Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-344/2024 29.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən X1 iştirakı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş “Maxi market”in Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X1 şikayətinə məhkəmənin inzibati binasında məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək “Maxi market”in Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. X2 şikayətlərini onunla əsaslandırmışlar ki, 16 iyul 2024-cü il saat 12 radələrində Gəncə şəhər, H.Əliyev pr. 44A- ünvanında yerləşən “Maxsi” Marketə daxil olarkən, market işçiləri onu marketə buraxmayaraq, onu məcbur etmişlər ki, əl çantasını-içərisində məhkəmə sənədləri, pulu, şəxsiyyət vəsiqəsi və.s. saxlanc kamerasına qoysun. O, təmir üçün gətirdiyi notbuk olan çantasını kameraya qoymuşdur. Müdiriyyəti tələb etmiş, çağırmamışlar. 15-ə yaxın işçi yığılıb onu ələ salmışdır, onu oğru adlandırıb təhqir etmişlər. Məcbur olub 102 polis çağrı mərkəzinə zəng etmiş, polis gəlməmişdir. Təkrar zəng etmiş yenə də gəlməmişlər. Yarım saat sonra oranı tərk etmişdir. Halı pisləşmiş təcili tibbi yardım çağırmışdır. Ona tibbi yardım göstərilmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətin mahiyyətinə uyğun izahat verərək onun icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş “Maxi market”in nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmiş. Məhkəmə “Maxi market”in nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət verən şəxsi dinləyib, şikayətlə tanış olaraq hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1-ci maddəsinə əsasən şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) şikayət ərizəsində əks etdirilməlidir; 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) şikayət ərizəsində əks etdirilməlidir; 293.3.3.-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi şikayət ərizəsində əks etdirilməlidir; 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi şikayət ərizəsində əks etdirilməlidir; 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer şikayət ərizəsində əks etdirilməlidir; 293.3.7-ci maddəsinə əsasən şikayəti vermiş şəxs ərizəni imzalamalıdır. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Şikayət ərizəsində X2 məhkəməyə təqdim etdiyi xüsusi ittiham qaydasında şikayətin tərtibatı zamanı Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.4 və 293.3.6- 293.3.7-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki şikayət ərizəsində şikayət vermiş şəxsin doğulduğu il və məşğuliyyət növü, cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, əməlin məhz barəsində şikayət verilmiş şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, şikayətin verildiyi yer göstərilməmiş, şikayət ərizəsi şikayət verən şəxs tərəfindən imzalanmamışdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a yarımbəndinə əsasən, «cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın «xarakteri və əsasları» haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir». Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən, «nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)» təqsirləndirilən şəxsin hüququdur. Bununla da, xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.4 və 293.3.6-293.3.7-ci maddələrinin tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayətin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş “Maxi market”in Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X1 şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-344/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-344/2024
29.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver