibəyli küçəsi 1ci döngə ev 11B-də qeydiyyatda olmaqla yaşayan, barəsində Gəncə Şəhər Məhkəməsinin 7(125)-44/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0.257 qram narkotik vasitə olan heroini, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 21 yanvar 2022-ci il tarixdə saat 22:30 radələrində Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilinərək yaşadığı Gəncə şəhəri, Bayan küçəsi ilə Bağmanlar küçəsinin kəsiməsində saxlanılaraq, ünvan 1 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1(bir) ədəd şəffaf sellofan bükümdə olan 1(bir) ədəd qızılı kağız bükümdə təmiz çəkisi 0.257 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər sübutların məcmusu ilə aşağadakı qaydada tam olaraq təsdiq olunmuşdur. Belə ki, məhkəmə baxışında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə olan heroini arabir istifadə etmişdir. 21 yanvar 2023-cü il tarixdə Gəncə şəhəri, Bayan küçəsi ilə Bağmanlar küçəsinin kəsişməsində olan zaman polis əməkdaşları onu saxlamış və üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib onu Gəncə şəhər 3-cü Polis Bölməsinə dəvət etmişlər. O polis əmkdaşlarına tabe olmuş və polis əməkdaşının avtomobili ilə Gəncə şəhər 3-cü PB-yə getmişdir. Polis bölməsində hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçi ilə təmin edilmiş daha sonra müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt özü etiraf etmişdir ki, üzərində qara rəngli cins şalvarının sağ kiçik cibində, siqaret falqasına bükülmüş heroin var. Həmin kütlə müdafiəçisinin iştirakı ilə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi falqa ilə birlikdə 0,32 qram gəlmiş və zərfə qoyularaq qablaşdırılmışdır. O üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Gəncə şəhər “Totanlı” dairəsinin yaxınlığında yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin narkotik vasitəni tapan zaman tək olmuşdur. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirib ailə vəziyyətinin nəzərə alınaraq, onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi, üzərində saxlamaqla daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun və əməliyyat müvəkkili Şahid2 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayında Gəncə şəhər Bayan küçəsi ilə Bağmanlar küçəsinin kəsişməsində saxlanılaraq Gəncə şəhər BPİ-nin 3-ci PB-nə gətirilmiş və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmaqla müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs polis İdarəsində video kamera vasitəsi ilə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ cibindən bir ədəd siqaret falqasına bükülmüş içərisində toz şəkilli, narkotik vasitə olan heroinə bənzər kütləni çıxarıb otaqdakı stolun üzərinə qoymuşdur. Həmin büküm içərisində olan kütlə ilə birlikdə tərəzidə çəkilmiş və həmin kütlə müvafiq qaydada qablaşdırılaraq tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin Gəncə Regional bölməsinə göndərilmişdir.Daha sonra baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və onlar həmin protokolu imzalamışlar. İş üzrə şahid qismində ifadə vermiş Gəncə şəhər BPİ-nin 3-ci PB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: -“Cinayət işinin başlanılması və icraata qəbul edilməsi” haqqında 22 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. -“Şübhəli şəxs qismində tutma haqqında” 21 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 yanvar 2023-cü il tarixdə saat 23:15 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. -“Təqsirləndirilən şəxs qisimində cəlbetmə haqqında” 23 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. -“Qətimkan tədbiri seçilməsi haqqında” 23 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə o, Gəncə şəhər Baş Polis İdarəsinin MSY-dən azad olunmuşdur. -xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokolundan və video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki Gəncə şəhər BPİ-nin 3-cü PB-nin təhqiqatçısı polis kapitanı X1, Gəncə şəhər BPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1, həmin bölmənin əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid2, həmin bölmənin baş təhqiqatçısı polis mayoru X4 həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs və Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ cibindən bir ədəd siqaret falqasına bükülmüş içərisində tünd qəhvəyi rəngli toz şəkilli, narkotik vasitə olan heroinə bənzər kütləni çıxarıb otaqdakı stolun üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd siqaret falqasına bükülmüş içərisində tünd qəhvəyi rəngli toz şəkilli, narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Həmin büküm içərisində olan kütlə ilə birlikdə tərəzidə çəkilmiş və 0,32 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılmış və imzalarla təsdiq edilmişdir. -Məhkəmə-kimyəvi ekspertizasının 22 yanvar 2023-cü il tarixli 16/105 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ....” yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd şəffaf sellofan bükümdə olan 1(bir) ədəd qızılı kağız bükümdə təmiz çəkisi 0,257 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. -Məhkəmə-narkoloji ekspertizasının 25 mart 2023-cü il tarixli 487 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. -Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 04 ay 12 gün müddətinə azadlıqdan məhrum cəzası ilə əvəz edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Daha sonra o, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. -Gəncə Şəhər Məhkəməsinin 7(125)-44/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 02 ay 19 gün hissəsi 01 il 01 ay 09 gün müddətinə azadlqdan məhrumetmə cəzası ilə əvəz olunmuş, cəzasının əvvəli 01 fevral 2023-cü il tarixdən hesablanmış və barəsində həbs qətimkan tədbiri seçilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserinin xx.xx.2023-cü il tarixli 731 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Opoidlərdən asılılıq” diaqnozu ilə dispanserdə qeydiyyatdadır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası ruhi-əsəb dispanserinin xx.xx.2023-cü il tarixli 741 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispnaserdə qeydiyyatda durmur. -Cinayət işinə əlavə olunmuş əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli 3- 13-57/3-2111/2023 nömrəli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə təqsirləndirilən şəxs X3 narkotik vasitələri satması, ona narkotik vasitə əldə etməsində köməklik edən şəxslərin olub-olmaması, istifadəsində mobil telefon olubolmaması və rayon ərazsində baş vermiş digər cinayətlərdə iştirakına dair hər hansı əməliyyat məlumatı daxil olmamışdır. -“Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işinə əlavə edilmiş öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 0,207 qram narkotik vasitə heroin, eləcə də cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişlərin bir ədəd “DVD” diski iş üzrə əhəmiyyət kəsb etdiyindən hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə iclasında tərəflərin iştirakı ilə DVD diskə baxış keçirilmiş, videogörüntüdə X3 üzərində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, X3 əynində olan qara rəngli cins şalvarının sağ cibindən bir ədəd siqaret falqasına bükülmüş içərisində tünd qəhvəyi rəngli toz şəkilli, narkotik vasitə olan heroinə bənzər kütləni çıxarıb otaqdakı stolun üzərinə qoyması, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd siqaret falqasına bükülmüş içərisində tünd qəhvəyi rəngli toz şəkilli, narkotik vasitə olan heroinə bənzər kütlə nin kütlə ilə birlikdə tərəzidə çəkilərək 0,32 qram olması müəyyən edildiyi və həmin kütlənin müvafiq qaydada qablaşdırılaraq, üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq edildiyi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İ Siyahısında heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Beləliklə, cinayət işinin istintaq sənədləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş üzrə toplanmış sübutlarla, şahidlərin ifadələri, Təqsirləndirilən şəxs etirafedici ifadəsi, ekspertiza rəyləri, maddi sübutlarla, istintaq hərəkətinin protokolları və cinayət işinin materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 7(125)-44/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 02 ay 19 gün hissəsi 01 il 01 ay 09 gün müddətinə azadlqdan məhrumetmə cəzası ilə əvəz olunmuş, cəzasının əvvəli 01 fevral 2023-cü il tarixdən hesablanmış və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 7(125)-44/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmiş cəzanı çəkib qurtarmadan yeni cinayət törətmişdir. Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtarmadan, yeni cinayət törətsə də, əvvəlki cəzası azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğuna görə onun əməlində cinayətlərin residivi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən cinayət törətməsi şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırllaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ona CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməli, CM-nin 69cu maddəsində nəzərdə tutulmuş qaydada şübhəli şəxs qismində tutuludğu müddət ona təyin edilmiş cəzadan çıxılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı və Gəncə Şəhər Məhkəməsinin 7(125)-44/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirini seçilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır İş üzrə maddi sübutlar - Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 0,207 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişlərin bir ədəd “DVD” diski iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayəti işi materiallarında saxlanılmalıdır İş üzrə məhkəmə xərci–ekspertiza tədqiqatının dəyəri olan cəmi 30,40 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Müdafiəçi2 məhkum Təqsirləndirilən şəxs məhkəmədə 15 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 90 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının Gəncə Şəhər Məhkəməsinin 7(125)-44/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən əvəz edilmiş 01 il 01 ay 09 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 06 ay 10 gün hissəsi, hazırkı hökmlə təyin olunmuş 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona hökmlərin məcmusu üzrə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və onun ərazi narkoloji dispanserində qeydiyyata olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində Gəncə Şəhər Məhkəməsinin 7(125)-44/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 0,207 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30.40 (otuz manat qırx qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 üçün işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 90 (doxsan) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-344/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-344/2023
30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver